Qarabağla bağlı yeni plan var! - Millət vəkilindən yeni açıqlama

Rəbiyyət Aslanova: “Güman yenə qüdrətli Azərbaycan dövlətinə, Azərbaycan əsgərinədir”

Müsahibimiz Milli Məclisin  insan hüquqları daimi komitəsinin sədri Rəbiyyət Aslanovadır.
- Rəbiyyət xanım, bəzən Azərbaycan xalqını unutqan xalq kimi qələmə vürirlər. Elə faciələrimizin kökündə də bu unutqanlığımızın dayandığı söylənilir. Sizcə bu unutqanlıq haradan qaynaqlanır?

-Biz öz tariximizi yaddan çıxarmamalıyıq, millətin başına gələn müsibətləri asanlıqla unutmamalıyıq. Nəzərə almaq lazımdır ki,   dünyada, tarixdə elə xalqlar var ki,  minilliklər boyu  ayrı-ayrı ölkələrdə yaşayıb,  müxtəlif coğrafi  məkanlarda diaspora şəkildə məskunlaşıblar.  Bununla belə, vətən hissi, vətən duyğusu, vətənə sədaqət arxa plana keçirilməyib. Məsələn,  yəhudi olaraq bu millətin özünü cəmiyyətdə təsdiqi  gətirib ona çıxarıb ki, onlar  1967-ci ilin may ayının 14-də  öz dövlətlərini yaratmaq iqtidarında oldular. Yəhudilər öz dövlətlərini- İsraili də elə-belə, quru pafosla, boğazdan yuxarı vətən hissi ilə  yaratmadılar:  Onlar bir toplum olaraq, böyük bir gücə, böyük alimlərə, elm zəkalarına çevrildilər. Onlar  Nobel mükafatı laureatlarına çevrildilər  və eyni zamanda,  elə qüvvətli insanlara çevrildilər ki,  hər kəsin onlara böyük ehtiyacı yarandı. Sübut etdilər ki, yaşamağa və tarixdə qalmağa haqqı olan  millətdilər. Bu baxımdan,  öz üzərimizə düşən məsuliyyəti  dərindən hiss etməliyik.
-Adətən belə məsələlərdə gəncliyin rolu xüsusi vurğulanır. Hazırki gənclərin isə tariximizə münasibətdə biganə olduğu söylənilir. Sizcə qarşılıqlı olaraq gənclərin çoxsaylı problemlərinin həllinə nail ola bilmişik?
- Bu gün biz  ümumilikdə gənclərimizə onların hüquqlarının müdafiəsi istiqamətində qəbul olunmuş qanunlar haqqında çox sözlər danışa bilərik.  Deyə bilərik ki, beynəlxalq təşkilatların belə konvensiyaları var, Azərbaycan bu konvensiyalara  qoşulub. Deyə bilərik ki, regional təşkilatlar bunu edib, onu edib və sair. Ancaq bunları maraqlandıran tamam başqa məqamlar olmalıdır. Yəni, bu konvensiyaların işləməsi üçün  nə etmək lazımdır? Gəncləri bu məsələ daha çox maraqlandırmalıdır. Mən hər zaman aşıq şəkildə söyləmişəm ki, bu konvensiyalar və  qanunlar  lazımi səviyyədə işləmir. Bu gün  aparıcı beynəlxalq  təşkilatları nəinki Azərbaycanda, ümumiyyətlə, dünyanın heç bir yerində  bu problemi həll etmək iqtidarında deyillər və acizdirlər.
- Rəbiyyət xanım, qaçqın və məcburi köşkünlərin qayıdışı ilə bağlı qanun layihəsinin hazırlandığı bildirilir. Sizcə, artıq belə bir qanunun qəbulu vaxtı çatıb?
- Proseslər göstərir ki, güc, qüvvə bizim üzərimizdədir  və biz konkret bilməliyik, neyləməliyik ki, həmin dediyimiz  o vətən, o torpaqda gedək rahat yaşayaq. Psixoloji baryreri dəf edib elə həmin  o erməni ilə birgə yaşayaq. Amma ermənidən qat-qat üstün olaq, üstün yaşayaq. Ermənidən qat-qat üstün ağıla, zəkaya, biliyə malik  olaraq yaşayaq, ondan asılı vəziyyətdə yaşamayaq. Bu baxımdan  mənə elə gəlir ki, gələcəkdə qaçqınların, məcburi köçkünlərin statusu haqqında qanuna əlavələr, dəyişikliklər etməliyik. Ona yenidən baxmalıyıq. Əgər geriyə, öz əzəli torpaqlarımıza qayıtmaq istəyiriksə,  biz buna da hazır olmalıyıq. Dövlətimizin apardığı siyasətin məntiqi sonluğuna da qəti əminik. O halda bu işlər bu  gündən görülməlidir. 
- Sizcə münaqişənin yaxın müddətdə həlli gözləniləndirmi?
- Bu günlərdə ABŞ dövlət katibi  Hillari Klinton regiona, o cümlədən, Azərbaycana səfəri zamanı söylədi ki, iyunun 18-də  xarici işlər nazirlərinin görüşü olacaq və bu görüşdə yeni bir plan ortaya qoyulacaq. Əlbəttə, mən belə ifadələrə  o qədər inanan adam deyiləm, indiyə kimi belə sözlər çox olub, çox deyilib. Ancaq güman yenə özümüzədir,  güman yenə qüdrətli Azərbaycan dövlətinədir, Azərbaycan əsgərinədir, məsuliyyətli Azərbaycan vətəndaşına, gəncliyinədir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31