"Prezident İlham Əliyevin vaxtında atdığı addımlar bizim bu bəladan az itki ilə çıxmağımıza şərait yaratdı"- Teymur Əliyev
29 Aprel 2020 10:55 MüsahibəTeymur Əliyev: "Hədəfimiz "Biz Birlikdə Güclüyük" devizi altında aztəminatlı ailələrə köməklik göstərməkdir"
Dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayır, bütün proseslərdə fəal şəkildə iştirak edirlər. Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, ölkə gənclərinin mütləq əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ətrafında birləşib, dövlət başçısınaa dəstək nümayiş etdirirlər. Digər müsbət bir tendensiya da ondan ibarətdir ki, son vaxtlar müxtəlif platformalar və təşkilatlar daxilində birləşərək Cənab Prezidenti dəstəkləyən gənclərin sayında artım tempi müşahidə edilir. Təbii ki, bu da dövlət başçısının yuxarıda qeyd etdiyimiz kimi gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. Həmçinin Cənab Prezidentin uğurlu daxili və xarici siyasət kursu ilə əlaqədardır. Məlumat üçün qeyd edim ki, bu günlərdə daha bir gənclər birliyi, "İlham Əliyevin Könüllüləri" İctimai Hərəkatı təsis edilib. Biz də "İlham Əliyevin Könüllüləri" İctimai Hərakatının yaranma səbəbi, qarşısına qoyduğu hədəflər barədə təsisçisi Teymur Əliyevlə söhbətləşdik.
-Teymur müəllim, "İlham Əliyevin Könüllüləri" İctimai Hərəkatının yaradılması hansı zərurətdən meydana çıxdı və İctimai Hərəkat olaraq qarşınıza qoyduğunuz hədəflər, vəzifələr nədən ibarətdir?
-Məlumat üçün qeyd edim ki, yeni yaratmış olduğumuz "İlham Əliyevin Könüllüləri" İctimai Hərakat sosial bir aksiyadı. Əsas məqsədimiz pandemiya dövründə Cənab prezidentin ətrafında sıx birləşmək və sosial şəbəkələrdə aktiv şəkildə marifləndirmə işlərini təbliğ etməkdir. Hədəfimiz respublikanın şəhər və rayonlarında fəal dövlətçilik ənənələrinə sadiq vətəndaşları bir araya toplamaq və cənab prezidentin vurğuladığı kimi "Biz Birlikdə Güclüyük" devizi altında aztəminatlı ailələrə köməklik göstərməkdir.
-Məlumdur ki, ölkənin çoxminli gənclər ordusu Cənab Prezidenti dəstəkləyir, onun siyasi kursunu müdafiə edir. Belə olan halda sizin belə bir İctimai Hərəkat yaratmağınıza ehtiyac vardımı? Yaxud siz daha fərqli, daha yeni olaraq hansı fəaliyyətlər ortaya qoyacaqsınız ki, gənclər məhz sizin İctimai Hərəkatı seçsin?
-Hər birimizə məlumdur ki, müstəqil Azərbaycan Respublikası Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin siyasi kursunu davam etdirən cənab Prezident Azərbaycan xalqı tərəfindən tam dəstəklənir. Zənnimcə də əlavə şərhə ehtiyac yoxdu. Çünki görünən dağa nə bələdçi? Bizim İctimai Hərakat gələcək günlərdə nəzərdə tutub ki, pandemiya dövrü bitdikdən sonra rayon və şəhərlərdə aktiv şəkildə Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyasının rayon əşkilatları, ASAN Xidmət Mərkəzləri, Gənclər Evləri və s ilə sıx əməkdaşlıq edərək müxtəlif tədbirlər təşkil etsin. Bir sözlə kifayət qədər planlarımız var.
-Yeri gəlmişkən yaratdığınız İctimai Hərəkata rəsmi və ya qeyri-rəsmi qurumlardan münasibət necədir? Kimlərsə, yaxud hansısa təşkilatlar, dövlət qurumları sizin nəcib təşəbbüsünüzə dəstək verirmi?
-İctimai aksiyanın yaranmasından bu günə qədər artıq minlərlə vətəndaşlar Facebook səhifəmizə dəstək olmaqları ilə bağlı müraciətlər ünvanlayırlar. Son bir həftədə artıq səhifəmizə 110 min baxış sayı olub. Bu istiqamətdə xüsusi olaraq onu vurğulamaq istərdim ki Milli Məclisin Deputatları müsbət qarşılayaraq cənab prezidentin ətrafında sıx birləşən könüllülərə minnətdarlığını bildirib, uğurlar arzu ediblər.
-İctimai Hərəkat olaraq bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı dövlətimizin, hökumətin apardığı tədbirləri, atılan addımları necə dəyərləndirirsiniz?
-Covid 19 pandemiyası bütün ölkələrdə olduğu kimi Azərbaycandan da yan keçmədi. Ancaq ölkə prezidenti Cənab İlham Əliyevin vaxtında atdığı addımlar, qabaqlayıcı tədbirlərin nəticəsi olaraq bizim bu bəladan az itki ilə çıxmağımıza şərait yaratdı. Dünyanın inkişaf etmiş ölkələri virusla bağlı yaşadığı çətinliklərin şahidi olduq. Biz bununla bağlı cənab prezidentə təşəkkür məktubumuzu da ünvanlamışıq. Bir daha da fürsətdən istifadə edib başda prezidentimiz olmaqla bu işdə böyük əməyi olan həkimlərimizə, polislərimizə minnətdarlığımı bildirirəm.
-Yəqin ki, İctimai Hərəkat yaradarkən beynəlxalq təcrübə ilə maraqlanmısınız və digər ölkələrdə də anoloji təşkilatlar, ictimai birliklər varmı və onlarla əməkdaşlıq etməyi düşünürsünüzmü?
-Bununla bağlı apardığım araşdırmalarda qardaş Türkiyə dövləti daha çox diqqətimi çəkdi. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyən "Ərdoğanın Könüllüləri" İctimai Hərakatı ilə yaxın günlərdə əməkdaşlıq edəcəyimi düşünürəm. Eyni zamanda dünyada müxtəlif ölkələrdə yaşayan və ən əsası dövlətimizi sevən fəal diaspor sədrləri ilə də danışıqlar aparıb aksiyamıza dəstək olmaqları üçün onlara dəvət göndərəcəyik.
-Ümumiyyətlə, İctimai Hərəkat beynəlxalq sahədə əməkdaşlığı düşünür, yoxsa fəaliyyətiniz sırf daxili auditoriya üçün nəzərdə tutulub?
-Əlbəttə düşünürük. Yaxın gələcəkdə bununla bağlı da səhifəmizdə geniş məlumat veriləcəkdir.
S.İsmayılbəyli