Təranə Şərifova: “Hörmətli valideynlər, lütfən uşaqlarınıza pul verib məktəbə göndərməyin”
Məktəb-valideyin əməkdaşlığının problemləri
11 İyun 2012 14:18 MüsahibəKöhnə dərs ilinin başa çatması yeni dərs ilinə hazırlıq məsələlərini gündəmə gətirdiyi kimi, təhsilimizinə xas problemlərdən biri olan valideyn -məktəb əməkdaşlığının sağlam təməllər üzərində qurulması, uzun illərdən bəri mövcud olan stereotiplərin dağıdılaraq müasir inkişafın tələblərinə uyğun inkişaf istiqamətinin seçilməsi prioritet sahələrdən biri kimi vurğulanır. Sirr deyil ki, təhsilin əsas sifarişçisi olan valideynlər bir çox hallarda məktəbi bütün vəzifələrin məsul icraçısı kimi görərək bu vəzifələrin yerinə yetirilməsində öz məsuliyyət və iştirak paylarını yetərincə qəbul etmirlər. Nəticədə məktəb - valideyn əməkdaşlığını normal məcraya yönəltmək və bu əməkdaşlıqdan təhsilin inkişafına xidmət məqsədilə istifadə etmək mümkün olmur.
Son illərdə dünya təcrübəsində geniş yayılan və təhsilin inkişafında mühüm amillərdən biri kimi qiymətləndirilən Valideyn - Müəllim Assosiasiyalarının yaradılması işi gücləndirilib. Artıq bir sıra təhsil müəssisələrində başqalarına örnək ola biləcək nəticələr əldə edilib. Bu dəfəki söhbətimizin mövzusunu aktuallığını qoruyub saxlayan və yəqin ki, hələ uzun müddət barəsində söhbət açacağımız Valideyn - Müəllim Assosiasiyalarının yaradılması ilə bağlıdır. Həmsöhbətimiz, Milli Valideyn -Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın sözlərinə görə, VMA yaradılmasının ilk addımı valideynlərlə işin təşkilidir:
- Məktəblərdə Valideyn - Müəllim Assosiasiyalarında müəllim və valideynlərin iştirak payına diqqət yetirsək görərik ki, burada 70 faiz üstünlük valideynlərin tərəfindədir. Bu Assosiasiya valideynlərin məhz övladlarının xatirinə, onların naminə birləşdiyi bir qurumdur. Valideynlər beləliklə məktəbdə tədris prosesinin təşkilindən tutmuş təlim - tərbiyəyə qədər bir çox məsələlərdə ictimai nəzarəti öz əllərində cəmləşdirmiş olurlar. Onlar hətta idarəetmənin istiqamətlərini müəyyən edib, məktəbin fəaliyyətini məhz bu istiqamətdə davam etdirməsinə nail ola bilərlər. Hər bir məktəbdə maraqlı valideynlər var, sadəcə onları aşkarlamaq, bir təşkilatda birləşib təhsilin inkişafında öz imkanlarından istifadə etməsini istiqamətləndirmək lazımdır. Doğrudur, bu bir qədər çətin görünə bilər, amma passiv valideynlər də bu vasitə ilə məktəbin ən fəal valideynləri qrupuna daxil ola bilərlər. İndiki halda valideynlər məktəbə gəlir, lakin onların qarşılaşdıqları problemləri, məktəbdə təlim - tərbiyənin vəziyyətini müzakirə edə biləcəyi bir məkanı yoxdur. VMA - nın fəaliyyət göstərdiyi müəssisələrdə isə belə məkan var. Bu məktəblərdə təlim də, tərbiyə də daim ictimai nəzarətdədir. Məsələn, 299 saylı məktəbdə VMA hətta 11- ci sinif şagirdlərinin dərsə davamiyyəti məsələsinə diqqət yetirir. Məktəb rəhbərliyi ilə bərabər dərs buraxma hallarına qarşı mübarizə aparır. Bu yaxınlarda hətta orada qəribə bir hadisə baş verib. VMA rəhbəri övladı dərsə gəlməyən valideynə zəng edib, amma qarşılığında kobud münasibətlə üzləşib. Valideyn üçün maraqlı idi ki, niyə başqa bir valideyn ona zəng vuraraq övladının dərsə gəlməsini tələb edir. Sonradan həmin valideyn hərəkətinin doğru olmadığını başa düşdü və bu bizim uğurumuzdur. Sadəcə burada əsas problem ondadır ki, valideynlər övladlarına qarşı laqeyddirlər. Burada ictimai qınaqla da nəyəsə nail omaq mümkündür, bunun üçün bəzən mütəmadi iş aparmaq lazım gəlir, amma sonda mütləq yaxşı nəticə əldə edilir. Çünki valideyndən - valideynə məlumat daha tez çatır.
-Başqa sözlə desək, valideynlər informasiya ötürücüsü funksiyasını bir neçə dəqiqə ərzində həyata keçirə bilirlər.
- Bəli. Məsələn, may ayının əvvəllərində bizə dalbadal zənglər olurdu. Maraqlanırdılar ki, Avroviziya mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi ilə bağlı buraxılış imtahanlarının vaxtının dəyşidirilməsi, məktəblərin vaxtından əvvəl bağlanması məsələsi doğrudur, yoxsa yanlış. Araşdıranda məlum oldurdu ki, bu məlumat bir məktəbin həyətində bir valideyn tərəfindən verilib və qısa müddətdə paytaxtın əksər məktəblərinə yayılıb.
VMA - nın rolu təkcə tədrisin keyfiyyətinə nəzarət etməklə yekunlaşmır, burada uşaqların tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması mühüm istiqamətləri təşkil edir. 187 saylı məktəbdə Nizaminin yubileyi o qədər yüksək səviyyədə təşkil edildi ki, qonaqlar həmin məktəbin istedadlı şagirdləri ilə tanışlıq imkanı qazandıqlarına görə təşəkkür edirdilər. Sanki tədbir yox, əsl teatr idi. İstedad bankının formalaşdırılmasında bu tədbirlərin böyük əhəmiyyəti var. 299 saylı məktəbdə uşaqlar üçün idman meydançası yaradılıb. 276 saylı məktəbdə uşaqlar məhz VMA - nın xətti ilə təqaüd alır. Müəllim əməyinin stimullaşdırılmasında VMA - nın rolu var. 20 saylı məktəbdə VMA xətti ilə şahmat məktəbi, dərnəklər açılıb.
- Məktəblərdə apardığımız müşahidələr göstərir ki, bəzən müəssisə VMA - nın yaradılması ilə bağlı nədən başlayacağını sadəcə olaraq bilmir.
- Hansı müəssisədə belə bir təşəbbüs varsa, bizə müraciət etsinlər. Biz həmin müəssisədə maarifləndirmə işlərinin təşkilini, seminarların keçirilməsini həyata keçirək. Bundan başqa valideynlər arasında sorğu keçirib məktəbdə diqqət yetirilməli məsələlərin öyrənilməsi istiqamətində də yardımımız olar. Biz ən ucqar kəndə belə gedirik. 313 saylı məktəbdə VMA yaradılanda ora getmək yol baxımından əsl problem idi. Amma buna baxmayaraq həmin məktəbdə VMA yaradıldı və indi fəaliyyət göstərir.
- Bəzən məktəb rəhbərləri VMA yaradılmamasının səbəbini kontingentin zəifliyi ilə izah edirlər. Bu səbəb ola bilərmi, yoxsa sadəcə bəhanədir?
-Bunu bəhanədən başqa adla adlandırmaq olmaz. Direktor belə deyirsə deməli, müəyyən məqsəd var. Direktorlar bir çox hallarda VMA -nı özünə sadəcə maliyyə məsələlərində kömək kimi görür. Bu doğru düşüncə deyil. VMA - nın mahiyyəti maddiyyatla bağlı deyil. Elə valideyn var ki, maddi imkanı heç nəyə imkan verməz, amma məktəbin işində elə yardımı göstərə bilər ki, bunu başqasına böyük məbləğ qarşılığında etdirmək mümkündür. Direktorlar bəzən məsələyə birtərəfli yanaşır və belə olanda bəhanə kimi kontingent məsələsi ortaya atılır.
- Amma bəhanə də olsa son nəticədə işə təsirini göstərir.
-Bəli, təəssüf ki belədir. VMA valideynlərdən pul yığmaq üçün deyil, valideynlərin üzünü məktəbə tərəf çevirmək üçündür. Valideynlərin timsalında isə bütün cəmiyyətin, çünki cəmiyyətin böyük hissəsini valideynlər təşkil edir.
- Bir məsələ də var ki, VMA - nın yaradıldığı məktəblərdən də bəzən pul yığılması ilə bağlı müraciətlər daxil olur. Bu valideynlərlə işin düzgün qurulmamasından irəli gəlir, yoxsa başqa səbəb var?
- VMA-nın yaradılması üzvlük haqqı məsələsi var. Bu ümumi bir normadır. Bəzən bəzi dairələrdə bundan istifadə edirlər. Araşdıranda isə reallıq ortaya çıxır. VMA üçün maliyyə son məqamdır, məqsəd valideynləri fəallığa cəlb etməkdir. Çünki uşaq evdən məktəbə gedir, məktəbdən evə yox.
- Ümumiyyətlə VMA - nın yaradıldığı müəssisələrdə şəffaflığın qorunması tam mümkün olurmu?
-Artıq iki ildir ki, valideynlərə ödədikləri məbləğ qarşılığında qəbz verilir. Bəzən deyirlər ki, qəbzdə başqa məbləğ yazılır, amma ödəniş başqa məbləğdə olur. Belə halda valideyn qəbzdə göstərilən məbləğdə ödəniş etməklə öz hüququnu qorumalıdır. Üzvlük haqqı ilə bağlı vahid standart yoxdur. Bu daxili qərarla olur. Amma baş ofis təlimat verib ki, məbləğ 3 manatdan qədər olsun.
- Elə vahid standartın olmaması bəzən əlavə söz-söhbətlərə səbəb olur. Məsələn, iki valideyn söhbət edəndə məlum olur ki, bir məktəbdə bu məbləğ 2 manat, digərində daha çoxdur.
-Bu məbləğ məktəbin ehtiyacına görə müəyyən edilir. Məsələn, kənd məktəbləri ilə şəhər məktəblərinin vəziyyəti eyni deyil, o cümlədən də ehtiyacları. Eləcə də əhalinin pul qazanma imkanlarını eyniləşdirmək olmaz. Bəzisi üçün kiçik görünən məbləğ başqası üçün böyük görünə bilər. Buna görə də bu məbləğ müəyyənləşdirilərkən ilk növbədə ehtiyaclar nəzərə alınır. Qəzetiniz vasitəsilə bir məqama da diqqəti çəkmək istəyirəm. Hörmətli valideynlər, lütfən, uşaqlarınına pul verib məktəbə göndərməyin. VMA - ya ödənişləri uşaqlarınız vasitəsilə etməyin. Bu məktəblə, müəllimlə şagird arasında münasibətə olduqca mənfi təsir göstərir. Təcrübələrimizdən bilirik. Bu yaxınlarda bir şagirdə VMA - ya 3 manat ödəmək üçün valideynləri 100 manat vermişdi. Həmin şagird də 100 manatı göstərib deyirdi ki, pulum var, amma məktəbə vermirəm. Görün bu digərlərinə necə təsir göstərə bilər və məktəb haqqında hansı yanlış fikirləri yaradar. Bir daha təkrar edirəm ki, VMA leqal yoldur və direktor da bilməlidir ki, bu leqal yoldan istifadə etməklə məktəbin qarşılaşdığı bir çox probemləri aradan qaldıra bilər.
Söhbətləşdi:Elnarə