Azərbaycanın diaspor təşkilatları digər xalqların diaspor təşkilatları ilə müqayisədə çox gəncdir - Ayhan Dəmirçi

“Lakin gənc olmasına rəğmən bizim diaspor təşkilatlarımız getdikcə daha çox güclənir”

"Eyni zamanda diasporumuz öz problemlərini, eləcə də ümummilli problemlərimizi bütün dünyada gündəmə gətirməyə qadirdir"

Dünyanın dörd bir yanında fəaliyyət göstərən Azərbaycan diasporu bu gün ölkəmizin  haqq səsinin dünyada eşidilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin 20 faiz ərazilərimizi işğal altında saxlaması barədə gerçəklikləri beynəlxalq təşkilatlar, dünya dövlətlərinin rəsmi və qeyri-rəsmi qurumlarına çatdırılmasında xüsusi fəallıq nümayiş etdirir, öz üzərinə düşən vəzifələrin öhdəsindən maksimum dərəcədə gəlir. Xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edən diaspor təşkilatları yüzlərlədir ki, onlardan biri də Belçika-Azərbaycan Dostluq Cəmiyyətidir. Avropanın siyasi paytaxtı sayılan bir ölkədə fəaliyyət göstərən cəmiyyət yarandığı gündən Azərbaycanın haqq işi uğrunda mübarizə aparır, onun haqlı davasını Belçika vasitəsilə dünya dövlətlərinin diqqətinə çatdırır. Yarandığı ilk gündən Azərbaycanla bağlı bir çox tədbirlər keçirən Belçika-Azərbaycan Dostluq Cəmiyyəti xüsusilə Dağlıq Qarabağ problemi ətrafında müntəzəm şəkildə müxtəlif elmi konfranslar, dəyirmi masa və seminarlar təşkil edir.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi rəhbərlik etdiyi qurumun bu istiqamətdəki fəaliyyətindən danışıb. Bildirib ki, Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilk növbədə Belçikada, eləcə də bütün Avropa məkanında Azərbaycan torpaqlarının işğaldan azad olunması və Qarabağ probleminin ədalətli həlli üçün fəaliyyətini davam etdirməkdədir: "Bildiyimiz kimi, Azərbaycanın tarixi torpaqları 20 ildən çoxdur ki, Ermənistan ordusunun işğalı altındadır. Biz Biz hər il 20 yanvar, 26 fevral Xocalı soyqırımı, 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı tədbirlər keçirərək, bütün Avropa ölkələrinə öz faciəmizi tanıtmaq istəyirik. Artıq biz bu problemləri şəhər meydanlarından Avropanın önəmli qurumlarına daşımaqdayıq. Buna misal olaraq deyə bilərəm ki, biz ötən il Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə Avropa Parlamentində Dağlıq Qarabağ probleminə həsr olunmuş çox böyük bir konfrans təşkil etmişik. Avropa Parlamentarilərinin qatıldığı bu konfransda əsas diqqəti Azərbaycan torpaqlarının Ermənistan ordusu tərəfindən işğalı problemlərinə yönəltdik". Cəmiyyət sədri Azərbaycan mədəniyyəti və milli mətbəximizin təbliği istiqamətində də fəaliyyət göstərdiklərini vurğulayıb: "Cəmiyyətimiz eyni zamanda Azərbaycan mədəniyyətinin, mətbəxinin tanınması üçün Belçikada bir çox sərgilər, konfranslar təşkil edir, Azərbaycanın tanıdılması üçün kitabçalar çap etdirir. Ümumiyyətlə, Azərbaycanın müsbət imicinin formalaşması, torpaqlarının işğaldan azad olunması üçün bu günə kimi göstərdiyimiz fəaliyyəti bundan sonra da davam etdirmək əzmindəyik". Ayhan Dəmirçi cəmiyyət sədri olaraq Azərbaycan diasporunun hazırkı vəziyyətinə də nəzər salıb və qeyd edib ki, Azərbaycanın diaspor təşkilatları digər xalqların diaspor təşkilatları ilə müqayisədə çox gəncdir: "Lakin gənc olmasına rəğmən bizim diaspor təşkilatlarımız getdikcə daha çox güclənir. Eyni zamanda diasporumuz öz problemlərini, eləcə də ümummilli problemlərimizi bütün dünyada gündəmə gətirməyə qadirdir. Hər halda diasporumuz 10-15 il bundan öncəki diaspora deyil. Bir neçə il əvvələdək bizim diaspora təşkilatlarımız Dağlıq Qarabağ problemi ilə bağlı sadəcə mitinq və yürüşlər keçirirdilərsə, hazırda biz bu problemləri ən nüfuzlu beynəlxalq qurumlarda konfranslar, dəyirmi masalar təşkil etməklə dünya ictimayyətinə çatdıra bilirik. Bu isə diaspor fəaliyyətinin şəhər meydanlarından intellektual məkanlara və beyin mərkəzlərinə daşınması deməkdir. Diasporun inkişafında Avropa təşkilatlarının fəaliyyətinə gəldikdə isə, deyə bilərəm ki, bu təşkilatlar bu günə qədər çox önəmli işlər görüb və bu istiqamətdə fəaliyyətlərini davam etdirməkdədirlər. Doğrudur, bəzi vaxtlar diaspor təşkilatları arasında müxtəlif fikir ayrılıqları yaşanır və mənfi cəhətlərimiz də olur. Bu isə onu göstərir ki, biz hələ də bir ittifaq halında fəaliyyət göstərə, vahid mərkəzdən idarə olunan bir güc ola bilmirik. Amma diaspor təşkilatları arasında olan bəzi anlaşılmazlıqlar bizim ümumi işimizi kölgədə qoya bilmir. İnanıram ki, yaxın zamanlarda bu anlaşılmazlıqlar da tam olaraq aradan qalxacaq və diaspor təşkilatlarımız öz inkişaflarında yeni bir mərhələyə qədəm qoyacaqlar". Cəmiyyət sədri hesab edir ki, Belçika Avropanın siyasi paytaxtı sayıldığı üçün bu region üzrə fəaliyyət göstərən Avropa Azərbaycanlıları Konqresi də əsas diqqəti məhz Belçikaya yönəltməli və bu ölkədə Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirməlidir: "Ümid edirəm ki, Avropa Azərbaycanlıları Konqresinin yeni sədri seçilmiş Samira Patzer İsmayılovun timsalında bu qurum çox böyük işlər görəcək. Mənim fikrimcə, Avropa Azərbaycanlıları Konqresi ilk növbədə öz fəaliyyətində ən çox önəm verdiyi yer məhz Belçika olmalıdır. Çünkü Belçika bir siyasi mərkəz olaraq nüfuzlu beynəlxalq qurumların olduğu, dünya problemlərinin çözüldüyü və qərar verildiyi mühüm bir ölkədir. Avropa Azərbaycanlıları Konqresi fəaliyyətini nəzərə çarpacaq dərəcədə yeniləmək istəyirsə Avropa Parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı müxtəlif konfranslar, seminarlar təşkil edərək bu problemi daima gündəmdə saxlamalı, bütün nüfuzlu qurumlarda Azərbaycan maraqlarının qorunmasında lobbiçilik fəaliyyəti göstərməlidir. Avropa Azərbaycanlıları Konqresinin xüsusilə önəm verməli olduğu məsələlərdən biri də Avropada fəaliyyət göstərən təşkilatlar arasında əlaqələrin qurulmasında koordinatorluğu öz üzərinə götürməsi və vahid bir birliyi reallaşdırması ola bilər. Müxtəlif dillərdə ayrıca bir saytın yaradılması və diaspor fəaliyyəti ilə bağlı xəbərlərin yer alacağı portalın olması da çox vacibdir"
Ayhan Dəmirçi Azərbaycan və türk diaspor təşkilatlarının birgə əməkdaşlıq perspektivlərindən də söhbət açıb və bildirib ki, Azərbaycan və Türk diaspor təşkilatları arasında heç bir fərq görmür: "Dağlıq Qarabağ probleminin həllində Türk diasporu hər zaman Azərbaycan diasporu ilə bir yerdə mücadilə aparıb. Eyni zamanda Azərbaycan diasporu da qondarma ""erməni soyqırımı" ilə bağlı mücadilədə hər zaman Türk diasporu ilə birlikdə hərəkət edib. Hesab edirəm ki, bizim bu əməkdaşlığımız daimidir və Avropada heç bir vaxt bu əməkdaşlıq pozula bilməz". Cəmiyyət sədri bu müsbət tendensiyanın digər türk xalqlarının diasporları arasında müşahidə edilmədiyini də söyləyib: "Təəssüf ki, digər türk xalqlarının diasporu ilə əlaqələrimiz bir qədər zəifdir. Doğrudur, Belçika-Azərbaycan Dostluq Cəmiyyəti olaraq bizim digər türk xalqlarının diasporu ilə az da olsa müəyyən məsələlərdə qarşılıqlı anlaşma şəklində çalışmalarımız olur. Amma bu fəaliyyət bizi əsla qane edə bilməz. İnanıram ki, yaxın vaxtlarda onlarla da çox sıx əlaqələr qurulacaq və biz bütün milli məsələlərdə birgə fəaliyyət göstərəcəyik".
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri son vaxtlar Dünya Azərbaycanlıları Konqresi daxilində baş verən problemlərdən də danışıb və konqres daxilində baş verən ziddiyətlərdən təssüfləndiyini vurğulayıb: "Əslində, mən Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə birlik qurultayının olacağını eşidəndə çox sevindim  və həmin qurultaya hərtərəfli yardım edəcəyimi bildirdim. Lakin qurultay yaxınlaşan dönəmdə yenidən fikir ayrılıqları və anlaşılmazlıqlar ortaya çıxdı" Ayhan Dəmirçi hesab edir ki, milli mücadilədə, xüsusilə bu cür vacib məqamda bütün umu-küsülərə heç cür haqq qazandırmaq olmaz: "Bu cür dağılmalarla da heç bir milli mücadilə apara bilmərik. Kimsə inciməsin, millətin səndən ümüd bəslədiyi məqamda kimsə öz mənfəəti üçün ayrımçılıq edəcəksə onu əsla bağışlaya bilmərik. Mən Dünya Azərbaycanlıları Konqresinin  rəhbər heyətində Nəzarət Təftiş Komissiyasının üzvü kimi əvvəl də fəaliyyət göstərmişəm və milli mücadilədə bu təşkilatda olmağımdan da şərəf duyuram. Yəqin ki, mətbuatdan da izləmisiniz. Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə keçirilən qurultayında daha çox üzvlər təmsil olunurdu. Həmin Qurultayda istər Azərbaycanın Dağlıq Qarabağ problemi, istərsə də, Güney Azərbaycandakı soydaşlarımızın problemləri ilə bağlı mühüm qərarlar qəbul edildi. İnanıram ki, biz yaxın vaxtlarda Dünya Azərbaycanlıları Konqresi üzvləri olaraq bu problemlərin həllində öz fəaliyyətimizi nəzərəçarpacaq dərəcədə gücləndirə biləcəyik.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31