“Müxalifətin birliyi istiqamətində olan cəhdləri müəyyən qüvvələr məqsədli şəkildə pozurlar” - MÜSAHİBƏ
Əhməd Oruc: “Bu gün müxalifət adına iddialı olan qüvvələrin cavab verməli olduğu çoxsaylı suallar var”
16 Aprel 2013 15:58 MüsahibəAzadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi
-Əhməd bəy, prezidentliyə namizədliyinizi irəli sürmək qərarı müxalifətin seçkilərə vahid namizədlə getməyəcəyinə dair əminlikdən sonra verildi? Çünki mütəmadi olaraq rəhbərlik etdiyiniz partiyanın bu məsələdə tələsmədiyi və gözləmə mövqeyində dayandığını bildirirdiniz.
-Biz dəfələrlə həm partiya, həm də Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq seçki qanunvericiliyinə düzəlişlərlə bağlı təkliflərlə çıxış etdik. Biz Azərbaycanda Ukrayna modelinin tətbiqini məqbul hesab etdik və seçki komissiyalarının püşkatma yolu ilə müəyyənləşdirilməsi nəticəsində müxalifəti bir araya gətirməyə çalışdıq. Təəssüflər olsun ki, bu baş vermədi. Sonrakı mərhələdə isə Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq çalışdıq ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı Azərbaycan müxalifətinin vahid mövqeyini ortaya qoyaq. Bu məqsədlə həm İctimai Palata, həm də Ziyalılar Forumuna məktubla müraciət etdik. Təəssüflər olsun ki, onların heç biri bizə cavab vermədi. Uzun müddət gözlədim ki, bəlkə sağlam müzakirələr ola və ümumi mövqe nümayiş etdirə bilək. Ancaq sonrakı hadisələr göstərdi ki, bu gün müxalifətin birliyi istiqamətində olan cəhdləri müəyyən qüvvələr məqsədli şəkildə pozurlar. Onlar birlik görüntüsü yaratmaq adı altında yığışaraq əslində boşuna vaxt sərf edirlər. Bütün bunları nəzərə alaraq qərara aldıq ki, seçkilərdə Azadlıq Partiyasının öz namizədi olsun.
-Sizcə müxalifətin birliyinə məqsədli şəkildə mane olmaq istəyən qüvvələrin başlıca niyyəti nədir?
-Artıq iyirmi ildir ki, eyni proses gedir. Bu gün müxalifət adına iddialı olan qüvvələrin cavab verməli olduğu çoxsaylı suallar var. Ancaq görünür ki, onların müəyyən suallara cavab vermək gücü yoxdur. Ona görə də müxalifətin birliyi, bu düşərgənin bir araya gəlməsi həmin qüvvələri qane etmir. Bu səbəbdən sözügedən qüvvələr ana müxalifət missiyasını qoruyub saxlamaq üçün hər dəfə müxtəlif mövqelərlə buna mane olurlar.
-Demokratik Qüvvələrin Məşvərət Məclisində əməkdaşlıq hansı səviyyədədir? Qurumda təmsil olunan bir neçə partiyanın prezidentliyə namizədliyini açıqlaması birgə əməkdaşlığı artıq qeyri-mümkün etmirmi?
-Demokratik Qüvvələrin Məşvərət Məclisində prinsip etibarilə razılaşmışıq ki, seçkilərə az bir müddət qalmış Məşvərət Məclisində prezidentliyə namizədlə bağlı mövqe müəyyənləşəcək. İndiki mərhələdə isə istənilən partiya öz iddiasını ortaya qoyub namizədini açıqlaya bilər. Hələlik Demokratik Qüvvələrin Məşvərət Məclisinin əməkdaşlığı seçki qanunvericiliyinə dəyişikliklərlə bağlıdır. Eyni vaxtda ölkədə demokratik seçki mühitinin yaradılması istiqamətində də əməkdaşlıq edirik. Bu məqsədlə də Demokratik Qüvvələrin Məşvərət Məclisi aprelin 28-ə mitinq təyin edib.
-Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilibmi və meriya hansı cavabı verib?
-Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Hələlik isə meriya bizə cavab verməyib. Qanuna əsasən beş gün qalmış aksiyalarla bağlı cavab verilir.
-Bəs meriyaya mitinq keçirmək üçün hansı yerləri təklif etmisiniz?
-Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq Bakı Şəhər İcra Hakimiyyətinə 3 yer təklif etmişik. Biri Nizami rayonundakı Təbriz kinoteatrının qarşısındakı meydan, digəri Binəqədi rayonundakı Dərnəgül stansiyasının yaxınlığındakı meydandır. Nəhayət, üçüncü Nəsimi rayonundakı 4 saylı peşə məktəbinin idman zalıdır. Bizim təqdim etdiyimiz hər üç yer Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyaların keçirilməsi üçün ayırdığı ərazilər sırasındadır. Təqdim etdiyimiz üç yerdən birində sksiyamızı keçirməyə hazırıq.
-Digər müxalifət qüvvələri adətən aksiyalarını paytaxtın izdihamlı yerlərində keçirməyə üstünlük verirlər.
-Biz Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq indiki situasiyada Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar keçirmək üçün ayırdığı yerlərdən üçünü məqbul hesab edərək mitinq keçirməyə qərar vermişik. Ancaq daha izdihamlı yerlərdə mitinq keçirməyə icazə verilsə daha yaxşı olar.
-Məşvərət Məclisində vahid namizəd məsələsi də müzakirə edilə bilərmi?
-Seçkilərə az bir müddət qalmış bu məsələ müzakirə ediləcək. Həmin müzakirələr zamanı partiyalardan hər hansı birinin lideri əksəriyyət tərəfindən qəbul edilər və müdafiə olunarsa, o halda Demokratik Qüvvələrin Məşvərət Məclisinin namizədi həmin şəxs ola bilər. Ancaq eyni zamanda başqa biri də namizəd kimi seçkidə mübarizə aparmaq iddiasında olarsa, həmin şəxsə də uğur arzulayacağıq. Ümumilikdə razılaşmamız ondan ibarətdir ki, Demokratik Qüvvələrin Məşvərət Məclisindən olan bir və ya bir neçə namizəd seçkilərdə vahid platforma ilə çıxış etməlidir. Artıq həmin platformanı hazırlamağa başlamışıq.
-Konkret siz hansısa namizədə güzəştə getməyi düşünürsünüzmü?
-Müəyyən məsələlər var ki, bizim üçün prinsipial əhəmiyyət kəsb edir. Həmin məsələlərdə bizdən daha öndə olan istənilən siyasi liderə güzəştə gedə bilərik. Bu əxlaqi-mənəvi dəyərlər, öz nəfsinə sahib olmaq, başqa bir dövlətin və ya kənar qüvvənin təsiri altına düşməməkdir. Bu kriteriyaları özündə cəmləşdirən istənilən başqa bir namizəd ortaya çıxarsa güzəşt məsələsini müzakirə edə bilərik.
-Artıq ondan çox siyasi partiya lideri seçkilərdə namizəd olacağını açıqlayıb. Bu seçkidə müxalifətin səslərinin parçalanması və bu düşərgənin məğlubiyyətə uğraması ilə nəticələnməyəcək?
-Hesab edirəm ki, namizədlərin çoxluğunun elə bir qorxusu yoxdur. Seçkilərdə namizəd çoxluğu həmişə olub. Hətta Milli Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəy prezidentliyə namizədliyini irəli sürəndə müxalifət düşərgəsindən seçkiyə qoşulan başqa namizədlər də vardı. Eləcə də 2003-cü ilin prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləyən zaman da bu düşərgədən seçki mübarizəsinə qoşulan başqa namizədlər vardı. Bir sözlə cəmiyyətin ürəyi, fikri kimin ətrafında olacaqsa, seçkilərdə də qalib o olacaq. Hesab edirik ki, cəmiyyətin bizi müdafiə etməsi üçün çox ciddi arqumentlər var.
Süleyman İsmayılbəyli