Aynur Qurbanqızı: “Düşünürəm ki, qadınlarımız çox qorxaqdırlar”

Olaylar.az ictimai fəal, feminist, “Azadqadın.az” saytının baş redaktoru Aynur Qurbanqızı ilə müsahibəni təqdim edir. - Aynur xanım, necəsiniz? Bu yaxınlarda estetik əməliyyat etdirdiniz.  Sizi kompleksli xanım kimi tanımırdıq. - Artıq çəki hər zaman mənim üçün problem olub. 11 il öncə məşhur “Arıqlamağın sirləri” kitabımda bu problemim və kompleksim nəticəsində apardığım araşdırmalarım çap olunmuşdu. Uğurlarım da elə o kitabla başladı. İnternetin, sosial şəbəkələrin az yayıldığı bir vaxtda kitaba maraq var idi və “Arıqlamağın sirləri” o zaman ən yaxşı satılan kitablardan oldu. Bu yaxınlarda etdirdiyim estetik əməliyyat liposaksiya idi. Liposaksiya əslində arıqlama əməliyyatı deyil, sadəcə bədənin istəmədiyin yerlərindən piyləri azaldır. Çox xanımlar məndən əməliyyatdan öncə və sonra fotolar paylaşmağımı istəyir. Amma, həmişə gen-bol paltarlara üstünlük verdiyim üçün fərqi nümayiş etdirəcək fotolarım yoxdu. Əməliyyat məni çox dəyişdirmədi, bütün halda pəhrizlə ümumi arıqlamalıyam. - Bakı Dövlət Universitetində çalışdığınızı bilmirdim. Sosial şəbəkələrdə və “Azadqadın.az” saytında fəaliyyət göstərdiyinizi bilirdim.

Olaylar.az ictimai fəal, feminist, "Azadqadın.az" saytının baş redaktoru Aynur Qurbanqızı ilə müsahibəni təqdim edir.

- Aynur xanım, necəsiniz? Bu yaxınlarda estetik əməliyyat etdirdiniz.  Sizi kompleksli xanım kimi tanımırdıq.

- Artıq çəki hər zaman mənim üçün problem olub. 11 il öncə məşhur "Arıqlamağın sirləri" kitabımda bu problemim və kompleksim nəticəsində apardığım araşdırmalarım çap olunmuşdu. Uğurlarım da elə o kitabla başladı. İnternetin, sosial şəbəkələrin az yayıldığı bir vaxtda kitaba maraq var idi və "Arıqlamağın sirləri" o zaman ən yaxşı satılan kitablardan oldu. Bu yaxınlarda etdirdiyim estetik əməliyyat liposaksiya idi. Liposaksiya əslində arıqlama əməliyyatı deyil, sadəcə bədənin istəmədiyin yerlərindən piyləri azaldır. Çox xanımlar məndən əməliyyatdan öncə və sonra fotolar paylaşmağımı istəyir. Amma, həmişə gen-bol paltarlara üstünlük verdiyim üçün fərqi nümayiş etdirəcək fotolarım yoxdu. Əməliyyat məni çox dəyişdirmədi, bütün halda pəhrizlə ümumi arıqlamalıyam.

- Bakı Dövlət Universitetində çalışdığınızı bilmirdim. Sosial şəbəkələrdə və "Azadqadın.az" saytında fəaliyyət göstərdiyinizi bilirdim.

- Bakı Dövlət Universitetinin Kimya fakültəsində təhsil almışam və hələ tələbə vaxtımdan burada çalışıram. Yazmağa həmişə həvəsli olmuşam. Yazılarım davamlı olaraq universitetin qəzetində yayımlanırdı. "Bakı Universiteti" qəzetində yazılarımı bəyəndilər və məni yarımştat işə götürdülər. Universiteti bitirdikdən sonra isə tam saatlı işçi kimi qəbul etdilər. İşimi və universiteti çox sevirəm. Öz işlərimlə bərabər, buradakı işimi də davam etdirirəm.

- Neçə ildir feysbukdasınız? Digər sosial şəbəkələrdə də eyni aktivlik var?

- Dəqiq vaxtını deyə bilməyəcəm, unutmuşam. İlk yaranandan 1-2 il sonra qoşulmuşam. İnstagrama da gec qoşuldum. Orada hələ də davamlı aktiv ola bilmirəm. Həm də instagram şəkil paylaşımı üçün nəzərdə tutulub deyə, fikirlərimi geniş ifadə edə bilmirəm. Tvitterdən isə istifadə etmirəm. Gündəlik həyatımızda ünsiyyət vasitəsi olan votsapdan isə hər kəs kimi aktiv istifadə edirəm.

- "Xoşbəxt qadınlar klubu" necə yarandı və buradakı qadınlar xoşbəxtdirlərmi?

- Adı xoşbəxt qadınlar olsa da, üzvlərimizin bir çoxu dərdli qadınlardı. Amma, mən özüm də bu qrupu açdığımda xoşbəxt deyildim. Həmin vaxt özümü çox tənha, ümüdsiz hiss edirdim. Belə bir zamanda insan istəyir dərdini kimlərləsə bölüşsün, kimsə ona dəstək olsun, təsəlli versin. Buna görə qadınların bir -birləri ilə dərdlərini bölüşəcək qrup yaratdım. Ad üzərində çox düşündüm. "Bədbəxt qadınlar klubu" qoysam, bu heç yaxşı fikir deyildi, çünki, bu ismin özü insana mənfi enerji verirdi. Həm də məqsədimiz axı xoşbəxt olmaqdı. Ən mutsuz anlarımızda belə qəlbimizin dərinliyində nə vaxtsa xoşbəxt olacağımıza ümid var. Ümidi olmayanlar üçün də bu hissi aşılamaq üçün qrupun adını "Xoşbəxt qadınlar klubu" qoydum. Əslində, klubumuzda çox saylı evli, xoşbəxt, karyerasında uğur qazanmış xoşbəxt qadınlar da var. Sadəcə, insan sevincini yox, əsasən dərdini yazmağa meyillidir. Ona görə də xanımların acı talelərini əks etdirən məktublar, statuslar yayımlandığı üçün insanlarda bu fikir formalaşıb.

- Qrupun hazırda neçə üzvü var?

- Qrup 5 ildir fəaliyyət göstərir və 44 min üzvümüz var, hər gün də yüzlərlə istək gəlməkdə də davam edir. Aktivlik dərəcəsi isə üç yüz mindən çoxdur. Qrupdakı talelər bəzən o qədər maraqlı olur ki, haqqında yutuberlər video-çarx hazırlayır, instgaram səhifələrində yayılır.

- Bir zamanlar feminist idiniz. İndi necə?

- Mənim feministliyim bir vaxt çox müzakirə olundu. Özünü feminist hesab edən qadınlar deyirlər ki, Aynur feminist deyil. Bunu da belə əsaslandırlar ki, onlar kimi düşünmürəm. Adətən, milli dəyərlərimizi, adətlərimizi nəzərə alan biriyəm. Həmçinin, mənə görə kişi qadınsız, qadın da kişisiz tam xoşbəxt ola bilməz. Hər bir qadına sevgi lazımdır. Digərləri sanki kişi düşüməni kimi çıxış edirlər. Mənə görə feministlik qadın və kişi hüquqlarının bərabərliyi deməkdir. Məsələn, qadın evdə yemək bişirirsə, təmizlik işlərini edirsə, kişi də etməlidir. Bütün işləri qadının üzərinə yükləməyi haqsızlıq hesab edirəm. Amma, kişi qadınların düşmənidir kimi bir düşüncədə heç vaxt olmadım. Qəribədir ki, mənim hər zaman belə düşündüyümü hesab ediblər. Buna da səbəb əvvəllər qadınları incidən kişilər haqqında olan sərt çıxışlarımdır. İnsanların yaddaşında bu cür qalmışam. Mənə görə istisnalar həmişə var. Qadınları anlayan, ailəsini dəyər verən kişilər də var. Hamının tərəzinin eyni gözünə qoymaq haqsızlıq olardı.

- Azərbaycanda həqiqətən feminist düşüncəli qadınlar varmı?

- Baxır onlar feministliyi necə qəbul edirlər. Feministlik kişi və qadınların hüquqlarını bərabər şəkildə müdafiə etməkdirsə, bəli var. Mən özümü feministliyin bu qolunda görürəm. Kişini ümumiyyətlə qəbul etməyən düşüncə feministliyin qara qoludur. Bu düşüncəyə üstünlük verən qadınlar kişi kimi geyinir, səliqəsiz saçlarla gəzirlər, kişilərin işlətdikləri ifadələrə üstünlük verirlər. Qadın kimi görünmək istəmirlər. Həm kişilərə qarşıdılar, həm də kişi kimi görünürlər. Feministlərin geniş müzakirə etdiyi məsələlərdən biri də kişinin qadının əvəzinə restoran və ya kafedə hesab ödəmə məsələsidir. Buna qarşı kəskin çıxışlar edirlər. Mənə görə bu normal haldır. Əgər kişi özünü yanımızda güclü hesab etmək istəyirsə, qoy olsun. Hər şeyin dərinliyinə getmək nəyə lazımdır. Digər bəzi qadınlar kimi də "bunu həmişə kişi etməlidir, kişi məni saxlamalıdır" düşüncəm də yoxdur. İndi elə zamanda yaşayırıq ki, bəzən kişilər yaxşı iş tapa bilmir, buna görə ailə qadının maddi gəliri ilə idarə olunur. Yaxud da, bəzi tənbəl kişilər ağır işdə işləmək istəmir, yenə ailənin yükü qadının üzərinə düşür. Artıq buna normal baxırlar. Çox nadir hallarda kişi qadının çalışdığını düşünüb, ev işlərini öz öhdəsinə götürür. Əgər adətimizdə "kişi işləyər pul gətirər, qadın da evi, uşağı saxlayar" düşüncəsi varsa, o zaman indi niyə qadın evə pul gətirəndə, kişi digər ev işlərini görmür? Yaxud, ailədə hər iki tərəf işləyirsə, niyə axşam evə gəldiklərində sadəcə qadın ev işlərinə məhkum olur? Buna görə işgüzar qadınların bu vəziyyətinə həmişə üzülmüşəm. Evdar qadın ailənin pul məsələlərinə baxmır, evdə rahat oturur, sadəcə evi, uşaqları idarə edir. İşgüzar qadın isə həm səhərin gözü açılmamış işə qaçır, axşam iş vaxtı bitdikdən sonra isə gəlib təkrar evdə işləyir. Evin təmizliyi, paltarlarla, xörək bişirməklə, uşaqlarla məşğul olur. Kişi isə divanda uzanıb, əlində pult televiziya baxır, sosial şəbəkələrdə vaxtını öldürür, istirahət edir. Bu qadına qarşı haqsızlıq deyilmi? Mən bu haqsızlığı heç cür qəbul edə bilmirəm.

- Bu cür düşüncələriniz ailənizdə tez-tez problem yaradır?

- Yoldaşım da tipik azərbaycanlı kişisi olduğu üçün təbii ki, yaradır. Elə yuxarıda qeyd etdiyim məsələ, hər ikimiz işdən gəldikdən sonra həyat yoldaşıma evdə bir işin qulpundan onun da yapışmalı olduğunu deyirəm. Axı ikimizdə eyni hüquqdayıq, hər ikimiz çalışırıq. Kişinin nəyi qadından artıqdır ki, o istirahət etsin, qadın yox. Bu məsələdə az qala üsyan edirəm. Amma yenə də milli mental dəyərlərlə böyüyən kişi bu məsələdə hər zaman özünü haqlı hesab edir. Necə deyirlər, qadın evə nə qədər pul gətirir gətirsin, fərqi yoxdur, evdəki qadınlıq borcunu da təkbaşına ödəməlidir.

Həyat yoldaşım məndən fərqli olaraq ətrafındakı insanların fikrinə çox önəm verir. Məsələn, axşam evə gec gəlsəm, əslində mənə inanır, problem etməzdi, amma "qonşular nə deyər, filankəsin yoldaşı gec gəldi" kimi fikirlərinə görə bəzi qadağaları var. Bəzən geyimlərimə də müdaxilə edir. Mən onsuz da açıq-saçıq geyinən deyiləm. Normal geyimlərimdə belə "kənardan baxan nə deyər" fikri ilə qərar verir. Deyirəm ki, əsas öz düşüncəmizdi, öz doğru bildiyimiz yoldur, başqalarından bizə nə?! Təəssüf ki, burada da yenə mentalitet öz işini görür. Sevgi olduğuna və ailəmi qorumaq istədiyim üçün çatışmazlıqlara göz yumuram, onu da anlamağa çalışıram.

- Aynur xanın, səhifənizdə özəl həyatınızla bağlı tez-tez paylaşımlar edirsiniz.

- Bunu tək yoldaşım yox, çox adam qəbul etmir. Hesab edirlər ki, şəxsi həyatımı sərgiləməklə düzgün etmirəm. Amma, mən tamam əksini düşünürəm. Belə ki, əgər hansısa mövzuda qadınlara məsləhət vermək istəyirəmsə, hansısa Əlidən, Vəlidən danışmaqdansa öz yaşadıqlarımı, təcrübələrimi örnək olaraq göstərmək daha doğru deyilmi? Yaxud, hansısa etdiyim səhvi misal gətirib xanımlara bunu təkrar etməməyi məsləhət görmək daha səmimi deyilmi? Təbii ki, bunu etmək cəsarət tələb edir. Və mənim də fərqim budur. Yaşadıqlarımdan utanmıram, əksinə hesab edirəm bu daha səmimidir. Ağlaya-ağlaya video paylaşdığım vaxtlar olub. Əgər o anda həyatımda göz yaşıma səbəb olacaq bir durum olubsa, bundan niyə utanmalıyam? Əksinə, bu durumdan çıxış edərək xanımlara deyirəm ki, siz də mənim kimi üzülmək istəmirsinizsə, eyni səhvi etməyin. Səhifələrimdə və qrupda qadınların mənə yazdığı məktubları da anonim buna görə paylaşıram ki, oxucular həmin qadının səhvini təkrarlamasın. Nəyin düz, nəyin səhv olduğunu analiz etsinlər.

- Həyat yoldaşınız "Xoşbəxt qadınlar klubu"nu izləyir?

- Yox, izləmir. Amma, digərləri kimi maraqdan qız adı ilə səhifəni izləyib-izləmədiyini deyə bilmərəm (gülür). Qrupumuz məşhur və kişilərə qadağan olduğundan bəziləri saxta qız adı ilə profil açaraq qrupa daxil olmağa çalışır. İzləyicilərin çoxu tələb edir ki, bütün istək atanlar yoxlanılsın, sonra qrupa daxil edilsin. Təbii ki, virtual aləmdə bunu etmək mümkün deyil. Düşünürəm ki, qadınlarımız çox qorxaqdırlar. Buna görə hətta gizli qadın qrupunda belə şəkillərini paylaşmağa narahat olurlar. İndi, biz açıq səhifələrdə rəsmimizi paylaşanda nə olur ki? Yaxud, o xanımları yol gedəndə kimsə görmür? Şəkil paylaşmaqdan, hansısa baş verən hadisə ilə bağlı fikrini və ya başına gələn hansısa olayı yazmaqdan niyə çəkinirlər ki? Görünmək niyə bu qədər qorxuludur? Bu suallara cavab tapa bilmirəm. Düşünürəm ki, bu qadağaları qoyan eqoist kişilərdir.

- Azərbaycan qadınına xoşbəxt olmaq üçün nə lazımdır?

- Sevgi. Bütün qadınların bir istəyi var: sevgi. Çoxları bunu etiraf etməsə də, hamımızın gözlədiyi və istədiyi sevgi, diqqət və qayğıdır. Hər zaman deyirəm ki, heç bir qadın istəyərək ailəsindən ayrılmaz. Ona görə boşanma hadisələrində adətən kişiləri günahkar bilirəm. Təbii ki, istisna hallar da var. İndi qadın xəyanətlərinin artmasının da səbəbkarı kişilərdi. O ailədə qadın kişidən sevgi görməyəndə, kişi kənarda sevgilisi ilə birgə yaşayanda, qadını evdə sadəcə uşaqlara baxmaq üçün var olduğunu düşünəndə, əlbəttə ki, qadın da hansısa şəraitə düşəndə, arzuladığı sevgini başqasından görəndə, sonu xəyanətlə nəticələnir. Müasir dövrdə artıq hər kəs sosial şəbəkə istifadəçisidir. Düşünürəm ki, hansısa qadın ilk anda bilərəkdən "xəyanət edim" fikri ilə kiminləsə ünsiyyətdə olmur. Öncə, virtual sadəcə dərdini paylaşmaq, ürəyini boşaltmaq istəyir. Və sonra bağlılıq yaranır və bu xəyanətə qədər gedə bilir.

- Sosial şəbəkələri boşanmalara səbəb kimi görə bilərik?

- İndi saytlarda, sosial şəbəkələrdə qadın və kişi xəyanətlərinə çox yer verilir. Bu elə fikir formalaşdırır ki, sanki bu cür hallar indi artıb. Amma unuduruq ki, bu hadisələr keçmişdə də olub. O vaxt bunu yalnız yaxında olanlar bilirdi, bu cür yayılmasına şərait yox idi.

İndi boşanmalara baxış dəyişib. Bu sosial şəbəkələrə görə deyil. Məsələn, mənim atam deyirdi ki, qızın ərə getdiyi evdən meyidi çıxmalıdır. Sonra ətrafına baxdı ki, bu kimi hadisələr çoxdu və üstəgəl, həyatımda bütün günü dava-qırğındı. Ondan sonra anladı ki, burada utanılacaq, qeyri-adi heç nə yoxdu. İndi hamının nəslində az qala bir boşanmış qadın var. Ona görə kimsə kimsəni qınamır. Qınaq olmadığına görə də artıq qadınlar hansısa əziyyətə dözmək, həyatlarını qurban vermək istəmir. Mənə anonim göndərilən taleləri oxuyanda, qadınların yaşadığı acıları görəndə düşünürəm ki, azğın kişi xəyanətinə, acımasız qaynana müdaxiləsinə nə qədər və hara qədər dözmək olar?

- Azərbaycanlı kişilərinə ailədə güvənmək olar?

- Bu kişini də tərbiyə edən qadındı. Hansısa alçaq kişi haqda eşidəndə ilk öncə onun anasını qınayıram. Elə o anaların, qadın düşməni olan qaynanaların tərbiyə etdiyi oğullar bu gün qadına zorakılıq, şiddət tətbiq edir. Amma ana uşaqlıqdan oğlunu qadına qarşı sevgi ilə böyütsə, oğlunu qısqanmasa, hər şeyi normal qəbul eləsə, boşanmalar bu qədər artmaz. Bu cür eqoist anaların və ətrafın fikri çox vaxt bəzi kişilər üçün önəmli olur. Kişi ağıllı olsa bu problemləri həll edə bilər. Ailədə balansı pozmaq olmaz. Qadının haqları tapdanmamalıdır. Ana və gəlini bir-birinin ayağına verməyəndə ailədə mehribançılıq olur. Hansındakı bu balans pozuldu, artıq problem yaranır. Kişi bir az da siyasətçil olmalıdır. İkilikdə həyat yoldaşına "əzizim, anam yaşlı qadındır, onun yanında yalandan anamı müdafiə edəcəm, qoy ürəyi rahat olsun. Amma bil ki, səni haqlı hesab edirəm" söyləsə, əminəm qadın onu anlayar və ciddi qaynana-gəlin problemi yaranmaz. Siyasətcil kişilər hər zaman ailəsini gözəl idarə etməyi bacarırlar.

- Ailə həyatları yalnız sənəd üzərində davam edən, boşana bilməyən qadınların inadı nədəndir?

- Bu tip ailələrdə qadınların çoxu maddi asılılıq səbəbindən inad edir. Təəssüf ki, sadəcə ətrafını, qohum-qonşunu düşünüb özünə dəyər verməyən qadınlar da var. Bəzən maddi asılılıq belə boşanmalara əngəl olmur. Hər bir insanın və eləcə də qadının səbr kasası var. O daşanda artıq insanın gözünə heç nə görünmür.

- Bir az da "həci"lərdən danışaq. Son zamanlar bəzi qadınlar xoşbəxtliyi onlarda görürlər. Haqlıdılarmı?

- Belə deyim ki, o tip qadınlar öz arzularına asan yolla çatmaq üçün "həci"lərdən istifadə edirlər. Həmin qadınlara heç nə deyə bilmərəm. Bu onların seçimi və hətta deyərdim şansıdır (gülür). Elə "həci" var ki, qadını ikinci ailəsi kimi qəbul edir, uşaqları olur və bir ömür birlikdə olur. Yenə deyirəm, bu qadının öz seçimidir. Bəzən elələri də olur ki, onların həyatındakı "həci"lər qısa müddətli, müvəqqəti olur. Daim "həci" axtarışında olurlar və bu mənə görə əxlaqsızlıqdır. Qadına belə zəifliyi yaraşdırmıram. Həmişə çalışıram ki, heç kimi qınamayım, çünki cəmiyyətin qınadığı bəzi qadınları dinləyəndə peşman olursan. Kimin nə yaşadığını, nə hislər keçirdiyini bilmirik. Hər kəs özünə cavabdehdir. Mən şəxsən bu cür həyatı qəbul etmərəm. Öz zəhməti, əziyyəti hesabına ev, maşın alan yüzlərlə, minlərlə dəyərli qadınlarımız var. Öz güclərinə biznes-ledi olan xanımlarımız var. Təəssüfləndirici məqam odur ki, onların adını kimlərləsə hallandırıb, "Allah bilir hansı kişi saxlayır, o evi, maşını ona kim alıb" deyə əziyyətlərini heç eləyirlər. Qadınlar öz ayaqları üstündə durub, özləri üçün iş qurmağı hər zaman bacarıblar. Bunun üçün hansısa "həci"yə ehtiyac yoxdur.

- Məşhur "ər çörəyi" fikri çox zaman qadınlar arasında geniş müzakirə olunur. Feminist qadın olaraq "ər çörəyi" ni necə izah edərdiniz?

- Onun çox gözəl dadı var, amma biz onu dada bilməmişik (gülür). Bu günlərdə bir yazı yazmışdım. Qınaqdan qorxmuram, amma doğru zamanda paylaşmağı düşündüyüm üçün hələ yayımlamamışam. Yazıda qeyd etmişəm ki, qadın uzun müddət hər bir şeylə təkbaşına mübarizə aparmaqdan, gecə-gündüz çalışmaqdan yorulur. Güclü qadın olmaq məcburiyyətində qalmaq acı bir hissdir. Bəzən o qədər yoruluram ki, evdar qadınlara qibtə edirəm. Bir anlıq düşünürsən ki, kaş ki, mən də "ər çörəyi" yeyib, ailədə heç nəyin dərdini çəkmədən, çiynində heç bir yük daşımadan, qayğısız divanda əyləşib seriallara baxardım. İşgüzar qadın həm çöldə, həm evdə işlədiyi üçün həm fiziki, həm mənəvi çox yorulur. Amma baxır hansı ərin çörəyini yeyirsən. Eləsi var ki, səni evin içində həbs edir, şiddət göstərir, həddindən artıq qadağaları ilə insanı yaşamaqdan bezdirir. 1 manat pul istəyəndə 3 gün danışır. Belə kişinin çörəyini yeməkdənsə, ac qalmaq yaxşıdır. Onlara baxanda təbii ki, şükür edirsən. Qadın pul qazananda özünə güvəni artır, kişinin hansısa bir təzyiqinə boyun əymir, bu gözəl bir hisdir. Amma, yenə də yaxşı insan, sevgi dolu həyatyoldaşı olan kişinin çörəyini yemək xoşbəxtlikdir.

- Qadınlarımızın çoxu ikinci evlilikdən qorxurlar. Bu qorxu daha çox uşaqlı qadınlara aiddir. İkinci dəfə ailə həyatı quranda sizin bir qızınız var idi. Qorxunuz oldumu?

- Heç bir qadına tənha olmağı arzu eləmirəm. Mənə görə 50 yaşı olan bir qadın da tənha qalmamalıdır, ailə qurmalıdır. Qadının yanında onu anlayan, başa düşən bir kişinin olması vacibdir. Qadınla kişi bir yerdə olanda daha çox xoşbəxt olurlar. Qeyri-rəsmi münasibətlər problemli olduğu üçün yaxşı olardı ki, ailə qursunlar. Çox vaxt deyirlər ki, qızı olan analar ailə qurmasın. Bu fikirlə qəti razılaşmıram. Təbii ki, dəyərləri olan, vicdanlı, normal insanla ailə qurmağa çalışırıq və qarşımızdakı insan belə olduğu təqdirdə niyə qorxaq ki? İlk dəfə ailə quranda da kimsənin ağlına gəlmir ki, nə vaxtsa bu izdivac dağıla bilər. İkinci evlilik də belədir. Gələcəkdə başımıza nə gələcəyini bilmirik. Bu yaxınlarda mənə bir qadın öz həyatını yazmışdı. İkinci dəfə ailə qurub və həyat yoldaşı tərəfindən mənəvi işgəncələrə məruz qalır. Ayrıla bilmir ki, ətraf, hamı onu qınayacaq. Buna görə hətta intihara cəhd edib. Səhifədə çoxları qadına ayrılmağı məsləhət görsə də, real həyatda bu tip hadisə ilə qarşılaşanda hamı qadını qınayır. Mən üç dəfə ailə quran qadın da görmüşəm. Üçüncü həyat yoldaşı türk vətəndaşı idi və çox xoşbəxtdir. Pis düşünmək lazım deyil. Keçmişi düşünmə o keçmişdə qalıb, gələcəyi də düşünmə, nə olacağı bəlli deyil. Bu günü, bu anı yaşamaq lazımdır. Mən ikinci dəfə ailə quranda çoxu dedi ki, bu müvəqqəti olacaq. Nədənsə insanlar ikinci ailələrin uzunömürlü olacağına inanmır, ciddi yanaşmır. İkinci dəfə ailə qurmaq istəyən qadınlar sadəcə buna tələsməsinlər. Gələcək həyat yoldaşlarını yaxşı tanımağa çalışsınlar.

- Niyə qadınlarımız ailə qurarkən əcnəbi kişilərə üstünlük verirlər?

- Azərbaycanlı kişilərin el qınağına görə evlənmədiyi qadınlarla əcnəbi kişilər çox rahatlıqla ailə qurur və çox da xoşbəxt olurlar. Bizdə mentalitet belə bir fikir formalaşdırıb ki, boşanmış qadınla evlənmək olmaz. Amma boşanmış kişi subay qadınla ailə qurur. Türklərdə, digər millətlərdə buna əhəmiyyət vermirlər. Onlar insanın özünü tanıyıb, sevdikdən sonra ailə qururlar. Artıq boşanıb və ya həyatında kimsə olub fikri onları narahat etmir. Neçə boşanmış xanım tanıyıram ki, türk vətəndaşı ilə ailə qurub və xoşbəxtdir. Bu xoşbəxtliyi digərləri də görür. Bəlkə də aralarında taleyi gətirməyənlər də var, amma xoşbəxt olanları çoxdu deyə xanımlarımızda da bu istək formalaşıb. Türkiyədə də qadın qatili olan, qadına şiddət göstərən çoxsaylı kişilər var. Arzu edirəm ki, hər bir qadın gözəl insanla ailə qursun və xoşbəxt olsun. Burada millət deyil, insanlıq önəmlidir.

- Şiddətə məruz qalmısınız?

- Uşaq vaxtı atam tərəfindən döyülmüşəm. Amma, hansısa kişi tərəfindən bu şiddətə məruz qalmamışam. Çünki, belə halla rastlaşsam, qarşılığını verərəm və o insanı asla bağışlamaram. Şiddətin də növləri var. Bəzən görürsən ki, mübahisə zamanı kişi qadına ixtiyarsız bir şillə vurur, sonra buna görə üzr istəyir və problem bitir. Ətrafda ona əl qaldıran həyat yoldaşını bağışladığına görə hər kəs o qadını qınayır, qürursuz adlandırır. Məncə, bu boşanma üçün mənasız səbəbdir. Mübahisə zamanı ola bilər ki, lap qadının özü də kişiyə əl qaldırsın. Hirsli başda ağıl olmur. Amma, bu hal təkrarlanarsa, artıq kimsə bu fiziki şiddətə susmalı deyil. İstər fiziki, istər mənəvi şiddət qəbuledulməzdir.

- Səhifənizdə paylaşdığınız uğursuz taleləri oxuyan zaman psixoloji gərginlik yaşayırsız?

- Əlbəttə. Bu insanın özündən asılı  deyil. Hətta, elə talelər var ki, onları oxuyanda o qədər üzülürəm ki, işlərimi bir kənara atıb, həmin qadınlarla əlaqə yaradıram. Ya messencerdə, ya telefonda saatlarla danışıb, dinləyib, daha sonra özümün və başqalarının yaşadıqlarını örnək gətirib məsləhət verməyə, motivasiya etməyə çalışıram.

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31