“Bəzi gənclərimiz kimlərinsə sözünə uyub səhvlərə yol verirlər”
Ramiz Alıyev: “Onlar kimlərə xidmət etdiklərini də bilmirlər”
15 Aprel 2013 17:08 Müsahibə"Mən deyərdim ki, Azərbaycan gəncinin ən ali borclarından biri məhz cənab prezidentin ətrafında sıx birləşməsi olmalıdır"
"Turizmə Dəstək" Gənclər Koalisiyasının sədri Ramiz Alıyevin "OLAYLAR"-a müsahibəsi
-Ramiz bəy, son vaxtlar bəzi müxalifət partiyalarının bir qrup gənci öz ətrafına cəlb edib onlardan öz şəxsi maraqları üçün istifadə etmək cəhdləri özünü büruzə verir. Siz bir gənclər təşkilatının rəhbəri kimi müxalifət partiyalarının bu cür cəhdlərini necə qarşılayırsınız?
-Əvvəla onu qeyd etmək istərdim ki, müxalif gəncləri də Azərbaycan gəncləridir və hər birimiz inanırıq ki, çox yaxın bir zamanda onlar da ölkəmizin uğurları, erməni terroristlərinin vətəndaşlarımızın başına gətirdiyi bəlaların dünya ölkələrində və beynəlxalq təşkilatlarda tanıdılması üçün bizimlə birlikdə olacaq, dövlətimiz üçün uğurlu işlər görəcəyik. Buna hər bir azərbaycanlı kimi mən də ümid edirəm və inanıram. Cənab prezident İlham Əliyev də çıxışlarının da qeyd etdiyi kimi, o, hər azərbaycanlının prezidentidir. Mənə elə gəlir ki, həmin gənclər də artıq oturub fikirləşməlidir. Onlar kimə və nəyə görə xidmət etdiklərini bilsələr, mən əminəm ki, həmin dəqiqə qərar qəbul edib vətənimiz, dövlətçiliyimizin inkişafı naminə çalışacaqlar. Onlar da cənab prezidentin gördüyü uğurlu işləri bilir və ayrı-ayrılıqda təsdiqləyirlər. Ancaq sizin dediyiniz kimi hərdən bəzi gənclərimiz kimlərinsə sözünə uyub səhvlərə yol verirlər və kimlərə xidmət etdiklərini də bilmirlər. Mən deyərdim ki, Azərbaycan gəncinin ən ali borclarından biri məhz cənab prezidentin ətrafında sıx birləşməsi olmalıdır. Hər kimsə buna qarşı çıxırsa, deməli, o, ölkəmizin inkişafını, uğur qazanmasını istəmir və ya istəməyənlərə xidmət edir. Bu birbaşa xidmət də ola bilər, dolayısı yolla da. Ona görə ki, prezident İlham Əliyevin apardığı siyasət yalnız və yalnız ölkəmizin uğurları üçün hesablanıb. Bu gün Azərbaycan regionda söz sahibi olan bir dövlətə çevrilib. Azərbaycanın iştirakı olmadan regionda heç bir böyük layihə reallaşa bilməz. Bunları kim edib? Əlbəttə, cənab prezident. İnanmıram ki, Azərbaycan gəncliyini təmsil edən bir gənc və ya gənclər təşkilatını təmsil edən təşkilat prezidentin gördüyü işləri görə bilməsin və ölkəmizin inkişafını təsdiqləməsin. Bu uğurları görməyənə müxtəlif növ eynəklər də kömək etməz. Bu gün Azərbaycanı sevən, dövlətini, vətənini, xalqını sevən hər bir gənc prezident İlham Əliyevin ətrafında sıx birləşib və bundan sonra daha da sıx birləşəcək.
-Hazırda dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, dövlətin gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin əlindədir. Bunun üçün də dövlətlər çalışmalıdır ki, öz gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşsın. Azərbaycan gəncləri ona görə çox xoşbəxtdir ki, onlara dövlət tərəfindən bu cür diqqət və qayğı göstərilir. Gənclərə göstərilən bu diqqət və qayğı ulu öndərimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtdan başlayıb və hazırda cənab prezident İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirilir. Biz digər ölkələrin gəncləri ilə ünsiyyətdə olduqda, onlarla söhbətimizdə anlayırıq ki, heç də bütün ölkələrdə dövlət-gənclər münasibəti bizdəki kimi yüksək səviyyədə deyil. Mən hesab edirəm ki, gənclərimiz bu münasibətlərdən layiqincə yararlanmalıdır. Bildiyimiz kimi, Azərbaycan demokratik, müstəqil bir ölkədir. Burada gənclər təşkilatları, qeyri-hökumət təşkilatları, gənclər şəbəkələri, idman cəmiyyətləri və s. müstəqil şəkildə fəaliyyət göstərirlər. Hər bir gəncə öz bacarığını nümayiş etdirmək üçün gözəl şərait yaradılıb. İstər dövlət, istərsə də hakimiyyət nümayəndələri tərəfindən gənclərə kifayət qədər diqqət yetirilir. Diqqətlə baxsaq, görərik ki, ölkə başçısının imzaladığı sərəncam və fərmanların bir çoxu məhz gənclərlə bağlıdır. Hazırda ölkə miqyasında həyata keçirilən böyük layihələrdə də gənclərin xüsusi yeri mövcuddur.
-Bəs bütün bu yaradılan şəraitin qarşılığında gənclər ictimai-siyasi işlərdə istənilən fəallığı göstərirlərmi?
-Azərbaycan gəncləri öz bilik və bacarığı, vətənpərvərlik xüsusiyyətlərinə görə, digər ölkələrin gənclərindən hər zaman üstün olub. Eyni zamanda ictimai-siyasi fəaliyyətlərində də çox aktiv bir mövqedən çıxış edirlər. Buna həm dövlətin gənclərimizə göstərdiyi diqqət təsir edir, həm də gənclərimizin öz bacarıqları. Diqqət etsəniz, görərsiniz ki, gənclərimiz və gənclər təşkilatlarımız ölkəmizi beynəlxalq konfrans və tədbirlərdə necə uğurla təmsil edirlər. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımının tanıdılması ilə bağlı apardığı məzmunlu və uğurlu layihələr buna ən bariz bir nümunədir.
Süleyman İsmayılbəyli