“Müxalifətin seçki hazırlığını müsbət qiymətləndirmək mümkün deyil” - MÜSAHİBƏ

Tahir Abbaslı: “İsa Qəmbər və Əli Kərimli ana müxalifət xəstəliyindən xilas olub ətraflarındakı “xırda” adlandırdıqları qüvvəni görsələr, yeni sima ortaya çıxa bilər”

"Özünü müxalifət kimi təqdim edən "El"lər, hansısa forumlar isə hakimiyyətdən incik düşənlərin birliyindən başqa bir şey deyil"

Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının "OLAYLAR"-a müsahibəsi

-Tahir bəy, prezident seçkiləri ərəfsində Azərbaycan müxalifətinin seçki hazırlığı prosesi necə dəyərləndirirsiniz?

-İnsaf naminə desək müxalifət düşərgəsinin seçki ilə bağlı müəyyən cəhdləri var. Bunu inkar etmək olmaz. Adəti üzrə seçki prosesi yaxınlaşdıqca müxalifət düşərgəsində təmsil olunan partiyaların müxtəlif birlik və blokları yaradılır, bu və ya digər partiya arasında ikitərəfli görüşlər keçirilir, əməkdaşlıq formaları müəyyənləşdirilir. Amma bütün bunlara baxmayaraq müxalifət tərəfindən edilən cəhdlərin heç biri Azərbaycan seçicisinin diqqətini cəlb etmir. Yəni müxalifət düşərgəsi, ayrı-ayrı partiyalar Azərbaycan seçicisində formalaşan "bu dəfə də müxalifət qalib gələ bilməyəcək" fikrini dəyişmək imkanında deyil. Bu mənada hesab edirəm ki, müxalifətin seçki hazırlığını müsbət qiymətləndirmək mümkün deyil. Düşünürəm ki, əksəriyyət də mənim mövqeyimlə razılaşar. Digər tərəfdən özünü ana müxalifət adlndıran Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası isə daha çox bir-biriləri ilə mübarizə aparırlar və bu partiyalar arasında gedən bu mübarizə artıq açıq müstəviyə keçib. Müxalifətin vahid namizədi məsələsində sözügedən iki təşkilat 1998-ci ildə hansı münasibətdəydisə hazırda da eyni vəziyyət qalır və bu münasibət dəyişməyib. Bu isə təbii ki, vətəndaşlarda inamsızlığı daha da artırır. Özünü müxalifət kimi təqdim edən "El"lər, hansısa forumlar isə hakimiyyətdən incik düşənlərin birliyindən başqa bir şey deyil.

- Sizcə, müxalifətin seçkiyə hazırlıqdan daha çox bir-birini nədəsə ittiham etməsi, ziddiyyətlərə rəvac verməsi bu düşərgənin prezident  seçkilərində məğlubiyyətini qaçılmaz etməyəcək?

-Yuxarıda da qeyd etdiyim kimi, müxalifətin müəyyən formatlarda birləşməkdənsə əvvəlki kimi bir-birilərinə ittihamlar yağdırması bu düşərgənin elə indidən məğlub olduğunu göstərir.

-İslamçıların seçkidə öz namizədi ola bilərmi?

-Hər kəsə bəllidir ki, ölkəmizdə islamçı qüvvə böyük nüfuza, gücə sahibdir. Təbii ki, mən Azərbaycanın gələcəyini düşünən insanları nəzərdə tuturam. Çünki digər qüvvələrdə olduğu kimi, bu kəsimdə də xarici güclərə meyl edən, onun sözü ilə oturub-duranlar var. Bunu son illərdə baş verənlər də göstərir. Azərbaycanı düşünən islamçılara gəlincə, onların arasında namizəd ola biləcək insanlar az deyil. Amma hesab edirəm ki, indi belə bir addım nəticə verməyəcək. İslamçı demokratlar olaraq bizim fikrimiz bundan ibarətdir ki, müxalifət müxtəlif formatlarda birləşərək seçkiyə getməlidir və sonuncu mərhələdə bir nəfəri dəstəkləməlidir.

-Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə müxalifətin seçkiyə yeni sima ilə getməsini təklif edib. Bu nə dərəcə mümkündür və müxalifət yeni sima ortaya çıxara bilərmi?
 

-Hesab edirəm ki, müxalifət düşərgəsi, xüsusilə də İsa Qəmbər və Əli Kərimli ana müxalifət xəstəliyindən xilas olub ətrafındakı "xırda" adlandırdıqları qüvvəni görsələr yeni sima ortaya çıxa bilər. Bütün halda bunu xoşniyyətli bir təşəbbüs hesab edirəm.
 

- Seçkilər yaxınlaşdıqca Rusiya və İran bu və ya digər formada Azərbaycana təsir göstərir, ölkəmizin daxili işlərinə açıq şəkildə müdaxilə edir. Sizcə həm İran, həm də Rusiyanın bu kimi təxribat xarakterli addımları seçkilər yaxınlaşanda daha da intensivləşə bilərmi?

-Təbii ki, prezident seçkiləri yaxınlaşdıqca Azərbaycanda siyasi və iqtisadi maraqları olan qüvvələr də fəallaşır. Bu məsələdə həmişə olduğu kimi İran və Rusiya daha çox maraqlı olur. Artıq bu təzyiqlərin ilkin elementlərini görə bilərik. Hesab ediəm ki, sizin də dediyiniz kimi, seçkilərə az bir müddət qaldıqda hər iki ölkənin Azərbaycana təsir göstərmək cəhdlərində intensivləşmə olacaq. Hazırda Rusiya Federasiyası  İrana nisbətən Azərbaycana daha çox təzyiq edir. Amma zənnimcə həmin qüvvələr əvvəlki kimi Azərbaycanda qanla nəticələnə biləcək hadisələr törətmə gücündə deyillər. Çünki cəmiyyət, Azərbaycan xalqı da  gözəl bilir ki, xarici qüvvələrin bu kimi cəhdləri yalnız və yalnız Azərbaycan dövlətçiliyinə qarşı yönəlib. Ona görə də bu qüvvələrin Azərbaycanda seçkilər ərəfəsində ciddi şəkildə qarşıdurma yaratması cəhdlərinə cəmiyyət dəstək verməyəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31