Səadət Şıxıyeva: “Nəsimi ilində bəzi işlərin hansı məntiqlə icra olunduğunu anlaya bilmədim”

“Nəsiminin qəbrinin yerinin dəyişdirilməsini tamamilə yanlış hesab edirəm” Olaylar.az AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimişünas alim Səadət Şıxıyeva ilə “Nəsimi ili”nin yekunlarına dair özəl və geniş müsahibəni təqdim edir.

"Nəsiminin qəbrinin yerinin dəyişdirilməsini tamamilə yanlış hesab edirəm"

Olaylar.az AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimişünas alim Səadət Şıxıyeva ilə "Nəsimi ili"nin yekunlarına dair özəl və geniş müsahibəni təqdim edir.

- Səadət xanım, 2019-cu il Nəsimi ili elan olundu. Nəsimişünas alim olaraq, ümumilikdə Nəsimi ilini necə dəyərləndirirsiniz?

- Ölkə prezidentinin məlum sərəncamı ilə ölkəmizdə Nəsimi ilinin elan olunması, əlbəttə ki, təqdirəlayiq bir haldır.  Bu sərəncam Nəsimi şəxsiyyətinə geniş dairələr və xalq kütlələrinin diqqətini cəlb etdi. Böyük əksəriyyət bu sahədə oxuyub biliyini artırmaq, söz söyləmək ehtiyacı hiss etdi. Azyaşlılardan başlamış yaşlı nəslə qədər çox sayda insan Nəsimi irsinə müraciət etdi. Onun yaradıcılığından müəyyən örnəklər əzbərləndi. Görülən işlərin təkcə ölkə miqyası ilə  hüdudlu qalmaması, səfirliklərimiz vasitəsilə xarici ölkələrdə də Nəsiminin 650 illiyi münasibətilə  tədbirlər təşkil olunması, əlbəttə ki, alqışlanası, bəyəniləsi bir haldır. Çünki bununla biz  malik olduğumuz mənəvi sərvət üzərindəki hüququmuzu, haqqımızı da təsdiqləmiş olduq. Hər zaman vurğuladığım bir məqamı yenə xatırlatmaq istəyirəm: Azərbaycandan kənara çıxdıqda Nəsimiyə sahiblənmək istəyənlərin çoxsaylılığını görürük: Türkiyə, İran, İraq, Türkmənistan... Bu ölkələrin bir sıra tədqiqatçıları şairə aid edilən Diyarbəkir (keçmişdə: Amid), Şiraz, Bağdad və ya Nəsimi kimi əsaslandırılmamış nisbələr əsasında onu bu ölkələrə aid etməyə cəhdlər etmiş, iddialar irəli sürmüşlər. Buna görə bizim Nəsimi, eləcə də Cahanşah Həqiqi, Xətai,  Füzuli və digər klassiklərimizin şəxsiyyət və ədəbi irsini diqqət mərkəzində saxlamamız əsas şərtlərdən, ümdə vəzifələrdən olmalıdır. Ədəbi şəxsiyyətlərimiz təkcə keçmişimiz deyil, bu günümüz və sabahımızdır. Çünki onlar bəşərin bədii və fəlsəfi düşüncə tarixində tutduğumuz yeri, bir xalq olaraq, imzamız və sözümüzün önəmini, Azərbaycan insanının digər xalqların fikri-mədəni həyatına təsir gücünü  nümayiş etdirirlər.

- Bir çox qurumlarda Nəsimi ili ilə  bağlı tədbirlər, müsabiqələr keçirildi. Sizcə, bu tədbirlər sayəsində Nəsimi irsi yetərincə təbliğ olundumu?

- Bəli, çox sayda qurumlar sərəncamdan irəli gələn vəzifələri həyata keçirməyə çalışdılar. Kimi seminar, kimi konfrans, kimi təqdimat, kimi müsabiqə adı altında çeşidli tədbirlər keçirdi. Bu müsabiqələrin bir qismində münsiflər heyətində yer aldım. Yeri gəlmişkən deyim ki, "Nəsimi ili - Nəsimi dili" (12-13 aprel) adlı festivalda və "Kaspi" qəzetinin məqalə müsabiqəsində münsiflərdən biri kimi iştirak edərkən şəffaf dəyərləndirmə və obyektivliyin şahidi oldum. Həqiqətən, haqqı çatanlar qalib oldular və mən bu kimi yarışmaların təşkilinin müasir standartlara uyğunluğuna da sevindim. Nəsimiyə həsr olunmuş tədbirlərin bir çoxunda əsas məruzəçi qismində çıxış etdim və iştirakçısı olduğum tədbirlərdə Nəsimi şəxsiyyətinə səmimi marağın şahidi oldum. Bu cəhəti də deməliyəm ki, indiyədək yazdıqlarım əgər elmi çevrələrlə hüdudlu idisə, indi gəldiyim nəticələrin daha geniş dairələrdə yayılması və təbliğinə imkan tapdım. Yaranmış bu şəraitdən istifadə edərək, daha çox Nəsiminin şəxsiyyətinin çoxyönlülüyünü, əsərlərində təbliğ olunan mənəvi-əxlaqi dəyərlərin bu günün insanına təsiretmə gücünü vurğuladım. Sözünün şöhrətinə, özünün ətrafındakı mübahisələrə diqqəti çəkdim. Mümkün qədər informativ yüklü olan çıxışlarımın dinləyənlərə xeyri olacağına çox inanıram. Bu kimi əlverişli mühitdə sözünü eşitdirmə imkanı, məncə, hər  bir ciddi tədqiqatçını ancaq və ancaq sevindirə bilər. Amma təbliğat kampaniyasına qoşulanların hamısının uğurlu nəticələr əldə etdiyini söyləmək çətindir. Bir qrupun, xüsusilə bu məsələyə aidiyyəti olmayanların  Nəsiminin adı arxasında gizlənərək, özünü təbliğinin, özünüreklamının, qisasçı, qərəzli mövqedən Nəsimi şəxsiyyəti ilə bağlı yanlış təsəvvür yaratmalarının nəsimişünaslığa nə kimi faydası ola bilər? Təbii ki, heç bir... Eləcə də eyni mətnli çıxışın hər yerdə edilməsinin, şairin təbliği bəhanəsi ilə bəzilərinin özləri və yaxın çevrələrinə səfərlər təşkil etmələrinin də şahidi oldum. Bu kimi neqativ səciyyəli hallar, əlbəttə, təqdir oluna bilməz və nəsimişünaslığa yalnız ziyan vurur... 

- Müsahibələrinizdə Nəsiminin yaşının 10 il az yazıldığını, doğum tarixinin yanlış göstərildiyini qeyd etmişdiniz. Bundan əlavə, İran, Ön Asiya, Hindistan və dünyanın bir çox ölkələrində Nəsiminin irsini, həyatını əks etdirən materiallar olduğu bildirilir.  Nəsimişünas alim olaraq bu istiqamətdə yeni materiallar əldə etmək, dünya kitabxanalarında araşdırmalar aparılması üçün hansısa quruma müraciət etmisinizmi?

- Doğru söylədiniz. Araşdırmam Nəsiminin yaşının Azərbaycanda rəsmi qəbul olunmuş tarixdən təqribən 10 yaş böyük olduğunu göstərdi. Belə ki, öncəki tədqiqatçılar - Ə.Səidzadə, H.Araslı, M.Quluzadə və başqaları ehtimal əsasında şairin 16 yaşında hürufilik təriqətinə daxil olduğunu bildirmişdilər. Amma şairin əsərlərində ifadəsini tapan zehniyyət onun hürufiliyədək ciddi təhsil aldığını, din və irfan barədə fundamental biliklərə sahib olduğunu göstərir. Nəsiminin hürufiliyi qəbul tərzi (irfani biliklərlə sinkretizm), eləcə də əsərlərində yer alan avtobioqrafik məlumatlar (mədrəsə təhsili alması, dini mövzulu əsərlər yazması, qələndərilikdə olması və s.) onun hürufilik təlimini qəbul edərkən daha böyük yaşda olduğunu göstərir və haqqında bəhs etdiyimiz mərhələlər 16 yaşlı uşağın yaşaya biləcəyi bir həyat yolu deyil. Nəsiminin hürufiliyə gəlişi bu saydığım mərhələlərdən sonraya aiddir. Buna görə də, onun yaşını daha böyük götürmək lazım gəlir.

Sualınızın ikinci hissəsinə gəldikdə isə deməliyəm ki, Nəsiminin irsi, xüsusilə də hürufiliklə bağlı mətnlərin çoxu xarici ölkələrdədir. Onların surətinin əldə olunması çox əziyyətli işdir. Bunun həlli mexanizmi yoxdur, hər hansı bir maddi dəstək verəcək xüsusi bir qurum da mövcud deyildir.  Kimlərdənsə xahiş etməli, illər, aylarla gözləməli, özünün çox da geniş olmayan maddi imkanlarından istifadə ilə həmin mətnləri əldə etməli olursan. Burada həmin mətnlərdən ikisini əldə etməmə yardım etdikləri üçün tanınmış alim, prof. Yavuz Akpınar (Türkiyə) və  gənc tədqiqatçı Əlirza Müqəddəmə (İran) çox minnətdar olduğumu da bildirmək istərdim. Şairin əsərləri daha çox Türkiyə və İran kitabxanalarındadır. Doğrudur, bu il onun anadilli divanının əlyazmasının bir neçə nüsxəsini tanınmış mətnşünas alim Paşa Kərimov və Əlyazmalar İnstitutunun digər əməkdaşları  əldə ediblər. Amma həmin əsərlərin mötəbərlik baxımından dəyərləndirilməsi illərin gərgin tədqiqatına möhtacdır. Hər üzə çıxarılan əsər və ya əlyazma nüsxəsinə kor-koranə inanmaq olmaz. Çünki həmin mətnlərin əksəriyyəti katib müdaxiləsinə məruz qalıb və şairin heç bir əsərinin avtoqraf nüsxəsi bu gün əlimizdə deyil. Bundan başqa, Misirdə Nəsiminin külliyyatının üzə çıxarılması onun Suriya və İraqda axtarışı zərurətini də ortaya çıxardı. Çünki Nəsimi və davamçıları bu ölkələrlə də əlaqəli olub. Təəssüf ki, həmin ölkələrin müharibə şəraiti bu istiqamətdə axtarışa imkan vermir. Nəsimi ilində şairin bir neçə əsərinin isə, təəssüf ki, izinə düşə bilmədim. Bunlar "İnsan" risaləsi və "Mənzumə fi məsləki-hürufiyyə"dir. Müxtəlif yazılarımda vurğuladım. Müxtəlif siyahılara daxil etdirdim. Amma cəhdlərim nəticəsiz qaldı, təəssüf ki...

Şairin əsərlərinin Hindistanda da ola biləcəyi istisna hal deyil. Çünki Şah Abbas dövründə İran və Azərbaycanı tərk edən nöqtəvilər Hindistana üz tutmuşdular. Nöqtəvilik isə hürufiliyin birbaşa varisi idi. Nəsiminin əlifnaməsi də bir nöqtəvi şairi vasitəsilə Hindistanda uzunömürlü bir ənənəyə çevrilmişdi. Bu barədə Hindistanda nəşr olunan farsca bir məqaləmdə yazmışam. Gördüyünüz kimi, nəsimişünaslığın qayğıları çoxdur, həll olunası problemlər uzun müddətli, mütəmadi axtarışlar tələb edir və bu, bir ildə həlli mümkün olacaq bir problem deyil...

- Dilçilik İnstitutu Nəsiminin bütün şeirlərinin sözlüyünü, yəni lüğəti və Nəsiminin haqqında ayrıca araşdırmalar toplusu nəşr etdirəcəyini bildirmişdi. Qeyd olunan kitablar nəşr olundumu?

- Dilçilik İnstitutunda Nəsiminin anadilli divanının sözlüyü çapa hazırlanır. Həmin institutun əməkdaşı Xədicə Heydərovanın tərtib etdiyi sözlüyün I cildi artıq nəşr olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Əlyazmalar İnstitutunda mətnşünas alim Paşa Kərimov da qədrdanlıqla C.Qəhrəmanovun "Nəsimi "Divanı"ının leksikası" adlı əsərini çap etdirmişdir. Tanınmış nəsimişünasın 1970-ci ildə nəşr olunan monoqrafiyasının yenidən işlənmış və təmilləşdirilmiş variantı olan bu kitab da, X.Heydərovanın tərtibi də gərəkli sözlük-araşdırmalardır. Dil tarixi mütəxəssisi Sevil Mehdiyeva və digərlərinin də tədqiqatlarının nəşri barədə məlumat var. O institutun, eləcə də AMEA-nın digər institutlarının, eləcə də əməkdaşı olduğum Şərqşünaslıq İnstitutunun bu illə əlaqədar nəşrləri hələ yekunlaşmadığı üçün konkret bir say və həmin əsasda da dəyərləndirmə aparmaq çətindir. Belə ki, bir sıra işlər bu ilin sonunadək görüləcəyi və nəşri gələn ilin əvvəllərində baş tutacağından,  hələ ki, həmin nəşrləri toplu şəkildə qiymətləndirmək və elmi dəyərindən söz açmaq mümkün deyil. Ona görə də Nəsimi ili nəşrləri nəsimişünaslığı nə qədər zənginləşdirdi, yaxud nələrin kommersiya və başqa məqsədlərlə hazırlandığı üçün əhəmiyyətsizliyini gələn il və ya növbəti illərdə dəqiq müəyyənləşdirmək mümkün olacaqdır.

- Nəsimi ilində  Nəsiminin məzarı Azərbaycana gətirilməli idimi və buna cəhdlər oldumu?

- Bu, mənə ən çox verilən suallardandır. Öncə bunu deyim ki, bu mövzuda bəzi dairələrdə söhbətlərin edildiyindən xəbərim var. Amma Nəsiminin qəbrinin yerinin dəyişdirilməsini tamamilə yanlış hesab edirəm. Əvvəla, buna ciddi zərurət olmadığından, islami nöqteyi-nəzərdən də doğru deyil. İkincisi, bu edilərsə, şair haqqında tarixi gerçəklik yenidən təhrif olunar. Təsəvvür edin ki, tarixi mətnlərdə oxunacaq: şair 1417-ci ildə Hələbdə amansızlıqla edam olunub, türbə və məzarı Hələbdədir... Sonrakı araşdırmalarda yazılacaq: məzarı Azərbaycandadır. Təsdiqlənməmiş bir ehtimal - onun Şamaxı doğumlu olması əsasında şairin məzarının yerinin dəyişdirilməsi mənə tamamilə məntiqsiz görünür. Tutaq ki, gətirildi, harada dəfn olunacaq? - Psevdo Şah Xəndan türbəsindəmi? Axı, o türbədəki məlum məzarlardan heç biri ona aid deyil. Hətta Şah Xəndanın məzarı - həqiqi məzarını nəzərdə tuturam - tutaq ki, tapıldı, Nəsiminin məzarı da onun yanına köçürüldü... O zaman Nəsiminin yanında dəfn olunduğu deyilən oğlu və digər doğmalarının məzarı necə olacaq? Tam bir məntiqsiz durum yaranır. O türbənin həyətindəki məzarlıqda yatanların bir qismi Nəsimi aşiqləridir, ona sevgidən ölümündən sonra şairin yaxınlığında dəfn olunmaq istəyiblər... Onda onlar da Azərbaycana gətirilməlidir?.. Məncə, Azərbaycanda məzarların sayını artırmaq yerinə, şairin şəxsiyyəti, mənəvi irsi, haqqında bəhs etdiyi  mənəvi-əxlaqi dəyərlər üzərində diqqət cəmlənməli, məzar-kulta tapınmaq əvəzinə, saydığım özəlliklər təlqin olunmalı, Nəsiminin ümumbəşəri və həmişəyaşar ideyaları ilə ağıl və qəlbə xitab edilməlidir... Bir də ki, Nəsiminin Hələbi seçimi onun tərcümeyi-halının bir parçasıdır. O, həmin torpağı fəaliyyət sahəsi seçib, uğrunda canından keçib və başına gələnləri də ilahi təqdir bilib... Bizim tarixi gerçəkliyi "redaktə" cəhdimiz gərəksiz və məntiqsizdir... Onun məzarı deyil, itkin əsərləri, ali ideyaları Azərbaycana gətirilməlidir. Ruhi varlığı sözlərində diridir. Həmin sözlərilə o bizim müasirimiz, yol göstərənimiz, nasehimizdir...

- İsa Hüseynovun yaratdığı Nəsimini yeniləmək, tamamilə fərqli bir Nəsimi təqdim etmək mümkün idimi?

- Nəinki  mümkün idi, hətta bunun üçün uyğun zəmin də vardı. Çoxsaylı müsahibələrimdə, çıxışlarımda bu məsələyə toxundum. Əslində o filmdə Nəsiminin zahiri görkəmi, şəxsi keyfiyyətləri barədə deyilənlərdə tarixi həqiqətin payı var. Amma nəzərə almalıyıq ki, bu ekran əsəri sovet dövründə çəkilib və bir sıra məsələlər təhrifli təqdim olunub. Əlbəttə, yeni əsər yaratmağa ehtiyac vardı və var. Amma o yaradılacaq əsər gözəllik, cazibə və aktyor-rejissor işi baxımından eyni yüksəklikdə olmalıdır ki, yaranacaq rəqabətə davam gətirsin, tarixi Nəsimi barədə həqiqətləri insanlara çatdıra bilsin...

- Elmi layihələrdən, seminarlardan çox musiqili layihələr bu il daha çox yadda qaldı. Bu ənənəni ilk olaraq müğənni Afət Fərmanqızı, ardınca Sami Yusif, Fərqanə və Xumar xanım etdi. İlk olaraq bilmək istərdik ki, bu cür layihələrə münasibətiniz necədir və bu ifalardan hansı Nəsimi ili üçün önəmli oldu?

- Elmi layihələrin geniş çevrələrdə rezonans doğura bilməməsi təbii haldır. Çünki elmi işlər daha çox dar dairələr üçün nəzərdə tutulur. Nəsimişünaslıq sahəsi də spesifik sahədir, çoxdilli mənbələr əsasında elmi araşdırmaların aparılmasını, o əsasda ciddi işlərin yazılmasını tələb edir. Alınan nəticələrin kütləviləşdirilməsi isə zamana möhtacdır, mövzunun tədqiqi və təbliğində eyni zamanlılıq çətin olur. Bu sahə nəinki tədqiqatçıdan, hətta oxucudan da müəyyən hazırlıq tələb edir. Musiqinin isə, əksinə, yayılma imkanı daha genişdir. Bu mənada musiqi layihələri daha çox diqqəti çəkdi. Təqdim olunan musiqi yozumları içərisində Nəsiminin ideyasına yaxınlıq baxımından ən çox bəyəndiyim Sami Yusifin "Sığmazam" rədifli əsər əsasında hazırladığı kompozisiya oldu. Çünki tanınmış və istedadlı soydaşımız şairin əsərindəki "mən"in ayrıca bir fərdə aid olmamasının təqdiminə uğurlu variant seçmişdir.

- Bir sıra Avropa ölkələrində Nəsimi ili qeyd olundu. Amma Şərq ölkələrində Nəsimi ilə bağlı tədbirlər keçirilmədi. Sizcə, Hindistanda, İranda fəaliyyət göstərən Nəsimi araşdırmaçıları  bir araya gəlməli idimi?

- Əslində istər Şərq, istərsə də Qərbdə keçirilən tədbirlər bizim səfirliklər tərəfindən təşkil olunurdu. Bu mənada tədbirin keçirilib keçirilməməsi səfirliklərimizin fəaliyyətinə bağlıdır.

Qeyd edim ki, İranda xüsusi tədbirlər keçirilməsə də, o ölkədə fəaliyyət göstərən Nəsimi tədqiqatçıları diqqətdən kənarda qalmadı, həm keçən il, həm də bu il keçirilən Nəsimi festivalına İranlı nəsimişünaslardan bir qismi (Bəhram Əsədi, Hüseyn Sədiq, Məhəmmədrza Kərimi) dəvət olunmuşdular. Onlar, məmnuniyyətlə, Nəsimi festivalı günlərində iştirak etdilər və bu sahəyə öz töhfələrini də verdilər. Bəhram Əsədi Nəsiminin türkcə divanının şərhli nəşrini hazırladı və mətn respublikamızda da oxunsun deyə ərəb deyil, latın qrafikası ilə nəşr olundu. Bu isə, zənnimcə, tədqiqatçının fədakarlığı kimi dəyərləndirilə bilər. Məhəmmədrza Kərimi isə şairin "Təriqətnamə" əsərini üzə çıxararaq, onu çapa hazırlamışdır. Onlar buraya xüsusi dəvətlə gəlmişdilər və həmin tədqiqatçılarla fikir mübadiləsi hər iki tərəf üçün faydalı oldu. Və haqqında bəhs etdiyiniz bir araya gəlib müzakirələr aparma Nəsimi festivalı günlərində gerçəkləşə bildi.

Hindistanda isə vəziyyət başqadır. Belə ki, orada Nizami irsinin öyrənən tədqiqatçılar olsa da, təəssüf ki, sırf Nəsiminin həyat və yaradıcılığını araşdıran tədqiqatçı mənə məlum deyil. Amma Azərbaycanın mənəvi mirasını daha geniş tanıtmaq üçün Mərkəzi Asiya, Hindistan, Pakistan, Əfqanıstan və s. ölkələr münbit zəminə malikdir. Bu coğrafiya qədim zamanlardan etibarən Azərbaycanın irfani düşüncəsinin yayıldığı və sevildiyi yerlərdən olub. Bu mənada təsəvvüf, o cümlədən Nəsimi, Füzuli və digərləri haqqındakı ciddi nəşrləri  peşəkar səviyyədə ingiliscəyə çevirməklə Azərbaycana daha çox diqqət cəlb etmək olar.

Bundan başqa, Qərbdə olduğu kimi, Şərq ölkələrdəki səfirliklərimizin də Nəsiminin tanıdılması sahəsindəki rolu danılmazdır. Belə ki, ölkə xaricində  (Belçika,  İordaniya, Özbəkistan) iştirakçısı olduğum tədbirlərin hər birində ölkəmizin təmsilçilərinin fədakarcasına çalışmasının, Nəsiminin şəxsiyyətinə diqqəti cəlb etmək, onun sözünü yaşatmaq niyyətinin şahidi oldum.

- Nəsimin paytaxta yeganə heykəli çox səliqəsiz halda qara boya ilə rəngləndi və heç bir alim, rəssam buna böyük şəkildə etiraz etmədi. Bunu biganəlik adlandıra bilərik?

- Bu heykəlin o cür uğursuz rənglənməsinə əslində sosial şəbəkələrdə etirazlar oldu. Etirazını bildirənlərdən biri də mən olmuşam. Sadəcə gərgin iş qrafiki bu barədə ayrıca yazı ilə etirazımı bildirməyə imkan vermədi. Görürsünüz, bizdə, təəssüf ki, istər qədim, istərsə də müasir abidələrlə beynəlxalq və müasir standartlara uyğun səviyyədə rəftar formalaşmayıb. Nəsimi ilində bəzi işlərin hansı məntiqlə icra olunduğunu anlaya bilmədim. Bunlardan biri də Nəsiminin heykəlinə qarşı o cahilcəsinə rəngləmə əməliyyatının həyata keçirilməsi idi. Həm o hadisə, həm də Nəsiminin qardaşı Şah Xəndanın türbəsini bu ilin iyun ayında ziyarətim məni çox sarsıtdı. Bu gün də nigarançılığım davam edir. Türbənin üzəri və  ətrafında təmir işləri aparılsa da, məzarların kimə məxsusluğu dəqiq araşdırılmalıdır. XVIII əsrə aid türbə və içərisindəki məzarlar Nəsiminin 1426-cı ildə vəfat etdiyi bildirilən qardaşına nə qədər aiddir? Onun məzarı dəqiq olaraq haradadır? Bu kimi sualların cavabı, hələ ki, açıq qalır...

- Bir çox ifaçılar Nəsiminin qəzəllərini yanlış oxuyurlar. Sizcə, onlar hansı mənbəni əsas götürməlidirlər?

- Əslində həmin ifaçılarda çox günah görə bilmirəm. Çünki Nəsiminin anadilli divanının ciddi elmi-tənqidi mətni hazırlanmamışdır. Azərbaycanda indiyədək olan nəşrlər içərisində ən mötəbəri, qənaətimcə, H.Araslının 1973-ci il tərtibidir. Amma o nəşr də şeirlərin əlifba sırası ilə düzülməməsi və seçilmiş əsərlər statusunda olması ilə yeni nəşrin hazırlanmasını zəruri  edir. Nə qədər ki, Nəsiminin elmi-tənqidi mətni əslinə uyğun biçimdə hazırlanmayıb, nəinki ifaçılar, qiraətçilər, hətta tədqiqatçılar da tərəddüd qarşısında qalacaq, qətiyyətli seçim edə bilməyəcəklər... Bununla belə, qiraətçi və ya ifaçılarda mexaniki əzbərləmə vərdişi olduğundan, onlar sözün anlamına diqqət yetirmirlər. Orta çağ şeiriyyətinə bələd olmama, sözlər arasında izafət əlaqəsi, yaxud həmcinslik münasibətinin nəzərə alınmaması da yanlışa yol açır və sonuncu ən çox yayılmış təhriflərdəndir. Məsələn, "Səndən ayru könlümə yoxdur vəfalı yarü dust" misrasında son iki kəlmədə çox vaxt "yari-dust" oxunur. Bircə "u" hərfinin "i" ilə əvəz olunması mənanı dəyişir. Birinci halda ifadə "yar və dost", ikincidə "dostun yarı" anlamını verir və təbii ki, sonuncu yanlışdır. Orta çağ katibləri kimi, müasir tərtibçi və ifaçılar da bəzən bilmədikləri sözü bildikləri ilə əvəz edirlər ki, bu da ciddi xətalarla nəticələnir. Məsələn, Nəsiminin məşhur filmdə də səsləndirilən "Qandasan" rədifli şeirinin "Hardasan" şəklinə salınması, həmin şeirdə "iriş"in yerini "yetiş", "yari-ğar"ın yerini "yadigar"ın alması tamamilə yanlışdır, təhrifdir. Olduğum tədbirlərin hamısında bu şeir dediyim yanlışlarla oxudu. Qaynaq isə sevimli filmimizdəki sevdiyimiz ifadır. Nəsimini xalqa tanıtmaq, sevdirmək üçün bəlkə də o dövrdə bu kimi interpretasiya və improvizələrə ehtiyac vardı. Amma bu gün mən Nəsiminin təhrifli təqdimini tamamilə yanlış və zərərli bir tendensiya sayıram.

- Nəsiminin dili və irsinin araşdırılması üçün daimi fəaliyyət göstərən qrup yaradılmalı idimi?

- Bəzi institutlarda müvəqqəti xarakterli qruplar yaradıldı. Məsələn, bizdə - Şərqşünaslıq institutunda, Dilçilik institutunda. Amma bu qruplar  yalnız builki araşdırmaları təşkil və tənzim etmək üçün fəaliyyət göstərir. Mən də ictimai əsaslarla qurulan və ömrü elə Nəsimi ili qədər  olacaq bu qruplardan birinin rəhbəri kimi təsdiq olundum. Amma bu qruplar bir qurum halında birləşdirilə, görülən işlər arasında koordinasiya qurula və bu ildə qazanılan təcrübədən gələn illərdə də bəhrələnilə bilərdi. Başqa sözlə, bu kimi işlərdə mərkəzlərin yaradılması daha sistemli işləməyə şərait yarada bilərdi. Bunun olmaması bu il görülən işlərdə bir sistemsizlik və pərakəndəlik yaratdı. Eyni mövzulara müxtəlif adamların müraciətləri və tələskənlik, ömrü boyu Nəsimidən bir misra təhlil etməmiş insanların ortaya qaynağı şübhəli kitablar qoyması təhrifli və yanlış mülahizələrin artırılmasından başqa heç nəyə xidmət etmədi. Bu mənada vahid mərkəzin və vahid nəzarətin olması  həm işin keyfiyyətini, həm də müəllifin məsuliyyətini artırar.

- Növbəti illərin hansı klassiklərin adı ilə bağlı olmasını təklif edərdiniz?

- Düşünürəm ki, hər il bizim mənəvi dəyərlərimizin - klassiklərimizin ili olmalıdır. Bu il Nəsiminin Azərbaycanda rəsmi qəbul olunmuş təvəllüd tarixinə görə 650 illiyi idi, amma ilin bu böyük mütəfəkkirin adı ilə adlandırılması, məncə, təkcə onun yubiley yaşına görə edilən seçim deyildi. Nəsimi həm də cəmiyyətin müxtəlif maraqlara sahib zümrələrini öz ətrafında birləşdirməyə qadir bir şəxsdir. O, igidliyin, mərdliyin, cəsarətin, iradənin, əqidədən dönməzliyin, fədakarlığın  simvoludur. Məhz bu baxımdan 2019-cu ildə yubiley yaşı olanlar içərisindən onun seçilməsi uğurlu sayılmalıdır.

Nəsimi ilinin elan olunması isə, göründüyü kimi, ona kütləvi müraciətə zəmin yaratdı. Bunun mənfi olduğu kimi, müsbət nəticələri də oldu: həm dünyaya bu şair üzərində haqqımız olduğu barədə məlumat ötürdük,  həm də dünyanın bir çox ölkələrində insanların diqqətini Nəsimi vasitəsilə Azərbaycana yönəltdik.  Bu mənada Nəsiminin adının Azərbaycanla yanaşı dünyanın diqqət mərkəzinə çəkilməsi önəmli bir hadisədir, zənnimcə. Deyə bilərik ki, "Nəsimi ili" Azərbaycanın  mədəni, ictimai və ədəbi həyatında bir canlanma mərhələsi  oldu. Bir neçə gündən sonra qarşılayacağımız Yeni ildə - 2020-ci ildə kimin diqqət mərkəzinə çəkilməsi məsələsinə gəldikdə isə mən Azərbaycanla bağlı konkret bir ad deyə bilməyəcəyəm. Bizim insanlar kampaniyaçılığa gərəyindən artıq meylli olduğundan konkret bir ad təklif etməyə çəkinirəm. Amma gələn il çox önəmli türk oğlunun - Yusif Xas Hacib Balasaqunlunun doğumunun 1000 illiyidir, bildiyim qədərcə... Yəqin Azərbaycanın ciddi tədqiqatçıları da bu sahədə sözlərini deyəcəklər. Eləcə də Firdovsinin vəfatının minilliyidir. Bu mənada həmin yubiley tədbirləri kütləvi xarakter almasa da, Azərbaycan şərqşünaslarının zehni fəaliyyəti üçün geniş meydanlar açılacaq...

Nigar Adil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31