“Müxalifətin siyasi mübarizəsi bazar rəqabətini xatırladır” - MÜSAHİBƏ

Mayis Güləliyev: “Partiyasına müvəffəqiyyət gətirməyən siyasi lider istefa verməlidir”

" Azərbaycanda isə hökuməti qeyri-demokratiklikdə ittiham edən müxalifət lideri özü 15-20 il partiya sədrliyində qalır"

Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyevin "OLAYLAR"-a müsahibəsi

-Mayis bəy, Azərbaycan müxalifətinin prezident seçkilərinə hazırlıq prosesini necə dəyərləndirirsiniz?

-Prezident seçkilərinə lap az müddət qalib. Siyasi partiyalar yavaş-yavaş seçkiyə hazırlaşdıqlarını göstərməyə çalışırlar. Lakin seçki hazırlığı seçki ilində yox, bundan əvvəlki seçkilər başa çatdıqdan dərhal sonra başlamalıdır. Azərbaycanda belə seçki hazırlıqları hələ işlənməyib. Seçkidən sonra dörd il, necə deyərlər, "papaq günə verilir" sonra seçki ilində hay-həşir başlayır. Belə seçki hazırlığı əlbəttə ki, effektiv olmaz. Seçkilərdən dərhal sonra seçki hazırlığı sadəcə sözlə olmur. Bu çox geniş fəaliyyət proqramını əhatə etməlidir. Hər şeydən əvvəl keçən seçkilərin dərsləri təhlil edilməlidir. Seçkidə uduzan müxalifət partiyaları uduzmalarının səbəblərini siyasi cəhətdən, seçki texnologiyası nöqteyi-nəzərdən təhlil edərək növbəti seçkilərdə belə səhvlərin buraxılmaması üçün tədbirlər planı hazırlamalıdırlar. Digər tərəfən, seçkidən seçkiyə keçən dövr ərzində ictimai-siyasi vəziyyət və dinamika izlənməlidir. Daha sonra cəmiyyətdə siyasi mübarizənin metodları, motivləri və onların dinamikası təhlil edilməlidir. Əlbəttə cəmiyyətdə sosial siniflərin münasibətləri, xarici qüvvələrin təsir vektorları və sair məsələlər də diqqət mərkəzində olmalıdır. Təəssüf ki, Azərbaycan siyasi partiyaları belə təhlilləri aparmaq əvəzinə populist çıxışlara daha çox üstünlük verirlər. Odur ki, seçkiyə hazırlıq demək olar ki, tələsik xarakter alır. Belə hazırlığın nəticəsi də göz qabağındadır.

-Müxalifətin seçki hazırlığından daha çox daxili çəkişmələrə üstünlük verməsi bu düşərgənin məğlubiyyətini qaçılmaz etməyəcək?

-Azərbaycan müxalifətinin mahiyyəti elədir ki, onların siyasi mübarizəsi daha çox "bazar rəqabətini" xatırladır. Diqqət edin, son illərdə siyasi partiyaların müxalifətçiliyinin mahiyyətində siyasi ideologiyaların, siyasi proqramların mübarizəsi yox səviyyəsindədir. Partiyalar yalnız gündəmdə qalmaq davası açırlar . Nəinki adi seçici və sıravi partiya üzvü, hətta yüksək ranqlı partiya funksioneri öz partiyasının ideologiyasından və konkret proqramından xəbərsizdir. Məsələn. jurnalist kimi siz Müsavatın, yaxud Xalq Cəbhəsinin və sair müxalifətçilikdə guya aparıcı olan partiyaların hansı birinin proqramı və ya ideyası ilə tanişsınız? Belə sənədlər harda dərc olunub ki, seçicilər onlarla taniş olsun? Odur ki, siyasi partiyalar arasında münasibət yalnız onların liderləri arasındakı münasibətə əsaslanır. Liderlər isə "bazarda yalnız mən olum" psixologiyası ilə hərəkət edərək digərlərinə nə qədər mümkünsə qara yaxmağa və bir-birilərini sıxışdırmağa cəhd göstərirlər. Seçki qurtaran kimi məglubiyyət müvəqqəti olaraq onları birləşdirir. Seçki yaxınlaşdıqca "bazarda rəqabət" başlayır.

-Yaşıllar Partiyası olaraq seçkiyə hansı formada hazırlaşırsınız? Partiyanın seçkilərdə öz namizədi olacaqmı?

-Məlumat üçün qeyd edim ki, Yaşıllar Partiyası 2008-ci il seçkilərinə öz namizədi ilə qatılmışdı. Partiya hələ də qeydiyyata alınmadığından biz "Yaşıl Siyasət" Təşəbbüs Qrupu formalaşdırdıq və seçkiyə qatıldıq. Təəssüf ki, 45000 imza topladığımıza baxmayaraq prezidentliyə namizəd kimi qeydiyyata alınmadıq. Məhkəmələr də tələbimizə məhəl qoymadı. Azərbaycan Konstitusiyası, qanunları, xüsusilə, Seçki Məcəlləsi kobud surətdə pozuldu. Bu ilki seçkilər heç də 2008-ci ildəki seçkilərdən daha yaxşı siyasi mühitdə olmayacaq. Əksinə, bizim proqnozlarımıza gorə, bu il seçki saxtakarlığı üçün daha münbit şərait var. Həm daxili, həm də xarici qüvvələr Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı deyil. Belə daxili qüvvələrə həm hakimiyyət, həm də müxalifət , bütünlükdə isə xalq daxildir. Qəribədir ki, bütünlükdə xalq seçki saxtakarlığında maraqlıdır. Belə siyasi mühitin olmasına baxmayaraq Yaşıllar Partiyası yenə də seçkilərə qatılacaq. Amma Ədalət Partiyası ilə birgə. Belə ki, Yaşıllar Partiyası Ədalət Partiyası ilə birgə "Vətən" adlı Siyası Blok formalaşdırır. "Vətən" Siyasi Blokunun prezident seçkilərində öz namizədi olacaq.

-Sizcə bir neçə dəfə prezidentliyə namizəd olaraq uğur qazanmayan liderlərin yenidən seçki mübarizəsinə qoşulması məntiqsiz deyilmi?

-Yox, mən belə düşünmürəm. Siyasi partiyalar siyasi prosesdə mütləq iştirak etməlidirlər. Amma Azərbaycanda bu məsələdə də unikallıq var. Belə ki, digər ölkələrin təcrübəsinə əsasən partiyasına müvəffəqiyyət gətirməyən siyasi lider istefa verməlidir. Azərbaycanda isə hökuməti qeyri-demokratiklikdə ittiham edən müxalifət lideri özü 15-20 il partiya sədrliyində qalır. Bu, partiyaların inkişafına ciddi zərbədir. Partiya siyasi institut kimi bir liderdən asılı olmamalıdır. Təəssüf ki, Azərbaycanda partiyaların ideoloji xətti və proporsional seçki sistemi olmadığından siyasi partiya bir lider ətrafında toplanan insanlardan ibarət olur.

-Müxalifətin seçkilərə yeni sima ilə getməsi təklif olunur. Sizcə bu mümkündürmü?

-Müxalifət seçkilərə "Yeni sima" ilə yox, yeni ideologiya ilə getsə nailiyyət qazana bilər. Əlbəttə, "kohnə simalar" yeni ideologiya daşıyıcısı ola bilməzlər. Odur ki, yeni ideologiyanın daşıyıcıları yetişməlidir. Yenə də əsas problem kimi aydın ideologiyanın olmaması üzə çıxır. Yeni və aydın ideologiya olmasa və onun davamlı daşıyıcıları ortaya çıxmasa, siyasi mənzərə dəyişməz.

-Son vaxtlar Rusiya və İranın Azərbaycana təsir dairələri artıb. Bu təsir və təzyiqlər seçki ərəfəsində bir qədər də intensiv xarakter ala bilərmi?

-Həm Rusiya, həm də İran bölgədə xeyli nüfuz sahibidir. Hər iki ölkənin iqtisadi cəhətdən Azərbaycana ciddi təsir imkanları var. Azərbaycan iqtisadiyyatı daha çox neft gəlirlərindən asılı olduğundan və qeyri-neft sektoru zəif inkişaf etdiyindən, həmçinin insan resursları məhdud olduğundan bu ölkələrdən asılılıq daha da artacaq. Digər bir mühüm məsələ enerji təminatı məsələsidir. Dünyada və regionda enerji problemləri kəskinləşdikcə bu ölkələrin təsir imkanları daha da artacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31