Niyə yalnız gözəl qadınlar?
İnsan həyata hansı şəkildə gələcəyini özü seçmir, ancaq hansı şəkildə yaşayacağını özü seçir. Ülviyyə Qarayeva kimi. Ona yaşamağa nə bu həyatın ağır şərtləri, nə də yaşadığı çətinliklər mane olur. Olduqca pozitiv, həyat dolu olan bu qızdakı yaşamaq əzmi ilə çoxuna nümunə olacaq.
16 Dekabr 2019 11:44 Müsahibəİnsan həyata hansı şəkildə gələcəyini özü seçmir, ancaq hansı şəkildə yaşayacağını özü seçir. Ülviyyə Qarayeva kimi. Ona yaşamağa nə bu həyatın ağır şərtləri, nə də yaşadığı çətinliklər mane olur. Olduqca pozitiv, həyat dolu olan bu qızdakı yaşamaq əzmi ilə çoxuna nümunə olacaq.
- Ülviyyə, bizə özündən danışa bilərsən?
- Mən Qarayeva Ülviyyə. İyirmi yaşım var. Hal-hazırda on birinci sinifdə təhsil alıram. Səhhətimlə əlaqədar üç il məktəbə gedə bilməmisəm. Anadangəlmə fiziki qüsurlu olduğum üçün usaqlığım çox çətin keçib. Çox vaxt insanlar uşaqlığını xatırlayanda xoş hisslər keçirir. Mən isə əksinə xatırlamaq istəmirəm. Çünki mən uşaqlığımı yaşaya bilməmişəm. Uşaqlığım xəstəxanalarda keçib. Ən böyük arzum məktəbə getmək, uşaqlarla birlikdə oxumaq, oynamaq olub. Ancaq bu arzuma üç il gec, on yaşım olanda çatmışam. Həyatımda ən xoşbəxt günüm məktəbə getdiyim gün idi. O vaxt elə balaca, elə cılız idim ki, çantamı belə qaldıra bilmirdim. Olduqca cılız olduğum üçün insanlar mənə qəribə baxışlarla baxırdılar. Lakin mən onlara fikir vermirdim.

-Bəs indi necə? İndi sənə qəribə baxışlarla baxan insanlara fikir verirsənmi?
- Yox. Nə onda fikir verirdim nə də indi fikir verirəm. Mən həyatı da, özümü də belə qəbul edib, belə sevirəm. Çünki anlayıram ki, mənim pis olmağım, üzülməyim heç nəyi dəyişmir.
- Səncə bu sevginin əsas səbəbi nədir?
- Düşünürəm ki, məni həyata bağlayan əsas səbəblərdən biri, bəlkə də birincisi incəsənətdir. Xüsusilə də rəqs. Rəqssiz özümü təsəvvür edə bilmirəm. Rəqs mənim həyatımın bir parçasıdır. Mən rəqslə özümü ifadə etməkdən zövq alıram

-Rəqsə maraq səndə necə yarandı?
- Əslində mən hələ uşaq yaslarımdan hərəkətsiz qalmamaq üçün əvvəl üzgüçülüklə, daha sonra isə rəqslə məşğul olmağa başladım. Rəqsə marağım ilk dəfə bir hind filmini izləyəndə yarandı. Daha sonra özümü rəqsdə sınamağa qərar verdim. İlk vaxtlar həvəskar kimi məşğul olurdumsa, bir müddət sonra davamlı olaraq öz üzərimdə çalışmağa başladım. Az qala, hər gün rəqs edir, internetdə müxtəlif rəqslərə baxıb onlar kimi oynamağa çalışırdım. Ətrafımdakı insanların çoxu bunun keçici bir həvəs olduğunu desə də, bu nə sadəcə bir həvəs oldu, nə də keçdi.

- Bəs gələcəkdə necə?
- Gələcəyimi rəqssiz təsəvvür edə bilmirəm. Lakin, rəqslə bərabər aktrisa kimi də fəaliyyət göstərmək istəyirəm. Çünki mən bütün rəqslərimi aktrisa kimi yaşayır və canlandırıram. Məhz buna görə Madhuri Dixit mənim idealımdır. Mən də onun kimi rəqqas, aktrisa olmaq istəyirəm. Çox vaxt mənə deyirlər ki, bu sən də alınmayacaq. Ancaq bu məni həvəsdən salmır. Anlamıram axı niyə aktrisa deyiləndə insanların gözönünə hündür, yaraşıqlı qadın gəlir? Mənim boyum balaca olsa da, böyük arzularım var. Və mən inanıram ki, o arzuma mütləq çatacam. Mütləq...
Aytac Sahəd