“Dəbdəbədən xoşum gəlmir” - MÜSAHİBƏ
Əbülhəsən İbrahimov: “Özümə daimi tənqidi yanaşmağı xoşlayıram”
3 Aprel 2013 16:12 Müsahibə"İlham Əliyevin namizədliyini təkcə şirvanlılar deyil, bütün Azərbaycan dəstəkləməlidir"
Hakim Yeni Azərbaycan Partiyasının yerli təşkilatları içərisində Şirvan şəhər təşkilatı da öz aktivliyi ilə seçilir. Son illər bu şəhərdə hakim partiyaya qoşulanların sayında artımın qeydə alınması bir tərəfdən ictimaiyyətin YAP-ın siyasi kursunu dəstəklıməsi ilə əlaqədardırsa, digər tərəfdən Şirvan şəhər təşkilatının yerli əhali ilə daim sıx ünsiyyətdə olması, vətəndaşların bu və ya digər problemlərinin həllinə yardım göstərməsi ilə əlaqədardır. İstər Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının rəhbərliyi, istərsə də partiyanın digər funksionerləri bu ənənəni bu gün də davam etdirirlər. Bu günlərdə 60 yaşını qeyd edən Yeni Azəbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov da yubiley ildönümünün olmasına baxmayaraq bunu adi günlərdən biri hesab edərək günün böyük bir hissəsini məhz partiya qərargahında vətəndaşlarla bir yerdə keçirib. Siyasi fəaliyyəti ilə yanaşı Şirvanda eyni zamanda tibbi fəaliyyətlə də məşğul olan Əbülhəsən İbrahimov 60 illik yubileyi ərəfəsində "OLAYLAR"-ın suallarını cavablandırıb.
-Əbülhəsən müəllim, bu günlərdə Sizin 60 yaşınız tamam oldu. 60 il geriyə dönüb baxanda bu illəri necə dəyərləndirirsiniz? Bu illər ərzində qazandıqlarınız çox olub, yoxsa itirdikləriniz?
-Doğrusu heç özüm də inana bilmirəm ki, 60 il belə tez gəlib keçdi. Mənə elə gəlir ki, lap bu yaxınlarda doğulduğum kənddən ali təhsil almaq üçün ayrılmışam. 60 ildə həyatımda uğurlarım çox olub. Düzdür itirdiklərim də çox olub. Valideynlərimi, əzizlərimi itirmişəm. Amma həyat davam edir. Ailə qurdum, övladlarım; iki oğlum, bir qızım oldu. 1978-ci ildə keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərinə təyinatla gəldim. Çoxlu dostum və tanışım oldu. Müxtəlif vəzifələrdə çalışdım. Həmişə də vəzifələrdə alnıaçıq - üzüağ çalışmışam. Özüm haqqında onu demək istəyirəm ki, mən 1953 - cü il aprel ayının 1-də (keçmiş Puşkin rayonunun Konstantinovka) Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuam. 1971-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə - profilaktika fakültəsinə daxil olaraq 1977 - ci ildə tam kursu bitirib həkim ixtisasına yiyələndim. 1978 - ci ildən Şirvan şəhərində həkim, 1981 - 2002 - ci illərdə Şirvan tibbi - sanitar hissəsində baş həkim, 2002 - 2006 - cı illərdə Şirvan şəhər Mərkəzi Xəstəxanasında baş həkim işləmişəm. 2005 - ci ilin fevralından Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədri seçilmişəm. Deyərdim ki qazandıqlarım çox olub.
-Bu illərdə ən yadda qalan hansı hadisə olub?
Ən yadda qalan günlərim çoxdur.1971-ci ildə kənddən ilk dəfə Bakıya gələrək o vaxtlar dəbdə olan, hər kəsin düşə bilməyəcəyi Tibb İnstituna yüksək balla qəbul olundum. İlk dəfə həkimlik fəaliyyətinə başladıgım an, 1981-ci il noyabrın 12-də gənc kadr kimi baş həkim vəzifəsinə irəli çəkildiyim tarix, ailə qurduğum gün, övladlarımın hər birinin anadan olmaları, onların toy günləri və təbii ki, nəvələrimin dünyaya gəlməsi günləri. Eləcə də valideyinlərimi itirdiyim günlər. Ümumiyyətlə taleyimden çox razıyam. Deyərdim ki, yaşadıgım ömrüm mənalı keçib.
-Ad günlərinizi bir qayda olaraq kimlərlə keçirirsiniz? Ümumiyyətlə dəbdəbəli yubileylərə maraqlısınızmı?
- Dəbdəbədən xoşum gəlmir. Özümə daimi tənqidi yanaşmağı xoşlayıram. 50 illik yubileyimi işlədiyim kollektiv mənim xəbərim olmadan xırda yığıncaq şəklində keçirərək lentə aldılar. Qalan hallarda ad günlərimi ailə daxilində toplaşaraq keçirmişəm.Təbi ki, dostlar və məni sevənlər müxtəlif qaydada məni təbrik etmişlər.
-Bir qayda olaraq kimlərdən hədiyyə və ya təbrik gözləyirsiniz?
-Yubley ərəfəsində sonbeşiyimiz Elmirin xeyir işinin baş tutması inşallah mənə ən böyük təbrik və hədiyyə olacaq.Yeri gəlmişkən, o da bizim sənətimizin davamçısıdır.
-Siz həm də Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədrisiniz. İki vəzifənin öhdəsindən gəlmək bir qədər çətin deyil?
-Mən 2005-ci il, fevral ayının 14-də Yeni Azərbaycan Partiyası şəhər təşkilatının konfransında təşkilata sədr seçilmişəm. Həmin vaxtdan bu günə kimi iki dəfə təkrar konfrans iştirakçıları məni dəstəkləyb və hazırda şəhər təşkilatının sədriyəm. Həkimlik mənim peşəmdir və mən heç bir çətinlik hiss etmədən bu peşəni sevərək çalışıram. Bu günə kimi işimlə siyasi fəaliyyətimdə çətinlik hiss etməmişəm.
-Bu il ölkədə prezident seçkiləri keçiriləcək. YAP Şirvan şəhər təşkilatı bu seçkiyə necə hazırlaşır?
-2013-cü ilin oktyabr ayında bizim respublikamız, eləcə də deyərdim ki, dünya azərbaycanlılarının əlamətdar günlərindən biri olan prezident seçkiləri keçiriləcək. Biz bu ali tədbirə Yeni Azərbaycan Partiyası İcra Aparatının rəhbərliyi altında çox məsuliyyətlə hazırlaşırıq. Ulu öndər deyərdi ki, harada azərbaycanlı varsa bilməlidirlər ki, onların bir vətəni vardır, o da Azərbaycandır. Partiyamızın sədri möhtərəm İlham Əliyevin namizədliyini təkcə şirvanlılar deyil, bütün Azərbaycan dəstəkləməlidir. İnşallah yaşayarıq, görərik! Heç şübhəsis artıq üzvlərinin sayı 600.000 -ə yaxın olan Yeni Azərbaycan Partiyasının vahid namizədi 2013-cü ilin oktyabrında növbəti müddətə qələbə çalacaqdır.
-Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi tamam olur. Bununla bağlı YAP Şievan şəhər təşkilatı hansı tədbirlər keçirəcək?
-Hər il olduğu kimi may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə ciddi hazırlaşırıq. Bu il 90 illik yubiley olduğu üçün daha əlamətdar keçiriləcəkdir. İndidən "H.Əliyev və müasir Azərbaycan", "H.Əliyev və gənclik" mövzularında inşa müsabiqələri, yubiley şərəfinə idman yarışları, Ulu öndərin adın daşıyan mərkəzdə elmi praktik seminarlar keçirilməsinə start verilib. Son tədbir şəhərimizdə Ulu öndərin möhtəşəm abidəsi önündə və Fəxri Xiyabanda onun məzarının ziyarət edilməsi tədbirləri ilə yekunlaşacaq.
-Sizin Yeni Azərbaycan Partiyasına gəlmənizə Heydər Əliyev faktorunun nə dərəcədə təsiri və ya rolu olub?
- Yuxarıda qeyd etdiyim kimi orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdiyim müddət, 1971-ci il Heydər Əliyevin birinci hakimiyyəti dövrünə təsadüf edirdi. Həmin vaxt unversitetin hüquq fakutəsinə və tibb instituna qəbul olunmaq asan iş deyildi. O zaman test üsulu da yox idi. Ancaq o vaxt Heydər Əliyev cəsarəti var idi. Yadımdadır birinci imtahanı avqustun 6-da axşam saat 9-da fizika fənnindən verdik. Həmin gün dedilər ki, Heydər Əliyev instituta gəlib. Bütün imtahan qəbul edən müəllimləri bir avtobusa yığıb apardılar, bizdən imtahan götürmək üçün isə unversitetin müəllimlərini gətirdilər. Heç kim bir-birini tanımadı, yalnız biliyə qiymət verildi. Kənddən gəlmiş sadə kəndli balası bu hadisənin şahidi, iştirakçısı olaraq, ali məktəbə qəbul olunub. 1977-ci ildə Ulu öndərin hakimiyyəti müddətində institutu bitirib təyinatla iş yerinə göndərilib, mənzillə təmin edilib, hətta vəzifəyə gəlib. İnsan bütün bu xoş hadisələri necə unuda bilər?. Demək istəyirəm ki, mən həyatda aglım kəsəndən bu şəxsiyyətin fəaliyyətinin şahidlərindən biri olmuşam. O, böyük azərbaycanlı, böyük siyasətçi olub . Biz onu və onun bütün fəaliyyətini sevmiş, bu gündə ideyalarını sevərək davam etdirənlərik- desəm yanılmarıq.
Süleyman İsmayılbəyli