“İranı təkcə Azərbaycan türklərinin dövləti adlandırmaq xəstə təxəyyülün məhsuludur” - MÜSAHİBƏ
Cahandar Bayoğlu: “Güney Azərbaycan Milli Hərəkatının güclənməsi, Azərbaycan Respublikasının dünya miqyasında artan gücü fars hakimiyyətini narahat edir”
3 Aprel 2013 16:08 MüsahibəMüsahibimiz Azərbaycan-Türkiyə Evinin Qurucu Heyətinin üzvü Cahandar Bayoğludur.
- Cahandar bəy, Nilufər Sarıtaşın Bakıya səfərində məqsəd nədir?
- Aprelin 5-6-da Bakıda Azərbaycan-Türkiyə Evinin təşkilatçılığı ilə "Şah Xətayi-Sultan Səlim" simpoziumu keçiriləcək. Simpoziumun ikinci günündə Şah İsmayıl və Sultan Səlimin şeirlərinə həsr olunmuş mahnılar sənət adamları tərəfindən ifa ediləcək bir konsert proqramı nəzərdə tutulur. Tanınmış müğənni Nilufər Sarıtaş da tədbirdə Şah İsmayılın şeirlərinə həsr edilmiş mahnıları oxuyacaq.
- İranda azərbaycanlıların fəallaşması müşahidə olunur. Sizə, Azərbaycan dövləti adekvat olaraq məsələ ilə bağlı hansı addımı atmalıdır?
- Azərbaycan-Türkiyə Evində bu məsələlər müzakirə edilmədiyi üçün suala cavab verə bilməyəcəm!
- Belə bir fikir var ki, İran bizim dövlətimizidir, türklər orada hakimiyyətə gəlməlidir, İran türkləşdirilməlidir. Siz necə düşünürsünüz?
- İranın ərazisinin böyük əksəriyyəti Azərbaycan türklərinə məxsusdur. İranın siyasi mahiyyəti Azərbaycan türklərinin və Azərbaycan Respublikasının maraqlarına qarşıdır. Amma İranı təkcə Azərbaycan türklərinin dövləti adlandırmaq xəstə təxəyyülün məhsuludur. Güney Azərbaycan Milli Hərəkatının güclənməsi, Azərbaycan Respublikasının dünya miqyasında artan gücü fars hakimiyyətini narahat edir. İran hakimiyyəti yaxın gələcəkdə Güney Azərbaycan türklərinin siyasi iradəsi qarşısında duruş gətirə bilməyəcək və söz sahibi Azərbaycan türkləri olacaq. Güney Azərbaycan buna çox yaxındır.
- Siz hansı ideologiyanı dəstəkləyirsiniz, Güney Azərbaycanın istiqlaliyyətini, yoxsa ki, türklərin İranda hakimiyyətə gəlməsini?
- Bir azərbaycanlı olaraq İranda Azərbaycan türk məfkurəsinin güclənməsinin tərəfdarıyam. İranda yaşayan bütün azərbaycanlılar türk olduğunu bilməlidirlər və özlərinin türk məfkurəsinə sahib olmalıdırlar. İrandakı Türkçülük Hərəkatı doğru istiqamətdədir və çox yaxın gələcəkdə fars hakimiyyəti qarşısında öz siyasi məqəsədlərini açıq şəkildə ortaya qoyacaqlar. Bu amil çox güman ki, Güney Azərbaycanı istiqlaliyyətə aparacaq.
- Quzeydə Güney Azərbaycanla bağlı maraqların azalması müşahidə edilir. Bununla bağlı hər hansı bir işlər görürsünüzmü?
- Güney Azərbaycan adına yaradılmış təşkilatlarla geniş şəkildə əlaqələr saxlayırıq. Güney Azərbaycanın istiqliliyyət arzusu bütün türklərin ürəklərində daşıdığı ən müqəddəs ideologiyadır. Bizim də bütün fəaliyyətlərimiz bu istiqamətdə davam etdirilir. Hətta bu gün Şimali Azərbaycandan olan insanlar İran adlanan yerə gedəndə orada yaşayan Azərbaycan türklərinə "Siz niyə öz dilinizdə danışmırsınız, niyə öz doğma dilinizdə təhsil almırsınız" deməkləri açıq-aşkar fars rejiminə meydan oxuyurlar. Bu böyük bir toplumun fars şovinizminin soyqırım siyasətinə qarşı çıxmaqdır. Azərbaycanın şimalında yaşayan türklərin 90 faizi Güney Azərbaycandakı soydaşlarının taleyinə biganə deyil. Azərbaycan Respublikasında böyük əksəriyyət Güney Azərbaycanın istiqlaliyyətinin tərəfindədir. Düzdür, Güney Azərbaycan məsələsinnin həll edilməsinə görə siyasi təşkilatlanmada bir sıra qüsurlar mövcuddur. Əvvəllər Güney Azərbaycanın milli müqəddaratının təyin edilməsi yönündə bir çox siyasi təşkilatlar fəaliyyət göstərirdilərsə, bu gün isə bütün əhəmiyyətli, nüfuzlu, siyasi, iqtisadi, mədəni təşkilatlar, media, ziyalılar, vətəndaşlar Güneyə yönəlik fəaliyyətdədirlər. Təbii ki, bütün fəaliyyətlər bizim milli düşüncəmizdən irəli gəlir. İran adlanan ölkədə gedən bütün siyasi fəaliyyətləri Güney Azərbaycan türkləri özünün milli maraqlarına uyğun müəyyənləşdirəcəklər. Artıq bütün qüvvələr Güneyin müqəddəratının təyin edilməsi yönündəki səylərini ciddi şəkildə gücləndiriblər. Şimali Azərbaycan da bu yolda həmişə özünün ayrılmaz tərkib hissəsi olan Güney Azərbaycanın yanında olacaq.
- ABŞ-ın "Güney Azərbaycana istiqlaliyyət verəcəyi" ilə bağlı söhbətləri səmimi hesab edirsinizmi?
- İstiqlaliyyəti vermirlər, onu qazanırlar. Güney Azərbaycan türkləri Amerikasız fars hakimiyyətinə qarşı istiqlaliyyətini qazanmaq üçün mübarizə aparırlar. Düşünürəm ki, heç bir qüvvə güneylilərə azadlıq verməyəcək, Güney Azərbaycan türkləri öz istiqlaliyyətini özləri əldə edəcəklər. Beynəlxalq müstəvidə gedən müzakirələr və dünyanın yenidən düzənlənməsi istiqamətində aparılan qlobal siyasət tam şəkildə Güney Azərbaycan türklərinin milli maraqları ilə üst-üstə düşür. Bu uzlaşamada milli mübarizənin beynəlxalq dəstək qazanması əhəmiyyətli rol oynayacaq.
- Azərbaycan-Türkiyə Evinin yaradılması nəyə xidmət edəcək?
- ATEV-in məqsədi iki dövlətdə yaşayan bir millətin daha çox inteqrasiyası, tez-tez bir araya gəlməsi, Azərbaycan-Türkiyə əlaqələrinin daha geniş müstəvidə inkişaf etdirilməsinə xidmət etməkdir. Təşkilatda daha çox Türkiyə Azərbaycandan olan elm adamları bir araya toplaşıb. ATEV bütün hallarda özünün intellektual gücünü Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə sərf edəcək.
- Son olaraq nə demək istərdiniz?
- Azərbaycan Respublikasının dünya miqyasında gücləndiyi bir məqamda dövlətimizə qarşı olan yad düşüncələrin hər birimiz vətəndaş olaraq qarşısında dayanmaq bizim Vətənə olan müqəddəs borcumuzdur. Bu istiqamətdə bütün Azərbaycan türkləri dost və düşmənlərini daha yaxından tanımalıdır. Beynəlxalq aləmdə özünün mədəniyyətini milli kimliyini ortaya qoymaq üçün güvəndiyi qüvvələrlə bir yerdə olmalıdır. ATEV də bütün fəaliyyətlərində bu amilləri nəzrə alır.
Mənsur Rəğbətoğlu