“Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Azərbaycan arasındakı münasibətlərdən tam razı deyilik” - MÜSAHİBƏ

Orxan Həsənoğlu: “Turizm və ali təhsil sahəsində çox iş görməyə imkan var”

"İşadamlarımızı Kıbrısa sərmayə yatırmağa səsləyirik"

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun "OLAYLAR"-a müsahibəsi

-Bu gün iki ölkə arasında mövcud olan əlaqələr Kıbrıs-Azərbaycan Dostluq Cəmiyyəti olaraq sizi qane edirmi?

-İstənilən ölkə ilə əlaqələrin inkişafında hər hansı bir son nöqtə yoxdur. Ölkəmiz yüzlərlə dövlət ilə müxtəlif sahələrdə əlaqələr yaradır. Bu gün sürətlə dəyişən hadisələr olur. Ölkələr arasındakı münasibətlərə müxtəlif amillər mənfi və ya müsbət mənada təsir göstərməyə malikdir. Ona görə davamlı iş aparmağa ehtiyac var. Bizi digər ölkələrdən münasibətlərdə fərqləndirən müxtəlif amillər var. Bu mənada milli və etnik yaxınlıq ciddi faktordur. Bu gün Kuzey Kıbrıs Türk Cümhuriyyəti tanınmamış bir ölkədir. Bildiyiniz kimi Türkiyənin xaricində heç bir dövlət Kıbrısın müstəqilliyini tanımayıb. Azərbaycan Respublikası da həmin ölkələrin sırasındadır. Bunun səbəbləri haqqında düşünürəm ki, danışmağa ehtiyac yoxdur. Artıq bu mövzu çox müzakirə olunub və mən bunu növbəti dəfə müzakirə obyektinə çevirərək zamanınızı almaq istəmirəm. Bunun üçün də bizimlə əməkdaşlıqda Kıbrıs tam fərqli bir statusa malikdir. Burada olduqca həssas addımlar atmaq məcburiyyətindəyik. Qarabağın işğal faktoru və xarici dövlətlərin bu işğalda təktərəfli davranışını daha açıq ifadə etməyə ehtiyac olarsa xristian dünyasının işğalçı Ermənistanın yanında yer alması da bizim Azərbaycan olaraq bu türk və müsəlman dövlətin müstəqilliyini tanımağımıza və daha geniş aspektdə əməkdaşlığımıza ciddi təsir edir. Amma bütün bunlara baxmayaraq Azərbaycan Türkiyədən sonra ikinci dövlətdir ki, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bu qədər yaxıından əməkdaşlıq  edir. Bu da heç şübhəsiz ölkəmizin apardığı xarici siyasətin nə qədər doğru yolda olduğunu göstərir. Azərbaycan bununla birlikdə həm də dünyaya sübut edir ki, o heç də Türkiyədən geridə qalmır. Türk dövlətlərinə qarşı münasibətlərdə mövqeyini, hadisələrə münasibətini və ən əsası təsir gücünə malik olduğunu açıqca sərgiləyir. Biz əlbəttə bu gün Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Azərbaycan arasındakı münasibətlərdən tam razı deyilik. Bu bizi qane etmir. Əlbəttə müxtəlif amilləri nəzərə alırıq. Amma turizm və ali təhsil sahəsində çox iş görməyə imkan var. Qarşılıqlı təcrübənin öyrənilməsi, ortaq layihələrin icrası üçün münbit şərait var. Bundan istifadə edən fərdi şəxslər var. Amma bu tamamən maddi çıxarlarla bağlıdır. Bəzən bunlar şəxsi mənafeyə qurban verilir. Kuzey Kıbrıs Türk Cümhurriyətində özəl universitetlər fəaliyyət göstərirlər. Bəzən elə olur ki, hər hansı bir universitet maliyyə baxımından bizim həssas olduğumuz məsələlərə o qədər də diqqət yetirmir.. Digər ölkələrdən fərqli olaraq burada yaşayan azərbaycanlıların 98 faizi gənc tələbələrdir. Onlar da buna reaksiya verməkdə təcrübəsiz olduğundan müxtəlif problemlər ortaya çıxır. Elə həssas məsələlər var ki, bunu hələlik dilə gətirərək ictimai problemə çevirmək olmur. Amma bizim burada bir təmsilçiliyimizin olmaması bu problemlərin həllində bizə bir qədər çətinlik yaradır. Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təmsilçiliyi olsa da, Kıbrısda Azərbaycan təmsilçiliyi yoxdur. Nəzərə alsaq ki burada mindən çox azərbaycanlı təhsil alır, o halda doğurdan da burada belə bir qurumun fəaliyyətinə zərurət yaranır. Düşünürəm ki, dövlətimizin idarə olunmasında əməyi olanlar bu haqda yaxın zaman içində bir addım atmaq haqqında fikirləşərlər. Azərbaycan-Kuzey Kıbrıs Dostluq Cəmiyyəti olaraq bir ilə yaxındır ki, bu sahədə ciddi iş aparırıq. Demək olar ki, yaxşı nəticələr əldə etmişik. Bu fəaliyyətlərimiz gələcəkdə də davam etdiriləcək.

-Hər iki ölkənin gözəl turizm potensialı var. Bu istiqamətdə hansısa layihə və ya təqdimatlar keçirməyi düşünürsünüzmü?

-Bəli. Qeyd etdiyiniz kimi hər iki ölkənin turizmi zəngindir. Kıbrısın həm yay turizmi, həm də tarixi turizmi var. Ağdənizin ən gözəl sahillərinə sahibdir. Amma bundan Türkiyədə olduğu kimi istifadə edə bilmirlər. Burada ən başlıca problem birbaşa təyyarə reyslərinin olmaması ilə bağlıdır. Eyni zamanda dünya standartlarına cavab verən yay çimərliklərinin çox az olması, böyük otellərin barmaqla sayılacaq qədər az olması da problemlərdən biridir. Türkiyə dövlətinin tam maliyyələşdirməsiylə tikilən bir neçə böyük oteli nəzərə almasaq burada turizm sahəsində ölkəyə elə də ciddi sərmayə qoyulmayıb. Bunun da acı səbəbləri var. Xüsusilə, əcnəbi sərmayədarlar bu sahədə bir qədər ehtiyatlı davranırlar.  Azərbaycanda da turizm potensialı olduqca yüksəkdir. Ancaq etiraf etmək lazımdır ki, əlaqələr bu sahədə  o qədər də inkişaf etməyib. Xüsusilə, ölkəmizdəki turizm sahəsində çalışan işadamları Kıbrısa sərmayə qoymaqda maraqlı deyillər. Çünki Antalyada otellərin çoxluğu, rəqabətin çoxluğuna baxmayaraq tələbin həddən artıq çox olması bizim də iş adamlarını Türkiyə sahillərinə yönləndirir. Onlarca otel bu gün Türkiyə sahillərində azərbaycanlı işadamlarına məxsusdur. Biz Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti olaraq işadamlarımızı Kıbrısa sərmayə yatırmağa səsləyirik. Hətta bildirmək istərdim ki, burada otel tikmək turizm sahəsinə investisiya qoymaq istəyən həmvətənlərimizə Ağdənizin turizm zolağında heç bir ödəniş etmədən torpaq sahəsinin alınmasınada təmənnasız kömək etməyə hazırıq. Qaldı bizim bu sahədə konkret addımlara, yaxın tarixdə Kıbrısı tanıtmaq məqsədi ilə Azərbaycan Milli İncəsənət Muzeyində bir gəncin gözü ilə Kıbrıs adlı fotorəsm sərgisi keçirdik. Buranın gündəlik həyatını, turizmini təbiətini, insanını özündə əks etdirən rəsm sərgisi təşkil edildi. Bu sərgi bu ilin may ayında Brusseldə də keçiriləcək. İlin sonuna qədər bir neçə ölkədə də eyni sərgini keçirməyi  planlaşdırmışıq. Kıbrısda Turizm Günləri adlı turizm sərgimiz isə yaxın tarixdə keçirilməlidr. Bununla bağlı artıq razılığa da gəlmişik. Azərbaycanda keçirilən beynəlxalq turizm və səyahət sərgisində isə Kuzey Kıbrıs Türk Cümhuriyyətini rəsmi olaraq bu ölkənin qurumları təmsil edir. Amma perspektivli və real nəticə üçün hər iki ölkənin turizm şirkətləri işbirliyi qurmalıdır. Bizdə bu sahədə əlimizdən gələni etməyə davam edəcəyik.

-Yaxın vaxtlarda istər Kıbrıs, istərsə də Azərbaycanda hər hansı bir tədbir keçirməyi düşünürsünüzmü?

-Tədbirlərimiz çoxdur. 2013-cü ilin tədbirlər planı zəngin olacaq. Əvvəla baharın gəlişi ərəfəsində Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyat Vəqfi ilə birlikdə "Ədəbiyyatda bahar" və "Baharda Kıbrıs" adlı Türk Dünyası Ədəbiyyat Simpoziumu keçirəcəyik. Simpoziuma dünyanın 20-yə yaxın ölkəsindən tanınmış ədəbiyyatçılarımız qatılacaq. Həmin tədbir martın 18-də başlayacaq və 23-dək  davam edəcək. Simpozium İskələ Bələdiyyəsinin dəstəyilə təşkil oluncaq beynəlxalq şer festivalı ilə bitəcək. Tədbirin açılış nitqini Kuzey Kıbrıs Türk Cümhurriyətinin prezidenti cənab Dərviş Eroğlu edəcək.  Türk dünyasının ortaq milli bayramı olan Novruzla da bağlı musiqili-əyləncəli tədbirimiz olacaq.  31 mart Azərbaycanlıların Soyqırımı Günü  ilə bağlı Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti və Kreativ Gənclər Xaricdə Təhsil Alan Azərbaycan Gənclərinin İctimai Birliyi ilə birgə tədbirimiz də baş tutacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31