“Türk birliyi reallığa çevrilir” - FİKİR

Azər Həsrət: “Turan yolçuluğunda önəmli addımla atılır”

Müsahibimiz Yeddi Dövlət - Bir Millət Konseyinin başqanı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrətdir.

- Azər bəy, bu gün türkçülüyün əsas ideyası - Turanı gerçəkləşdirmək üçün nələr çatışmır?

- Hər halda bu ideya arzu etdiyimiz sürətlə gerçəkləşmirsə, deməli, çatışmayan çox məsələlər var. Mənə elə gəlir ki, bu işin ən qısa zamanda gerçək ola bilməsi üçün ən azından Orta Asiyanın dörd türk respublikası, Azərbaycan və Türkiyə Avropa Birliyi kimi bir birlik oluşdurmalıdır ki, digər türk dövlət və topluluqları da özlərinə bu birlikdə arxa-dayaq tapa bilsinlər. Bundan başqa, ortaq dil məsələsini mümkün qədər tez həll etmək lazımdır. Ortaq dil üçünsə ilk addım ortaq əlifbadır ki, biz hazırda ciddi bir şəkildə bunun üzərində işləyirik. Təbii ki, ictimai fəallar olaraq. Yaxşı olardı ki, dövlətlərimiz bu addımları mümkün qədər tez gerçəkləşdirsin.

- Necə fikirləşirsiniz, ya yaxın gələcəkdə, ya da ki, uzun bir zamandan sonra türk milləti Turan bayrağı altında birləşə biləcəkmi?

- Əslində, belə bir bayraq artıq var. Özü də ən azından dörd türk dövləti - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən rəsmən qəbul edilib. Turan kimi hər birimizin həsrətində olduğumuz bir ideyanın gerçəkləşməsi üçün əlbəttə ki, ortaq bir bayrağın olması çox önəmli məsələdir. O baxımdan demək olar ki, Turan yolçuluğunda olduqca önəmli bir addım artıq atılıb. Daha bir bənzər addım da bu yaxınlarda əsgəri güclərin bir araya gətirilməsi istiqamətində oldu. Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan bir birlik üçün rəsmən bir araya gəldi. Yəni demək istəyirəm ki, biz bir bayraq altında birləşirik, artıq.

- Azərbaycanda türkçülük ideologiysının inkişafı hansı vəziyyətdədir?

-Şükürlər olsun ki, bu gün Azərbaycan bu sahə başqa türk dövlətlərinə örnək olacaq durumdadır. Hər halda, belə bir durumun yaranmasına görə dövlətimizin ümumi ideoloji xəttinə minnətdar olmalıyıq. Çünki, bu gün Azərbaycan dövləti türk dünyasının birliyi, türk millətinin ortaq dəyərlərinin bir araya gətirilməsi məsələlərində bütün imkanları yaradıb. Hətta o həddə qədər ki, dövlət mətbuatı, TV kanalları belə türklüyümüzün tanıdılmasında durmadan çalışırlar. İndi iş o yerə çatıb ki, bir zamanlar milli azadlıq ideyalarına söykənən təşkilatlar belə dövlətin bu siyasətinin kölgəsində qalmaqdadır. Yəni dövlətimiz türkçülük məsələsində yaxşı mənada ideyaya sahiblənib və biz də ictimai fəal olaraq buna çox sevinirik.

- Azər bəy, fikrinizcə, tarixin hər hansı dövründə Güney Azərbaycanda başlamış Milli Oyanış Hərəkatı ya da ki, alternativ yollar Cənubun Şimala birləşməsinə zəmin yaradacaqmı?

- Mütləq! Buna kimsə şübhə etməsin! Azərbaycan tez və ya gec mütləq bütöv, bir olacaq! Çünki indi zaman o zaman deyil ki, 30 milyon insanı sayı ondan az olan fars iqtidarı hələ də işğal altında tutmağa davam edə bilsin. Çox inanıram ki, oradakı soydaşlarımız bizimlə birlikdə torpaqlarımızı və insanlarımızı İran fars rejiminin işğalından qurtaracaqlar. Bu artıq bir zərurət halına gəlmişdir.

Mənsur Rəğbətoğlu

p style=

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31