Prezidentliyə namizədliyi élan etmək əsas şərt deyil - MÜSAHİBƏ
Elşən Mustafayev: “Namizədliklərini elan etmiş partiya liderləri bəzən elə fikirlərşirlər ki, artıq prezidentdirlər”
26 Fevral 2013 15:58 Müsahibə"Onların seçilmək imkanları həddən artıq zəif olsa belə, həmin şəxslərlə danışmaq, müzakirələr aparmaq çətin olur"
Azərbaycan Milli İstiqlal Partiyasının katibi Elşən Mustafayevin "OLAYLAR"-a müsahibəsi
-Elşən bəy, Azərbaycan Milli İstiqlal Partiyasının nizamnaməsinə uyğun olaraq bu il partiyanın qurultayı keçirilməlidir Nəzərə alsaq ki, bu il həm də ölkədə seçki ilidir, belə olan halda partiya öz qurultayını keçirə biləcəkmi?
-Azərbaycan Milli İstiqlal Partiyasının nizamnaməsinə görə, partiyanın qurultayı 3 ildən bir keçirilir. Partiyanın növbəti qurultayının keçirilmə zamanı da iyunun sonu, iyul ayının əvvəllərinə təsadüf edir. Həmin qurultayda partiyanın rəhbər idarəetmə strukturları yenidən seçilir. Yaxın aylarda Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının iclası keçiriləcək və qurultayın çağırılması ilə bağlı məsələ müzakirə olunacaq. Çünki partiyanın qurultayının vaxtı ilə bağlı qərarı Mərkəzi Şura müəyyənləşdirir. Məhz bundan sonra qurultayın dəqiq vaxtı elan olunacaq. Sonrakı mərhələdə isə partiyada quruıtaya hazırlıq işlərinə start veriləcək.
-Partiyanın prezident seçkiləri ilə bağlı rəsmi mövqeyi də qurultayda elan olunacaq?
-Təbii ki, qurultayda bu il ölkədə keçiriləcək prezident seçkiləri və həmin seçkilərdə hansı formada iştirak məsələsi müəyyən olunacaq və bu barədə rəsmi Azərbaycan Milli İstiqlal Partiyasının mövqeyi açıqlanacaq.
-Bu ilin oktyabr ayında ölkədə prezident seçkilərinin keçirildiyini nəzərə alsaq, Azərbaycan Milli İstiqlal Partiyasının seçkilərlə bağlı mövqeyinin iyun-iyul aylarında müəyyən edilməsi partiya üçün bir qədər gecikmiş addım olmayacaq? Çünki qurultaydan sonra seçkilərə qədər olan müddət çox qısa vaxtı əhatə edir?
-Hesab edirəm ki, qurultaydan sonra seçkilərə qədər olan dövrdə heç də qısa müddət qalmır. Ən azı ona görə ki, siyasi qüvvələrin də hər zaman etiraz etdiyi kimi ölkədəki seçki kampaniyasına ayrılmış vaxt cəmi iki aydır. Partiya olaraq namizədimizi indidən müəyyən etsək də, qanun müəyyən edilmiş vaxtdan əvvəl seçki kampaniyasına başlamağa icazə vermir. Azərbaycanda seçki kampaniyasına təxminən avqust ayından start veriləcək. Ona görə də partiyanın seçki ilə bağlı mövqeyinin iyun-iyul aylarında rəsmiləşməsi heç də gecikmiş addım deyil. Digər tərəfdən Azərbaycan Milli İstiqlal Partiyasının ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəyi birmənalıdır və partiya bu və ya digər formada seçki prosesində iştirak edəcək. Ona görə də, Azərbaycan Milli İstiqlal Partiyasında demək olar ki, 5 ay əvvəldən bu prosesə başlanılıb. Bu məqsədlə partiyanın yerli rayon təşkilatlarının strukturlaşması istiqamətində müvafiq addımlar atılıb, yerli təşkilatlarda görüşlər keçirilib. Yəni, Azərbaycan Milli İstiqlal Partiyası qurultaya və ya seçki kampaniyasına qədər olan müddətdə heç də yerində oturub gözləmir. Partiyanın qurultayı sadəcə AMİP-in seçkilərdə hansı formada, necə iştirak edəcəyi qərarını verəcək. Ona uyğun olaraq da seçkilərə hazırlıq prosesi həyata keçiriləcək. Partiyanın diqqət yetirdiyi bir məsələ də var. Belə ki, seçkilərə qədər ölkədə normal seçki mühiti yaradılmalı, seçki qanunvericiliyi demokratikləşdirilməlidir. Həmçinin Azərbaycan Milli İstiqlal Partiyasının istəyi ondan ibarətdir ki, prezident seçkilərinə qədər əsas müxalifət partiyalarının geniş birliyinə nail olunsun. Seçkidə uğurla iştirak etmək istəyən hər hansı bir partiya mütləq bunu arzulamalı, etməlidir. Bu birmənalıdır ki, hazırda müxalifətin geniş bir koalisiyasına ehtiyac var və bunu həyata keçirmək lazımdır. Yaya qədər bu proses yekunlaşmalıdır ki, müxalifət uğurlu seçki kampaniyası həyata keçirə bilsin.
-Artıq bir neçə partiya lideri prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. Bununla görünən odur ki, müxalifət düşərgəsindən seçki prosesinə çoxsaylı namizəd qoşulacaq. Bu müxalifətin səslərinin parçalanmasına səbəb olmayacaq?
-Hələlik iki siyasi partiya seçkilərdə iştirak edəcək namizədinin adını açıqlayıb. Digər partiyalar isə hələlik belə bir açıqlama ilə çıxış etməyiblər. Azərbaycan Milli İstiqlal Partiyasının mövqeyi ondan ibarətdir ki, hər hansı bir partiyanın əvvəlcədən namizəd elan etməsini istəmir. Əslində hər bir partiya öz namizədini elan edə bilər. Prezidentliyə namizədliyi elan etmək əsas şərt deyil. Biz siyasi partiyaların böyük birliyinin yaradılmasının tərəfdarıyıq. Paralel şəkildə isə seçki mühitinin yumşaldılması istiqamətində mübarizə aparılmasının tərəfdarıyıq. Sonrakı mərhələdə isə namizəd məsələsinin üzərinə gəlmək olar. Seçkidə uğur qazanmağın yolu yalnız bir məsələdən asılıdır. Ölkədə fəaliyyət göstərən əsas siyasi partiyalar seçkilərə vahid namizədlə getməlidirlər. Bu həm insanlarda seçkidə iştirak etmək üçün stimul yaradacaq, həm də hər hansı bir nəticənin əldə edilməsinə ümid formalaşdıracaq. Bu gün əksər siyasi partiyalar hesab edirlər ki, seçki mühitinin yumşaldılmasına ehtiyac var. Ona görə də seçkilərdə iştirak etmək üçün maksimum dərəcədə çalışmalyıq ki, buna nail olaq. Hesab edirəm ki, seçkilərə 8-9 ay qalmış namziəd elan etmək düzgün deyil. Digər tərəfdən əvvəlcədən namizədlərin elan edilməsi sonradan partiyaların vahid namizəd müəyyən etməsində çətinliklər yaradır. Bu mənfi tendensiyanı yaşayıb görmüşük. Əvvəlki seçkilər zamanı da əvvəlcədən namizədliklərini irəli sürmüş ayrı-ayrı partiya liderləri ilə vahid namizəd məsələsi ətrafında müzakirələr aparmaq ya mümkünsüz olub, ya da bu istiqamətlərdə ciddi problemlər yaşanıb. Hətta əvvəlcədən namizədliklərini elan etmiş partiya liderləri bəzən elə fikirləşirlər ki, artıq prezidentdirlər. Onların seçilmək imkanları həddən artıq zəif olsa belə, həmin şəxslərlə danışmaq, müzakirələr aparmaq çətin olur. Bütün bunları nəzərə alaraq biz partiya olaraq hesab edirik ki, namizədlik iddiasını ortaya qoymadan əvvəl oturub danışmaq, müzakirələr aparmaq daha məqbul və rahatdır. Bu gün partiyaların ortaq nöqtəyə gələ biləcək məqamları uyğunlaşdırmalıdırlar. Kimsə Azərbaycandakı əsas siyasi güclərin bir araya gəlmədən uğur qazanmasının mümkün olduğunu deyirsə, bu yalnış yanaşmadır və həmin şəxs özünü aldadır.
-Azərbaycan Milli İstiqlal Partiyasında uzun müddətdir ki, mətbuat katibi postunu idarə edən şəxs yoxdur. Yaxın vaxtlarda bu məsələ öz həllini tapa bilərmir?
-Bu partiyanın baş katibinin səlahiyyətində olan məsələdir. Mən partiyada katiblərdən biri olduğum üçün dəqiq bir şey eyə bilmərəm. Ancaq hesab edirəm ki, bu məsələ seçki öncəsi öz həllini tapacaq.
Süleyman İsmayılbəyli