İcbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunacaq
17 Yanvar 2019 14:02 MüsahibəZaur Əliyev: "Bununla bağlı yol xəritəsi hazırlanıb"
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu sahədəki vəziyyətlə bağlı "Milli Məclis" jurnalına müsahibə verib. Müsahibəni təqdim edirik.
-Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı il fevralın 15-dən fəaliyyət göstərir və 2017-ci il yanvarın 1-dən icbari tibbi sığortanın tətbiqi ilə bağlı pilot layihəni icra edir. Pilot layihənin məqsədi və əldə olunan nəticələr hansılardır?
- Ölkəmizdə tibb müəssisələrinin icbari tibbi sığorta (İTS) sahəsində maliyyələşmə mexanizmləri üzrə təcrübə olmadığından sözügedən sahədə baza sənədlərin və informasiya texnologiyaları sisteminin işlənib hazırlanması məqsədi ilə İTS-nin ilkin olaraq pilot qaydada həyata keçirilməsi nəzərdə tutulub.Pilot layihənin əsas məqsədi icbari tibbi sığorta modelinin qurulması, yeni mexanizmlərin müvafiq ərazilərdə sınaqdan keçirilməsi və təkmilləşdirilməsidir.Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihənin 2017-ci il üzrə nəticələri uğurlu hesab edilmiş, 2018-ci ildən etibarən bu layihənin Ağdaş rayonunun inzibati ərazisində də həyata keçirilməsinə və Mingəçevir şəhərində, Yevlax rayonunda davam etdirilməsinə qərar verilmişdir.Layihənin icrası müddətində pilot ərazilərin əhalisinə Beynəlxalq Millətlər Təşkilatı tərəfindən təsdiqlənən və Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan universal tibbi təminatın verilməsi istiqamətində mühüm addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, 2017-ci ildə layihənin icrası müddətində pilot ərazilərdə sığorta olunanların və bu bölgələrdə rəsmi qeydiyyatda olan məcburi köçkünlərin baza (əsas xidmətlər) zərfi çərçivəsində səhiyyə ilə bağlı birbaşa xərcləri 100 faiz həcmində azalmış, həmçinin əhalinin icbari tibbi sığortanın başlıca məqsədlərindən olan tibbi xidmətlərə əlçatanlığı təmin edilmişdir. Pilot layihə olaraq tətbiq edilən icbari tibbi sığorta sistemi müsbət nəticələrini göstərməkdədir. Əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, ödənişsiz səhiyyə xidmətinin göstərilməsinə nail olmaq, əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətlərin maliyyələşməsində yeni mexanizmlərin sınağı məqsədi ilə həyata keçirilən bu yenilik nəticəsində bir çox uğurlar əldə olunmuşdur.Agentliyin fəaliyyəti müddətində ilk dəfə olaraq dövlət tərəfindən göstərilən səhiyyə xidmətləri bazar dəyərinə görə qiymətləndirilmiş və həmin xidmətlərin tarifləri hesablanmışdır. Prezidentin müvafiq fərmanı ilə icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərin siyahısı və tarifləri təsdiq edilmişdir. Pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulmuş, tibb işçilərinin əmək haqları artırılmış və beynəlxalq təcrübədə geniş yayılmış adambaşına ödəniş metodu tətbiq olunmuşdur. 2018-ci ildə pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb heyətinin bilik və bacarıqlarını artırmaq məqsədi ilə "Tibb işçilərinin icbari tibbi sığorta haqqında məlumatlılıq səviyyəsinin artırılması", "Tibb müəssisələrində yeni doğulmuşlara qulluq", "İlkin tibbi yardımın əsasları" mövzularında təlimlər, "Müasir tibbdə innovativ müalicə və profilaktika üsulları" mövzusunda seminar təşkil edilmişdir. Pilot layihə çərçivəsində tibb müəssisələrinin tibbi təchizatı yaxşılaşdırılıb. 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi, artıq hormonal analizlərini də həyata keçirməyə imkan verir. Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Agentik icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirdiyi islahatların effektivliyini, əhalinin və pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin sistemdən məmnunluğunu qiymətləndirmək məqsədi ilə 2018-ci ilin ilk aylarında pilot ərazilərdə sorğular keçirmişdir. Bu sorğuların nəticələri ümumilikdə əhalinin (84%) və tibb işçilərinin (87%) aparılmış islahatlardan məmnunluğunu göstərmişdir.Sorğunun nəticələri onu deməyə əsas verir ki, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin Mingəçevir şəhəri üzrə 59,3%-dən 4%-ə, Yevlax rayonu üzrə 61,8%-dən 3,1%-ə qədər endiyi müşahidə olunub.
-İTS-nin tətbiqinin əhalinin sağlamlıq vəziyyətinə təsirinin statistikası nəyi göstərir?
- İTS-nin tətbiq olunduğu dövrlə əvvəlki illərin müqayisəsi göstərdi ki, 2017-2018-ci illərdə pilot ərazilərdə əhali arasında ölüm hallarının sayında ciddi azalmalar müşahidə olunub. Belə ki, 2015-2016-cı illər üzrə pilot ərazilərdə müvafiq olaraq 2038 və 2020 ölüm halı qeydə alınmışdır. İTS-nin tətbiqindən sonrakı dövrlərdə - 2017-ci ildə 1949 ölüm halı, 2018-ci ilin 10 ayı üzrə isə 1558 ölüm halı qeydə alınmışdır. Nəticələrin təhlili göstərir ki, əhalinin tibbi xidmətlərə əlçatanlığının artması nəticəsində vətəndaşlar vaxtında keyfiyyətli tibbi xidmətlər ala bilmiş və ölüm riskləri azalmışdır.
-İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətində hansı işlər görülüb?
- Dünya təcrübəsində də olduğu kimi, icbari tibbi sığorta ilkin səhiyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi, həmçinin pilot ərazilərin əhalisinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsi məqsədinə çatmaq üçün ən optimal vasitələrdən biridir. Ailə həkimi institutunun inkişafı və səhiyyə sistemi sahəsində əhaliyə göstərilən xidmətlərin qeydiyyatını təkmilləşdirmək məqsədi ilə agentlik bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də İlkin Səhiyyənin Beynəlxalq Təsnifatı sisteminin tətbiqi ilə əlaqədardır. Azərbaycanda bu sistemin tətbiqi hazırda pilot layihə şəklində Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları ərazilərində fəaliyyət göstərən ailə sağlamlıq mərkəzlərində və tibb məntəqələrində həyata keçirilir. Adıçəkilən regionlarda İlkin Səhiyyənin Beynəlxalq Təsnifatı üzrə kodlaşdırma qaydalarına dair fəaliyyət göstərən ailə həkimləri və tibb işçiləri üçün praktiki təlimlər təşkil edilmiş, təsnifat üzrə elektron qeydiyyat sistemi hazırlanmışdır.Pilot ərazilərdəki tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətini yüksəltmək məqsədi ilə bir sıra yeniliklər həyata keçirilmişdir. İlkin səhiyyə xidməti yenidən təşkil olunaraq onun maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmişdir. Mingəçevir şəhəri üzrə sanitar-epidemioloji tələblərə cavab verən 2, Yevlax rayonunda 5, Ağdaş rayonunda isə 15 ilkin səhiyyə müəssisəsi təşkil olunmuşdur. Burada 18 adda tibbi xidmət ailə həkimləri tərəfindən təmin edilir. Ağdaş rayonunda həmçinin 46 tibb məntəqəsi də fəaliyyət göstərir.
-İTS sisteminin tətbiqi hansı dəyişikliklərə səbəb olub?
- Pilot layihənin tətbiqi müddətində stasionar xidmətlərin təmin edilməsində bir sıra struktur dəyişikliklər həyata keçirilmişdir. Belə ki, pilot ərazilərdəki tibb müəssisələrinin texniki vəziyyəti, su, elektrik və istilik təchizatı, kadr təminatı və sanitar vəziyyəti qiymətləndirilmişdir. Qiymətləndirmə nəticələrinə əsasən binaları qəzalı vəziyyətdə olan və tibbi sanitar-gigiyenik normalara cavab verməyən tikililərdə tibbi xidmətlərin göstərilməsi dayandırılmışdır. Fəaliyyəti dayandırılmış tibb müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətlərin davam etdirilməsi məqsədi ilə mərkəzi xəstəxanaların nəzdində müvafiq bölmələr yaradılmış və əhaliyə ixtisaslaşmış tibbi xidmətlərin göstərilməsi təmin edilmişdir. Pilot ərazilərdəki tibb müəssisələrində çarpayıların sayının əhalinin ehtiyaclarını üstələdiyini və bu çarpayıların saxlanmasının iqtisadi nöqteyi-nəzərdən səmərəsiz olduğunu nəzərə alaraq onların sayının azaldılması qərara alınmışdır.
- Pilot layihənin tətbiqində həkimlərin maraqları necə təmin olunur? Onların pul gəlirləri nədən ibarətdir və nə qədərdir?
- Agentlik pilot ərazilərdəki tibb müəssisələrində çalışan nəinki həkimlərin, o cümlədən orta və kiçik tibb işçilərinin əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi qaydalarını qəbul etmişdir. Həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını almaqda davam edirlər. Bununla yanaşı həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində əmək haqlarına stimullaşdırıcı əlavələr, orta və kiçik tibb işçilərinin əmək haqlarına isə sabit əlavələr tətbiq edilir. Bundan başqa həkimlərin pilot layihə çərçivəsində fəaliyyətinin ölçülməsi, dəyərləndirilməsi və normativlərlə bağlı əlavələrin verilməsi məqsədi ilə onlar tərəfindən göstərilən tibbi xidmətlərə normativlər tətbiq olunur. Normativlər tibb müəssisələrində çalışan həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir. Həkimlər tərəfindən normativlərin aşağı həddini aşaraq göstərilən hər növbəti tibbi xidmətə görə əmək haqlarına normativlərlə bağlı əlavələr tətbiq olunur. Normativlərin yuxarı həddini aşaraq göstərilən növbəti tibbi xidmətə görə normativlərlə bağlı əlavələr ödənilmir.
-İTS sisteminin ölkə üzrə tətbiqi necə və nə vaxt həyata keçiriləcək?
- Pilot layihənin nəticələri onu deməyə əsas verir ki, dövlət tibb müəssisələrinin İTS-nin tətbiqinə hazırlanması çox vacibdir. Bunu nəzərə alaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı yol xəritəsi hazırlanıb. Hazırda yol xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə yol xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulmuşdur.Yuxarıda qeyd olunduğu kimi, növbəti ildən etibarən icbari tibbi sığortanın bütün ölkədə tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində hazırlıq işlərinə başlanılacaq. İTS-nin ölkə üzrə tətbiqi üçün dövlət tibb müəssisələri publik hüquqi şəxslərə çevrilməli, ilkin səhiyyə xidməti qurulmalı, xidmət əsaslı ödənişə keçid üçün qeydiyyat sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılmalıdır. Bu prosesin yekununda icbari tibbi sığorta ölkə üzrə tətbiq olunacaq.
Zəka