“Vəzifəli şəxs evdə öz övladına deməlidir ki...” - MÜSAHİBƏ
13 Fevral 2013 18:14 MüsahibəMillət vəkili Çingiz Qənizadənin müsahibəsi
- Dünən dövlət başçısının iştirakı ilə keçirilən müşavirə ölkənin gündəminə təsirsiz ötüşmədi. Həmin iclasda prezidentin bir neçə sahə ilə bağlı çıxışı, olduqca sərt xəbərdarlıqları və reaksiyaları oldu. Bunu necə qiymətləndirirsiniz? Sizcə bu gözlənilən çıxış idimi?
- Bu müşavirə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans idi. Təbii ki, cənab prezident hər görüşdə, iclasda cəmiyyətdə və ölkədə baş verən, onu narazı salan, onun siyasətinə zidd olan bəzi məsələlərə öz münasibətini bildirir. Amma dünən prezidentin bu məsələyə daha çox diqqət ayırması tənqid obyekti olan ayrı-ayrı məmurları, vəzifəli şəxsləri çıxmaq şərti ilə Azərbaycan əhalisinin böyük əksəriyyətinin ürəyindən keçən hisslər idi. Bu çıxış o cümlədən mənim və mənim kimi çoxsaylı deputat həmkarlarımın da ürəyincə oldu. Çünki biz bilavasitə yerlərdə əhali ilə işləyirik və müvafiq vəzifəli şəxslərlə ünsiyyətdə oluruq. Həqiqətən də bu gün prezidentin dediyi bu neqativ məqamlar var. Söhbət təbii ki, ölkənin hər yerində bu cür məqamların olmasından getmir. Bu ola bilməz, bu xaosa gətirib çıxarar. Hətta, cənab prezident qeyd etdi ki, ayrı-ayrı rayonlarda, yerlərdə belə hallar var. Buna qarşı mübarizə aparılacaq. Bu onu göstərir ki, bu prezidentin ayrı-ayrı yerlərdə bu cür halların olmasına etirazı idi. Mən belə hesab edirəm ki, bu müşavirədə cənab prezidentin bu məsələlərə toxunması olduqca vacib idi.
- Siz millət vəkilisiniz və İmişli-Beyləqan rayonlarını təmsil edirsiniz. Yəni ki, həmin bölgədəki vəziyyətlə daha yaxından tanışsınız. İstəyirəm ki, sahibkarlara yaradılan problemlərlə bağlı məqama da toxunasınız. Dünən prezident çox ciddi şəkildə bununla bağlı danışdı. Doğrudan belə hallarla rastlaşırsınız?
- Ayrı-ayrı mətbuatlarda ölkənin müxtəlif yerlərində sahibkarlara müəyyən problemlərin yaradılması ilə bağlı informasiyalar gedir. Bilirik ki, prezidentin siyasətinin bir istiqaməti də sakibkarlara normal şəraitin yaradılması, sakibkarlığın inkişafı və sairədir. Ölkədə sahibkarlara yardım fondu fəaliyyət göstərir. Yaradılan bu şəraitə baxmayaraq sahibkarlar yenə də problemlərlə üzləşirlərsə, təbii ki, bu prezidentin siyasətinə qarşı yönələn addım kimi dəyərləndirilə bilər. İmişlidə həqiqətən də belə bir problemlər vardır. Mən deməzdim ki, bu problem icra başçısı tərəfindən məqsədyönlü şəkidə yaradılıb. Bu bəzi hesabların düzgün dəyərləndirilməməsindən yaranan bir problemdir. Əgər büdcədən ayrılan pullardan artıq rayonda iş görülübsə və pulun da verilməsində problem yaranırsa artıq təbii, bu sahibkarın problemi deyil. Əgər prezident bu məsələyə toxunubsa, belə hesab edirəm ki, sahibkarların narazılığına artıq heç bir əsas yoxdur. Amma ölkədə, hətta, bir fakt varsa belə təbii ki, bu narahatedicidir.
- Prezident çıxışında məmurların övladları ilə, bahalı hədiyyələr, dəbdəbəli toylarla bağlı fikir səsləndirdi. Azərbaycanda həm məmurlar, həm də millət vəkilləri arasında sanki bir növ dəbdəbə yarışması gedir.
- Cənab prezident doğru olaraq qeyd etdi ki, o, 50 illik yubileyini Ağcabədidə məcburi köçkünlərlə görüşdən başladı, orada müəyyən açılışlar etdi. Onların yaşayış şəraiti ilə maraqlandı və günün bütün hissəsini demək olar ki, bu tədbirlərdə keçirdi. Axşam da təbii ki, öz ailəsi və tədbirdə iştirak edən insanlarla birlikdə ad gününü qeyd edib. Hər hansı bir təmtəraq və dəbdəbədən uzaq şəkildə. Və çox haqlı olaraq da prezident dünənki çıxışında bunu xatırlatdı. 2011-ci il 24 dekabr tarixində, cənab prezidentin 50 illik yubileyindən sonra bəzi mətbuat orqanları yazdılar ki, prezident Ağ gölün ətrafında ad günü keçirib. Mən həmin yazılara 28.12.2011-ci il tarixində "Qafqazinfo" saytında cavab da yazmışdım ki, prezidentin və ya hər hansı bir şəxsin ailəsi ilə yemək yemək, ad günü keçirmək hüququ var. Siz jurnalistlər orada hər hansı dəbdəbəni, təmtəraqı gördünüzmü? Doğrudan da bizim bəzi vəzifəli şəxslərin, məmurların artıq o qədər vəzifəyə və şəxsiyyətə pərəstiş xəstəliyi gözünü örtüb ki, onlar nə prezidentin hərəkətlərindən, nə onun tövsiyələrindən, nə üstüörtülü mesajlarından faydalanmırlar, ancaq dəbdəbə, şöhrət arxasınca qaçmağa üstünlük verirlər. Hər bir valideyn istəyər ki, övladına yaxşı toy etsin. Ancaq məmurlar bunu xüsusi təmtəraqla etməməlidir. Məmur sadə olmalıdır, xalqla ünsiyyətdən qaçmamalıdır. Hal-hazırda şəhərdə bahalı nömrələrlə bahalı maşınlar sürülür. Onların çoxu da məmurların və pullu insanların yaxın və uzaq qohumlarıdır. Eyni ilə rayonlarda. Elə İsmayıllıda baş verən o hadisə bir maşınla rayonda avtoşluq edilməsi nəticəsində olub. Orada icra başçısı ilə xalq arasında heç elə də ciddi narazılıq yox idi. Bir hadisədən böyük bir narazılıq yarandı. Millətin hissləri ilə oynamaq olmaz. Eyni ilə plyonkalarla bağlı məsələ. Axı bu məsələ prezident səviyyəsinə niyə gedib çıxsın? Bunun qarşısını buna imkan yaradan imkanlı insanlar özləri almalıdırlar. Qanunlar qəbul ediriksə bu mütləq icra olunmalıdır. Ən azı evdə valideyn, məmur, vəzifəli şəxs övladına deməlidir ki, bundan çəkin. Amma əksinə müxtəlif siqnallar, plyonkalı maşınlar şəhərdə daha da çoxalır.
- Elə çoxu da məmurların övladlarının maşınıdır.
- Təkcə məmur deyil, həmçinin bir az pul qazanmış ayrı-ayrı iş adamlarının övladları, qohum-əqrabaları da belə bir hərəkətlər edirlər. İnsanlar da bundan hiddətlənirlər. Mən hesab edirəm ki, dünənki iclasda cənab prezidentin toxunduğu bütün məqamlar önəmli idi. Cənab prezident doğru qeyd etdi ki, elə bilməyin ki, mənim hadisələrdən xəbərim yoxdur. Mən belə hesab edirəm ki, bu bütün vəzifəli şəxslərə bir xəbərdarlıqedici mesaj idi.
- Bunu artıq bir islahat kimi də dəyərləndirirlər. Çoxları hesab edir ki, bu o deməkdir ki, artıq ciddi dəyişikliklərin zamanıdır.
- Prezidentin bu çıxışından sonra çoxlu insanlar ruhlanacaq və məmurları da tənqid etməkdən çəkinməyəcək. Cənab prezident həm də cəmiyyətə və sadə insanlara mesaj göndərdi ki, narahat olmayın mənim hər proseslərdən xəbərim var və lazım gələndə belələri cəzalandırılacaq, vəzifəli şəxslər işdən qovulacaq, övladları da həbs ediləcək. Hətta, avtoşlarla bağlı da narahatlığını bəyan etdi və qanunvericilikdə dəyişiklik edilməsinin vacibliyini vurğuladı.
Mən 2 ildir parlamentdəyəm. Mən dəfələrlə məsələ qaldırmışam ki, avtoşluq deyilən bu hərəkət avtoxuliqanlıqdır və 15 gün inzibati məsuliyyətlə bu məsələni həll etmək olmaz. Cinayət məcəlləsinin 221-ci maddəsinə (xuliqanlıq) avtoxuliqanlıqla bağlı yeni bir bənd əlavə olunmalıdır. Əgər bu xuliqanlıq hərəkətləri videogörüntülərlə, şahid ifadələri ilə təsdiq olunursa onlar mütləq azadlıqdan məhrum edilməlidirlər. Mən hesab edirəm ki, parlament cənab prezidentin çıxışından sonra mənim bu təklifimi nəzərə alacaq.qafqazinfo.az