“Mənim vəzifəm kimlərinsə deyil, xalqımın, dövlətimin yanında durmaqdı” - Sərdar Cəlaloğlu
“Azərbaycanda xaos, qarşıdurma baş verəcəksə, bu nə dövlətimizin, nə də xalqımızın maraqlarına uyğun olacaq”
5 Fevral 2013 14:46 Müsahibə"Rusiyanın Azərbaycana qarşı təzyiqləri artacaq"
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun "OLAYLAR"-a müsahibəsi
-Sərdar bəy, hazırda Azərbaycandakı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Bir tərəfdən Azərbaycan ətrafında cərəyan edən proseslər, xüsusən Rusiya Federasiyasından Azərbaycana qarşı olan təzyiq və təhdidlərin artması, ölkə müxalifəti daxilindəki parçalanma, orduda çox ciddi təhlükəli tendensiyanın hökm sürməsi, eləcə də Ermənistanda prezident seçkiləri ərəfəsində müşahidə edilən proseslər onu deməyə əsas verir ki, Azərbaycanda proseslər çox təhlükəli bir istiqamətdə inkişaf edir.
-Rusiyanın təsir vasitəsi dedikdə daha çox şimal regionunda baş verən hadisələri nəzərdə tutursunuz?
-İstər şimal regionunda baş verən proseslər, istərsə də digər hadisələr belə deməyə əsas verir. Digər tərəfdən Qəbələ Radiolokasiya Sisteminin bağlanmasından sonra Rusiya Xəzər dənizində hərbi iştirakını artırıb ki, nəticədə Xəzər dənizi ciddi şəkildə militarizasiyaya məruz qalıb. Azərbaycanın əsas iqtisadi maraqlarının Xəzərdə olduğunu nəzərə alsaq deyə bilərik ki, bu maraqlar faktiki olaraq Rusiyanın təhdidi altına düşüb. Paralel olaraq Ermənistanın qeyri-qanuni şəkildə silahlandırılması prosesi davam edir. Bu ölkə istənilən vaxt Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı olan işğalçılıq siyasətini genişləndirə bilər. Bunun özü də çox təhlükəli bir vəziyyətdir. Hətta məsələ o həddə çatıb ki, Ermənistanda Rusiya əleyhinə olan qüvvənin prezident seçkilərində iştirak istəyi ona baha başa gəlib və həmin şəxsə qarşı sui-qəsd cəhdi həyata keçirilib. Eyni zamanda məlum "Milyaderlər İttifaqı"nın yaradılması, İsmayıllı rayonunda baş verən hadisələrdən sonra on minlərlə adamın Rusiya prezidenti Vladimir Putinə guya orada malakanların hüquqlarının pozulması ilə bağlı müraciət etməsi kimi məsələləri nəzərə alaraq deyirəm ki, Rusiya ciddi şəkildə Azərbaycanın suverenliyini təhdid edir.
-Ölkə müxalifəti bu kimi hadisələrin qarşısını almağa nə dərəcədə qadirdir?
-Təəssüflər olsun ki, Azərbaycan müxalifəti bu gün tam parçalanmış vəziyyətdədir. Eyni zamanda müxalifətin ölkədəki kritik situasiyaya yanaşması, münasibəti qeyri-adekvatdır. Bəziləri çox arxayındır və hesab edirlər ki, heç nə baş vermir. Müəyyən bir qism isə özünü görməməzliyə vurub baş verən hadisələrə qiymət vermək istəmir. Eyni zamanda partiyalar bir araya gəlmək, hadisələri qabaqlamaq, onu müsbət istiqamətə doğru dəyişmək istəmirlər. Sanki hər şey öz axını ilə gedir və sadəcə kənarda dayanıb hadisələrə bu və ya başqa mənada ad verməklə işlərini bitmiş hesab edirlər. Bu isa tamamilə yalnış mövqedir.
-Maraqlıdır ki, Azərbaycan Demokrat Partiyasının bu cür yanaşması hər zaman digər müxalifət partiyaları tərəfindən etirazla qarşılanıb. Doğurdanmı ADP-nin proseslərə yanaşma tərzi hər zaman yalnış olub?
-Kimin məni necə dəyərləndirməsini nəzərə alıb düşündüklərimi, xalqım və dövlətim üçün yararlı hesab edə biləcəyim fikirləri gizlətməmişəm. Bundan sonra da eyni mövqedə olacam. Ola bilər ki, mən yalnışam. Burada elə də ciddi problem yoxdur. Mənim dediklərim millətimin, xalqımın diqqətini cəlb etmək üçündür ki, insanlar bir qədər həssas olsun, hər bir təxribata getməsin. Bəlkə də bunların heç biri olmayacaq. Təki söylədiyim mənfi tendensiyalar baş verməsin və dostlarımın dediyi olsun. Ancaq xalqın başının altına yastıq qoyub onu qanlı hadisələrə gətirib çıxaracağıqsa, bu artıq xəyanətdir. Mən isə bu yolu tutmuram. İndiki hadisələr Elçibəy hakimiyyətinin devrilməsi zamanı baş verən prosesləri xatırladır. Sanki kimsə bir resept qoyub və həmin resepti dəqiqliyi ilə yerinə yetirirlər. O zaman da indiki kimi müəyyən proseslər baş verdi, regionlarda çaxnaşmalar oldu. Sonra orduda yüzlərlə adam Surət Hüseynovu müdafiə edən bəyanat səsləndirdi. Bir müddət keçdikdən sonra Elçibəy hakimiyyətini devirdilər. Bu gün də 90-cı illərdə baş verən hadisələr təkrarlanır. Ancaq hələlik başlıca fiqurun kim olduğu məlum deyil. Bilmirik ki, bu hadisələrdən kim bəhrələnəcək. O zaman orduda Rusiyapərəst qüvvələr işləyirdi və həmin çevrilişdə Rusiya maraqlı idi. Hesab edirəm ki, indi də ordu daxilində baş verən müəyyən proseslərdə Rusiyanın əli var. Bu dəfə Rusiya hansı addımları atacaq, bütün bu variantları götür-qoy etməliyik. Seçkiqabağı dönəmə qədəm qoyduğumuz üçün ən kiçik bir nüansı belə nəzərdən qaçırmamalıyıq. Getdikcə hadisələrin intensivliyi də artır. Bu isə məni narahat edir. Əgər Azərbaycanda xaos, qarşıdurma baş verəcəksə, bu nə dövlətimizin, nə də xalqımızın maraqlarına uyğun olacaq. Mən bu narahatçılığı ifadə edəndə isə bəzi dostlarımızla fikirlərimiz üst-üstə düşmür. Nəticədə mənə qarşı belə bir münasibət yaranır. Ancaq qətiyyən belə bir münasibət məni narahat etmir. Mənim vəzifəm kimlərinsə deyil, xalqımın, dövlətimin yanında durmaqdır. Qoy hesab etsinlər ki, mən onlardan kənardayam, başqa bir qüvvəyəm. Ancaq mən vicdanım qarşısında təmizəm ki, xalqımın və dövlətimin yanındayam.
-Belə qənaətə gəlmək olar ki, müxalifətdəki bəzi qüvvələr yaranacaq hər hansı bir anarxiyadan öz məqsədləri üçün yararlanmaq istəyir?
-Bu təbii bir haldır. Mən də çalışaram ki, hansısa bir hadisə baş verəndə öz marağıma xidmət edim. Ölkədə baş verən proseslərlə bağlı mənim ortaya qoyduğum mövqe də mənim maraqlarımı təmin etmək cəhdimdir. Burada qeyri-adi bir şey yoxdur. Bizim hamımız nə deyiriksə öz maraqlarımız nəzərə alırıq.
-Səkkizlik formatında keçirilən görüşlərdə müsbət bir nəticənin əldə edilməməsi onu deməyə əsas verirmi ki, vahid namizəd məsələsi ətrafında aparılan müzakirələr tarixin arxivinə keçir?
-Demək olmaz ki, partiyalararası məsləhətləşmələr tarixin arxivinə keçib. Sadəcə hələlik danışıqlar dayanıb. Ancaq növbəti mərhələdə daha geniş funksional əməkdaşlıq haqqında fikirləşirik. Görək qarşıdakı müddətdə nə olacaq.
Süleyman İsmayılbəyli