"Ermənistanda prezident seçkilərini Rusiya keçirəcək" - MÜSAHİBƏ
Akif Nağı: “Bu ölkə bütövlüklə Rusiyanın hərbi bazasına çevrilib”
31 Yanvar 2013 14:49 MüsahibəMüsahimiz Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır.
-Akif müəllim, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi akademiyasının yaradılması ilə bağlı rəsmi məlumatlar səsləndirilməkdədir. Sizcə, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcək?
- Təbii ki, KTM Təşkilatının Ermənistanda hərbi akademiya yaratması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcək. İlk növbədə nəzərə almaq lazımdır ki, KTM elə Azərbaycana qarşı yaradılmış bir təşkilatdır. Başqa halda onun nə məqsədlə və kimə qarşı yaradılması hələ də bəlli deyil. Tutaq ki, Rusiyanın ənənəvi düşməni Türkiyədir, ancaq hazırda bu dövlətlərin elə bir mübahisəli məsələsi yoxdur, münasibətləri də normaldır. Bu halda həmin təşkilatın hansı məqsədlə yaradılması aydın olur. Ümumiyyətlə son on ildə Rusiyanın Cənubi Qafqazla bağlı atdığı addımlar mənasız addımlardır. Sanki Rusiya qəsdən yarışa girib ki, NATO varsa ona qarşı nə isə yaradılmalıdır və sair. Bütün bunlara baxmayaraq, Rusiyanın tədricən regionda rolunun gücləndirilməsi müşahidə olunmaqdadır. Sirr deyil ki, Ermənistan iqtisadi, hərbi gücünə görə regionda ən zəif halqadır. Amma sünii şəkildə Ermənistanın rolunun qabardılması faktı ortadadır. Hərbi akademiyanın orada yaradılması bir daha dediklərimizi sübut edir. Çünki bu akademiya KTM-ə üzv ölkələrdən Rusiyada, Belarusda, lap Qazaxıstanda salına bilərdi. Amma məqsədli şəkildə Ermənistan seçilir. Bu həm də Azərbaycana qarşı meydan oxumaqdır. Açıq şəkildə demək istəyirlər ki, biz Ermənistanı müdafiə edirik.
- Sizcə Ermənistanda bu akademiyanın yaradılmasının KTM-ə üzv ölkələr üçün hansı əhəmiyyəti ola bilər?
- Hesab edirəm ki, bu akademiyanın Ermənistana salınmasının heç bir əhəmiyyəti olmayacaq. Çümki Ermənistanın hərbi potensialı imkan vermir ki, orada güclü ixtisaslı hərbi kadr hazırlansın. Məlumdur ki, Ermənistan həm hərbi, həm kadr, həm taktiki həm də strateji cəhətdən elə bir potensiala malik deyil ki, orada kadr hazırlansın. Bu fakt isə deməyə əsas verir ki, Ermənistanda hərbi akademiya yaradılsa, təbii ki, orada ruslar və digər millətlərin kadrları hazırlıq işləri ilə məşğul olacaqlar. Adətən hansı ölkədə hərbi akademiya yaradılırsa, həmin ölkənin bu sahə üzrə potensialı nəzərə alınır. Deməli, burada yenə də əsas məqsəd Ermənistanı sünii şəkildə qabartmaq, ona dəstək verməkdən ibarətdir. Bu baxımdan, Rysiya Azərbaycana qarşı mövqeyini açıq şəkildə nümayiş etdirir. Nikolay Bordyuja də bəyan etdi ki, "inanmıram ki, Azərbaycan Xocalı aeroportuna uçan təyyarəyə atəş açacaq". Bunu özü artıq proseslərə açıq şəkildə mövqe bildirmək, Azərbaycana qarşı basqı deməkdir. Bütün sadalananlara baxmayaraq, inanmıram ki, Ermənistanda hərbi akademiyanın yaradılması nəyi isə dəyişsin. Çünki bəlli məsələdir ki, Rusiya Ermənistanın arxasındadır, Rusiya Azərbaycana qarşıdır. Sadəcə, Rusiya bu addımları ilə əks tərəfi çəkindirmək üçün güc nümayiş etdirir.
- Rusiya müdafiə nazirinin Ermənistana səfəri zamanı bu ölkədə Qəbələ RLS-i əvəz edəcək stansiyanın tikilməsi barədə fikirlər səsləndi. Necə hesab edirsiniz, Ermənistanda belə bir stansiyanın tikilməsi real görünürmü?
- Bu söhbətlərin hamısı Azərbaycan tərəfinə bir mesajdır. İnanmıram ki, Ermənistanda hansısa radiolokasiya stansiyası tiksinlər. Artıq Rusiya Armavirdə belə bir stansiyanın olmasını reallaşdırır. Yaxın vaxtlarda istifadəyə veriləcək bu stansiya Qəbələ RLS-in yerini tutacaq. Ancaq bir məsələ də var ki, Ermənistan bütövlükdə Rusiyanın hərbi bazasıdır. Təsadüfi deyil ki, Rusiyanın müdafiə nazirinin Ermənistana səfəri zamanı yeni hərbi bazanın yaradılmasl ilə bağlı danışıqlar aparıldı. Əslində orada yeni hərbi bazanın yaradılmasına ehtiyac yoxdur. Ona görə ki, Gümrüdə kifayət qədər güclü hərbi baza var, onların hərbi kontingentinin sayının 5 mindən 10 minə qədər artırılması, silah-sursatın çoxaldılması reallaşdırılır. Belə halda Ermənistanda yeni hərbi bazanın yaradılması heç nəyi dəyişmir.
- Ermənistan həm də siyasi baxımdan Rusiya tərəfindən idarə olunur.
- Hamıya məlumdur ki, Ermənistanda siyasi proseslər birmənalı şəkildə Rusiya tərəfindən həll olunur. Bu günlərdə Ermənistan prezidenti mətbuata açıqlama vermişdi və aşıq şəkildə Amerikaya meydan oxuyurdu. O, açıqlamasında bildirmişdi ki, "Amerika bizim İranla münasibətimizi bəyənmir, tədqir etmir. Amma buna baxmayaraq biz İranla münasibətlərimizi inkişaf etdirəcəyik". Əslində bu açıqlama Amerika kimi super dövlətə meydan oxumaqdır. Məlumdur ki, Ermənistana bu gücü verən Rusiyadır. İndi də Rusiya Ermənistanda indiki prezident Sərkisyana dəstək verib ki, nəyin bahasına olursa-olsin sən prezident seçiləcəksən. Bunu görən Ermənistan müxalifəti tədricən geri şəkilmək qərarına gəlib. Onlar da görürlər ki, Rusiya açıq şəkildə Sərkisyanı müdafiə edir ki, öz maraqlarını təmin edə bilsin. KTM-in baş katibinin, Rusiya müdafiə naziri və Lavrovun Ermənistana səfəri, Putinin bu ölkəyə gözlənilən səfəri heç də təsadüfi deyil, açıq-açığına Sərkisyana dəstəkdir. Çünki, onlar Ermənistana prezident seçməyə gedirlər, burmənalı şəkildə demək olar ki, Ermənistanda prezident seçkilərini Rusiya keçirəcək.
- Sizcə, Xocalı aeroportu məsələsini beynəlxalq hüquq çərçivəsində həll etmək mümkün olacaqmı?
- Bununla bağlı heç bir beynəlxalq hüquq norması yoxdur. Bu məsələdə özümüzü aldatmağa dəyməz. Neçə vaxtdır ki, Azərbaycan beynəlxalq qanunları əsas gətirərərk açıqlamalar verir, ancaq beynəlxalq təşkilatların mövqeyində yumşaq bir loyallıq müşahidə olunur. Hətta Minsk qrupunun həmsədrləri bəyan etdilər ki, yaxşı olar ki, tərəflər birlikdə dinc yolla bu məsələni həll etsinlər. Digər beynəlxalq təşkilatların da mövqeyi təxminən bundan ibarətdir. Bu baxımdan, Azərbaycan öz mövqeyində qəti dayanmasa, yumşaqlıq etsə, bu dəfə də bizi tapdalayıb keçəcəklər.
Alim