“Seçki ilinə qədəm qoymağımıza baxmayaraq...” - MÜSAHİBƏ
Taliyət Əliyev: “Hələ də qarşımıza qoyduğumuz məqsədə, müxalifətin seçkilərə vahid namizədlə getmək istəyinə nail ola bilməmişik”
30 Yanvar 2013 14:08 Müsahibə"Seçkiyə hazırlıq istiqamətində ciddi işlər görmürük"
Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyevin "OLAYLAR"-a müsahibəsi
-Taliyət bəy, Azərbaycan Demokrat Partiyası bu il ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətindədirmi? Partiyanın seçkilərlə bağlı rəsmi mövqeyi nə zaman açıqlanacaq?
-Prezident seçkiləri təbii ki, ölkənin siyasi həyatında xüsusi əhəmiyyət daşıyacaq. Parlament və prezident seçkiləri ölkənin birbaşa taleyi ilə bağlı olan məsələ olduğu üçün istər-istəməz ölkənin siyasi qüvvələrində də bir hərəkətlilik yaranır. Hesab edirəm ki, bu seçki əvvəlki seçkilərdən fərqli olacaq və seçkilər heç də sakit keçməyəcək. Azərbaycan Demokrat Partiyasının prezident seçkilərilə bağlı mövqeyi ondan ibarətdir ki, müxalifət seçkilərə vahid bir komanda şəklində getsin. Bu istiqamətdə partiya olaraq keçən ildən etibarən digər partiyalarla danışıqlar, məsləhətləşmələr aparırıq. Ancaq təəssüflər olsun ki, seçki ilinə qədəm qoymağımıza baxmayaraq hələ də qarşımıza qoyduğumuz məqsədə, müxalifətin seçkilərə vahid namizədlə getmək istəyinə nail ola bilməmişik. Onu da qeyd edim ki, Azərbaycan Demokrat Partiyası həmçinin "Qarabağ" blokunda da təmsil olunur. Bu blokun özündə də konkret mövqe yoxdur ki, prezident seçkilərinə hansı formada gedəcəyik. Ona görə də Azərbaycan Demokrat Partiyasında hələ qeyri-müəyyənlik hökm sürür və seçkilərdə hansı taktikadan istifadə edəcəyimizi dəqiqləşdirməmişik. ADP sədri Sərdar Cəlaloğlu prezident seçkilərində iştirak etməkdə həvəsli görünməsə də, partiyada bir sıra insanlar Azərbaycan Demokrat Partiyasının seçkilərdə öz gücünü sınamasının tərəfdarıdır. Əgər müxalifət prezident seçkilərinə vahid namizədlə qatılacaqsa, artıq may ayından etibarən seçkinin taktiki gedişlərini müəyyənləşdirəcəyik. Yox, bu alınmasa partiya ya təkbaşına, ya da təmsil olunduğu "Qarabağ" bloku ilə prezident seçkilərinə qatılacaq.
-Ümumiyyətlə, müxalifətin prezident seçkilərinə vahid namizədlə qatılacağı nə dərəcədə mümkün görünür?
-Yuxarıda da qeyd etdiyi kimi Azərbaycan Demokrat Partiyası hələlik prezident seçkilərində hansı formada iştirak edəcəyini müəyyənləşdirməyib. Prezident seçkiləri ilə bağlı Azərbaycan Demokrat Partiyasının taktikası ondan ibarətdir ki, müxalifət seçkilərdə vahid namizəd və vahid komanda ilə iştirak etsin. Açığı bu məsələ indi o qədər mümkünsüz görünsə də, lakin müsbət nəticələrin əldə ediləcəyinə müəyyən ümidlər də var. Partiya olaraq hesab edirik ki, müxalifətin seçkilərdə qələbəsini təmin edə biləcək yeganə şərt seçki prosesinə vahid namizədlə qatılmaqdır. Təəssüf ki, bizim iradəmizdən asılı olmayaraq bu məsələ reallaşmır. İndiyə qədər bununla bağlı çoxlu cəhdlər göstərmişik, bizdən asılı nə varsa etmişik. Müxalifətin bir araya gəlməsi üçün dəfələrlə müxtəlif formatlarda görüşlər, müzakirələr keçirmişik. Ancaq irəliləyiş olmayıb. Buna baxmayaraq istənilən halda vahid namizəd məsələsini gündəmdən çıxarmamışıq. Ona görə də partiyanın rəhbər qurumlarının başqa qərar qəbul edəcəyi zamana qədər biz bu məsələdə öz mövqeyimizdə qalırıq. Ona görə də seçkiyə hazırlıq istiqamətində ciddi işlər görmürük. Əgər prezident seçkilərində hər partiya ayrı-ayrılıqda iştirak edəcəksə Azərbaycan Demokrat Partiyaası da bu seçkiyə öz namizədi ilə qatıla bilər. Bu zaman isə partiyanın təbliği istiqamətində daha çox işlərin görülməsi, təşkilatların sayının artırılması, regionlarda yeni təşkilatların qurulması kimi yeni vəzifələr meydana çıxacaq. Hələlik il yeni başlayıb və yaz aylarına qədər bütün məsələlər aydınlaşandan sonra Azərbaycan Demokrat Partiyası öz mövqeyini ortaya qoyacaq.
-Azərbaycan Demokrat Partiyası seçkilərə qatılacağı təqdirdə yeni seçki texnologiyaları, Avropa təcrübəsindən istifadə edəcəkmi?
-Azərbaycan Demokrat Partiyası indiyə qədərki seçki kampaniyalarında da yeni seçki texnologiyaları və xarici ölkələrin, Avropanın, xüsusilə Birləşmiş Ştatların təcrübəsindən istifadə etmişik. Zamanında Birləşmiş Ştatların Milli Demokratiya İnstitutu və Respublikaçılar İnstitutu bizim partiya üzvlərimiz üçün seminarlar təşkil edib. Amerikada mövcud olan "qapıdan qapıya" kampaniyasından 2005-ci ilin parlament seçkiləri zamanı çox yaxşı bəhrələndik. Yaxud başqa komponentlər var ki, həmin kompanentlərdən də istifadə etmişik. Qarşıdakı seçkilərdə də həmin təcrübələrdən istifadə edəcəyik.
Süleyman İsmayılbəyli