“Bəzi ölkələrdə bir təşkilatın olması normal deyil” - Nazim İbrahimov - MÜSAHİBƏ

“AzərRoss”-un keçmiş rəhbərliyinin Azərbaycanda gedən proseslərlə bağlı mənfi fikirlərlə çıxış etməsini çox yaramaz hesab edirik”

"Xaricdə Azərbaycanın imicinə zərbə vurmaq, ölkədə gedən proseslərə kölgə salmaq düşmən dəyirmanına su tökmək kimi bir şeydir" 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi

-Nazim müəllim, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin Bakı görüşünü necə dəyərləndirirsiniz?

-Bu gün türk dünyasının birliyinə daha çox ehtiyac duyulur. Cənab prezident İlham Əliyev də bu məsələyə çox ciddi diqqət verir və bu məsələ hər zaman onun nəzarətindədir. Artıq biz neçə illərdir ki, türk-Azəbaycan diasporlarının birgə toplantılarını keçiririk. 2007-ci ildə Bakıda birinci forum keçirilib. Eyni zamanda türk-Azərbaycan diasporlarının birgə strategiyası hazırlanaraq həyata keçirilir.  Biz hər zaman hesab edirdik ki, bu prosesə digər türkdilli dövlətlər də qatılmalıdır və onların diasporlarının gücü də bizim gücümüzlə birləşdirilməlidir. Ona görə də bu birliyin bir başlanğıcı olmalıdır. Çox yaxşı haldır ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bizim təşəbbüsümüzlə Bakıda belə bir yığıncaq keçirilir. Həmçinin biz türkdilli dövlətlərin dünyada olan diaspor təşkilatlarının birinci forumunun keçirilməsi ideyasını irəli sürmüşük. Həmin toplantının Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Yəqin ki, bu il ərzində Bakıda belə bir mötəbər tədbir keçiriləcək. Bu da gələcəkdə türkdilli dövlətlərin strategiyasını hazırlayıb ortaya qoyaraq türkdilli dövlətlərin gücünə daha bir güc qatmış olacaq.  

-Gələcəkdə qarşılıqlı təcrübə mübadiləsindən yararlanmaq nəzərdə tutulurmu? Xüsusilə, Azərbaycan dövlətinin diaspor siyasəti sahəsindəki uğurlu fəaliyyətindən digər türkdilli respublikalar da yararlana biləcəkmi?

-Etiraf etmək lazımdır ki, Azərbayca Respublikasının diaspor quruculuğu sahəsində çox böyük təcrübəsi var və bizim təcrübəmiz artıq dünyanın bir çox yerlərində öyrənilir. Biz də gələcəkdə bu işə yeni başlamaq istəyən, diaspor quruculuğuna xüsusi diqqət yetirən ölkələrə yardımçı olacağıq. Bizim birliyimiz gələcəkdə türk dünyasının birliyinə xidmət edəcək.

-Türkmənistan və Özbəkistanın bu toplantıda təmsil olunmamasını necə hesab edirsiniz? Sizcə bu bir natamamlıq yaratmırmı?

-Hər bir işin başlanğıcı belə olur. Hesab edirəm ki, bu günkü qəbul edilən qərarlar gələcəkdə həm Türkmənistan, həm də Özbəkistanda öyrəniləcək və hər iki dövlət də bu prosesə qatılacaq. Dünya Azərbaycanlılarının qurultaylarında hər zaman həm Türkmənistan, həm də Özbəkistandan yüksək səviyyədə nünayəndə heyəti iştirak edib. Bu bir başlanğıc proses olduğu üçün onu o qədər də qabartmaq da düzgün deyil. Hər zaman hər bir işin başlanğıc nöqtəsində belə olur. Başlayıb fəaliyyət göstərərik və bütün dövlətlər görərlər ki, bizim fəaliyyətimiz onların dövlətinin hər hansı bir mənafeyinə toxunmur. Əksinə biz onlara yardımçı ola bilərik. Güman edirəm ki, çox yaxın bir müddətdə təcrübəmiz ortaya qoyulacaq və həmin dövlətlər də bu prosesə qoşulacaq. Bir məqamı da qeyd etmək lazımdır. Hesab edirəm ki, başlanğıc nöqtədə siyasi problemləri o qədər də qaldırmamalıyıq. Müəyyən ümumi dərdlərimiz var. Eyni zamanda bizi ümumu meyarlar, tarixi köklər birləşdirir. Bu dəyərlər, meyarlar üzərində həmin birliyi qursaq gələcəkdə müəyyən mənada ümumi bir formul tapıb hərəkət istiqamətlərimizi müəyyənləşdirsək bizim üçün daha rahat olacaq.

-Yanvarın 25-də "AzərRoss"-un növbəti qurultayı keçiriləcək. Bu  qurultaya münasibətiniz necədir və bu qurultaydan nə gözləyirsiniz?

-"AzərRoss" Rusiyada azərbaycanlıların on illərdir ki, yaratmış olduğu bir təşkilatdır. Azərbaycanın diaspor siyasətinin əsas məqsədlərindən biri ondan ibarətdir ki, əgər dünyada olan diaspor təşkilatları Azərbaycan dövlətçiliyi,  azərbaycançılıq, həmin ölkələrdə yaşayan soydaşlarımızın milli, mənəvi dəyərlərinin qorunub saxlanmasına xidmət edirsə biz həmin təşkilatların yanındayıq, onlara hər zaman yardım etməyə hazırıq. "AzərRoss" təşkilatı da belə təşkilatlardandır. Mətbuatda da yazıldığı kimi həmin təşkilatda müəyyən dəyişikliklərin olacağı gözlənilir. Bir müddət əvvəl mətbuata bildirdiyim fikirlərdə qalıram. Biz həmişə dövlətçiliyə xidmət edən, Azərbaycanın ətrafında sıx birləşən, yaşadıqları ölkələrlə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə çalışan hər bir təşkilatı dəstəkləyirik. Həmin təşkilata kimlərin seçilməsi bizim üçün heç bir məna daşımır. Siyasi baxışından asılı olmayaraq bu işə xidmət edən hər bir şəxsi öz ətrafımızda görürük. Azərbaycandan kənarda Azərbaycanın daxili siyasəti yürüdülmür. Daxili siyasət yeritmək üçün Azərbaycan Respublikası var. Siyasi fəaliyyət göstərmək üçün hər bir kəs Azərbaycana gələrək özünün siyasi partiyası, ictimai hərəkatını yaradıb bu haqda düşünə, siyasi mübarizə apara bilər. Bu demokratik ölkə üçün normal haldır. Ancaq kənarda olan azərbaycanlıların əsas ideyası, məqamı Azərbaycan dövlətinin möhkəmləndirilməsinə xidmət etmək olmalıdır. Bizim də amalımız, məqsədimiz budur. Ona görə də "AzərRoss"-un qurultayına uğurlar arzulayırıq. Əgər söylədyim ideyaların aparıcısı, daşıyıcısıdırlarsa biz onlara yardım etməyə hazırıq. Əgər başqa bir ideyaları olacaqsa, ya başqa istiqamətə gedəcəklərsə, o halda bizim də fəaliyyətimiz ona uyğun qurular. Azərbaycan dövlətinin diaspor siyasətində siyasi baxışına görə fərqlilik yoxdur. Biz hər zaman Azərbaycan dövlətinə, dövlətçiliyə xidmət edən, simvollarımıza hörmətlə yanaşan bütün azərbaycanlılara diqqət-qayğı ilə yanaşmışıq, onlar bizim ətrafımızdır. Kimlərin nə deməsindən asılı olmayaraq Azərbaycanda çox böyük bir demokratiya var. Azərbaycan demokratik səhnədə dünyada öndə gedən dövlətlərdən biridir. Azərbaycan demokratik fəaliyyət göstərmək üçün ən ideyal ölkələrdən biridir. Xaricdə Azərbaycanın imicinə zərbə vurmaq, ölkədə gedən proseslərə kölgə salmaq düşmən dəyirmanına su tökmək kimi bir şeydir və çox yaramaz bir haldır. Bunun isə qarşısını adekvat addımlarla alırıq. Deyərdim ki, bu işə hətta nail olmuşuq. 1992-93-cü illərdə siyasi baxışlarına görə ölkəni tərk edib gedən insanlar var ki, bu gün biz onlarla yaxın əlaqədə, ünsiyyətdəyik. Çünki həmin insanların hər biri Azərbaycan dövlətçiliyinə xidmət edir.

-Mətbuatda qeyd edilir ki, adıçəkilən qurumun Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı da müəyyən planları var

- Ola bilər ki,  müxtəlif təşkilatlara rəhbərlik edən şəxslər zaman-zaman özlərini göstərmək, meydanda görünmək üçün bəyanatlar verirlər. Azərbaycanın daxilindən xəbəri olmayan, son illərdə Azərbaycana gəlməyən bir adamların daxili həyatmız barədə verdikləri bəyanatları ciddi qəbul etməyə dəyməz. Düzdür, hərdən belə şeylər olur. Hesab edirik ki, bunlar hamısı yalnış, ümumi işimizə yaramayan hərəkətlərdir. "AzərRoss"-un keçmiş rəhbərliyinin Azərbaycanda gedən proseslərlə bağlı zaman-zaman mənfi fikirlərlə çıxış etməsi heç bir ölçüyə sığmır və onun bu fəaliyyətini çox yaramaz hesab edirik. Konkret ad çəkib onları reklam etmək istəmirəm. Ancaq hər kəs bilir ki, kim haqqında danışıram. Belə hallar bizi qorxutmur, narahat etmir. Çünki Azərbaycan dövləti çox möhkəm əsaslar, ümummilli liderin ideyaları üzərində qurulub. Azərbaycan dövlətini sevən hər bir kəs cənab prezidentin ətrafında birləşib və biz dövlətçiliyimizi qoruyacağıq. Kimliyindən, hər hansı bir sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq heç bir şəxs Azərbaycan dövlətinə hər hansı bir ziyan gətirə bilməz. Biz ciddi şəkildə bu prosesləri izləyirik və hər zaman hər bir şəxsin cavabını verməyə hazırıq.

-Nazim müəllim, Ukraynadakı diasporumuz arasında da müəyyən ikitirəliyin olduğu bildirilir. Xüsusilə Ukrayna Azərbaycanlıları Konrqesində bu özünü daha qabarıq göstərir. Hazırda Ukraynada eyni adda iki təşkilat fəaliyyət göstərsə də, onların heç biri rəsmi olaraq qeydə alınmayıb. Bu barədə nə deyə bilərsiniz?

-Dünyanın müxtəlif ölkələrində yanaşma fərqli olmalıdır. Əgər bir ölkədə bir qrup azərbaycanlı başqa bir qrupla heç bir tərzdə yola getmək istəmirsə, birgə fəaliyyət göstərməyə maraqlı deyilsə, hesab edirəm ki, orada iki təşkilatın olması daha sərfəlidir. Ermənilərin Kaliforniyada 1300-dən artıq təşkilatı var. Ancaq onların hamısının ümumi bir ideyası var, Böyük Ermənistan ideyasına qulluq etmək. Bizim də hansı ölkədə nə qədər təşkilatın olmasına baxmayaraq azərbaycanlıların əsas məqsədi azərbaycançılığa xidmət etmək olmalıdır. Qoy bir-birilərilə rəqib olsun, mübarizə aparsınlar ki, kim daha çox iş görür. On il ərzində birləşə bilmirlər deyib, heç bir iş görməməkdənsə bu daha çox sərfəlidir. Ona görə də son dövrlərdə bizim yanaşmamızda müəyyən bir dəyişikliklər var. Əvvəllər əlbəttə ki, birləşməyi, bir təşkilat olmağı vacib sayırdıq. Ancaq bəzi ölkələrdə bir təşkilatın olması normal deyil. Hesab edirəm ki, bir neçə təşkilatın olması daha sərfəlidir. Avropada Azərbaycan əleyhinə olan hər hansı siyasi institutlara yazılan məktublar zamanı təşkilat sayının çox olması mühüm əhəmiyyət kəsb edir. Ona görə də bir yerə on və ondan artıq məktubu getməsi daha sərfəlidir.  Bunu da ermənilər çox ustalıqla həyata keçirirlər. Onlar iki, hətta bir nəfərdən ibarət çoxsaylı təşkilatlar yaradaraq Azərbaycana qarşı kampaniya aparırlar. Çünki hansısa bir ünvana məktub göndəriləndə təşkilatda təmsil olunan insanların sayı önəm kəsb etmir. Əsas təşkilatın adı göstərilir. Ona görə də bu gün Ukraynada yaşayan azərbaycanlılar bir təşkilat daxilində yola getmirlərsə, hələlik onların iki təşkilatının olması daha sərfəlidir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31