“Ümid edirdik ki, müxalifət təşkilatlana biləcək” - MÜSAHİBƏ

Əli Əliyev: “Müəyyən qədər vaxt itirmişik”

"Heç bir partiya, hazırda mövcud olan güc birlikləri proseslərə həlledici dərəcədə təsir göstərə bilmir"

Yaxın vaxtlarda müxalifət düşərgəsində yeni bir birlik təsis ediləcək. Vətəndaş və İnkişaf, Yaşıllar və Ədalət Partiyasının təmsil olunduğu birliyin fevral ayında ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bu barədə məlumat verən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə ölkədəki ictimai-siyasi proseslərə də toxunub. Partiya sədri Rusiyanın Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı planlarının olduğunu və "Milyaderlər İttifaqı"nın bu planın tərkib hissəsi sayıldığını söyləyib.

-Əli bəy, sizin də partiyanın təmsil olunduğu yeni müxalifət blokunun yaranması istiqamətində görülən işlər hansı səviyyədədir?

-Yanvar ayı ərzində partiya liderlərinin bir neçə toplantısı keçirilib. Artıq fevral ayında isə biz bu bloku təsis etmək niyyətindəyik. İlkin mərhələdə bloka daxil olan partiyaların icra aparatlarının yığıncağı keçiriləcək. Ondan sonra isə işçi qrupu yaradıb blokun konkret təsis gününü elan edəcək və fəaliyyətə başlayacağıq.

-Bəs bu müddətə qədər partiyada seçki hazırlıqları hansı mərhələdə həyata keçiriləcək?

-Təbii ki, seçkilərə hazırlıq istiqamətində də işlər görülür. Hazırda ən böyük işimiz dairə təşkilatlarının yaradılması prosesidir ki, hazırda onunla məşğuluq. Partiya olaraq daha çox ümid edirdik ki, müxalifət təşkilatlana biləcək və əsas etibarilə buna köklənmişdik. Lakin təəssüflər olsun ki, hələlik buna nail ola bilməmişik. Ancaq zaman limiti də bitməyib və müəyyən işlər görülə bilər. Onu da qeyd edim ki, hadisələr də kifayət qədər sürətli inkişaf edir. Rusiyanın Azərbaycan ətrafında qurduğu işlər, bu ölkənin Avrasiya İttifaqı ilə bağlı planları, işğalçı Ermənistanı silahlandırması, Azərbaycana qarşı nümayiş etdirilən aqressiv mövqe siyasi proseslərin 2013-cü ildə o qədər də sakit cərəyan etməyəcəyindən xəbər verir. Bütün bunlar Azərbaycandakı siyasi mühitə təsir edən amillərdir. Hesab edirəm ki, müxalifətin təşkilatlanma prosesinin təkan almasının bir hissəsi də məhz beynəlxalq proseslərdən asılıdır. Vətəndaş və İnkişaf Partiyası çalışır ki, bu prosesləri təqib, müşahidə etməklə yanaşı, öz planlarını da qursun. Partiya olaraq mövqeyimiz ondan ibarətdir ki, ölkədə siyasi dəyişikliklərə nail ola biləcək gücün formalaşdırılmasında maraqlıyıq. Bizim qəti mövqeyimizdir ki, heç bir partiya, hazırda mövcud olan güc birlikləri proseslərə həlledici dərəcədə təsir göstərə bilmir. Ona görə də yeni bir birliyin ortaya çıxmasına ehtiyac var. Əgər bu baş verməyəcəksə, təbii ki, partiya olaraq öz müttəfiqlərimizlə, yaxud partiya daxilində qəbul etdiyimiz qərarlarla 2013-cü ildə baş verəcək siyasi proseslərdə iştirak edəcəyik. İstisna deyil ki, həmin proses prezident seçkilərində iştirak da olsun.

-Sizcə, yeni birlik üçün müxalifətin kifayət qədər az vaxtı qalmayıbmı?

-Etiraf etmək lazımdır ki, biz daha yaxşı nəticə əldə etmək üçün müəyyən qədər vaxt itirmişik. Hesab edirəm ki, ötən ilin son iki ayı bu istiqamətdə müvafiq işlərin görülməsi üçün daha münasib vaxt idi. Artıq 2013-cü ilin birinci ayı da son ongünlüyünə daxil olub və yekunlaşmaq üzrədir. Təbii ki, vaxt keçdikcə müxalifət olaraq təşkilatlanma imkanlarımız da məhdudlaşır. Ancaq hər şeyə pessimist də yanaşmaq olmaz. Mart ayına qədər olan müddət də müxalifət üçün  təşkilatlanıb nəticə əldə edə biləcək səviyyədə fəaliyyət göstərməyə yetərlidir. Mart ayının sonuna qədər müxalifət uğurlu bir format müəyyən edə bilər.

-Vətəndaş və İnkişaf Partiyası olaraq yeni yaradılan "EL" Hərəkatına qoşulmaq niyyətindəsinizmi? Ümumiyyətlə, adıçəkilən hərəkat vasitəsilə Rusiyanın Azərbaycanda keçiriləcək prezident seçkilərinə təsir imkanları mümkündürmü?

-Əvvəlcədən bu hərəkat barədə bir söz deyə bilmərəm. Ancaq mətbuat vasitəsilə həmin hərəkat barədə məlumatlanmışam. Həmin qurumun təsisçilərinin məram və məqsədini bilmədən hər hansı bir qərar verə bilmərik. Açığını deyim ki,  həmin təşkilatın əsas ideya vericisinin Rusiya Federasiyasında yaradılmış "Milyarderlər İttifaqı"nın olması bir qədər narahatçılıq yaradır. Həmin hərəkatın "Milyarderlər İttifaqı"na bağlılığı hansı səviyyədədir, o barədə də məlumatsızam. Ancaq bütün halda hesab edirəm ki, həmin "Milyaderlər İttifaqı" Azərbaycanın Rusiyanın təşəbbüsü olan Avrasiya İttifaqına sürüklənməsi üçün yaradılmış birlikdir. Çox güman ki, bununla Kreml Azərbaycanda keçiriləcək seçki prosesindən bu üsulla yararlanmaq və öz niyyətini həyata keçirmək məqsədini güdür. Biz isə Vətəndaş və İnkişaf Partiyası olaraq Azərbaycanın dövlət müstəqilliyinin tərəfdarı kimi çıxış etdiyimiz üçün həmin qrupların tərkib hissəsi ola bilmərik. Biz qətiyyən bu kimi proseslərin iştirakçısı ola bilmərik. Ona görə də "EL" Hərəkatı ilə bağlı bir sıra suallar var. Rüstəm İbrahimbəyovun ziyalı olaraq Azərbaycanın maraqlarını nəzərə alan mövqelərini nə  qədər təqdir etsəm də, bu məsələdə bir qədər ehtiyatlı davranmağın tərəfdarıyam. Arzu edərdim ki, yaradılacaq hərəkatın Azərbaycanın dövlət müstəqilliyinə bilərəkdən və ya bilməyərəkdən heç bir xələl gətirməyəcəyi barədə əminlik yaransın.

-Müxalifət prezident seçkilərinə qədər vahid namizəd müəyyən etməyəcəyi təqdirdə Vətəndaş və İnkişaf Partiyasının seçkilərdə öz namizədi ola bilərmi?

-Prezident seçkilərində Vətəndaş və İnkişaf Partiyasının namizədinin olması mümkündür və bu istisna edilmir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31