“Bu qeyri-insani hərəkətdir” - Bu da Əflatun Amaşovun mövqeyi

Əflatun Amaşov: “Mətbuat Şurası olaraq bu hərəkətləri pisləyirik”

İranın "Tekon" televiziyasının jurnalisti Bijan Azərbaycan barədə təhqiramiz ifadələr olan süjet yayımlanıb. "Eurovision" müsabiqəsinin işıqlandırılması üçün ölkəmizə akkreditasiya alan jurnalist hazırladığı sujetdə Azərbaycan bayrağını və millətimizi təhqir edib. O, üç rəngli bayrağımıza qarşı nalayiq hərəkətlər etməklə Azərbaycanı böyük İranın kölgəsində olan ölkə kimi qələmə verib.  Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "OLAYLAR"a müsahibə verib.

-Əflatun müəllim, iranlı jurnalistin Azərbaycan bayrağını və millətimizi təhqir etməsini necə dəyərləndirirsiniz?

-"Eurovision" ilimizin ən möhtəşəm, mədəni hadisələrindəndir. Bu mahnı müsabiqəsini öz ölkəsinin vətəndaşlarına çatdırmaq üçün bu gün 100-lərlə KİV nümayəndəsi Bakıda fəaliyyətdədir. Aparılan müşahidələr də onu göstərir ki, onların tam əksəriyyəti diqqətini öz peşə fəaliyyətlərinin icrasına yönəldiblər. Təəssüf ki, jurnalist funksiyası ilə başqa cəhətlərin yerini səhv salanlar da var. Məhz  belələri üçün "Eurovision"  uzun müddətdən bəri gözlədiyi fürsətdir. İranlı jurnalist də öz hərəkətləri, davranışları ilə belələrinə mənsubluğunu göstərdi. Əslində bu üzdəniraq media təmsilçisi İran KİV-lərinin anti-Azərbaycan mövqeyini bir daha nümayiş etdirdi. İran mediasının son zamanlar Azərbaycana qarşı tutduğu yol, mövqe tamamilə yanlışdır. Qəbulolunmazdır.  Ölkəmizin əldə etdiyi uğurlara qısqanclıqdan doğan hiddətdir. İran KİV-ləri özlərində olan çoxsaylı problemlərin, hüquq-pozuntularının ölkə ictimayyətinin diqqətindən yayındırmaq üçün belə bir yol tutublar.  İranlı jurnalistin Azərbaycan bayrağına qarşı etdi hərəkətə gəlincə bu heç cürə qəbul oluna bilməyən hərəkətdir. Qeyri-insanı bir hərəkətdir.  Həmin jurnalist belə bir hərəkət etməklə özünü təhqir etmiş oldu.

-Bu məsələ ilə əlaqədar hər hansı beynəlxalq media qurumlarına müraciət etməyi düşünürsünüz?

-Əvvəla onu qeyd edim ki, biz bu münasibətlərə kompleks yanaşmalıyıq. İran mediasının anti-Azərbaycan kampaniyası son zamanlar daha kəskin hal alıb.Bu məsələdə İranın ayrı-ayrı media mərkəzləri iş aparır. Həmin KİV-lərdə Azərbaycanda baş verən proseslərə qeyri-obyektiv baxış var. Bu, istənilən reportajda öz əksini tapır. İnsan haqları ilə bağlı Azərbaycanda müəyyən problemlərin olduğunu deyirlər. Halbu ki, İranda insan haqlarından danışmaq mümkün deyil. Bütün bunlar isə onu deməyə əsas verir ki, İran Azərbaycanın inkişafını görməzdən gəlir. Bu inkişafı qəbul edə bilmir.  İran çəkinir ki, Azərbaycan inkişaf etdikcə Güneydə olan 35 mlnluq əhali ayağa qalxacaq. İran KİV-ləri də belə bir kampaniya başlatmaqla əslində bu proseslərin İrana təsirini azaltmaq yolunu tutublar. Onlar İran vətəndaşlarını, o cümlədən güneyli soydaşlarımızı inandırmağa çalışırlar ki, Azərbaycanda demokratik azadlıqlar, iqtisadi inkişaf yoxdur. Onlar İranda bu sahədə ciddi problem olduğundan diqqəti yayındırmaq istəyirlər.  O ki qaldı bu məsələ ilə bağlı hər hansı beynəlxalq media orqanlarına müraciət məsələsinə son sözü Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti deyəcək. Biz Mətbuat Şurası olaraq  bunları pisləyirik.

 Ədil Ədilzadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31