“Etibar Məmmədov məndən dəstək istədi” - MÜSAHİBƏ
Çingiz Dəmiroğlu: “Heç kimlə bazarlığa getməmişəm”
21 Yanvar 2013 14:52 Müsahibə"Hətta xırda-xuruş məmurlar məni lağa da qoydular"
Azərbaycan Tərəqqi Partiyasının və ATA blokunun sədri Çingiz Dəmiroğlunun "OLAYLAR"-a müsahibəsi
-Çingiz bəy, Azərbaycan Tərəqqi Partiyası bu il ölkədə keçiriləcək prezident seçkilərində hansısa formada iştiraka qərar veribmi? Ümumiyyətlə, partiyanın seçkilərə hazırlıq prosesi hansı səviyyədədir?
-Tərəqqi Partiyası olaraq biz keçən ildən prezident seçkilərinə hazırlıq prosesinə başlamışıq. Seçkilərdə partiyanın öz namizədinin olub-olmamasından və ya kimisə dəstəkləməyimizdən asılı olmayaraq biz ciddi şəkildə seçkilərə hazırlaşırıq. Ümumiyyətlə, ölkədə keçirilən əksər seçkilərdə həm Tərəqqi Partiyası, həm də bizim partiyanın daxil olduğu ATA bloku yaxından iştirak edib. Qarşıdan gələn prezident seçkilərində iştirak məsələsi yenidən partiyada müzakirə ediləcək. Eyni zamanda ATA blokunun İdarə Heyətində seçkilərdə hansı formada iştirak barədə fikir mübadiləsi aparılacaq. Təbii ki, hər bir partiyanın arzusu öz liderinin namizədliyini irəli sürməkdir. Hazırda ATA blokuna daxil olan bütün partiyalarda prezident seçkilərinə hazırlıq istiqamətində daxili müzakirələr gedir. Blokun İdarə Heyətinin son iclasında ümumi razılığa gəlinib ki, hər bir partiya seçkilərlə bağlı fikrini müəyyənləşdirsin. Hər halda həm Tərəqqi Partiyası, həm də ATA blokunun prezident seçkilərində iştirak edəcək namizədi müəyyən ediləcək. Həmin namizədə səlahiyyət veriləcək ki, prezident seçkilərində mübarizə aparacaq digər namizədlərlə təmaslar yaratsın, müzakirələr aparsın. Ancaq indiki halda əvvəlcədən demək mümkün deyil ki, konkret prezidentliyə namizəd kim olacaq. Bəlkə partiyanın içərisindən daha cavan və savadlı bir nəfərin namizədliyinin irəli sürülməsini təklif edəcəklər. Həyatda hər şey mümkündür.
-2008-ci ilin prezident seçkilərində Tərəqqi Partiyası və ATA bloku İlham Əliyevin namizədliyini dəstəklədi. Bu dəfəki seçkilərdə də anoloji qərar qəbul edilə bilərmi?
-Siyasətdə hər şey mümkündür. Biz sonuncu prezident seçkilərində həm partiya, həm də blok olaraq İlham Əliyevi dəstəklədik və bizim dəstəklədiyimiz namizəd də prezident seçildi. Bizim dəstəklədiyimiz namizəd prezident seçildiyinə görə, biz bir qədər kölgəyə çəkildik. Yəni, hansısa piket, mitinqlərdə iştirak etmədik, dəyirmi masa və konfranslara qatılmadıq, bu və ya digər məsələlərə münasibət açıqlamadıq. Çünki atacağımız hər hansı bir addım və ya verdiyimiz bəyanat dəstəklədiyimiz adamların xoşuna gəlməyə bilərdi. Yəni, biz bütün bu normaları gözlədik. Müttəfiq necə olursa biz ona əməl etdik. Ancaq onu da qeyd edim ki, bu müttəfiqlik birtərəfli qaydada olub. Ötən müddət ərzində müttəfiqlərimiz tərəfindən Çingiz Dəmiroğluna nə diqqət göstərilməyib, nə də heç kimlə bazarlığa getməmişəm. Sadəcə o zaman bir millətçi adam kimi fikirləşdim ki, digər alternativlərin heç 5 faiz də səs almaq şansı yoxdur. Çünki onları yaxşı tanıyıram. Ona görə də biz İlham Əliyevi dəstəklədik. İqtidar da sağ olsun ki, bütün dünyaya bunu bəyan etdi. Bəyan edildi ki, başda radikal təmayüllü Tərəqqi Partiyası olmaqla 21 partiya İlham Əliyevin namizədliyini dəstəkləyib. Həmin ərəfədə biz çox yaxşı bir görüntü yarada bildik. Seçkilərin nəticəsinə əsasən İlham Əliyevin qazandığı 89 faiz səsin dünya tərəfindən qəbul edilməsində ATA blokunun müstəsna rolu oldu. Onu da qeyd edim ki, o zaman Yeni Azərbaycan Partiyasına müttəfiq olan nə hansısa bir partiya, nə də blok vardı. Seçkilərdən sonra prezident seçilən İlham Əluyev də andiçmə mərasimində bizə minnətdarlığını bildirdi. İlham Əliyev qeyd etdi ki, prezident seçilməsində xalqına, Yeni Azərbaycan Partiyasına və onu dəstəkləyən müxalifyönlü bütün partiyalara minnətdarlığını bildirir. Həmçinin Amerikaya səfəri zamanı da bir daha prezident İlham Əliyev bunu vurğuladı. Müttəfiq olduğumuz üçün həm bələdiyyə, həm də parlament seçkilərində yalnız partiya liderləri səviyyəsində seçkilərdə iştirak etdik. Ancaq bunun da əziyyətini çəkmişik. Hətta xırda-xuruş məmurlar məni lağa da qoydular ki, İlham Əliyevi dəstəkləməyinin qarşılığında hakimiyyətdən heç nə əldə edə bilmədin.
-Seçkilərdə müxalifətin şansını necə dəyərləndirirsiniz?
-1998-ci ildə keçirilən prezident seçkilərində isə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov məndən dəstək istədi. Həmin vaxt AMİP sədri ilə yaxın münasibətlərimiz vardı. Mən isə bunun qarşılığında bildirdim ki, seçkilərdə Heydər Əliyevi dəstəkləyəcəm. Etibar Məmmədov səbəbini soruşanda bildirdim ki, sən hakimiyyətə gəlsən deyəcəksən ki, 5 il də işləyim sonra Qarabağdan danışaram. Ancaq Heydər Əliyev ötən 5 ili işləyib və qarşıdakı 5 ildə isə mütləq Qarabağ probleminin həlli istiqamətində işlər görəcək. Ona görə də bizə Heydər Əliyev lazımdır və prezidentə seçkilərində onun namizədliyini dəstəkləyəcəm. Ümumiyyətlə, Tərəqqi Partiyası indiyə qədər hansı namizədə səs veribsə, o şəxs də prezident seçilib. Biz həmişə bildirmişik ki, Azərbaycan xalqının rifahı, dövlətçilik namiınə islahatlara gedib milli birliyə, həmrəyliyə nail olmaq lazımdır. Hər bayram ərəfəsində prezident İlham Əliyevə ünvanladığım təbrik məktublarında da dövlət başçısına bunu arzulamışam. Bu mənim ən böyük arzumdur.
Süleyman İsmayılbəyli