“Diasporumuza arxalanmalıyıq” - İsmayıl Ağayev
“Azərbaycan diasporu fəallaşdıqca, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mütəşəkkillik artdıqca ermənilər bundan ciddi narahatçılıq keçirir”
25 May 2012 14:01 Müsahibə"İran-Ermənistan dostluq-qardaşlığı Azərbaycana qarşı yönəlib"
Son aylar ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor fəalları və tanınmış iş adamlarına qarşı həyata keçirilən terror aktlarının sayı artıb. Moskva və Sankt-Peterburqun ardınca Ukraynada fəaliyyət göstərən daha bir azərbaycanlı diaspor fəalı sui-qəsdin qurbanı olub. Hələlik müvafiq ölkələrin hüquq-mühafizə orqanları soydaşlarımıza qarşı həyata keçirilən bu sui-qəsdlərin üstünü açmasa da, müəyyən informasiyalar diaspor fəallarımıza qarşı həyata keçirilən sui-qəsdlərin arxasında erməni diasporunun dayandığından xəbər verir. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də hesab edir ki, diaspor fəallarımıza qarşı həyata keçirilən sui-qəsdlərin arxasında məhz ermənilər dayanır. BDM sədrinin sözlərinə görə, son illərdə Azərbaycan diasporunun nəzərəçarpacaq dərəcədə inkişaf etməsi, ölkəmizin həqiqətləri və haqq işimizin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər erməni diasporunu ciddi narahat etməyə başlayıb və bu səbəbdən ermənilər Azərbaycan diaspor fəallarına qarşı terror aktlarına start veriblər. Beynəlxalq Diaspora Mərkəzinin sədri son vaxtlar gərginləşən Azərbaycan-İran münasibətlərindən də danışıb və qeyd edib ki, fars rejiminin ölkəmizə qarşı başladığı çirkin kampaniya ermənilərin Azərbaycana olan düşmən münasibətinin tərkib hissəsidir. İsmayıl Ağayev deyib ki, Ermənistan-İran işbirliyi getdikcə daha da inkişaf edir və bu əməkdaşlıq bilavasitə Azərbaycana qarşı yönəlib.
-İsmayıl müəllim, son vaxtlar müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor fəallarına qarşı həyata keçirilən sui-qəsdlərdə erməni lobbisinin nə dərəcədə əli var?
-Son vaxtlar Azərbaycanın tanınmış iş adamları və diaspor fəallarına qarşı ölkədən kənarda baş verən hücumlar birmənalı şəkildə Azərbaycan diasporuna sarsıdıcı zərbə vurmağa hesablanıb. Bu hədələr və terror aktlarının arxasında birmənalı şəkildə erməni diasporu dayanır. Bütün bu olaylarla bağlı Beynəlxalq Diaspora Mərkəzi olaraq bəyanat da qəbul etmişik. Mərkəz olaraq hesab edirik ki, Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqları bu kimi məsələlərdə aktiv rol oynamalıdır, Bu məqsədlə həmin ölkələrdə yaşayan tanınmış iş adamları və diaspor fəallarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi, yerli-regional hüquq-mühafizə orqanları ilə sıx əlaqələr yaradılması olduqca zəruridir. Düşünürəm ki, bununla bağlı dövlətin də bir proqramı olmalıdır. Çünki illərlə Azərbaycan uğrunda mübarizə aparmış, şəxsiyyət kimi formalaşmış insanları mənfur qüvvələr bir günün içərisində aradan götürürlər. Bu kimi hadisələr o insanlar, eləcə də onların ailələrinə nə qədər ziyan vurursa, o qədər də millətimiz bundan ziyan çəkir. Tanınmış bir iş adamı, diaspor fəalının aradan götürülməsi mənəvi cəhətdən millətimizə, həmin ölkələrdə yaşayan azərbaycanlılara mənfi təsir göstərir. Yəni, baş verən hadisələrdən soydaşlarımız ciddi narahatçılıq keçirərək gələcək fəaliyyətlərinə yenidən nəzər salmalı olur, bir qədər ehtiyatlı mövqe tuturlar. İqbal Məmmədov kimi dəyərli insanımızı qətlə yetirən qüvvələr eyni zamanda digər diaspor fəallarımıza da mesaj verirlər ki, eyni aqibət sizi də gözləyə bilər. Ona görə də, bu kimi olaylardan dolayı azərbaycanlılar üzə çıxa bilmir, fəaliyyətlərini açıq şəkildə qurmurlar.
-Sizcə, bu cür mənfi halların qarşısını almaq üçün nə etmək lazımdır?
-Beynəlxalq Diaspora Mərkəzinin sədri kimi təklif etmişəm ki, ayrı-ayrı ölkələrdə, regionlarda tanınan insanlarımızı daha çox reklam etdirməyək, onları üzə çıxarmayaq. Həmin insanlar, eləcə də onların fəaliyyəti bir qədər gizli saxlanılmalıdır ki, ermənilərin hədəfinə çevrilməsinlər. Çünki həmin insanların gördüyü işlərin reklamı bilavasitə onların ziyanına işləyir. Necə ki, biz bunu bir müddət əvvəl Sankt-Peterburq, Moskva və Ukraynada baş verən hadisələrin fonunda gördük. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi fikirləşmək lazımdır. Çünki zaman-zaman bizim dəyərli vətəndaşlarımız, diaspor fəallarımız qətlə yetirilir. Lakin Rusiyanın xüsusi xidmət orqanları bunu azərbaycanlılar arasında baş vermiş çəkişmə, məişət zəminində törədilmiş cinayət kimi qiymətləndirirlər. Ancaq bu tamamilə belə deyil. Hətta mən deyərdim ki, bəzi hallarda dəyərli insanlarımız, diaspor fəallarımızı Rusiyanın xüsusi xidmət orqanları aradan götürürlər.
-Erməni lobbisinin diaspor fəallarımıza qarşı başladığı bu kampaniyanın son ilərdə Azərbaycan diasporunun əldə etdiyi nailiyyətlərlə bağlılığı varmı?
-Son 5-10 il ərzində Azərbaycan diasporu fəallaşdıqca, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mütəşəkillik artdıqca ermənilər bundan ciddi narahatçılıq keçirir. Onlar da təbii ki, dədə-babalarından "miras" qalmış terror aktını işə salaraq soydaşlarımıza qarşı sui-qəsdlər həyata keçirirlər.
-Soydaşlarımıza qarşı həyata keçirilən bu kimi terror aktları Azərbaycan diasporunun fəaliyyətinə nə dərəcədə mənfi təsir göstərə bilər?
-Təbii ki, müəyyən mənfi təsir göstərə bilər. Çünki bu insanların ailəsi, valideynləri var. Onlar həmişə gərginlik içərisində olurlar. Ona görə də hesab edirəm ki, diaspor fəallarımıza qarşı bu cür hallar davam etsə bu xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinə də müəyyən mənada mənfi təsir göstərəcək.
-Beynəlxalq Diaspora Mərkəzi olaraq erməni hücumuna məruz qalmış soydaşlarımızın dövlət tərəfindən dəyərləndirilməsini də təklif edirsiniz. Sizcə, bu hansı formada ola bilər?
-Hesab edirəm ki, diaspor fəaliyyəti ilə məşğul olan insanların terrora məruz qalması ölkə tərəfindən qiymətləndirilməli, onlara hansısa status verilməlidir. Onlar sıradan bir iş adamı və diaspor nümayəndəsi kimi xarakterizə edilməməlidir. Həmin insanlar Azərbaycan bayrağına bürünərək basdarılmalı və dəfn mərasimlərində müvafiq dövlət qurumları iştirak etməlidir. O halda diaspor sahəsində fəaliyyət göstərən digər insanlar da qətlə yetirilən soydaşlarımıza göstərilən diqqət və qayğını nəzərə alaraq daha aktiv fəaliyyət göstərəcəklər. Bütün bu məsələlər insana olan münasibətdən, verilən dəyərdən asılıdır. Diaspor sahəsində fəaliyyət göstərən insanlar mücadilə edən şəxslərdir və onlara da şəhid statusu verilməlidir.
-Son günlər gərginləşən Azərbaycan-İran münasibətləri diaspor fəallarımıza qarşı başlanan erməni hücumuna İranın da dəstək verməsi ilə nəticələnə bilərmi? Çünki xarici ölkələrdə yaşayan soydaşlarımız da artıq İran əleyhinə aksiyalar keçirirlər.
-Biz bunu təkcə erməni-İran deyil, eləcə də erməni-rus-İran işbirliyi kimi dəyərləndirməliyik. Biz bəzən hesab edirik ki, rusların adını çəksək onları qıcıqlandıra bilərik. Ermənilərlə farslar zaman-zaman bizə qarşı düşmən mövqedə dayanıb və daim Azərbaycana qarşı məkrli planlar həyata keçiriblər. Bu gün Ermənistan-İran münasibətlərinin yüksələn xətlə inkişaf etməsi də bunun bariz nümunəsidir. Onu da qeyd edim ki, İran-Ermənistan münasibətlərinin yüksək səviyyədə olması, bu iki ölkənin dost-qardaşa çevrilməsi heç də Azərbaycanın Birləşmiş .Ştatlar və Avropa ilə olan münasibətlərindən irəli gəlmir. İran-Ermənistan dostluq-qardaşlığı sırf Azərbaycana qarşı yönəlib. İranda yaşayan 35 milyona yaxın soydaşımızın haqqını tapdalayan, onların bütün hüquqlarını əlindən alan fars rejimi bu ölkədə yaşayan azərbaycanlıları özünün potensial düşməni hesab edir. İran gözəl bilir ki, bu ölkədə yaşayan azərbaycanlılar nə vaxtsa öz haqları uğrunda mübarizəyə qalxacaqlar. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da dediyi kimi biz farsların dostu ilə dost, düşməni ilə düşmən olma prinsipi ilə yaşaya bilmərik. Azərbaycan öz maraqlarının təmin olunması istiqamətində işlərini qurmalıdır. Təbii ki, bu məsələdə biz daha çox öz gücümüzə, diasporumuza arxalanmalıyıq. Həmçinin diaspor fəallarımıza xüsusi diqqət yetirməliyik. Bizim hələlik görüləcək işlərimiz qabaqdadır. Unutmamalıyıq ki, İranla Ermənistanın işbirliyi bundan sonra daha da möhkəmlənəcək.
-Bunun qarşısını almaq, Azərbaycanı gözləyən təhlükələrdən sığortalamaq üçün hansı addımlar atmaq lazımdır?
-Beynəlxalq Diaspora Mərkəzi olaraq hesab edirik ki, Azərbaycan informasiya təbliğatını gücləndirməli, Avropa məkanı ilə daha sıx işləməlidir. Azərbaycan həm Avropaya çıxmalı, həm də Avropanı ölkəmizə gətirməlidir. Bu baxımdan bu günlərdə ölkəmizdə "Evrovision"la bağlı keçirilən tədbirlər, bu istiqamətdə görülən işlər təqdirəlayiqdir, ürəkaçandır. Çünki ölkəmizə gələn on minlərlə avropalı Azərbaycandan xoş təssüratla ayrılacaq. Bütün halda isə, bu kimi tədbirlər kampaniya xarakteri daşımamalıdır. Azərbaycanın haqq işini Avropanın dövlət qurumları, nüfuzlu elm mərkəzləri, universitetlər, strateji araşdırmalar mərkəzinə çıxarmalıyıq. Gərək bu istiqamətlərdə ardıcıl mübarizə aparaq. Yalnız o zaman qarşımıza qoyduğumuz məqsədlərə çata, diaspor fəaliyyətinə qarşı yönəlmiş erməni-İran işbirliyini zərərsizləşdirə bilərik.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir