Rəsul Quliyevin Azərbaycana gəlməsi qeyri-mümkündür

Zakir Hüseynov: “Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasının başına gəturdiyi oyunlar ACP üzvlərinin də başına gətiriləcək”

"Rəsul Quliyevlə bir partiyada olduğuma təəssüf edirəm"

Son günlər eks-spiker Rəsul Quliyev və onun liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının siyasi proseslərdə bir qədər aktivliyi müşahidə edilir. Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ölkəyə qayıtmağı qarşısına məqsəd qoyan ACP liderinin bu istiqamətdə müxtəlif götüşlərə start verdiyi bildirilir. Məlumata görə, Türkiyə Cümhuriyyətinə gələn Rəsul Quliyev ACP sədri Sülhəddin Əkbəri də bu ölkəyə çağıraraq Azərbaycana qayıtmaq istiqamətində partiya sədri ilə məsləhətləşmələr aparıb. Bu arada Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən yayılmış olan xəbər də kifayət qədər ciddi məqamlardan xəbər verir. Həmin məlumatda qeyd edilirdi ki, mart ayında Azərbaycanda inqilab baş verəcək və həmin inqilabın əsas ssenari müəllifləri eks-spiker Rəsul Quliyevlə hakimiyyətdə təmsil olunan məmurlardan biri olacaq. Vaxtı ilə Rəsul Quliyevlə eyni partiyada olan Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov eks-spikerin Azərbaycana qayıtma mümkünlüyü və onun ölkədəki siyasi proseslərə təsir imkanları barədə danışıb.

- Zakir bəy, bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin də namizəd kimi mübarizə aparacağı bildirilir. Vaxtı ilə Rəsul Quliyevlə bir partiyada təmsil olunmuş şəxs kimi keçmiş spikerin prezident seçkilərinə qatılmaq şansını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, Rəsul Quliyevin prezident seçkiləri zamanı siyasi proseslərə təsir imkanları mümkündürmü?

 

-Mən Rəsul Quliyevlə 5 ildən artıq bir müddətdə eyni partiyada siyasi fəaliyyət göstərmişəm. Həyatımda ən çox təəssüf edə biləcək bir məqam varsa o da Rəsul Quliyevlə bir partiyada olmağımdır. Birmənalı olaraq qeyd edirəm ki, Rəsul Quliyevlə keçirdiyim müddətdə onun üzündən həm ailəm, həm qohumlarım, həm də özümə qarşı olan təzyiqlərə görə çox təəssüf edirəm. Şəxsən mən gördüyüm işlər, etdiyim əməlləri Rəsul Quliyevə halal etmirəm. Rəsul Quliyevi siyasi fiqur kimi yox hesab edirəm. Çünki Rəsul Quliyev erası çoxdan bitib və Rəsul Quliyevin bu gün Azərbaycanda, Azərbaycan siyasətində hər hansı bir şansı yoxdur. Son vaxtlar Rəsul Quliyevin adının olmayan partiyadaşları tərəfindən gündəmə gətirilməsi tamam başqa məqamlara xidmət edir. Artıq onların hansı məqsədə qulluq etdikləri mənə bəllidir və hələlik onu açıqlamaq istəmirəm. Bir daha qeyd etmək istəyirəm ki, Rəsul Quliyevin bu gün Azərbaycanda edə biləcəyi heç nə yoxdur və onun heç bir şansı yoxdur. Səsləndirilən bu kimi bəyanatlar yalnız gündəmdə qalmağa xidmət edir və heç bir reallığı əks etdirmir.

- Bu günlərdə Rəsul Quliyevin Türkiyəyə səfər etdiyi və Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin də onunla görüşmək üçün bu ölkəyə səfər etdiyi bildirilir. Mümkündürmü ki, Rəsul Quliyev prezident seçkilərinə qədər Azərbaycana qayıtsın? Yoxsa bu eks-spikerin növbəti bir oyunudur ki, bu dəfə də həmin oyunun qurbanı ACP-çilər olacaq?

- Rəsul Quliyevin siyasi iradəsizliyi ucbatından indiyə qədər yüzlərlə insan bu və ya digər səbəblərdən ya həbsxanalarda, ya da digər başqa sahələrdə əziyyət çəkiblər. Hesab edirəm ki, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin prezident seçkilərində iştirak etmək üçün Azərbaycana gəlmək şansı sıfıra bərabərdir. Çünki birincisi, Rəsul Quliyevin üzərində cinayət işi var. İkincisi, Azərbaycan konstitusiyasına görə 10 ildən artıq Azərbaycanda yaşamayan bir insanın prezident seçkilərində iştirak etmək şansı yoxdur. Açıq Cəmiyyət Partiyasının lideri

Rəsul Quliyev də 10 ildən artıq müddətdir ki, Azərbaycanda yaşamadığı üçün prezident seçkilərində iştirak edə bilməz. Ona görə də prezident seçkilərində Rəsul Quliyevin Azərbaycana gəlməsi və siyasi karyera qazanması qeyri-mümkündür. Əgər proseslər belə davam edərsə Rəsul Quliyevin Azərbaycan Demokrat Partiyasının başına gəturdiyi oyunlar ACP üzvlərinin də başına gətiriləcək.

- Bu günlərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumatda qeyd olunur ki, mart ayında Azərbaycanda inqilab baş verəcək və bu inqilabın ssenari müəllifləri Rəsul Quliyev və hakimiyyətdə təmsil olunan məmurlardan biri olacaq. Sizcə bu kifayət qədər ciddi məqamlardan xəbər vermirmi?

- Əgər Azərbaycanda hər hansı bir hadisə baş verəcəksə bu Rəsul Quliyevsiz olacaq. Çünki Azərbaycanda Rəsul Quliyevdən kifayət qədər təcrübəli, şanslı, xalq tərəfindən hörmət qazanmış siyasilər var.

- Yəni xarici dairələr Rəsul Quliyevə stavka etmirlər?

- Xarici dairələr axmaq deyil ki, şansı sıfır olan bir nəfərə stavka etsinlər. Çünki onlar da çox yaxşı bilir ki, Rəsul Quliyevin Azərbaycana gəlmək şansı yoxdur. Ona görə də heç bir şansı olmayan bir adama stavka etmək ağılsızlıqdır. Bu səbəbdən heç bir xarici dairə Rəsul Quliyevə stavka etmir.

- Bəs Rəsul Quliyevin hakimiyyətdə təmsil olunan hansısa məmurlarla işbirliyi mümkündürmü?

- İnanmıram ki, hakimiyyət dairələrində kiminsə Rəsul Quliyevlə əlaqəsi olsun. Qətiyyən mümkün deyil ki, hansısa məmur öz həyatını və gələcək aqibətini Rəsul Quliyevə görə qurban versin.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31