“Türkiyə Səudiyyə-Qətər qruplaşmasından çıxmalıdır” - Mübariz Göyüşlü - MÜSAHİBƏ

“Ankaranın yanlış səfdə yer alması mənfi nəticələrini verməkdədir”

"Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü ilə müsahibəni təqdim edirik...
- Suriyada baş verən hadisələri necə qiymətləndirisiniz?

- Bu hadisələrə diqqət etdikdə ydın olur ki, burada mübarizə demokratiya və ya diktatura mübarizəsi deyil. Burada mübarizə böyük dövlətlərin - ABŞ və İsrailin dünya ağalığını gerçəkləşdirmək iddiasıdır. Türkiyə isə sadəcə olaraq bunu icra etməyə məhkum olub. Əgər mübarizə demokratiya ilə bağlı olsaydı o zaman gərək ilk növbədə ərəb monarxları devriləydi. ABŞ tezliklə Ermənistan-Kürdüstan-İsrail üçbucağının qurulması üçün əlindən gələni edir. Suriya və onu dəstəkləyən İran isə bu planın baş tutmasında əngəldir. Ona görə də Bəşər Əsədi devirmək və onun yerində üçbucağın qurulmasına dəstək olacaq rejimi qurmaq niyyətləri var idi, amma artıq bu plan puç oldu. Türkiyəyə gəldikdə isə, rəsmi Ankaranın öz nüfuzunu ərəb ölkələrində, o cümlədən Suriyada yaymaq istəyi başadüşləndir. Amma tələskənlik və yanlış səfdə yer almaq ağır nəticələr doğurmaqdadır ki, silahlı və terrorçu kürdlərin bu yanlışlıq nəticəsində Türkiyədə daha da güclənməsi göz önündədir. Belə bir üçbucağın qurulması region üçün fəlakət deməkdir. Ona görə də onun qarşısının alınması üçün bizlər Türkiyə-Azərbaycan-İran üçbucağının qurulmasını təklif etmişik.
- Ancaq Suriyada hələ də qarşıdurma davam edir və növbəti hədəfin İran olduğu açıqlanır...
- Bunlar ciddi söhbətlər deyil. Əgər məqsəd Əsədin devrilməsiydisə o yerində oturub, müxalifətlə və muzdlu silahlı birləşmələrlə döyüşü davam etdirir, xalqa müraciətlər edir, hətta seçkilərə də hazırlaşır. Yaxşı olar ki, Türkiyə ABŞ və İsrailin dəstəklədiyi Səudiyyə Ərəbistanı-Qətər qruplaşmasından çıxsın və neytral mövqe göstərsin, çünki belə davam edərsə qardaş ölkə üçün ağır nəticələr baş verəcək. İrana gəldikdə isə bizim istəyib-istəməməyimizdən asılı olmayaraq bölgədə hazırda ən güclü mövqeyə malik olan ölkə İrandır. Adi bir misal. İranın uzantısı sayılan "Hizbullah"ı, vassalı sayılan Suriyanı məğlub edə bilməyənlər onu ncə məğlub edəcəklər. Artıq situasiya dəyişməyə başlayır. Əgər Suriya hadisələrinin ilk dövrlərində bu ehtimallar yüksək idisə, indi İran təşəbbüsə yiyələnməyə başlayır. Bunun hansı nəticələr doğuracağını bilmək üçün isə bir qədər gözləmək lazımdır.
- Azərbaycan bu məqamda necə davranmalıdır?
- Əslində Azərbaycan çox düzgün mövqe göstərir. Bitərəfliyi saxlamaq və bunun üçün cəhd göstərmək özlüyündə doğrudur. Lakin bunun nə qədər davam edəcəyini söyləmək çətindir. Çünki artıq Rusiya, İran regionda və dünyada söz sahibi olmağa və mövqelərini gücləndirməyə doğru gedirlər. Bir müddət bundan əvvəl "Ruslar siyasəti öyrənməyə başlayıblar" başlıqlı bir məqalə yazmışdım. Əslində orda olan məqamlar özünü doğrultmağa başlayır və Rusiya imperiya ambisiyalarını addım-addım reallaşdırmaq üçün siyasət vasitəsilə ciddi cəhdlər göstərir. Rusiyanın özündə və ondan kənarda rusların gördüyü işlər bunu deməyə əsas verir. Nəzərə alanda ki, bu il Azərbaycanda prezident seçkisi ilidir, bizlər dövlət və dövlətçiliyimiz üçün nə qədər diqqətli olmalı olduğumuzu bir daha dərk edərik.
- Rusiyanın Azərbaycanda hakimiyyət çevrilişi etmək cəhdləri barədə nə deyə bilərsiniz?
- Əslində hər bir dövlət istəyir ki, Azərbaycanda onun maraqlarını qoruyan bir hakimiyyət olsun. Rusiyanın da belə bir istəyinin olması mümkündür. Rəsmi Bakının bu istəyin qarşılığında neytrallığını qoruması yüksək qiymətləndirilməlidir. Lakin bunun çox davam edəcəyini birmənalı şəkildə söyləmək olmur. Çünki Rusiya böyük dövlətdir və Qafqazın onun nüfuz dairəsində olduğunu da bütün dünya qəbul edir. Ən azından Gürcüstanda baş verənlər bunu sübut edir. Belə bir şəraitdə gələcəkdə Azərbaycanda nələrin baş verəcəyini təxmin etmək olar. Ona görə də ağılsız və radikal çıxışlardansa yaranmış çətin situasiyadan necə çıxa biləcəyimizi düşünüb hərəkət etməliyik. Rusiya ilə zarafat keçmir.
- Baş verənlərin fonunda Türk dövlətlərinin həmrəylik göstərərək vəziyyətdən birgə şəkildə çıxmaları mümkün ola bilərmi?
- Mümkündür. Amma geosiyasi reallıqlar var ki, onları da mütləq nəzərə almalıyıq. Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının mövcudluğu türk milləti üçün böyük ümiddir. Lakin Şuranın siyasi təsir imkanları zəifdir. Ona görə də o öz fəaliyyətini İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələndirərək, digər böyük güclərlə danışıqlar aparmaq vasitəsilə millətimiz üçün həddindən artıq pis durumun yaranmasının qarşısını almağa çalışmalıdır.
- Qlobal məsələlərdən ölkədaxili duruma və sizin təşkilatın fəaliyyətinə keçmək istərdik. Hazırda hansı işləri görürsünüz?
- Ölkədaxili durum əsasən sabitdir, lakin prezident seçkiləri ili olduğuna görə siyasi müxalifətin, o cümlədən müxtəlif siyasi qrupların fəallığı hiss olunmaqdadır. Təşkilat olaraq biz "Türk Eli" jurnalımızın növbəti sayını çap etdik, Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə bağlı imzatoplama kampaniyasını davam etdiririk, uluturk.info adlı saytımız fəaliyyət göstərir, tələbələr və araşdırmaçılar arasında təşkilatlanma işləri aparırıq. Dost QHT-lərlə birlikdə qurduğumuz koalisiyanın qeydiyyatını və fəaliyyətini həyata kçirməyi planlaşdırırıq. Tezliklə maraqlı və diqqəti cəlb edəcək layihələri, tədbirlərli ictimaiyyətimizə və xaricdə əməkdaşlıq etdiyimiz təşkilatlara, şəxslərə təqdim edib, hamılıqla mövcud problemlərin həlli istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31