“Azərbaycanda iki cür müxalifət var” - MÜNASİBƏT
Hafiz Hacıyev: “Ziyalılar arasında öz adamlarımı yerləşdirmişəm”
16 Yanvar 2013 14:25 MüsahibəMüsahibimiz Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevdir.
-Rüstəm İbrahimbəyov yenə də adı açıqlanmayan qüvvə və hərəkatdan danışıb. Hafiz bəy, yoxsa ki, kinodramaturq özünün yeni kinossenarisindən danışır?
- Bizdə də bu barədə məlumatlar var. Qüvvələr var ki, onlar çox ciddi şəkildə işləyirlər. İstər xaricdə olan qüvvələr, istərsə də özünü müxalifət adlandıran qüvvələrlə danışıqlar aparırlar. Deyilən sözlərdən belə aydın olunur ki, onlar çox güclü hərəkat yaratmaq istəyirlər. Bunun ən qorxulu tərəfi odur ki, bu hərəkata, əlində milyardları olan bəzi məmurlar, da qoşulub. Böyük Biritaniyanın XİN-in Azərbaycanda mart ayında dövlət çevrilişi mesajı çox narahatedicidir. Həmin adamlar xarici dövlətlərdə tez-tez görüşlər keçirir və insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Onların apardığı danışıqların nəticələrinə görə, Rəsul Quliyev, Azərbaycanın xaricdə olan gənclər təşkilatları, o cümlədən Azərbaycanda olan bütün müxalif qüvvələr bu hərəkatda iştirak edirlər. Onlar bildirirlər ki, bəzi məmurlar da hərəkata kömək edəcəklər. Hal-hazırda çox çirkin oyunlar oynanılır. Mən də öz növbəmdə öz adamlarını onların aralarına sala bilmişəm, çox yaxın müddətdə mənim sensassion açıqlamalarım olacaq ki, o hansı məmurlardır ki, ziyalılarımız onlara istinadən, onlara arxalanıb Azərbaycanda hərəkat yaratmağa çalışırlar.
-Belə bir fikir var ki, İsa Qəmbər 2003-cü il prezident seçkilərində ona dəstək olan "Bizim Azərbaycan" blokunu bərpa edir...
- İsa Qəmbər onu düşünsün ki, o, 2013-cü ildə Hafiz Hacıyevin qarşısında duruş gətirə biləcəkmi? İsa Qəmbər əvvəlcə bu suala cavab versin, sonra özünü meydana atsın. Bu yaxınlarda öz namizədliyimi reallaşdıracağam, partiyanın rayon təşkilatları məni buna məcbur edirlər. Yenə də deyirəm ki, İsa Qəmbər Hafiz Hacıyevlə teledebatlara duruş gətirə biləcəkmi? Müsavat başqanı Hafiz Hacıyevin təbliğatı, əlində olan ciddi faktlar, arqumentlərdən qorxub qaçmayacaq ki? İsa Qəmbər mənim qabağımda duruş gətirə bilməyəcək, elə birinci raundda onu nokauda salaram. Mən istəyərdim ki, mənim rəqibim daha güclü olsun. Mən İsa Qəmbəri Azərbaycan siyasətindən tamamilə siləcəm. Ona görə də İsa Qəmbərin adamları mənə "isti münasibət" bəsləyirlər ki, mənim onunla işim olmasın.
-Hafiz Hacıyevə görə müxalifətin ən layiqli namizədi kimdir?
- Müxalifətin ən layiqli namizədi Hafiz Hacıyevin özüdür. Azərbaycanda iki cür müxalifət var, Azərbaycan xalqının müxalifəti, birdə xarici kəşfiyyat orqanlarının müxalifəti. Azərbaycan xalqının müxalifəti Hafiz Hacıyevdir. Xarici kəşfiyyatın müxalifətində layiqli adam yoxdur. Müsavat və AXCP düşərgəsində namizədliyə layiq adamlar yoxdur.
Mənsur