“Seçkilərin taleyini nə Qərb həll edir, nə Sem, Con dayılar, nə də ki müxalifət” - MÜSAHİBƏ
Eldar İbrahimov: “Azərbaycan xalqının da birmənalı olaraq fikri İlham Əliyevi yenidən prezident görməkdir”
16 Yanvar 2013 14:11 MüsahibəMüsahibimiz Yeni Azərbaycan Partiyasından olan millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdur.
-Eldar müəllim, artıq növbəti seçkilər ilinə daxil olmuşuq. Hətta, konkret namizədliyi irəli sürülənlər də var. Eyni zamanda, müxalif kəsimdə vahid namizəd axtarışı da getməkdədir. Necə hesab edirsiniz, müxalifət seçkilərə qalan bu dövr ərzində vahid namizədi müəyyənləşdirə biləcəkmi?
-Müxalifətin qarşıdan gələn prezident seçkilərində vahid namizədi olacaq, olmayacaq, hər halda bunu onların özləri bilər. Eyni zamanda, onlar elə ambisiyalı, elə iddialı adamlardır ki, bir-biriləri ilə vuruşacaq, nəticədə heç kim də namizəd ola bilməyəcək. Vahid namizəd hətta, olsa belə, bu gün Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin qarşısında duran və dura biləcək ikinci bir adam yoxdur. İlham Əliyev ilk gündən verdiyi sözün üstündə durub ki, hər bir azərbaycanlının prezidenti olacaq və artıq olub da. Azərbaycanda gedən bu boyda inkişafı nəinki azərbaycanlılar, bütün dünya da görür, qiymətləndirir. Prezidentimiz haqqında yaşlı adamlardan tutmuş cavanlara, gənclərə qədər hamısı - mən camaatın içərisində olan adamam, gəzirəm, görürəm- inanın o qədər razılıq hissi ilə danışır, ondan o qədər razılıq edirlər ki, bunu sözlə ifadə etmək belə çətindir. Bu insanlar bütün varlıqları ilə dövlət başçısına bağlıdırlar, sadiqdirlər. Çünki İlham Əliyev sözün əsil mənasında bu ölkəni ölkə edib. Məsəl var deyirlər ki, o oğul yaxşı oğuldur ki, atasından da qabağa gedir. Mən tam məsuliyyətimlə deyərdim ki, bu gün İlham Əliyev öz atasından- ümummilli liderimiz, Azərbaycan dövlətinin banisi Heydər Əliyevdən də qabağa gedib, Azərbaycanı bütün dünyada tanıdıb. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və ötən il ona sədrlik edib. Bundan başqa, "Eurovision-2012" mahnı yarışması, məşhur avtoralli oyunları, 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi, "Avronest"in, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının növbəti sessiyalarının reallaşdırılması, Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyası və əfvi, İranda həbsdə olan iki gənc azərbaycanlı şairin həbsdən azad olunması, Qəbələ RLS-lə bağlı məlum qərar və sair, hamısı İlham Əliyevin fəaliyyətinin məntiqi nəticəsidir. Bununla yanaşı, Azərbaycan 2015-ci ildə daha bir nüfuzlu beynəlxalq yarışmaya -ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək ki, bu da elə-belə başa gəlməyib, elə-belə məsələ deyil. Bunun üçün Azərbaycanda hər cür imkan, şərait var və yaradılır. Görün nə qədər otellər, mehmanxanalar tikilib. Həmçinin, regionlarımız bu müddət ərzində nə qədər böyük inkişaf yolu keçib. Bunların hamısı İlham Əliyevin birbaşa adı ilə bağlıdır. Bunları da xalq, camaat görür. Mən bir neçə dəfə demişəm, yenə də deyirəm, bəlkə bu gün Prezident olmaq İlham Əliyevin özünə lazım deyil, amma İlham Əliyevin prezidentliyi Azərbaycan xalqına, dövlətinə, bizə lazımdır. Axı, büdcəmiz 2000-ci ildə cəmi bir milyard dollar idisə, indi 25 milyard dollardır. Azərbaycan belə demək mümkünsə, 25 dəfə inkişaf edib. Bunu da hamı görür, hamı başa düşür axı! Ona görə biz bu cür Prezidenti nəyə görə əlimizdən buraxmalıyıq? Bir balaca ağlı olan insan indi durub gedib, başqa bir prezident axtaracaq və ya axtarmalıdır? Əlbəttə ki, yox! Biz də bir hakim partiya olaraq bu il- prezident seçkiləri ərəfəsində qurultayımızı keçirib İlham Əliyevin prezidentliyə namizədliyini birmənalı olaraq, irəli sürəcəyik. Onun əsl Prezident işləməli vaxtı elə bundan sonradır. Çünki onun cəmi 52 yaşı var. Dünyanın da heç bir yerində 50-55 yaşından aşağı prezident yoxdur. Yəni, İlham Əliyevin prezident kimi ən işləməli dövrü indidir. Belə olan halda, biz belə bir insanı, şəxsiyyəti, lideri nəyə görə növbəti dəfə Prezident seçməməliyik?
- Müxalifət təmsilçiləri isə bildirirlər ki, Konstitusiyada məlum dəyişiklik edilməsinə baxmayaraq, Qərb, demokratik dünya indiki dövlət başçısının üçüncü dəfə namizədliyinə və prezidentliyinə birmənalı razı olmayacaq, buna imkan verməyəcək. Yəni, onların iddiasınca, növbəti prezident məhz onların sırasından olmalıdır .
- Azərbaycanda seçkilərin taleyini nə Qərb həll edir, nə Sem, Con dayılar həll edir, nə də ki müxalifət. Azərbaycanda seçkilərin taleyini xalq, sağlam qüvvələr, ölkənin ziyalıları, intellektləri həll edir. Azərbaycan xalqının da birmənalı olaraq fikri İlham Əliyevi yenidən Prezident görməkdir. YAP-ın üzvləri də birmənalı olaraq öz partiyalarının sədri İlham Əliyevi Prezident görür və onun da namizədliyini irəli sürəcək, təbliğatını aparacaq, - hansı ki, buna ehtiyac yoxdur - onu müdafiə edəcək və 3-cü müddətə Prezident seçilməsinə nail olacaq. Müxalifət də, onların tez-tez adlarından danışdıqları Qərb də heç nə edə bilməz və bilməyəcək, onların "proqnoz"ları bu dəfə də doğrulmayacaq. Biz onda Konstitusiyaya niyə dəyişiklik etmişik? Konstitusiyanı da dəyişən elə Azərbaycan xalqının özü olub. Bunu Qərb dəyişməyib ki? Xalqımız bir şəxsin iki dəfədən artıq müddətə prezident olmasına qadağa qoyan maddəni ümumxalq səsverməsi, referendum yolu ilə Konstitusiyadan çıxarıb. Ona görə iki dəfədən də artıq olar, lap beş dəfədən də artıq. Yəni, nə qədər ki, Prezidentin işləmək imkanı, iş qabiliyyəti var, buna sağlamlığı imkan verir və xalq da onu dəstəkləyir, neçə müddətə desən Prezident ola bilər və olacaq. Buna heç kimin qəti şübhəsi olmasın.
Alim