Valideynlərin məktəblə əlaqəsinin zəif olması nələrə səbəb olur?

Təranə Şərifova : «Bakının mərkəzi məktəblərinin bir çoxunda hələ də VMA-ların yaradılmaması təəssüf doğurur»

Artıq neçə illərdir ki, ölkədə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası fəaliyyət göstərir. Qurumun işi müsbət bəhrələrini verir. Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Təranə Şərifova " OLAYLAR "a AMVMA-nın həyata keçirdiyi işlər barəsində məlumat verdi.
Valideynlə məktəbin əlaqəsinin təhsilin keyfiyyətində vacib amil olduğunu bildirən T.Şərifova valideynlər arasında maarifləndirmə işinin aparılmasının zəruri olduğunu önə çəkdi : "Valideynlərin məktəblə əlaqəsinin zəif olması təlim-tərbiyə prosesinə mənfi təsir göstərən əsas amillərdən biridir. Son illər AMVMA üzvlərinin sayı xeyli artıb".
T.Şərifova bildirdi ki, ötən il ərzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məktəblərdə yaranan VMA-lar filial kimi qeydiyyatdan keçiblər, reqionlarda - Qazax, Şəmkir, Ağdaş Göyçay, Beyləqan, İsmayıllı, Şamaxı, Ağdam, Mingəçevir və başqa rayon və şəhərlərdə VMA-ların yeni təşəbbüs qrupları yaradılıb.
T.Şərifova qurumun yaranma tarixindən danışdı və bildirdi Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in Azərbaycan üzrə nümayəndəliyinin təşəbbüsü ilə proqram strukturu olaraq 2003-cü ildə yaradılıb, ilk milli Konfransında təsis edilərək bir neçə pilot məktəbində fəaliyyətə başlayıb.
Belə ki, valideynlərin məktəbə cəlb olunması, şagird-valideyn-müəllim əməkdaşlığının təşkili nəticəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və uşaqlar üçün yararlı təhsil mühitinin formalaşdırılması missiyasını daşıyan, ABŞ-ın müvafiq sahədə təcrübəsi modelinə əsaslanan VMA ölkəmiz üçün əhəmiyyətli unikal platformadır.
Birliyin ali orqanı ümumi yığıncaq, cari rəhbər icra orqanı icraçı direktor, müavinlər və digər şəxslərdən ibarət olan İdarə Heyəti, nəzarət orqanı isə Nəzarət-Təftiş Komissiyasıdır.
Qısa müddət ərzində birliyin fəaliyyət dairəsinin genişləndiyini diqqətə çatdıran icraçı direktor təşkilatın öncə pilot məktəblərdə, daha sonra şəhər və rayonlarda ilk təşəbbüs qruplarını formalaşdırdığını, valideyn və müəllimlərlə maarifləndirməni təşkil etdiyini bildirdi : "Təhsil Nazirliyinin və YUNİSEF-in yaxından dəstəyi ilə fəaliyyət göstərən ictimai birlik hər iki qurumun müvafiq istiqamətdəki Fəaliyyət Planına uyğun olaraq öz işini təşkil edib, fəaliyyətin səmərəliliyi və dövlət orqanı ilə əməkdaşlıq üçün ictimai birliklə nazirlik arasında Əməkdaşlıq Memorandumu imzalayıb ".
Onun sözlərinə görə, filiallar öz fəaliyyətlərini birliyin Nizamnaməsi, filialın Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunan vahid formalı Əsasnaməsi əsasında təşkil edirlər.
Filialın yaradılması AMVMA İctimai Birliyinin İdarə Heyəti tərəfindən qərara alındıqdan sonra sənədlər müvafiq müraciətlə Dövlət Reyestrinə salınmaq üçün Ədliyyə Nazirliyinə təqdim edilir və filialların Dövlət Reyestrinə salınması haqqında müvafiq təsdiqedici məktub birliyə daxil olduqdan və filial prezidentinin təyin olunması haqqında icraçı direktorun əmrindən sonra filial fəaliyyətə başlamaq üçün mərkəzin razılığı ilə hüquqi prosedurlar həyata keçirir.
Azərbaycanda 2000-ə yaxın məktəbdə VMA və təşəbbüs qruplarının yaradıldığını deyən T.Şərifova onların valideynləri təlim-tərbiyəyə fəal cəlb etdiyini, onlar üçün bir sıra istiqamətlər üzrə, həmçinin kurikulumla əlaqədar maarifləndirmə işləri apardıqlarını, məktəbin məzunları ilə sıx əlaqələr qurduqlarını vurğuladı : "Nəinki paytaxt və rayon mərkəzləri, eləcə də kənd məktəblərində VMA-nın fəaliyyətinin müsbət təzahürləri razılıqla qarşılanır, məktəb-valideyn əlaqələrinin inkişafı istiqamətində valideynlərin təşəbbüskarlığı müşahidə olunur ".
İcraçı direktor Bakının mərkəzi məktəblərinin bir çoxunda hələ də VMA-ların yaradılmamasını təəssüfedici hal hesab etdiyini bildirdi.
İcraçı direktorun sözlərinə görə, Birliyin Koordinasiya Şurasının toplantılarında məktəblə ailə arasında müqavilə işlənilib hazırlanıb. Bu müqavilənin təşəbbüskarları elə valideynlər özləri olublar, çünki bu, hər iki tərəf üçün faydalı sənəd ola bilər, hər iki tərəfin məsuliyyətini artıra bilər. Sənəddə həm ailənin, həm də məktəbin vəzifə və səlahiyyətləri əks olunub.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-in "Məktəb uşağın dostudur" birgə layihəsini AMVMA İB-nin bir neçə ildir ki, həyata keçirdiyinə diqqəti yönəldən T.Şərifova 2012-ci ildə layihə çərçivəsində ümumtəhsil məktəblərinin keyfiyyət standartları üzrə 300 məktəbin monitorinq və qiymətləndirilməsinin aparıldığını və görülən işin ekspertizasının nəticələrinin hazırlandığını söyləyib. Bildirib ki, həmçinin layihə çərçivəsində həmin 300 məktəbdə sağlamlığın vəziyyəti öyrənilir, onlara sabun qabları və maye sabunlar paylanılır, bu da məktəbdə keyfiyyətli təhsilə təsir göstərən sağlam, uşaq və müəllimlər üçün yararlı mühitin yaranması, onların hüquqlarının qorunması deməkdir.
T.Şərifova onu da bildirdi ki, kurikulum islahatının tətbiqi ilə əlaqədar Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvləri son iki il müddətində respublikada müəllimlər üçün keçirilən təlimlərin monitorinqini aparıb. Təşkilatın keçirdiyi monitorinq nəticəsində müəyyən edilib ki, 2012-ci ilin yayında aparılan təlimlər standartlara uyğun, mütəşəkkil formada keçirilib və bununla əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNİSEF-ə hesabat təqdim olunub.
İcraçı direktor AMVMA-nın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə mexanizmin hazırlanması və orta məktəblərdə bu baxımdan həyata keçirilən tədbirlərə diqqət çəkdi. Təhsil islahatlarının müəllimlərin və valideynlərin üzərinə qoyduğu ümdə vəzifələrin düzgün təbliğində VMA-nın qarşısında duran məsələlərin əhəmiyyətindən bəhs edən T.Şərifova nümunəvi VMA-ların təcrübəsinin yayılmasının zəruri olduğunu vurğuladı.
 

Aygün



 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31