“Müsavatın iştirakı olmadan vahid namizədi müəyyən etmək mümkün deyil” - MÜSAHİBƏ
Həsrət Rüstəmov: ““Səkkizlər”in görüşündən ciddi bir şey gözləmirəm”
15 Yanvar 2013 14:21 Müsahibə"Əgər prezident seçkilərində hər partiya ayrı-ayrılıqda iştirak edəcəksə ADP də bu seçkiyə öz namizədi ilə qatıla bilər"
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmovun "OLAYLAR"-a müsahibəsi
-Həsrət bəy, Azərbaycan Demokrat Partiyasının prezident seçkiləri ilə bağlı mövqeyinin hələ də müəyyənləşməməsinə nə mane olur? Partiya seçkilərlə bağlı yekun qərarını nə vaxt açıqlayacaq?
- Azərbaycan Demokrat Partiyası prezident seçkilərində hansı formada iştirak edəcəyini müəyyənləşdirməyib. Prezident seçkiləri ilə bağlı Azərbaycan Demokrat Partiyasının taktikası ondan ibarətdir ki, müxalifət seçkilərdə vahid namizəd və vahid komanda ilə iştirak etsin. Açığı bu məsələ indi o qədər qeyri-real görünsə də, lakin müəyyən ümidlər də var. Partiya olaraq hesab edirk ki, müxalifətin seçkilərdə qələbəsini təmin edə biləcək yeganə şərt seçki prosesinə vahid namizədlə qatılmaqdır. Təəssüf ki, bizim iradəmizdən asılı olmayaraq bu məsələ reallaşmır. İndiyə qədər Azərbaycan Demokrat Partiyası olaraq bununla bağlı çoxlu cəhdlər göstərmişik, bizdən asılı nə varsa etmişik. Müxalifətin bir araya gəlməsi üçün dəfələrlə müxtəlif formatlarda görüşlər, müzakirələr keçirmişik. Ancaq irəliləyiş olmayıb. Buna baxmayaraq istənilən halda vahid namizəd məsələsini gündəmdən çıxarmamışıq. Ona görə də partiyanın rəhbər qurumlarının başqa qərar qəbul edəcəyi zamana qədər biz Azərbaycan Demokrat Partiyası olaraq bu məsələdə öz mövqeyimizdə qalırıq. Əgər prezident seçkilərində hər partiya ayrı-ayrılıqda iştirak edəcəksə Azərbaycan Demokrat Partiyası da bu seçkiyə öz namizədi ilə qatıla bilər Ona görə də seçkiyə hazırlıq istiqamətində ciddi işlər görmürük.. Bu zaman isə partiyanın təbliği istiqamətində daha çox işlərin görülməsi, təşkilatların sayının artırılması, regionlarda yeni təşkilatların qurulması kimi yeni vəzifələr meydana çıxacaq. Hələlik il yeni başlayıb və yaz aylarına qədər bütün məsələlər aydınlaşandan sonra Azərbaycan Demokrat Partiyası öz mövqeyini ortaya qoyacaq. Onu da qeyd edim ki, partiyanın seçkilərə qatılacağı təqdirdə təbliğat kampaniyası aparmaq imkanları da yetərincə deyil. Çalışacağıq ki, imkanlarımızı artıraq. Eyni zamanda üzvlərimizin passivləşən hissəsi var ki, onların da aktivliyini artırmaq qarşımızda duran vəzifələrdəndir.
-ADP seçkilərə qatılacağı təqdirdə yeni seçki texnologiyaları, Avropa təcrübəsindən istifadə edəcəkmi?
-Azərbaycan Demokrat Partiyası indiyə qədərki bütün seçki kampaniyalarında da yeni seçki texnologiyaları və xarici ölkələrin Avropa, xüsusilə Amerika təcrübəsindən istifadə etmiişik. Birləşmiş Ştatların Milli Demokratiya İnstitutu və Respublikaçılar İnstitutu zamanında bizim partiya üzvlərimiz üçün seminarlar təşkil edib. Amerikada mövcud olan "qapıdan qapıya" kampaniyasından 2005-ci ilin parlament seçkiləri zamanı çox yaxşı bəhrələndik. Yaxud başqa kompanentlər var ki, həmin kompanentlərdən də istifadə etmişik. Qarşıdakı seçkilərdə də həmin təcrübələrdən istifadə edəcəyik.
- Bu günlərdə ADP-nin də qatıldığı "səkkizlər"in nöbbəti görüşü keçirilir. Sizcə, müxalifət bu görüşlərin nəticəsi olaraq vahid namizəd müəyyən edəcəkmi?
-Təbii ki, Müsavat Partiyası prosesdən kənarda dayandığı bir variantda müxalifətin vahid namizədinin müəyyən edilməsi məsələsindən söhbət gedə bilməz. Çünki Müsavat Partiyası müxalifət partiyaları içərisində ictimai rəydə kifayət qədər reytinqə malik olan təşkilatdır. Onu da qeyd edim ki, burada söhbət təkcə Müsavat Partiyasından getmir. Eyni zamanda Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Liberal Partiyasi, Klassik Xalq Cəbhəsi Partiyasi, Azərbaycan Demokrat Partiyasi, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Ümid Partiyasından hər hansı birinin kənarda qalması müxalifətin vahid namizədi məsələsində yekdillik əldə etməyə gətirib çıxarmayacaq. Ona görə də arzu edirik ki, növbəti mərhələlərdə bu prosesdə Müsavat Partiyası da iştirak etsin. Ancaq təbii ki, hələlik bu görüşlərdən ciddi bir şey gözləmirəm. İstənilən halda isə müxalifət liderlərinin tez-tez görüşməsi, hansısa məsələlərlə bağlı müzakirələr aparmasını faydalı hesab edirəm. Bütün halda Azərbaycan müxalifəti onu birmənalı olaraq dərk etməlidir ki, prezident seçkilərinə partiyaların ayrı-ayrılıqda qatılması müxalifətin məğlubiyyətini qaçılmaz edəcək. Bu zaman müxalifət məğlubiyyətin səbəbini kimdəsə axtarmamalı, öz səhflərinə nəzər yetirməlidir. Ümid edirəm ki, tezliklə bütün siyasi qüvvələr vahid komanda və vahid namizəd məsələsini reallaşdıracaqlar.
Süleyman İsmayılbəyli