İsrail imperiya ola bilməz Yevda Abramov - MÜNASİBƏT

“Kiçik bir dövlətin böyük dövlətlər üzərində ağalığında Amerika siyasətində yer yoxdur”

"İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupu"nun rəhbəri və millət vəkili Yevda Abramov İsrail hökumətinin xatrici siyasətindən danışdı:

-İsrail-Fələstin müharibəsində İsrail dünya mətbuatının əsas qınaq obyektinə çevrilib, Yevda müəllim, sizə görə bu münaqişədə rəsmi Tel-Əvivin haqlı olduğu tərəf varmı?

- Bu müharibə uzun bir prosesdir, bir-iki cümlə ilə kimin haqlı, kimin haqsız olduğunu demək olmaz. Elə məsələ var ki, İsrailin dediklərində həqiqət var, amma yerlər var ki, Fələstin dövlətinin öz haqlı hüquqları var. Məsələdə çoxşaxəli aspektlər mövcuddur. İsrail Fələstindən heç nə istəmir, sadəcə olaraq Fələstin və Həmas İsraili dövlət kimi tanısın və İsrailə raket atmaqdan əl çəksin. Qalan məsələlərə İsrail razıdır, bundan artıq Fələstin nə istəyir? Rəsmi Tel-Əviv dünyaya bəyan edir ki, Fələstin İsraili dünyada mövcud olan, BMT-də təsdiq olunan dövlət kimi tanısın, İsrailə qarşı terrordan əl çəksin, Həmas hakimiyyətdə olduğu müddət ərzində İsraillə dövlət səviyyəsində danışıqlar aparsın. Fələstin bunları edəndən sonra dünyaya bəyan etsin ki, İsrail Fələstindən əl çəksin. Fələstin bu formatda İsraillə danışıqlara girsə bütün proseslər öz həllini tapacaq.

-Həm Fələstin, həm dünyanın müxtəlif ölkələri iddia edir ki, Qüds tarixən Fələstin ərazisi olub, İsrail Qüds məsələsində Fələstinə güzəşt etməlidir və İsrail bununla haqlı qərar qəbul etmiş olacaq

- Qüds hər 3 dinin mərkəzi sayılır və dünya bu 3 səmavi din üzərində bərqərar olub. Qüds bölünməzdir, Qüdsü bölmək, millətləri-3 böyük mütəşəkkil dini inanclı insanları bölməkdir. Bu yaxınlarda katolik xristianların Qüdsdə dini bayramları keçirildi və Rusiyadan, dünyanın müxtəlif ölkələrindən oraya nə qədər insan gəldi. İsrail və Fələstin arasında barış olsa Qüdsün bölünməsinə ehtiyac qalmayacaq. Ermənilər deyir ki, biz Azərbaycanla danışıqlara gedəcəyik, amma Qarabağ bizimdir, ermənilərin bu bəyanatı danışıqları qabaqcadan pozmaqdır. (gülür) Necə yəni Qarabağ sənindir, amma mən danışıqlara gəlməliyəm. Fələstin də danışıqları bu prinsip üzərində qoyur ki, Qüds Fələstinin paytaxtı olmalıdır, amma İsraillə danışıqlar aparmalıyıq. Fələstin açıq şəkildə göstərir ki, İsraillə sülhə razı deyil. Buna görə də məsələ hələ 50-150 il bu cür qalacaq, bu da bəzi ölkələrə sərfəlidir. Çox ölkələr var ki, iddia edirlər ki, İsrail haqsızdır. Haqlı yerləri də var axı? (əsəbi)

-O hansı haqdı?

- Bu iki dövlət yaranandan sonra biri güclü inkişaf etdi, o birisi zəif. Zəif inkişaf etməsinuin səbəbi də odur ki,  qonşu ölkələr Fələstini tanımadılar. Baxmayaraq ki, həmin dövlətlər İslam ölkələri idilər, amma onlar Fələstinə yardım etmədilər. Xalq da hökuməti məcbur elədi ki, min illərlə bir yerdə yaşamış yəhudilərlə alış-veriş etsinlər. İsrail bazarları ancaq fələstinlilərin aqrar sahə də çalışan insanların əməyinin məhsulu olan əmtəələrlə dolurdu. Bütün fələstinlilər İsrailə işə gəlirdilər hər gün, gözəl də yaşayırdılar. Daha sonra divarlar çəkildi, terror başlandı, terror təşkilatları yarandı, Həmas hakimiyyətə gətirildi, terrorçular siyasiləşdirildi, İran pulu Fələstinə gətirildi. Ona görə də bəzi fələstinlilər ölkədəki hərcmərcliyi görüb bir hissəsi, Suriyaya, Livana və başqa ölkələrə qaçdı. Nə qədər Fələstin rahat yaşasa İsrail o qədər yaxşı inkişaf edəcək. Yasir Ərəfatın dövründə vəziyyət daha yaxşı idi, nəinki Həmas hakimiyyətə gələndən sonra. Mən azərbaycanlıyam, Azərbaycan parlamentinin üzvüyəm, həmçinin "Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupu"nun rəhbəriyəm. Mən düzgün danışmasam oradakı insanlar inciyirlər. Mən bu barədə düzgün danışmasam İsraildə də Qarabağ münaqişəsi haqqında düzgün danışmayacaqlar.

-İranın nüvə silahı istehsal etməsinin İsrail və Amerikaya nə dəxli var, eləyir, eləyir də? Yoxsa ki, İsrail və ABŞ, türklər demişkən "dünyanı qurtaran adam"lardır?

- (gülür) Silah anormal adamın əlində adi qələmə çevrilir, silah terrorçunun, terroru dəstəkləyən dövlətin əlinə düşsə bilirsinizmi nələr olacaq. Onda silahları verək terror təşkilatlarına, silahdır də... İran danışanda ağzından qan iyi gəlir. Adam var avtomobilində uzun illər bıçaq gəzdirir, amma o bıçaqdan istifadə eləmir, adam da var ki, bıçağı əlinə versən 5 dəqiqəyə 2 adamı öldürər. Bir məqsəd üçün sivil dövlətin nüvə başlığı, yaxud atom başlığı varsa ondan dinc məqsədlər üçün elektrik stansiyası tikirsə, buzqıran gəmi istehsal edirsə bunun heç bir qorxusu yoxdur. Əgər İran deyirsə İsraili xəritədən silmək lazımdır, dünyadakı bütün bədbəxtliklərin səbəbkarı bu ölkədir, həmin dövlətə atom bombasını etibar etmək olmaz. İranın öz qonşu ölkələrinə münasibəti də normal deyil, İran həmişə haqlını atıb haqsızın arxasınca gedir. İran dili dilindən, imanı imanından olan Azərbaycanı atıb, bütün İslam dünyasına düşmən olan ermənistanın arxasınca gedir. Belə bir dövlətə atom bombası etibar eləmək olarmı?

-İsrail ABŞ-la müttəfiq olub imperiya yaratmaq niyyətindədir. Buna görə də dünya ictimaiyyəti İsraili qınaq obyektinə çevirib

- Bu iddialar xülyadır, İsrailə sakitlik lazımdır. Əgər yəhudilər və İsrail 5 il sakitlik əldə etsə digər ölkələrin 15 ildə çata bildikləri yüksəkliklərə çata bilər. Lakin, qonşu ölkələrin İsrailə münasibətinə görə rəsmi Tel-Əviv büdcəsinin çox böyük hissəsini hərbiyə xərcləmək məcburiyyətində qalır. İsrail bunu özünün müdafiə instinktinin xətrinə görə bu qərara gedir. Ona görə də İsrail imperiya olmaq arzusunda olmayıb, nə də ki, İsrailin bu barədə arqument və şərtləri də yoxdur. İsrailin nə xalqı, nə əhalisi var ki, imperiya yarada bilsin və dünya üzərində ağalıq etsin?! Bunlar yalan söhbətlərdir. İsrail ABŞ-la xarici məsələlərdə həmrəylik göstərirsə, bu təbiidir. Çünki, İsrail çox kiçik dövlətdir, qonşuluğunda qeyri-sabit dövlətlər yerləşir və belə ölkələrlə əlaqələr qurmaq çətin başa gəlir, başa gəlirsə də uzun ömürlü olmur. Zəif bacıoğlu güclü dayını qoltuğunda olanda salamat qalır. Buna görə İsrail Amerika ilə bir sıra məsələrdə portnyordur, bu diplomatiya dünya praktikasında qəbul olunan variantdır. Amma, İsrailin böyük imperiya yaratması qətiyyən mümkün deyil. Kiçik bir dövlətin böyük dövlətlər üzərində ağalığında Amerika siyasətində yer yoxdur.  

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31