“Etiraf etmək lazımdır ki, son zamanlar həqiqətən Açıq Cəmiyyət Partiyasının fəaliyyəti o dərəcədə önəmli görünmür”

Nizami Məmmədov: “Müxalifət partiyaları bir araya gəlməli, qərar qəbul etməli və qarşıdan gələn prezident seçkilərində vahid bir platformadan çıxış etməlidirlər”

"Təəssüflər olsun ki, hazırda biz belə bir situasiyanı görmürük. Yalnız partiyalar öz aralarında mənasız xırda-para problemlər yaratmağa üstünlük verirlər və bunun uğrunda mübarizə aparırlar"

Açıq Cəmiyyət Partiyasının İdarə Heyətinin üzvü Nizami Məmmədovun "OLAYLAR"-a müsahibəsi

-Nizami müəllim, son günlər üzvü olduğunuz Açıq Cəmiyyət Partiyası ilə bağlı mətbuat səhifələrində müxtəlif yazılar dərc edilir və ACP-də ciddi problemlərin olduğu bildirilir. Yayılan informasiyalar nə dərəcədə həqiqətəuyğundur?

-Bunu etiraf etmək lazımdır ki, son zamanlar həqiqətən Açıq Cəmiyyət Partiyasının fəaliyyəti o dərəcədə önəmli görünmür. Ancaq bunun səbəbi heç də partiya sədrindən asılı deyil. Partiyanın fəaliyyətinin o qədər də uğurlu olmaması müəyyən səbəblər var ki, ondan asılıdır. Hazırda bir sıra partiyalar seçki hazırlıqları istiqamətində fəaliyyət göstərirlər. Düzdür, prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da digər partiyalardan fərqli olaraq Açıq Cəmiyyət Partiyasının fəaliyyəti bir o qədər də gözə çarpan deyil. Bir daha qeyd etmək istərdim ki, bu problem partiya sədrinin fəaliyyətindən asılı deyil. Açıq Cəmiyyət Partiyasının ofisinin olmaması, bu günə qədər partiyanın qeydiyyata alınmaması, eləcə digər səbəblərdən dolayı fəaliyyətimzi bir qədər passivdir. Müxtəlif mətbuat səhifələrində də Açıq Cəmiyyət Partiyasında problemlərin olması barədə yazılar dərc olunur. Təbii ki, bütün bunlarla bağlı partiya liderinin də müəyyən narahatçılıqları var.

-Ancaq Rəsul Quliyevin ACP sədrliyində dəyişiklik etmək barədə düşündüyü də bildirilir. Sizcə partiya liderinin belə bir planı varmı?

-Partiya liderinin Açıq Cəmiyyət Partiyasının sədrini dəyişdirmək barədə məndə məlumat yoxdur. Ancaq Açıq Cəmiyyət Partiyasının nizamnaməsi var və nizamnamədə açıq göstərilir ki, partiya sədrinin namizədliyi partiya liderinin təqdimatı əsasında Ali Məclisə verilir və sədr Açıq Cəmiyyət Partiyasının Ali Məclisində seçilir. Ümumilikdə qeyd olunan məsələ ilə bağlı prosedur bu cür olur. Bütün halda sözügedən məsələ partiya liderindən asılıdır.

-Qeyd etdiyiniz qərargah problemi ilə əksər partiyalar üzləşir. Lakin həmin partiyalar heç də Açıq Cəmiyyət Partiyası kimi fəaliyyətsiz deyil. Bəlkə doğurdan da bu fəaliyyətsizlik ACP sədri ilə bağlıdır?

-Açıq Cəmiyyət Partiyasının sədri uzun müddətdir ki, siyasətlə məşğul olur. Ancaq onu da qeyd etmək lazımdır ki, siyasətdə o qədər də tanınmayan bir adamdır. Bəzi partiya sədrləri var ki, bu kimi şəxslərin siyasətə gəlməsini qısqanclıqla qarşılayırlar. Məhz ona görə də imkan vermirlər ki, özünü tanıtsın.

-Yəni, Açıq Cəmiyyət Partiyası ətrafında qalmaqal yaratmağa çalışan qüvvələr arasında müxalifət partiyalarının da müəyyən mənada rolu var?

-Təbii ki, belədir.

-ACP liderinin təşəbbüsü ilə yaradılan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı daxilində də müəyyən problemlərin yaşandığı söylənilir. Demək olarmı ki, bu hərəkat özünü doğrultmadı?

-Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında da müəyyən problemlərin olduğu barədə mətbuat səhifələrində informasiyalar yer alır. Ümumiyyətlə, müəyyən zaman kəsimində ayrı-ayrı partiyalar arasında, birlik və bloklar daxilində müəyyən problemlər yaşanır. Əsas odur ki, müxalifət partiyaları bir araya gəlməli, qərar qəbul etməli və qarşıdan gələn prezident seçkilərində vahid bir platformadan çıxış etməlidirlər. Təssüflər olsun ki, hazırda biz belə bir situasiyanı görmürük. Yalnız partiyalar öz aralarında mənasız xırda-para problemlər yaratmağa üstünlük verirlər və bunun uğrunda mübarizə aparırlar. Müxalifətin bu vəziyyət çox təssüfedicidir. Cəmiyyət də öz növbəsində bunu görərək belə halları çox neqativ qarşılayır.

-İctimai Palatanın aprelin 8-də keçirdiyi aksiyaya Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatından yalnız Açıq Cəmiyyət Partiyasının qatılması həqiqətən də hərəkat daxilində ciddi problemin olmasından xəbər vermirmi?

-Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında müəyyən problemlər gözlənilən idi. Düzdür, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaradılsa da, lakin etiraf etmək lazımdır ki, adı çəkilən qurum hələlik inkişaf yolunda deyil. Konkret olaraq hərəkat özünü bir o qədər də bərqərar edə bilmədi.

-Bunun başlıca səbəbi nədir?

-Bunun bir çox səbəbləri var. Əsas səbəb isə ondan ibarətdir ki, hazırkı vəziyyətdə ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələri bir araya gətirmək mümkünsüzdür. Halbuki indiki halda bütün siyasi qüvvələrin bir araya gəlməsi lazımdır. Siyasi qüvvələrin pərakəndə halda mübarizə aparması sonda iflasa gətirib çıxaracaq.

-Bu günlərdə ölkədə fəaliyyət göstərən 5 müxalifət partiyası birgə fəaliyyət göstərmək barədə ümumi razılığa gəliblər. Açıq Cəmiyyət Partiyasının bu prosesdən kənarda qalması partiyalar arasında ayrıseçkilikdən xəbər vermirmi?

-Hesab etmirəm ki, bu ayrıseçkiliyin göstəricisidir. Düşünürəm ki, müəyyən vaxtdan sonra ölkədəki siyasi durumdan, cərəyan edən proseslərdən asılı olaraq bütün müxalif siyasi qüvvələr bir arada olacaqlar.

-Hazırda müxalifətdaxili vəziyyəti necə qiymətləndirirsiniz?

-Hələlik bu istiqamətdə bir o qədər inkişaf yoxdur. Düzdür partiyalar arasında müəyyən danışıqlar, müzakirələr gedir. Ancaq hələlik müsbət bir tendensiya yoxdur. Hesab edirəm ki, bir müddətdən sonra ölkənin əsas siyasi qüvvələrinin bir arada olması ehtimalı daha böyükdür.

-Partiya liderinin ölkəyə dönüşü istiqamətində fəaliyyətiniz hansı mərhələdədir? Adətən hər seçki öncəsi bu istiqamətdə bir fəallaşma müşahidə edilir.

-Açıq Cəmiyyət Partiyasının lideri seçkilərlə bağlı öz mövqeyini bildirib və qeyd edib ki, seçki mübarizəsində iştorak edəcək. Ancaq ACP liderinin Azərbaycana dönüşü müəyyən proseslərdən asılıdır. Çünki indiki halda Rəsul Quliyevin ölkəyə dönüşünə icazə verilmir. Təbii ki, bu məsələlər həll olunduqdan sonra Rəsul Quliyevin Azərbaycana dönüşü məsələsi də həllini tapa bilər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31