Müxalifətin prezident seçkilərində şansı zəifdir - Fəzail Ağamalı - MÜSAHİBƏ

“İstər “Milyaderlər İttifaqı”, istərsə də digər bir təşkilatın prezident seçkilərində İsa Qəmbərə dəstək verməsi heç bir müsbət nəticə verə bilməz”

"Həmin milyaderlərin Azərbaycan xalqı ilə hər hansı ünsiyyəti, əlaqəsi, Azərbaycan cəmiyyətində yeri yoxdur"

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının "OLAYLAR"-a müsahibəsi

-Fəzail müəllim, Ana Vətən Partiyasının prezident seçkiləri ilə bağlı rəsmi mövqeyi nə zaman açıqlanacaq və partiya seçkilərdə hansı formada iştirak edəcək?

- Ana Vətən Partiyası ölkədə keçirilən bütün seçkilərdə olduğu kimi bu ilki prezident seçkilərində də iştirak edəcək. Lakin konkret qərarımız prezident seçkiləri öncəsi Ana Vətən Partiyasının keçirəcəyi quruıltayda müəyyən olunacaq. Qurultayda bu və ya digər məsələləri müzakirə edib prezident seçkilərində hansı forma və şəkildə iştirak edəcəyimizi qərarlaşdıracağıq.

-Partiyanın qurultayı təxminən nə zamana nəzərdə tutulub? 

-Ana Vətən Partiyasının qurultayı prezident seçkiləri ərəfəsində keçiriləcək. Hesab edirəm ki, partiya əvvəllər də olduğu kimi öz ənənələrinə söykənərək prezident seçkilərində fəal iştirak edəcək.

-Bir qayda olaraq Ana Vətən Partiyası prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləyib. Anoloji addım bu seçkilər üçün də keçərli ola bilərmi?

-Ana Vətən Partiyası olaraq həm 2003, həm də 2008-ci ildə keçirilən prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürmüşük. Onun üçün əsaslandırılmış bsşlıca arqumentimiz ulu öndərimiz Heydər Əliyevin siyasi kursu, dövlətçilik ənənələrinin davam etdirilməsi və ümummilli liderin siyasi idarəçilik komandasında İlham Əliyevin aparıcı mövqe tutması, dövlət xadimi kimi bütün keyfiyyətləri özündə cəmləşdirməsidir. Bütün bu arqumentlərə söykənərək Ana Vətən Partiyası hər iki prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb. Qarşıdan gələn prezident seçkilərində də çalışacağıq ki, öz ənənələrimizə sadiq qalaq.  Lakin müəyyən korrektələr ola bilər ki, bu da yaranmış olan şəraitdən asılıdır.

-Ana Vətən Partiyasının qurultayında partiyanın nizamnaməsində, eləcə də rəhbər strukturlarında hansısa dəyişikliklər gözlənilirmi?

-Qurultayda partiyanın nizamnaməsində dəyişikliklər gözlənilmir. Lakin partiyanın rəhbər orqanlarında dəyişikliklərin olması gözləniləndir.

-Azərbaycan müxalifətinin seçki ilindəki şansını necə dəyərləndirirsiniz?

-Bütövlükdə Azərbaycan müxalifətinin qarşıdan gələn prezident seçkilərində şansları çox zəif, imkanları olduqca məhduddur. İstər bütövlükdə müxalifətin bütün qütblərinin prezident seçkilərində iştirakı, istərsə də onların bəzilərinin seçkidə vahid namizədlə iştiak etmək iddiaları reallaşsa belə, yenə də Azərbaycan müxalifətinin qarşıdan gələn prezident seçkilərində ciddi xarakter daşıyacaq səs belə almaq imkanları olmayacaq.

-Bu arada "Milyaderlər İttifaqı" kimi tanınan qurumun prezident seçkilərində Müsavat Partiyasının başqanı İsa Qəmbəri dəstəkləyəcəyi barədə yayılan xəbərlər proseslərə nə dərəcədə təsir göstərə bilər?

- İstər "Milyaderlər İttifaqı", istərsə də digər bir təşkilatın prezident seçkilərində İsa Qəmbərə dəstək verməsi məncə heç bir müsbət nəticə verə bilməz. Çünki seçkilərin taleyini müəyyənləşdirən Azərbaycan xalqıdır. Həmin milyarderlərin isə Azərbaycan xalqı ilə hər hansı ünsiyyəti, əlaqəsi, Azərbaycan cəmiyyətində yeri yoxdur. Əgər onların Azərbaycanda sosial bazası, Azərbaycan cəmiyyətində ciddi siyasi fiqur, iş adamı kimi yeri yoxdursa, onların  seçki prosesinə təsir göstərmək imkanları da sıfıra bərabərdir. Həmin insanların yaşamış olduğu ərazidə, fəaliyyət göstəmiş olduqları sahələrdə əlbəttə ki, ciddi nüfuzları ola bilər. Bu da təbiidir. Lakin yaddan çıxarmaq olmaz ki, "Milyarderlər İttifaqı" deyilən qurumdakı insanların heç birinin Azərbaycan cəmiyyəti ilə sıx bağlılığı yoxdur. Nə bu yaxınlara qədər Azərbaycanda işləmiş Abbas Abbasov, nə tez-tez Moskvaya gedib gələn və daha çox sifarişli çıxışları ilə diqqəti cəlb edən Rüstəm İbrahimbəyovun belə Azərbaycan cəmiyyətinə təsir göstərmək imkanı yoxdur. Ona görə də mənə elə gəlir ki, onların qarşıdan gələn prezident seçkilərində İsa Qəmbəri dəstəkləməsi seçkilərdə onun qələbə qazanmasına hər hansı bir üstünlük gətirməyəcək.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31