Ermənistanın Azərbaycana qarşı addımları “başadüşülən”dir - MÜSAHİBƏ
Sahibə Qafarova: “Amma İrandakı bir sıra dairələrin antiAzərbaycan mövqeyindən çıxış etmələri hec cür anlaşılan deyil”
24 May 2012 17:55 Müsahibə"İrandakı antiAzərbaycan dairələrinin ölkəmiz əleyhinə addımları fiaskoya uğrayacaq"
"Artıq uğurla öz işinə başlayan "Eurovision-2012" mahnı yarışması ilə bağlı bəzi məkrli dairələr tərəfindən hələ xeyli müddətdən bəri aparılan antiAzərbaycan kampaniyasında erməni diasporu və lobbisi ilə birgə yer alan İrandakı bəzi qüvvələrin-din xadimlərinin, media qurumlarının addımları qəbuledilməzdir". Bunu deyən millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, işğalçı, təcavüzkar dövlətin təmsiçiləri, hər zaman Türk dünyasına, o cümlədən, Azərbaycana qarşı qaralama kampaniyası aparan erməni diasporu, erməni lobbisi ilə həmrəylik mövqeyindən çıxış edən İrandakı bəzi anti-Azərbaycan dairələrinin təxribat xarakterli addımları ancaq və ancaq iki qonşu ölkə arasında münasibətlərin gərginləşdirilməsinə xidmət edir. S.Qafarova bildirib ki, Ermənistanın, onun havadarlarının, erməni diasporu və lobbisinin addımları haradasa "başadüşülən"dir. Amma İrandakı bir sıra dairələrin antiAzərbaycan mövqeyindən çıxış etmələri, islam hümmətindən olan insanları, onların dindaşlarını soyqırımına uğradanlarla eyni mövqeni bölüşmələri hec cür anlaşılan və qəbuledilən deyil: "Erməniləri başa düşmək olar, onlar heç cür Azərbaycanın bu məkanda bir müstəqil dövlət kimi inkişafını, bölgənin lider dövlətinə çevrilməsini, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə, yarışmalara layiqli evsahibliyi etməsini istəmir, bunu qəbul və həzm edə bilmir. Əksinə, bunun qarşısını almaq, əngəlləmək üçün öz məkrli addımlarından bir an olsun belə geri qalmırlar. Bəs görəsən, uzun əsrlərdən bəri bizimlə sərhəd, qonşu olan, eyni zamanda, 30 milyondan artıq soydaşımızın yaşadığı, adında "İslam" sözü olan dövlətin bəzi rəsmi şəxsləri, din xadimləri, media quruluşları Azərbaycandan, azərbaycanlılardan nə istəyirlər, onları bu qədər narahat edən nədir? Görünür, onların da narahatlığının kökündə uzun illərdən bəri müharibə vəziyyətində olmasına baxmayaraq, qısa bir zaman kəsiyində Azərbaycanın əsl inkişafa, çiçəklənməyə, tərəqqiyə nail olması, nəinki Cənubi Qafqazın, bütövlükdə bu bölgənin əsas söz sahiblərindən birinə çevrilməsi və digər amillər dayanır. Onlar da heç cür Azərbaycanın inkişafını, onun dünya arenasında əsas söz və nüfuz sahibinə çevrilməsini istəmir. Elə bu baxmdan da, müsəlman qardaşları olan azərbaycanlılarla bir mövqedən deyil, onun əleyhinə fəaliyyət göstərən dairələrlə-erməni diasporu və lobbisi ilə bir mövqedən çıxış etməyi daha üstün sayırlar. Ancaq onlar da anlamalı, bunu birdəfəlik qəbul etməlidirlər ki, artıq Azərbaycanla zor, hədə, təhdid, təzyiq, şantaj dili danışmaq mümkün deyil və mümkün olmayacaq. Artıq Azərbaycan 90-cı illərin əvvəllərinin Azərbaycanı deyil. Bu səbəbdən də onların antiAzərbaycan fəaliyyəti heç bir nəticə verməyəcək, fiaskoya uğrayacaq ". Millət vəkili eyni zamanda, Azərbaycanın hər zaman İrana qarşı qarşılıqlı anlaşma, mehriban qonşuluq və dostluq siyasəti yürütdüyünü bildirərək, ölkəmizin bu mövqeyində heç bir dəyişikliyin baş vermədiyini qeyd edib: "Azərbaycan ona uzanan dost əlini heç zaman geri qaytarmayıb, əksinə, bu dostluğun daha da möhkəmlənməsinə, sarsılmaz olmasına əməli töhfəsini verib və verməkdədir. Yaxşı olardı ki, nəhayət, İrandakı bəzi dairələr də bu həqiqəti olduğu kimi qəbul edib, iki ölkə arasında münasibətlərin gərginləşməsinə və pozulmasına xidmət edən addımlar atmaqdan birdəfəlik daşınaydılar".
Alim