“Azərbaycanla müharibə Amerika ilə müharibədir” - Vəfa Quluzadə - MÜSAHİBƏ
“Rusiya Amerika ilə müharibə etmək istəyirsə, buyursun öz qoşunlarını Azərbaycana yeritsin”
10 Yanvar 2013 13:11 MüsahibəPolitoloq Vəfa Quluzadə ilə "Rusiyanın Azərbaycana təzyiq vasitələri və Kremlin gələcək layihələri" mövzusunda müzakirə apardıq:
-Vladimir Putinin göstərişinə əsasən Rusiya Hərbi Dəniz Donanması Xəzər dənizində hərbi təlimlərə başlayıb. Yoxsa bununla Kreml Azərbaycana mesaj verir?
- Rus Hərbi Donanmasının Xəzər dənizində hərbi təlimləri Azərbaycana təzyiq vasitəsi hesab oluna bilməz. Rusiya öz hərbi qüvvələrini Xəzər dənizində gücləndirir və bu, Azərbaycanın əleyhinə deyil. Rusiya düşünür ki, İranda müharibə ola bilər, Suriyadakı müharibənin genişlənmə təhlükəsi var. Bu ehtimallara görə rəsmi Moskva öz köhnəlmiş, pis vəziyyətdə olan donanmasını inkişaf etdirir və buna görə də təlimlərə start verib. Həmçinin Rusiyanın yeni seçilmiş müdafiə naziri Sergey Şoyquy da özünü göstərmək istəyir. Təlimlər bu faktorlarla əlaqədardır və onun Azərbaycana heç bir aidiyyatı yoxdur. Azərbaycan çoxdan ABŞ-ın maraq dairəsindədir, əgər Rusiya Amerika ilə müharibə etmək istəyirsə buyursun öz qoşunlarını Azərbaycana yeritsin və Rusiya ABŞ-a qarşı bu qərara getməyə qadir deyil.
-Rusiyada yaşayan azərbaycanlılar etnik mənsubiyyətinə görə təzyiqlərə məruz qalır və bu faktora görə azərbaycanlılar Rusiyadan çıxarıla bilərmi?
- Azərbaycanlıların kütləvi şəkildə Rusiyadan çıxarılması inandırıcı deyil. Çünki, Putin liberal avtoritardır, xalis diktator deyil. Sonra da oradakı azərbaycanlıların əksəriyyətinin öz mövqeləri var, çoxu Rusiya vətəndaşıdır. Buna görə də azərbaycanlılar yaxşı mənada Rusiyaya lazımdır. Lakin, biz Rusiyanın gedəcəyi bütün qərarlara hazır olmalı, bu barədə düşünməliyik.
-Kreml öz imperiya ambisiyalarından geriyə doğru addım atmaq istəmir, hələ bu azmış kimi Vladimir Putin post-sovet ölkələrinə özünün düşüncə məhsulu olan "Avrasiya İttifaqı" layihəsini təqdim etdi. Putin deyir ki, İttifaq 2015-ci ilin mayınadək qurulacaq.
- Çökən imperiyanın heç bir projesi həyata keçməyəcək. Təsəvvür edin ki, MDB artıq neçə ildir ki, fəaliyyət göstərir, MDB dağılmış Sovet İttifaqını bərpa etməli idi. Bütün müstəqil dövlətləri MDB çərçivəsinə salıb yenidən onları RF ilə müttəfiq etmək istəyirdilər, amma bu faktiki baş tutmadı. Tam şəkildə demək olar ki, MDB adlı təşkilat yoxdur. Bütün ölkələr öz ikitərəfli əsaslarda əlaqələrini Qərb, Amerika və başqa müstəqil dövlətlərlə inkişaf etdirirlər. Əgər Rusiya MDB-ni həyata keçirə bilmirsə o zaman o biri projelərini necə həyata keçirə biləcək? Kremlin nə "Vahid gömrük sistemi" layihəsi, nə də ki, digər Asiya projeləri uğurlu olmayacaq.
-Vəfa müəllim, Rusiya Azərbaycandan rəsmi Bakının irəli sürəcəyi hansı şərtlərlə əl çəkəcək?
- Rusiyanın Azərbaycanla bağlı konkret məqsədləri var. Lakin, buna baxmayaraq Rusiyanın Azərbaycanı öz təsir dairəsinə salmaq üçün heç bir cəhdi uğurlu alınmadı. Çünki, Azərbaycana özünə məxsus olan səlahiyyətlərin heç birini Rusiyaya vermədi və bu cür davam edəcək. Rusiya bizdən əl çəkməyəcək və biz də Rusiyadan əl çəkməyəcəyik, ikitərfli əlaqələrlə münasibətləri davam etdirəcəyik. Rusiyanın irəli sürdüyü razılaşma təklifləri rüşvət psixologiyasıdır, millət və dövlətdən rüşvət vermək mümkün deyil. Biz millətimizi, dövlətimizi qoruyurub saxlayacağıq.
Mənsur Rəğbətoğlu