İctimai Palata qrant alma layihəsinə çevrilib - MÜSAHİBƏ

Əhməd Oruc: “Səkkizliyin hansısa bir restoranda yığışması keçəbölüyün fəaliyyətini xatırladır”

 "Hesab edirəm ki, onlar artıq heç bir ciddi fiqur sayıla bilməzlər"

Demokratik Qüvvələrin Məşvərət Məclisinin Sədrlər Şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Orucun "OLAYLAR"-a müsahibəsi

-Əhməd bəy, 2013-cü ildə Azərbaycan müxalifətini nə gözləyir?

-Bizdə belə bir fikir var ki, 13 rəqəmi nəs rəqəmdir. Astroloqlar da qeyd edirlər ki, bu il qara ilan ilidir və  bu il Yupiter bürcündədir. Ona görə də proseslər aktiv fazaya keçəcək. Bundan başqa İranla bağlı beynəlxalq aləmin təzyiqləri artıb və bu prosesin də Azərbaycana müəyyən mənada təsir edəcəyi şübhəsizdir. Xüsusilə, bu il keçiriləcək prezident seçkiləri Azərbaycan üçün mühüm əhəmiyyətə malik bir hadisəyə çevriləcək. Bütün parametrlərdən göründüyü kimi bu il olduqca gərgin keçəcək, hadisələr sürətlə cərəyan edəcək. Bu gərginlikdən öz növbəsində müxalifətə də pay düşəcək. Ona görə də 2013-cü ildə müəyyən uğurlarımız və ya böyük uğursuzluqlarımız ola bilər. Ümid edək ki, 2013-cü ildə müxalifət olaraq uğurlarımız daha çox olacaq. Bu uğurlara nail olmaq üçünsə Azərbaycan müxalifətinin, milli demokratik platformadan çıxış edən qüvvələrin toparlanması, bir mərkəzdə fəaliyyət göstərməsi zəruridir. Yalnız bu halda Azərbaycan müxalifəti 2013-cü ildə hansısa uğurdan danışa bilər. Əks halda yuxarıda qeyd etdiyim kimi Azərbaycan müxalifəti 2013-cü ildə böyük uğursuzluqlarla üzləşəcək.

-Hazırkı situasiyada müxalifətin uğur qazanacağına inanmaq mümkündür?

-Azərbaycan müxalifəti çoxqütblü, çoxtərəflidir. Hazırda ölkədə müxtəlif səbəblərdən hakimiyyətə qarşı müxalifətdə olan qüvvələr var. Bu gün ölkədə yalançı müxalifət, cib müxalifəti, parlament müxalifəti, radikal müxalifət və milli demokratik platformadan çıxış edən müxalifət mövcuddur. Onların da hər birinin 2013-cü illə bağlı müəyyən gözləntiləri var. Ümumiyyətlə, cari ildə bir-birinə tamamilə zidd olan proseslər baş verə bilər.

-Azadlıq Partiyasının da təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisinin seçki komissiyalarının yenidən formalaşdırılması ilə bağlı hazırlamış olduğu təkliflər paketi müvafiq dövlət qurumlarına təqdim edilibmi?

-Hələlik həmin təkliflər paketini lazımı orqanlara göndərə bilməmişik. Guya hüquqşünaslar hansısa yeni bir memorandum hazırladılar. Ancaq həmin memorandumda da yeni heç bir şey yoxdur. Faktiki olaraq müxalifətin əhəmiyyətli bir hissəsini bu layihə ətrafında toparlaya bilmədik. Düzdür, həmin layihəni ictimai rəyə təqdim edə bildik ki, ortada belə bir sənəd var və bu sənəd Azərbaycanda seçki saxtakarlıqlarını aradan qaldıra bilər. Ancaq onu rəsmi sənəd halına salaraq nə ATƏT-in Varşava bürosu, nə də Avropa Şurasına göndərə bilməmişik.

-Bu arada Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizəd olaraq irəli sürülməsi sizcə  indiyə qədər müxalifətin vahid namizədinin müəyyən edilməsi istiqamətində aparılan müzakirələri arxa plana keçirmiş olmadımı?

-Mən belə hesab etməzdim. Çünki vahid namizəd məsələsinə israrlı olan təbəqə seçkiyə bir gün qalana qədər belə bu iddia ilə çıxış edəcək. Ancaq proseslərin gedişindən o da görünür ki, bu gün müəyyən bir kəsim boykot əhval ruhiyyəsindədir. Digər bir kəsim isə bütün hallarda prezident seçkilərinə qatılmağa üstünlük verir. Ona görə də hesab etmirəm ki, vahid namizəd məsələsi tamamilə sıradan çıxıb. Ancaq o da gözlənilən deyil ki, vahid namizəd məsələsi tezliklə həllini tapacaq. Ümumiyyətlə, bu uzanan bir prosesdir və müəyyən zaman tələb edir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan müxalifətinin böyük bir kəsimindən bu düşərgənin toparlanmaması üçün həm hakimiyyət, həm də beynəlxalq güclər tərəfindən məqsədli şəkildə istifadə edilir.

-Sizcə, Müsavat Partiyasının namizəd müəyyən etməsi İctimai Palata daxilində gərginliyi bir qədər də artıracaqmı?

-İctimai Palata bir layihədir. Onlar uzun müddətdir ki, qeyri-real tezislər, ideyalar irəli sürürlər. Prezident seçkiləri yaxınlaşdığı bir ərəfədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyirlər. Yaxud dövlət başçısı öz postunda qaldığı halda prezident seçkilərinin keçirilməsi kimi qeyri-ciddi mövqe ortaya qoyurlar..Açığı İctimai Palata bir qrant alma layihəsinə çevrilib. İctimai Palata faktiki olaraq müxalifət düşərgəsində yeni bir mərkəzin yaranmasının qarşısını almaq üçün həm hakimiyyət, həm də Qərb tərəfindən idarə edilən bir institutdur. İctimai Palata daxilində nə qədər ziddiyət, problem olsa da, orada təmsil olunan partiyalara "bir yerdə olun" deyən qüvvələr daha güclüdür. Ona görə də bu qüvvələr onların sözündən çıxa bilməzlər. Hesab edirəm ki, həmin qüvvələr İctimai Palatanı bu və ya digər formada prezident seçkilərinə qədər sürüyüb aparacaqlar.

-Bir müddət əvvəl "Asiman" restoranında müxalifətin vahid namizədinin müəyyən edilməsi məqsədilə keçirilən məsləhətləşmələrin müsbət nəticəsi olacaqmı?

-Hesab edirəm ki, bu cür görüşlər yalnız baş qatmaq üçün keçirilir. Bu kimi təşəbbüslər ciddi müzakirələrin keçirilməməsi üçün ortaya atılır. Belə təşəbbüslər və həmin təşəbbüs çərçivəsində keçirilən görüşlər yaxın tarixi xatırladır. Vaxtıilə kənd və qəsəbələrə kəndirbazlar gəlirdilər və onlar müxtəlif nömrələr, ağır gedişlər nümayiş etdirirdilər. Kəndirbazın yanında isə, daha doğrusu yerdə şou çıxaran, üz-gözünə podra vuraraq hoppanıb düşərək uşaqları güldürən keçəbölük olurdu. Bu mənada səkkizliyin hansısa bir restoranda yığışması keçəbölüyün fəaliyyətini xatırladır. Hesab edirəm ki, onlar artıq heç bir ciddi fiqur sayıla bilməzlər və həmin partiya və şəxslər öz ciddiyətlərini itiriblər. Bu günə qədər onlar yüzlərlə, minlərlə görüş keçirərək yüzlərlə yalançı bəyanatlar veriblər. Əgər bir gün qaranlıqlar yox olsa kimin əlinin kimin cibində olduğunu aydın görəcəyik. O zaman hamıya məlum olacaq ki, həmin şəxslər məzlum, kimlərdənsə asılı olan olan adamlardırlar. Həmin dairələri idarə edən qüvvələr var və onlara hara yığılan desələr onlar da o istiqamətə cəmləşəcəklər. Düşünürəm ki, bu kimi təşəbbüslər və görüşlərin Azərbaycan cəmiyyəti üçün yalmız mənfi nəticələri ola bilər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31