"Diaspor təşkilatlarımız daha sıx həmrəylik nümayiş etdirirlər" Nazim İbrahimov - MÜSAHİBƏ
“Azərbaycanın tanıdılmasında diasporumuzun da xüsusi rolu var”
28 Dekabr 2012 17:29 Müsahibə"Yeni akademik üsullarla, ziyalılar, aktiv gəncliyi bu işə cəlb etməklə Azərbaycan diasporunun dünyadakı fəaliyyətini gücləndirmək istəyirik"
Ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarına bəxş etdiyi Həmrəylik Günü hər il ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar tərəfindən bayram kimi qeyd edilir. Məhz bu günlər ərzində azərbaycanlıların daha sıx həmrəylik nümayiş etdirdiyini deyən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov növbəti illərdə Azərbaycan diasporunun qarşısında duran prioritet vəzifələrdən də danışıb. Dövlət Komitəsinin sədri Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı rəhbərlik etdiyi qurumun mövqeyinin dəyişməz qaldığını vurğulayıb. Bildirib ki, bu təşkilatın yaranması zamanı bəzi şəxslər bundan sui-istifadə edərək Rusiyada nüfuz qazanmağa çalışıb.
-Nazim müəllim, mümkünsə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyəti barədə məlumat verərdiniz?
-1991-ci ildən başlayaraq bu böyük bayramı bizə ümummilli lider Heydər Əliyev bəxş edib və bütün dünya Azərbaycanlıları hər il 31 dekabr tarixini özünün həmrəylik günü kimi qeyd edir. On ildən artıqdır ki, fəaliyyət göstərən Diasporla İş üzrə Dövlət Komitəsi də ümummilli liderin dünya azərbaycanlılarını bir araya gətirmək ideyasını, onun başladığı işi davam etdirir. Məlumat üçün qeyd edim ki, ümummilli lider Heydər Əliyev məhz dünya azərbaycanlılarını bir araya gətirmək üçün belə bir dövlət qurumu yaradıb. Biz də özümüzə borc bilirik ki, Dövlət Komitəsinin kollektivi, Azərbaycan diasporuna aidiyyatı olan insanlarla birlikdə ümummilli liderin xatirəsini yad edək, onun xatirəsinə olan böyük ehtiramımızı bildirək. Həm də onun qarşısında hesabat verək ki, ötən illər ərzində hansı işlər görülüb, qarşımıza qoyduğu böyük, strateji vəzifələr necə yerinə yetirilib. Çünki Heydər Əliyev böyük bir dahi insan idi və ona görə də onun bizim qarşımızda qoyduğu vəzifələri uzun illər ərzində, bəlkə də bizim ömrümüz yetməyəcək bir müddətdə həyata keçirmək də mümkün olmur. Bu Azərbaycanın gələcəyi, xoşbəxtliyi üçündür. Çox sevindrici, xoşbəxt bir haldır ki, ümummilli liderin yolunu davam etdirən möhtərəm prezidentimiz həqiqətən də diaspora, dünya azərbaycanlılarının həmrəyliyi işinə xüsusi diqqət yetirir, bu prosesi nəzarətdə saxlayır. Bu da Azərbaycan diasporunun qısa bir müddət ərzində formalaşması, daha güclü, yeni metodlarla bədxah qonşularımız olan düşmənlərimizin bizə qarşı atdığı addımların önlənməsinə yardım edir. Hesab edirəm ki, ötən illər ərzində diaspor təşkilatlarımız xüsusi irəliləyiş əldə ediblər və artıq daha sıx həmrəylik nümayiş etdirirlər. Bu həmrəylik də özünü hər yerdə göstərir. Cənab prezidentin bizim qarşımızda qoyduğu bu mühüm vəzifələr uğurla icra edilir. Cənab prezidentin də qeyd etdiyi kimi biz artıq özümüzü qorumaq, müdafiə etməkdən daha çox hücum taktikasına keçməliyik. Çünki bizim işimiz haqq işidir, torpaqlarımız, ərazilərimiz işğal olunub. Ona görə də Azərbaycan dünyada haqq səsini tanıtmaq üçün diasporanın da qüvvəsindən istifadə etməlidir. Hər bir diaspor üzvünün də borcudur ki, bu işdə Azərbaycan dövlətinin yanında olsun, Azərbaycanın haqq səsini dünyaya çatdırsın. Hesab edirəm ki, bütün dünyada olan azərbaycanlılar bunu edirlər. Əsasən də Həmrəylik Günündə bir yerə toplaşaraq bir daha Azərbaycan dövlətinin ətrafında necə sıx birləşdiklərini, ümummilli liderin ideyalarını necə həyata keçirdiklərini, cənab prezidentin onların qarşısında qoyduğu vəzifələri necə icra etdiklərini nümayiş etdirirlər.
-Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti barədə mövqeyiniz nədən ibarətdir?
-Biz əlbəttəki, dünyada diaspor hərəkatının formalaşması, onun strukturlaşmasına çox ciddi fikir veririk. Bu böyük strateji işdir. Hər zaman hansısa dövlətlərdə müəyyən təşkilatların yaranması, onların möhkəmlənməsinə, istiqamətlənməsinə xüsusi diqqət yetiririk. Onların hər birinə olan diqqətimiz fərqlidir. Ola bilər ki, hər hansı bir dövlətdə bir və ya bir neçə təşkilatın yaranmasını alqışlayırıq. Yaxud başqa bir dövlətdə həmin təşkilatların yaranması Azərbaycan diasporuna ziyan gətirə bilər deyə ona mənfi münasibət bəsləyirik. Rusiyada yaranması istənilən, hələlik heç bir fəaliyyəti olmayan bir təşkilata da biz öz mənfi münasibətimizi bildirdik. O prosesə əvvəldən mənfi münasibət bildirmişik və hesab edirdik ki, hər hansı bir azərbaycanlı doğurdan da Azərbaycan dövləti, dövlətçiliyinə xidmət etmək, yaxud yaşadığı ölkədə həmin ölkənin layiqli vətəndaşı kimi dövlətlərarası münasibətlərin inkişafını istəyirsə mövcud təşkilatların birində çalışa, fəaliyyət göstərə, həmin təşkilatın fəaliyyətini gücləndirə bilər. Nəticədə isə doğurdan da diaspora işi inkişaf edər. Təşkilatlar mövcud olan yerdə, onların işini bu qədər yüksək diqqətdə saxlayıb inkişaf etdirdiyimiz bir vaxtda hər hansı təşkilatın yaranması Rusiyada olan ÜmumRusiya azərbaycanlılarının birliyinə ziyan gətirən bir amil kimi tərəfimizdən dəyərləndirildi. Bir daha bəyan edirik ki, hər hansı bir azərbaycanlı doğurdanda Azərbaycan dövlətçiliyinə sədaqətli olduğunu söyləyirsə, sözü ilə əməli bir-birinə uyğun gəlirsə o cəhətdən həmin insanlar doğurdan da bizim soydaşımız, azərbaycanlımızdır. Biz o insanlarla bir yerdəyik, hər zaman da onlarla bir yerdə fəaliyyət göstərməyə hazırıq. Bir daha qeyd edirəm ki, əgər söylədikləri fikirlərlə onların atdıqları addımlar bir-birinə uyğun gələcəksə. Bu haqda danışmaq hələ ki, tezdir. Bu işə bir zaman lazımdır. Mətbuatda bununla bağlı çox şeylər səsləndi, ictimai fikir bu barədə hər şeyi söylədi. Eyni zamanda dövlət adamları müəyyən analizlər edib bu məsələdə zamana ehtiyac olduğunu gördülər. Bu işdə iştirak edənlərin hər birinin Azərbaycan dövlətinə bağlı olduqlarını söyləyənlər də oldu. Həmçinin bu işdən sui-istifadə edib özünə Rusiyada xal qazanmaq istəyənlər də oldu. Azərbaycanla heç bir əlaqəsi olmayan, son 10 ildə bir dəfə də Azərbaycana gəlməyən adamlar da bu prosesdə öncüllük edib irəli çıxmaq istədilər. Ancaq zaman hər şeyi öz yerinə qoyur. İctiimai rəy bu işlərdə həddən artıq aktiv olduğundan heç bir şəxs belə məsələlərdən sui-istifadə edərək özünə xal qazana bilməz. Azəbaycan dövlətinin, dövlət strukturlarının da bu işdə mövqeyi birmənalıdır. Bu barədə dövlət strukturlarının nümayəndələri də öz fikirlərini bildiriblər. Bir daha qeyd edirəm ki, həmin qurumun yaranması Rusiyada olan Azərbaycan diasporunun təşkilatlanmasına ziyandan başqa bir şey gətirə bilməz. Bu fikirimizdə də qalırıq. Yəqin ki, gələcəkdə də belə olacaq. Əgər orada iştirak edən azərbaycanlılar başqa təşkilatlarda təmsil olunmaq istəyirlərsə, buyursunlar, yol açıqdır. Hər kəsin Azərbaycan diaspurnun güclənməsində iştirakını alqışlayırıq.
-2013-cü ildə Azərbaycan diasporu üçün əsas prioritetlər nələr olacaq? Qarşıdakı illərdə fəaliyyət baxımından yeni yanaşmalar ortaya qoyulacaqmı?
-Artıq virtual aləm kifayət qədər inkişaf edir və əvvəlki illərdən fərqli olaraq indi kommunikasiya əlaqələri o qədər güclənib ki, yeni yaranmış situasiyadan istifadə etmək lazımdır. Bu Azərbaycan diasporunun formalaşması, həmin prosesin sürətlənməsi üçün xüsusi rol oynaya bilər. Hesab edirəm ki, gələcəkdə diaspor təşkilatları arasında daha sıx əlaqələr qurulacaq və bu əlaqələr də yaxın gələcəkdə Azərbaycan diasporunun bütün dünyada nümunəvi bir diaspora çevriləcəyinə işarə olacaq. Mənim son zamanlar bir sıra ölkələrin diaspor işinə başçılıq edən qurumlarının rəhbərləri ilə götüşlərim, söhbətlərim olub. Hiss edirəm ki, artıq bizim qısa müddət ərzində qazandığımız təcrübədən dünyanın bir sıra ölkələri model olaraq istifadə etmək istəyirlər. Bunu heç də gizlətmirlər. Onu da nəzərinizə çatdırım ki, bu yaxınlarda türkdilli dövlətlərin diaspor qurumlarının Bakıda toplantısı keçiriləcək. Həımin toplantının yanvar ayında keçirilməsi nəzərdə tutulub. Eləcə də bir bir çox dünyəvi qurumlar artıq bizim xəttimizlə Azərbaycanda öz toplantılarını keçirmək istəyirlər. Bu da Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük nüfuzdur. Azərbaycan iqtisadiyyatının yüksəlməsi, beynəlzalq siyasi aləmdə qazandığı nailiyyətlər, dövlət, milli maraqlarımızı nəzərə alaraq çətin, mürəkkəb bir dünyada cənab prezidentin atdığı addımlar dünyanın hər yerindən Azərbaycana olan marağı artırır. Hesab edirəm ki, Azərbaycanın tanıdılmasında diasporumuzun da xüsusi rolu var. Ona görə də qeyd etdiyimiz kimi biz artıq yeni akademik üsullarla, ziyalılar, aktiv gəncliyi bu işə cəlb etməklə Azərbaycan diasporunun dünyadakı fəaliyyətini gücləndirmək istəyirik. Bizim əsas bir ana vəzifəmiz var ki, o da Azərbaycan torpaqlarının işöaldan azad edilməsidir. Dünyada Azərbaycanın haqqının qəbul edilməsi üçün yorulmadan çalışırıq. Eyni zamanda Leyla xanım Əliyevanın Xocalı soyqırımının tanıdılması məqsədilə başladığı "Xocalıya ədalət" kampaniyası kimi bir prosesin daha da gücləndirilməsi qarşıda duran vəzifələr sırasındadır. Bir neçə belə ideyalar var ki, onları həyata keçirəcəyik. Həmçinin Leyla xanım Əliyevanın rəhbərlik etdiyi AMOR təşkilatı, yeni yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyi və digər bu kimi gənclər şəbəkəsinin də diaspor sahəsinə böyük köməyi var, çox böyük işlər görülür. Dünya Azərbaycanlı Gənclər Birliyininin fəaliyyətinin də gücləndirilməsi çox böyük vəzifələrdən biridir ki, daha yüksək təhsil almış dünya ölkələrindəki Azərbaycan gəncliyi bu təşkilatın ətrafında birləşib Azərbaycan həqiqətlərini dünyanın akademik institutlarına, elmi-siyasi müstəviyə daha düzgün çatdırılmasına nail olsun.
Süleyman İsmayılbəyli