Cinayətlər çoxalmağa doğru sürət yığıb - MÜSAHİBƏ
Mahmud Hacıyev: “Sifarişli qətllərin üstünün açılması həmişə çətin olub”
28 Dekabr 2012 15:20 MüsahibəSon zamanlar cinayətkarlıq hallarının sayı çoxalıb, bu çərçivədə ən pis hal isə cəmiyyətin əksər ünsürlərinin bu tip hadisələrə meyilli olmasıdır. Artıq Azərbaycan televiziyaları və mətbuatının gündəmin əsas manşetləri kriminal hadisələrə bağlı olan məlumatlarıdır. Oğurluq, narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı, yol hərəkətinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, dələduzluq, xuliqanlıq, soyğunçuluq, qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən adam öldürmə, quldurluq, zorlama və zorlamaya edilən cəhd ən çox yayılan cinayətkarlıq hadisələridir. Son vaxtlarda cinayət hadisələri içərisində ən çox yayılanı isə sözsüz ki, azyaşlı uşaqlara qarşı cinsi təcavüzdür.
Məsələ ilə bağlı kriminalist Mahmud Hacıyevlə fikir mübadiləsi apardıq.
Mahmud bəy, son zamanlarda Azərbaycanda cinayət hallarının sayı ədədi silsilə üzrə artır. Yəni insanlar bu qədər qəddarlaşıb?!...
- İstəyir cinayət xarakterli əməl olsun, istəyir inzibatı xəta olsun, əgər bunların qarşısının alınması üçün mübarizə düzgün qurulmayıbsa, onun qarşısının alınması istiqamətində profilaktik tədbirlər görülməyibsə və bunun qarşılığında hüquq mühafizə orqanları cinayətlərin açılmasında peşəkarlıq göstərmirlərsə bu cür halların artması məntiqə uyğundur. Əgər hər hansı kiçik cinayət hadisəsi oldusa hüquq mühafizə orqanlarının əməliyyat istintaq işi onu yüksək peşəkarlıqla dərhal açmalıdır. Bu cür hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir. Müəyyən cinayət tərkibli əməllər var ki, baş verəndə onların bir hissəsi qeydə alınmır, çoxdan gizlədilir. Bu faktor da cinayəti törədən həmin şəxsə yeni cinayət üçün lüzum verir. Bu cür şəxslər görürlər ki, hüquq mühafizə orqanları cinayəti gizlədir və o da yenisini törətməyə meyilli olur. İnsanların sosial, iqtisadi vəziyyəti də cinayət hallarının artmasına səbəb olur.
-Aradan uzun zaman keçdi, amma hələ də Rail Rzayev və Elmar Hüseynovun qətllərinin üstü açılmadı
-Sübut olundu ki, Rail Rzayev və Elmar Hüseynovun öldürülməsi sifarişli qətllərdir. Onların qətlə yetirilməsi müəyyən siyasi qruplar qruplar tərəfindən sifariş verilib. Bu cür cinayətlər çox peşəkarlıqla icra olunur və yüksək peşəkarlıqla baş verən cinayətlərin üstünün açılması həmişə çətin olur. Bu cinayətlərin arxasında müəyyən qüvvələr var ki, məhz bunun açılmasına qəsdən maneə olurlar.
-Cinayət xarakterli məlumat çoxluğu insanlarda psixi pozğunluq yaradır
-Cinayətkarlıq hallarına artan meyilliliyin bir tərəfi də insanların psixoloji vəziyyətidir. Günü-gündən artan cinayət hallarının sürət almasının bir səbəbi də mətbuatda bu cür məlumatların həddindən artıq çoxluğudur. Bu tip məlumatlar arasında azyaşlı uşaq zorlamaları barədə informasiyalar üstünlük təşkil edir. Cinsi təcavüzlə bağlı hərəkətlərə qarşı dini qadağalar olduğu üçün cəmiyyətin əksər hissəsi bundan məlumatsız olurlar və bu tip məlumatların açıqlığı ilə gündəmə gəlməsi insanlarda o şeylərə qarşı şərti refleks baş verir. Nəticə etibarilə cinayət hadisələri zəncirvari şəkil alır. Tək zorlamalar yox, həmçinin digər cinayətlər də eyni səbəblərə görə tez-tez təkrarlanır. Məsələyə münasibət bildirən psixoloq Dəyanət Rzayevin sözlərinə görə insanlarda psixopozitatsiya müşahidə olunur, cəmiyyətin bəzi ünsürlərində psixopatlaşma gedir: "Psixopat o insandır ki, nə özü yaşayır, nə də ki, başqasını qoyur yaşamağa. Əgər bu gün avtobus sürücüsü texnikanı təhlükəli idarə edirsə, yol hərəkəti qaydalarını pozursa o normal insan deyil, həmin şəxslərə tibbdə psixiopat diaqnozu qoyulur. Əslində cinayət hallarının baş verməsi normalıdır. Polislər cinayət hallarının üstünü açır, bu əsas şərt deyil, məsələdə ən vacib amil bununla bağlı profilaktik tədbirlər görülməlidir ki, qarşısı alınsın. Çox təəssüflər olsun ki, bu barədə heç bir tədbir görülmür"
Mənsur Rəğbətoğlu