Cəmiyyətin inkişafını peşəkar və hazırlıqlı gənc mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil
Bu gün istər Azərbaycanda, istərsə də digər ölkələrdə tanınmış şirkətlər, aparıcı müəssisələrin əsas diqqət yetirdiyi sahələrdən biri də (HR) insan resursları sahəsidir. Bir qayda olaraq inkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər.
15 Yanvar 2018 13:51 MüsahibəÇimnaz Qasımova: "Azərbaycanda bəzi şirkətlər HR xidmətinin funksiyasını tam mənada tətbiq edə bilmir"
"Bu cür şirkətlərdə HR xidməti keçmiş, inzibati qaydada idarə olunur"
Bu gün istər Azərbaycanda, istərsə də digər ölkələrdə tanınmış şirkətlər, aparıcı müəssisələrin əsas diqqət yetirdiyi sahələrdən biri də (HR) insan resursları sahəsidir. Bir qayda olaraq inkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər. Sevindirici haldır ki, son illlər Azərbaycanda da HR mütəxəssislərinin hazırlanmasına ciddi diqqət yetirilir, şirkətlər bu sahədə aparıcı ölkələrin təcrübəsindən yararlanmağa çalışırlar. Bəs görəsən, HR mütəxəssislərinin seçilməsi zamanı əsas etibarilə nəyə diqqət yetirilməlidir? Ümumiyyətlə Azərbaycanda bu sahədə vəziyyət hansı səviyyədədir və inkişaf perspektivləri varmı? Bu və ya digər suallarla HR (insan resursları) sahəsində peşəkar mütəxəssis, kouç, təlimçi Çimnaz Qasımova ilə söhbətləşdik. Məlumat üçün qeyd edək ki, Çimnaz Qasımova HR sahəsində bir sıra nüfuzlu xarici və yerli qurumlarda çalışıb və bu sahədə böyük beynəlxalq təcrübəyə malikdir.
-Çimnaz xanım, hazırda HR mütəxəssislərinin hazırlanması, bu sahədə Azərbaycanda maarifləndirmə və təkmilləşmə məsələləri nə dərəcədə aktualdır?
-Hesab edirəm ki, bu sahədə ən çox gənclərin peşəkarlıq vərdişlərinin və biliklərinin artırılmasına ehtiyac var. Çünki onlar bizim cəmiyyəti idarə edəcək, irəli aparacaq gələcəyin mütəxəssisləridirlər. Bu bir reallıqdır ki, bu gün cəmiyyətin inkişafını peşəkar və hazırlıqlı gənc mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil. Çünki onların inkişafına, bu baxımdan, dəstək vermək lazımdır.
-Bəs şirkətlərdə bu sahəyə nə dərəcədə önəm verilir?
-Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda bəzi şirkətlər HR xidmətinin funksiyasını tam mənada tətbiq edə bilmir. Bu cür şirkətlərdə HR xidməti keçmiş, inzibati qaydada idarə olunur. Bununla belə, HR mütəxəssislərimiz öz inkişaflarına ciddi yanaşmaqla təlim, seminarlarda iştirak edərək beynəlxalq sertifikatlar əldə edirlər və xarici təcrübənin ölkəmizdə tətbiqinə çalışırlar.
-Xarici ölkələrdə HR sahəsinə nə dərəcədə önəm verilir?
-Xaricdə şirkətlər HR peşəkarlarına biznes tərəfdaşlar kimi yanaşdıqlarından onların inkişafına xüsusi diqqət ayırırlar.Qeyd etdiyim kimi, işçilərin təlim, seminar, o cümlədən innovativ texnologiyaların da tətbiqi üçün tələb olunan bütün xərcləri şirkətlər qarşılayır. Onu da bildirmək yerinə düşər ki, HR sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tam işlək halda tətbiqində məsuliyyət HR mütəxəssislərinin də üzərindədir. Biz beynəlxalq HR təcrübəsinin Azərbaycanda arzuolunan səviyyədə tətbiqinə səylərimizi əsirgəməməliyik. Məsələn, hazırda beynəlxalq konfrans və təlimlərdə iştirak edirəm, HR sahəsində beynəlxalq tədbirlərə qatılıram və bu sahədə dünyada baş verən prosesləri mütəmadi şəkildə izləyirəm. Bütün bunlar HR sahəsində üstün hazırlıqlı səviyyəni qoruyub saxlamaq və bu sahədə dinamik dəyişikliklərə uyğunlaşmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda tam tətbiqinə töhfə verməkdir. Ümumiyyətlə, ənənəvi və strateji insan resursları modelləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Artıq bir çox biznes sahələri faydalılığına görə strateji müasir HR modelinə keçiblər. Bunu da dünyada iqtisadi sahədə baş verən rəqabət mühiti formalaşdırıb. Müasir HR xidməti şirkətin daha böyük planlarına uyğun strateji planı əsasında hazırlanır. Halbuki ənənəvi "kadrlar şöbəsi", demək olar ki, tamamilə inzibati xarakter daşıyır. "Kadrlar şöbəsi"ndə intizam sistemi biznesdə zəruri hesab olunur. Strateji insan resurslarının idarə edilməsində isə təcrübə əsas götürülür. İşçilər şirkətin ən dəyərli aktivləri olduğundan bu ən önəmli amillərdəndir. Digər bir fərq isə onların icrası zamanı ortaya çıxır. Ənənəvi insan resurslarının idarə edilməsi ilə əlaqədar tədbirlər yalnız lazım olduqda görülür. Müasir HR xidmətində isə yarana biləcək potensial məsələlərin həlli üçün əvvəlcədən sistemlər tətbiq edilir. Yəni müasir HR xidməti insan resurslarını strateji qiymətləndirərək, bir hadisənin baş verməsini gözləmədən insanları idarə etməyin daha səmərəli formasından istifadə edir. "Kadrlar şöbəsi"nin idarə edilməsində əsas diqqət fərdi işçilər olduğu halda, müasir HR xidmətində isə HR menecerləri bütövlüklə şirkətə diqqət yönəldir. Şirkətlər qərarların işçi qüvvəsinə necə təsir etdiyini araşdırır. Onlar işçinin inkişafına şərait yaradan iş yeriyaratmağa çalışırlar. Bu da insan resursları menecmentinin daha effektiv və səmərəli olmasına gətirib çıxarır. Bir sözlə, inkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər. Həmçinin xaricdə şirkətlər HR fəaliyyətinin vacibliyinə görə bu sahənin inkişafına önəmli vəsait sərf edirlər. Onlar bu sahədə mütəxəssislərin inkişafı və yeni texnologiyaların tətbiqində çox maraqlıdırlar.
-Bu sahədə nə zamandan fəaliyyət göstərirsiniz?
-Məlumat üçün qeyd edim ki, Bakı şəhərində anadan olmuşam. Uzun müddət, 17 il HR sahəsində çalışmışam. Bu zəngin təcrübənin 14 ilini "Şlumberje" beynəlxalq neft şirkətində HR mütəxəssisliyinə həsr etmişəm. 14 ilin dörd ilini Qazaxıstanın Atırau şəhərində və Sinqapurda işləmişəm. 2015-ci ildə Bakıya qayıdaraq 2015-2017-ci illərdə "Paşa Bank"da HR direktoru, Baş İR inzibatçısı vəzifələrində çalışmışam. Hazırda HR üzrə bəzi beynəlxalq sertifikatlar üzərində işləyirəm və onların əldə edilməsinə çalışıram. Düşünürəm ki, 20 il çalışdıqdan sonra şəxsi inkişafıma da yer verməliyəm. Əsas fəaliyyətim "kouçinq" və təlimçilik üzərində qurulub.
-Səhv etmirəmsə bir müddət əvvəl HR və gənclərin liderlik, menecmentlik qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində fəaliyyətə görə mükafata da layiq görülmüsünüz
-Sizin də qeyd etdiyiniz kimi bir neçə gün öncə "E Media Group" tərəfindən "The Best of Azerbaijan" mükafatına layiq görüldüm. "E Media Group" tərəfindən bu mükafata layiq görülənlərə mükafatların təqdimetmə mərasimi keçirildi. "The Best of Azerbaijan"mükafatını alanlardan biri də mən oldum. Mükafat mənə indiyədək gənclərinmaarifləndirilməsi, menecmentlik, liderlik sahələrində bilik və vərdişlərinin artırılması, həmçinin HR sahəsində əldə etdiyim nailiyyətlər, qazandığım təcrübənin gənclərlə bölüşülməsinə görə verilib. Bir sözlə bu mükafatı da HR və "kouçinq" məsələləri ilə bağlı gənclərin maarifləndirilməsi, onların bu sahələrdə bilik və bacarıqlarının artırılmasında fəal iştirakıma görə almışam. Bu sahəyə hazırda böyük maraq göstərdiyimə görə bu sahədə intensiv fəaliyyətə üstünlük verirəm. Düşünürəm ki, bu baxımdan cəmiyyətə daha çox fayda verə və müvafiq sahələr üzrə peşəkarlıq vərdişlərinin artırılması işinə qatıla bilərəm.
Süleyman İsmayılbəyli