Telekanallarda bəzən elə reseptlər təqdim olunur ki, həddindən artıq eksperimentaldır - Nizami Cəfərov

“İnsanlar da ona uyub, xüsusilə yağlı yeməklərə meyllənib nəticə etibarilə bir sıra problemlərlə üzləşirlər”

Müsahibimiz millət vəkili, Milli Məclisin  mədəniyyət komitəsinin sədri  Nizami Cəfərovdur

-Nizami müəllim, uzun müddətdən bəri cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş  "Mədəniyyət  haqqında"  yeniləşdirilmiş qanun layihəsi nəhayət, bu günlərdə  parlament tərəfindən qəbul olundu. Ancaq  Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov mətbuata açıqlamasında  bildirmişdi ki,  milli kulinariya nümunələrinin siyahısı təsdiqlənəndən sonra bütün yemək nümunələrinin  pasportlaşdırılması məsələsi burada  öz əksini tapacaq.  Bilmək istərdik ki, son oxunuşda həmin məqamlar öz əksini tapdımı?

-Hesab edirəm ki,  biz  hələ  o zaman çox düz etdik ki, Tahir Əmiralanovu da Milli Kulinariya Mərkəzinin rəhbəri kimi  "Mədəniyyət haqqında" qanun layihəsinin komitəmizdə keçirilən ikinci oxunuşunun müzakirəsinə  dəvət etdik. Çünki Tahir Əmiraslanov o sahədə yaxşı mütəxəssisdir və  həmin mərkəzin də dünyada  Azərbaycan yeməklərinin təbliğində kifayət qədər böyük təcrübəsi var.  Onlar həm də  artıq Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə milli yeməklərin pasportlaşmasını aparırlar. Bu, əhəmiyyətli məsələdir. Amma həmin məqam bu qanunda əks olunmur. Heç bu qanunda əks olunmağına da ehtiyac yoxdur. Amma biz kulinariya mədəniyyətini də bir mədəniyyət hadisəsi kimi, bir etnoqrafik  hadisə kimi, bir xalq yaradıcılığı hadisəsi kimi  "Mədəniyyət haqqında" qanuna  daxil etdik. Qanunda  bu məsələ ilə bağlı sadəcə, ondan söhbət gedir ki, bu da mədəniyyətimizin tərkib hissəsidir. Bizim digər mədəniyyət abidələrimiz kimi, bu da qorunmalıdır.  Ancaq bununla yanaşı, bizim komitədə hələ sözügedən qanun layihəsi üçüncü oxunuşda müzakirə edilən zaman  komitəmizin üzvü Leyla Abdullayeva belə bir təklif irəli sürdü ki, "Kulinariya mədəniyyəti haqqında" ayrıca bir qanun qəbul olunsun və həmin sənədi də  o özü hazırlaya bilər.

-Ümumiyyətlə bir komitə sədri kimi siz bu barədə nə fikirdəsiniz?

-Əlbəttə, belə bir qanun layihəsi hazırlanarsa, biz  bu məsələyə çox diqqətlə, ciddi yanaşacağıq və eyni zamanda qeyd edim ki, bu yöndə  indi iş də gedir. Mənə elə gəlir ki, yaxın zamanlarda belə bir layihə olacaq. Bəs, bu qanun layihəsinin spesifikası, özüməməxsusluğu nədir, nə ola bilər?  Burada  ilk növbədə  təsərrüfat əhəmiyyətli məsələlər var. Əslində mədəniyyətimizin elə sahələri var ki, təsərrüfat əhəmiyyətlidir. Məsələn, deyək, arxitektura. Bu həm incəsənətdir, həm də təsərrüfat əhəmiyyətli abidədir. Yeməklər də onunla müqayisə oluna bilər. Ona görə  indi müəyyən qədər müştərəklik də ortaya çıxa bilər. Deyək ki, müxtəlif məsələlər əhatə olunsun, amma əsasən yemək mədəniyyət məzmunlu olsun. İndi baxıram ki, mətbuatda, elə-belə söhbətlərdə, münasibətlərdə deyirlər ki, deyəsən, siz elə bir qanun hazırlayırsınız ki, yəni, çəngəli necə tutmalı, bıçağı necə tutmalı, qaşığı necə tutmalı və sair.

-Burada həqiqət payı varmı?

-Bunlar qanunla nizamlanacaq bir şey deyil. Amma kulinariya mədəniyyətinin  həqiqətən  elə məqamları var ki, o qanunla tənzimlənə bilər. İndi bu işin, belə deyək ki, məişət texnikasına, texnologiyasına aid bir məsələdir. Düzdür, o da mədəniyyətdir, amma daha o dərəcədə mədəniyyət deyil ki, onu gətirək hər hansı qanuna salaq. Amma Kulinariya Mərkəzinin işidir ki,  həm də o münasibətlər barəsində heç olmasa  məlumat kitabçaları,  filan buraxsınlar. Orada bir o qədər böyük günah yoxdur. Amma bütövlükdə  belə bir qanun layihəsinin, mənə elə gəlir ki, hazırlanmasına ehtiyac var. Orada nələr olacaq  məsələsinə gələndə isə  hesab edirəm ki,  çox şeylər var. Bir vaxtlar insanlar ayda-ildə bir dəfə yeməkxanaya, restorana gedirdilər, indi bu artıq ictimailəşib. İndi elə insanlar var ki, ümumiyyətlə, ancaq yeməyi restoranda yeyir və yaxud restoran, yeməkxana yeməkləri evlərə gətirilir. Ona görə  bu yeməklərin keyfiyyəti, tərkibi  barədə hərdən hörmətli Tahir Əmiraslanov danışarkən adam heç toya getmək istəmir, yaxud da, gedib yemək yemək istəmir. Çünki o düz deyir, içkilərdən başlamış ta yeməklərə qədər görürsən ki, bir xeyli problemlər var. Odur ki,  əlbəttə, onlar da işləyəcəklər, onlar öz sahələrinə aid qanunyaradıcılığında bizə kömək edəcəklər ki, belə bir qanun hazırlansın.  Biz özümüz də bu məsələyə diqqəti cəlb etməliyik. Çünki yemək, qida məsələsi dünyanın inkişaf etmiş ölkələrində çox ciddi məsələdir. Bizim televiziyalarımızda da görürsən, yeməklə bağlı xeyli verilişlər aparılır, xeyli reseptlər təqdim olunur. Bu, yaxşı şeydir, amma bununla yanaşı, bəzən elə reseptlər təqdim olunur ki, həddindən artıq eksperimentaldır. Və insanlar da ona uyub, xüsusilə yağlı yeməklərə meyllənib  nəticə etibarilə  bir sıra problemlərlə üzləşirlər, xəstələnirlər və sair. Ancaq bilmək lazımdır ki,  bu məsələ insanın sağlamlığı ilə birbaşa bağlı olan  məsələdir. Ona görə  təbii ki,  Mədəniyyət komitəsi olaraq, biz  bu məsələni parlamentin   Sosial siyasət komitəsi ilə də bir yerdə  müzakirə edib, müəyyən sualları ümumiləşdirə, vahid mövqeyə gələ və müvafiq qanun layihəsi ortaya qoya bilərik.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31