“Müxalifətin hakimiyyətə qarşı alternativ gücə çevrilməsi mümkün olmayacaq” - MÜSAHİBƏ

Fazil Mustafa: “Azərbaycan müxalifətinin 2013-cü ildə ciddi bir uğur qazanacağını zənn etmirəm”

"Çünki müxalifət tərəfindən köhnə ideoloji kursun təqdimatı cəmiyyət tərəfindən çox böyük maraq görmür"

Prezident seçkiləri yaxınlaşdıqca ölkədə fəaliyyət göstərən siyasi qüvvələr seçkilərlə bağlı öz mövqelərini konkretləşdirir və seçkilərdə iştirak edib-etməyəcəkləri barədə qərar qəbul edirlər. Artıq bir neçə siyasi partiya bununla bağlı öz rəsmi mövqeyini ortaya qoyub. Bu günlərdə Böyük Quruıluş Partiyasının Ali Məclisi də 2013-cü ilin prezident seçkilərində iştirak edəcəyi barədə qərar qəbul edib. Bu barədə "OLAYLAR"-a məlumat verən partiyanın sədri, millət vəkili Fazil Mustafa prezident seçkiləri ərəfəsində bəzi xarici dairələrin ölkədə gərginlik yaratması mümkünlüyü barədə də danışıb. Böyük Quruluş Partiyasının sədri son günlər Azərbaycan-Gürcüstan münasibətlərində meydana gələn xırda problemlərə də toxunub.

-Fazil bəy, Böyük Quruluş Partiyası prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi mövqeyini nə zzman açıqlayacaq?

-Məlumat üçün qeyd edim ki, bu günlərdə Böyük Quruluş Partiyasının Ali Məclisinin toplantısı keçirilib. Partiyanın Ali Məclisinin iclasında qərar qəbul edilib ki, Böyük Quruluş Partiyasının 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı məqsədəuyğun hesab edilsin. Ancaq konkret seçki prosesi başlamadan namizədliyi irəli sürmək, yaxud kiminsə namizədliyini dəstəkləməyi müəyyən etmək çətindir. Ancaq qərarımız var ki, seçkilərdə iştirak edəcəyik. Bunun nəticəsi necə olacaq, seçkilərdə öz namizədimizlə iştirak edəcəyik və ya kimisə dəstəkləyəcəyik, bu sonrakı mərhələdə bəlli olacaq.

-Prezident seçkiləri ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirməyə cəhdlər göstərilə bilərmi?

-Azərbaycanda keçirilən hər seçki ərəfəsində belə ssenarilər olur. Ancaq əsas odur ki, Azərbaycan öz daxilində problemləri həll etməlidir. Xaricdən yönəlik hər hansı bir fəaliyyət, yaxud ölkəyə göstərilən təzyiqlər heç kimin faydasına deyil. Bu nə iqtidarın, nə də müxalifətin xeyriə deyil. Ona görə də daxildə bir uzlaşma yolu tapıb demokratik seçkilər keçirmək lazımdır ki, bütün kənardan olan müdaxilələri ortadan qaldırmaq mümkün olsun.

-Sizcə, həm iqtidar, həm də müxalifət cəbhəsində uzlaşma tapmağa maraq özünü büruzə verirmi?

-Çox təəssüf ki, hazırkı situasiyada belə bir uzlaşma yoxdur. Ortada belə bir yanaşma olmadığına görə heç kim öz tutduğundan əl çəkmək istəmir. Hamı özünə arxayın, özündən razi formada elə düşünür ki, bəlkə bu kursun davam etməsi hamıya faydalıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, biz heç də çox böyük dövlət deyilik və istənilən vaxtda Azərbaycanda təlatüm yaratmaq olar. Ona görə də bizim tək silahımız daxildə bir normal münasibətlər sistemi qurmaqdır. Əgər bunu edə bilməsək hər zaman yem olmaq təhlükəsi ilə üz-üzə olacağıq.

-Sizcə, Azərbaycan müxalifəti 2013-cü il prezident seçkilərində hansısa ciddi uğura imza ata biləcəkmi?

-Hər halda Azərbaycan müxalifətinin 2013-cü ildə ciddi bir uğur qazanacağını zənn etmirəm. Çünki müxalifət daxilində problemlər çoxdur və həmin problemləri dəf etmək çətindir. Əvvəla maddi bazanın zəifliyi belə deməyə əsas verir. İkincisi isə, beynəlxalq dairələr Azərbaycan müxalifətinin hakimiyyətə gəlməsində maraqlı deyil. Üçüncüsü isə, xalq da yeni şüarlarla qarşılaşmır. Əgər xalq istəsə yeni və daha rassional düşüncəni daşıyan qüvvələri dəstəkləyə bilər. Ancaq müxalifətdə bu yoxdur. Müxalifət tərəfindən köhnə ideoloji kursun təqdimatı cəmiyyət tərəfindən çox böyük maraq görmür. Ona görə də müxalifətin hakimiyyətə qarşı alternativ gücə çevrilməsi mümkün olmayacaq.

-Gürcüstanın yeni hökumətinin Azərbaycanla bağlı verdiyi açıqlamalar, eləcə də Qars-Axalkalaki dəmir yolu xəttinin inşasının dayandırılacağı barədə verilən bəyanatlar Tbilisi-Bakı münasibətlərinə nə dərəcədə mənfi təsir göstərəcək?

-Hesab edirəm ki, Gürcüstanın yeni hökumətinin açıqlaması yalnış bir açıqlamadır. Hər halda bu açıqlamaya cavab olaraq Azərbaycan tərəfindən sərt bir mövqe ortaya qoyulacaq. Düşünürəm ki, Gürcüstan preidenti Mixail Saakaşvilinin açıqlaması daha ağıllı bir açıqlama idi.

-Sizcə, növbəti illərdə Gürcüstanın yeni hökuməti bu ölkədə yaşayan soydaşlarımıza qarşı təzyiqləri bir qədər də artıra bilərmi?

-Əgər Gürcüstan hökuməti bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiq formasında hansısa addımlar atarsa özlərinə ziyan edə bilərlər. Hər halda Azərbaycanın Gürcüstana təzir gstərmək imkanı daha çoxdur.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31