Heydər Əliyevdən vəzifəyə təyin etdiyi nazirə inanılmaz tövsiyə

Bu günlərdə ümummilli lider Heydər Əliyevin vəfatının 14 ili tamam olur. Aradan 14 il keçməsinə baxmayaraq hələ də Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiram hissi ilə anılır,  Ona böyük sevgi və sayğı nümayiş etdirilir. Səbəb isə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdir.

Fikrət Yusifov: "Məni vəzifəyə təyin edərkən "sən hər kəsə, o cümlədən lazım gələndə mənə də yox deməyi bacarmalısan" demişdi"

"Ümummilli lider dövlətin hər manatının qorunması üçün olduqca maraqlı idi"

Bu günlərdə ümummilli lider Heydər Əliyevin vəfatının 14 ili tamam olur. Aradan 14 il keçməsinə baxmayaraq hələ də Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiram hissi ilə anılır,  Ona böyük sevgi və sayğı nümayiş etdirilir. Səbəb isə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdir.

Heydər Əliyevin vəfatının 14-cü ildönümü ərəfəsində ümummilli liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə bir daha nəzər yetirmək üçün bir vaxtlar dahi şəxsiyyətlə bir komandada işləmiş, sabiq maliyyə naziri Fikrət Yusifovla söhbətləşdik.  "OLAYLAR"-a verdiyi müsahibədə Fikrət Yusifov ümummilli lider Heydər Əliyevlə ilk görüşünün tarixçəsi və Onunla bağlı yadda qalan hadisələr, xatirələri barədə də danışıb.

-Fikrət müəllim, Heydər Əliyevlə ilk görüşünüz, tanışlığınız təxminən nə vaxta təsadüf edir və həmin görüş hansı situasiyada baş verdi?

-Heydər Əliyevlə ilk görüşümüz 1990-cı ildə Naxçıvanda, indiki Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun evində olub. Heydər Əliyev Moskvadan Naxşıvana qayıdışından sonra onu ziyarət etmək qərarına gəldim. Onu yaxından görmək hələ oşaqlıqdan mənim ən böyük arzularımdan biri idi. Elə bu səbəbdən də yaranmış fürsətdən istifadə etmək qərarı verdim. Həmən vaxt mən  Azərbaycan Dövlət İqtisad İnstitutunun maliyyə kafedrasında müəllim işləyirdim. Naxçıvana gəldim və bir nəfər tanışım məni onun yaşadığı ünvana apardı. Bir qədər gözləyəndən sonra görüş baş tutdu. İlk öncə mənim kimliyimi və nə məqsədlə Naxçıvana gəlməyimi öyrəndi, sonra isə Bakıdakı vəziyyəti detalları ilə soruşdu. Hətta tələbələrin hansı əhval-ruhiyyədə olması, baş verən siyasi olaylara onların münasibətinin necə olması barədə suallar verirdi. Söhbətimiz bir saatdan çox çəkdi. Onun sonda dediyi sözlər isə belə oldu: - mən mütləq Bakıya gələcəm. Bu sözləri o qədər ürəkdən dedi ki, o sozlərin onun dilindən nə qədər ürəkdən dediyini indi də çox yaxşı xatırlayıram.

-Bəs, Heydər Əliyevlə bağlı ən yadda qalan hansı xatirələriniz var?

-Bu xatirələr kifayət qədər çoxdur və onlardan böyük bir kitab yazmaq olar. Yəqin ki, nə zamansa mən bunu edəcəm. Onların hər biri bir tarixdir. O hadisələrin hər birində Heydər Əliyevin nəhəngliyinin, dahiliyinin dərin izləri var. Gəlin onlardan tək biri haqqında qısaca danışım. 1995-ci ildə "Vahidbank" adlı bir fırıldaqçı təşkilat maliyyə meydanında at oynadırdı. Mən bu "bankla" demək olar ki, təkbaşına mübarizə aparırdım. Nədənsə onların cəmiyyətdə törətdikləri maliyyə fırıldaqları aidiyyatı strukturları və Mərkəzi Bankı narahat etmirdi. Və günlərin birində bəlli oldu ki, özünü bank adlandıran bu qurum artıq bütün sərhədləri keçərək üzərində Zeynalabdin Tağıyevin şəkili olan pul nişanlarını dövriyyəyə buraxıb. Mən bu pul nişanlarının nümunələrini əldə edib, əvvəlcədən bu üzdəniraq bankın fəaliyyət mexanizmini özündə əks etdirən sxemi hazırlayıb Ulu öndərə zəng etdim. O çox məşğul idi. Dedim xahiş edirəm məni qəbul edəsiniz, maliyyə sistemimiz və bütövlükdə dövlətçiliyimiz üçün böyük təhlükə ola biləcək hadisə baş verib. O mənə "gözlə çağıracam" dedi. Mən axşam saat 23-30-a qədər gözlədim. Bu vaxt köməkçisi zəng edib dedi ki, Prezident Sizi evində qəbul edəcək. O görüşə gələndə xəstələnmiş olduğunu gördüm. Mənə dedi ki, hərarətim 39 dərəcəyə yaxındır. Ancaq buna baxmayaraq 2 saata qədər mənim bu bank adlanan fırıldaqçı strukturun bütün əməllərini əhatə edən izahatımı dinlədi və maraqlandıran suallar verdi. Bundan sonra oradaca mənim təklifimlə bu təşkilatın necə qapadılması barədə qərar qəbul etdi. Ertəsi gün saat 10-da bütün aidiyyatı strukturların iştirakı ilə müşavirə keçirib, aidiyyatı tapşırıqlar verdi. Bu əməliyyata heç bir güc strukturu müdaxilə etmədi. Verdiyim təkliflərin reallaşdırılması nəticəsində həmin gün axşam saat 17-yə Vahidbank deyilən qurumun bütün əməkdaşları artıq iş yerlərini tərk edib qaçmışdılar. Biz sadəcə insanlara pullarını təhlükəli və heç bir zəmanəti olmayan Vahidbankdan daha etibarlı olan dövlət bankına yatırmalarını tövsiyyə etdik və dövlət bankında onlara ödəniləcək faizlərin Vahidbankda olduğuna yaxın səviyyədə olacağını bildirdik.

-Bir nazir olaraq təbii ki, tez-tez təmaslarınız olurdu. Adətən Heydər Əliyev o zaman gələcəyi, Azərbaycanın bu günkü durumunu necə görür və dəyərləndirirdi?

-O Azərbaycanın gələcəyinə böyük ümüdlər bəsləyirdi. Gördüyü hər bir işlə dövlətçiliyin möhkəm təməllərini yaratmaq istəyirdi və buna da nail olurdu. O, dövlətin hər manatının qorunması üçün olduqca maraqlı idi və bunu mən hər addımda görürdüm. İsrafçılığın qəti əlehdarı idi. Məni vəzifəyə təyin edərkən "sən hər kəsə o cümlədən lazım gələndə mənə də yox deməyi bacarmalısan" demişdi. Mən də bütün fəaliyyətim boyu onun dediklərinə əməl etdim. Bu təbii ki, çoxlarının xoşuna gəlmirdi. Ancaq məni bu maraqlandırmırdı.

-Sizcə, Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərliyi dövründə Azəraycan xalqı qarşısında ən böyük xidməti nə oldu?

-Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas edib, onun dünyanın siyasi və iqtisadi müstəvisində ən qüdrətli dövlətlərdən birinə çevrilməsinin əsasını qoydu.

-Heydər Əliyevsiz Azərbaycanı təsəvvür etmək mümkündürmü?

-Bunu təsəvvür etmək belə mümkün deyil. İndi böğazdan yuxarı danışanlar çoxdur. Lakin bu ən böyük həqiqətdir ki, Heydər Əliyev gəlməsəydi Azərbaycan bir dövlət kimi sıradan çıxacaqdı. O gələndə artıq bu baş vermişdi. Azərbaycan defakto bir neçə yerə parçalanmışdı. Bir insanın komaya düşməsinə bənzər bir duruma düşmüşdü Azərbaycan. Heydər Əliyev Azərbaycanı bu komadan çıxartdı.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31