“Rahat olun, dünya dağılmayacaq” - MÜSAHİBƏ
Ramil Əliyev: “Yer üzündə “qızıl dövr” başlayıb, bu, on min il davam edəcək”
21 Dekabr 2012 12:21 MüsahibəSon bir ayda, ayyarımda 21 dekabrla bağlı xeyli yazılar yazıldı, fikirlər səsləndirildi. Mayalıların təxminlərinə bir Tibet lamasının dəstəyi bütün bəşəriyyəti silkələdi. Müxtəlif fikirlər, rəylər bildirildi, ancaq kütləvi xofu önləmək o qədər də asan olmadı. Güman edirik ki, bu gün narahatlıqlara son qoyulacaq. Bu mövzuda söhbətləşdiyimiz sonuncu müsahib isə Krişna şüurunun nümayəndəsidir.
Beləliklə, Bakı Krişna Şüuru Cəmiyyətinin prezidenti Ramil Əliyevin "Gündəlik Teleqraf" qəzetinə müsahibəsini təqdim edirik.
- Dekabrın 21-ni xofla, qorxu ilə qarşılayan xeyli adam var. Veda ədəbiyyatında bu günlə bağlı nəsə deyilirmi?
- Vedalara görə, dünyanın sonu belə tezliklə baş verə bilməz. Bu, təbii ki, şişirdilmiş bir şeydir, mötəbər fikir deyil. Vedalara görə, dünyanın yaradılışı da, dağılması da dövri xarakter daşıyır, "əvvəl-axır" anlamına gəlmir. Vedalar deyir ki, Tanrının varlığı əbədi olduğundan, onun yaratdığı hər şey əbədidir. Dünyanın yaranması, dağılması isə bu əbədiyyətin içində dövri ola bilər. Tanrı bunu periodik olaraq təzahür etdirir, yığışdırır, yenidən təzahür etdirir. Bu, doğru fikir deyil ki, dünya təsadüfən bir dəfə yaranır və təsadüfən də birdəfəlik yox olacaq. Veda düşüncəsində belə yanaşma gülünc görünür. Bu materialist fikirdir. Vedalarda deyilir ki, Tanrı əbədidir, onun varlığı, şahlığı əbədidir və onun səltənətində bu maddi dünya o qədər kiçik yer tutur ki, bir növ, həbsxana xarakteri daşıyır.
- Niyə həbsxana?
- Ona görə ki, Tanrı Yer planetinə insanları tərbiyə üçün göndərir. Kim bir balaca Tanrıdan üz döndərirsə, onu bura yollayır. Beləliklə, maddi dünya, kainat müəyyən bir müddətə təzahür edir, Tanrının hər hansı bir ali təyinatını həyata keçirir və bir müddətdən sonra o öz missiyasını başa çatdırır, dağıdılır və təzədən qurulur. Bu proses 6 mərhələdən keçir. Biz özümüz də bu mərhələlərdən keçirik - ana bətnindən doğuluruq, böyüyürük, övlad dünyaya gətiririk və sonra gedirik. Maddi dünya da belədir. Birinci hər şey yüksək səviyyədə olur, sonra tədricən tənəzzülə uğrayır, sonra proses təkrarlanır.
- Vedalara görə, dağılma prosesinə nə qədər qalıb?
- O prosesə hələ 427 min il var. Bu, çox böyük rəqəmdir. Sadəcə olaraq, indi deyildiyi kimi dünyada dağılma yox, qurulma prosesi baş verir. Yəni Tanrı dünyanı müəyyən bir fikirlə yaradıb və onun məqsədinə uyğun bəzi dəyişikliklər olacaq. Misal üçün, Bakını götürək. Görürsünüz, bir tərəfdən sökülür, o biri tərəfdən tikilir. Yeni tikilənlərə baxanda sökülənlər o qədər də diqqətə çarpmır. Dünya da eynilə belədir, indi əslində qurulma prosesi gedir. Ruhi-mənəvi dəyərlər qurulur deyə bəzi maddi, günahlı dəyərlər yavaş-yavaş yoxa çıxır.
Kimin ruhi kitablar, Tanrı haqqında biliyi varsa, o bu prosesi müşahidə edə bilir. Kimdə Tanrıya inam, iman yoxdursa, o bunu yozur ki, dünyanın axırıdır. Əgər darvinizmə inansaq, hesab eləsək ki, biz təsadüfən insan olmuşuq, bütün dünya təsadüfən yaranıb, onda elə hansısa təsadüfi partlayışdan dünya dağıla bilər. Bu, çox əsassız, gülünc fikirdir. Tanrının dünyada həyata keçirdiyi bu qədər nəhəng proseslərin yanında bu söhbət çox cılız görünür.
- Bəzi qədim mənbələrə görə, Yer planetində 2012-2014-cü illər arasında arınma, təmizlənmə və ruhi inkişaf olacaq. Veda ədəbiyyatında bu zaman kəsimi haqqında nə deyilir?
- Mən Veda ədəbiyyatında konkret bu illər haqqında rəqəmlərə, məlumata rast gəlməmişəm. Amma Veda ədəbiyyatında ümumi fikir söylənilir ki, 5000 il bundan əvvəl Yer kürəsində "qızıl dövr" başlanıb və üzümüzə gələn 10 min il də "qızıl dövr"ə daxildir. Yer kürəsində dəmir dövrünün fəsadları o qədər güclüdür ki, özünü hələ də büruzə verir.
-"Qızıl dövrün" əsəs göstəriciləri, məziyyəti nədir?
- Vedalar deyir ki, 427 min ilin üzümüzə gələn 10 min ili "qızıl dövr" olacaq. Yerdə qalan 417 min il yenə də "dəmir dövr" olacaq. "Qızıl dövr" o deməkdir ki, maddi kainatın yaradılışının təkrar olunması dövri surətdə 4 mərhələ keçir - qızıl, gümüş, bürünc və dəmir dövrlər. Bizim yaşadığımız dövr "dəmir dövrü"dür. Yəni tənəzzülün təzahür etdiyi dövr. Tanrı Vedalarda deyir ki, bu tənəzzülün güclü təşəkkül tapdığı 10 min il müddətində amnistiya şəklində Tanrı Yer kürəsində "qızıl dövrü"nü təkrar etmək fikrindədir. Necə ki, qızıl, gümüş, dəmir arasında fərqlər var, bu dövrlər arasında da elə fərqlər olacaq.
Hər dövr öz insanlarının xarakterində özünü büruzə verir. "Qızıl dövrü"ndə yaşayanın xarakteri də eynilə qızıla bənzəyir. Baxın, bizdə məsəllər var, deyirlər ki, filankəs qızıl kimi oğlandır, xasiyyəti qızıldır və s. Dolayısı ilə qızıl dövrü qızıl xasiyyətli insanların dövrüdür. Onlar mənən o qədər güclü olur ki, ətrafda baş verənlərə əhəmiyyət vermirlər. Mühitin təsirinə düşmürlər. "Qızıl dövrü" pis vərdişlərdən, pis əməllərdən uzaq olan insanların dövrüdür. Tanrı da bunu istəyir ki, insanlar bu cür təmiz olub onun dərgahına qayıtsınlar. "Dəmir dövrü"nün fəsadı hələ davam etdiyinə görə qızıl dövrün tətbiqi bir qədər zəifdir. Getdikcə bu proses güclənəcək.
- Bu illər ərzində nələr olacaq?
- Bu müddət mərhələlərə bölünüb. Əgər proses 10 min il ərzində nəzərdə tutulubsa, dəyişiklik çox olacaq. Məsələn, İsa peyğəmbərin gəlişi 2 min il əvvəl olub, bu müddət ərzində nə qədər dəyişiklik baş verib. 10 min il müddətində də nələr olacaq, onu təsəvvür edin. Bu prosesin qurulması da müəyyən mərhələlərlə keçəcək. 2012-ci, 13-cü, 27-ci və ya 57-ci illərin hamısında bu prosesin bərkidilməsi baş verəcək.
- O zaman biz deyə bilərikmi ki, dünyanın arınma prosesi bütün dinlər və bütün millətlər üzərində eyni zamanda baş verəcək?..
- Dəyişikliklər Yer kürəsində millətindən, dinindən asılı olmayaraq hamı üzərində eyni səviyyədə həyata keçəcək. Bunu konkret olaraq hər hansı dinə yozmaq cılızlıqdır. Hər dinin mənsubu elə bilir ki, proses onun kitabındakı kimi gedir. Əslində proses bütün ilahi kitabların hamısında deyilən kimidir. Xristian prosesin öz kitabındakı kimi, müsəlman öz kitabındakı kimi getdiyini görür. Deyiliş fərqi varsa da proses eynidir. 124 min peyğmbərin dediyi, Krişnanın Bhaqavat-Qitada dediyi, Buddanın buddizmdə dediyi də əslində eynidir.
- Çünki mənbə eynidir - Tanrı...
- Bəli, mənbə eynidir, Tanrı birdir. Ən əsası odur ki, həyata keçirilən iradə eynidir.
-Bütün hallarda bu gün normal günlərdən biri olacaq, deyilmi?
- Təbii ki. Heç bir halda təlaşa, narahatlığa əsas yoxdur.