"Gələcək göstərəcək ki,..” - MÜSAHİBƏ
Zakir Hüseynov: “Hakimiyyətin əlaltısı məhz Arif Hacılının təmsil etdiyi partiyadır”
14 Dekabr 2012 13:31 Müsahibə"İsa Qəmbərin öz inadından əl çəkib növbəti görüşlərə qatılacağına ümid edirik"
Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynovun "OLAYLAR"-a müsahibəsi
-Zakir bəy, bir neçə gün əvvəl ölkənin əsas aparıcı siyasi partiya liderlərinin paytaxtdakı "Asiman" restoranında bir araya gəlməsi prezident seçkiləri ərəfəsində müxalifətin birgə əməkdaşlığına nə dərəcədə imkan yaradacaq?
-Əvvəla onu qeyd edim ki, partiya liderlərinin bir araya gəlməsi ideyası Azərbaycan Demokrat Partiyasının da təmsil olunduğu "Qarabağ" bloku tərəfindən irəli sürülüb. Adıçəkilən blokun həmsədrləri belə bir görüşün keçirilməsi ilə bağlı qərar qəbul edərək təşəbbüslə çıxış edib. Məqsəd müxalifət düşərgəsində mövcud olan pırakəndəliyi aradan qaldırmaq, partiyalar arasındakı mənasız söhbətlərə son qoymaq, nəhayət prezident seçkiləri öncəsi bir araya gəlib seçkilərdə birgə iştirakı təmin etmək idi. Çox təəssüflər olsun ki, göstərilən səylərə baxmayaraq Müsavat Partiyasının başqanı İsa Qəmbər həmin görüşdə iştirak etmədi və görüşə qatılmamasını arqumentsiz bəhanələrlə izah etməyə çalışdı. Müsavat Partiyasının iştirakı olmadan keçirilən həmin görüşdə hələlik bir nəticə əldə edilməsə də, İsa Qəmbərin öz inadından əl çəkib növbəti görüşlərə qatılacağına ümid edirik. Əminik ki, növbəti görüşlərdə müxalifət prezident seçkilərinə vahid komanda və platforma ətrafında getmək barədə razılıq əldə edəcək.
-Həmin görüşdən sonra Müsavat Partiyasına yaxın dairələr tərəfindən belə bir fikir formalaşıb ki, partiya liderlərinin əsas məqsədi Müsavat Partiyasından kənar bir blokun yaradılmasıdır. Bu nə dərəcədə həqiqətəuyğundur?
-Bu deyilənlərin heç bir əsası yoxdur. Sadəcə bu fikirlər müxalifətin bir araya gəlməsini istəməyən və İsa Qəmbər ətrafında toplaşmış bəzi insanların uydurmasıdır. Bu çox səmimi şəkildə atılmış bir addım idi. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin də həmin görüşdə iştirak etməsinə baxmayaraq İsa Qəmbər arqumentsiz səbəbdən o görüşə qatılmadı. Ona görə də bütün bu deyilənlər absurddur.
-Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, təmsil etdiyi partiya hakimiyyətin əlaltıları ilə vahid namizid məsələsini müzakirə etmək istəmir. Bu fikirlə bağlı nə deyərdiniz?
-Çox hörmət etdiyim Arif Hacılıya yaxın tarixdə baş verənləri xatırlatmaq istərdim. Necə olur ki, 2005-ci ildə keçirilən parlament seçkilərində Müsavat Partiyası Milli Məclisdə 4 mandata sahib olanda biz bu partiyanın hakimiyyətin əlaltısı olduğunu düşünmürük, ancaq ortada səmimi bir əməkdaşlıq forması olanda Müsavat Partiyası bunu hakimiyyətin sifarişi və ya ora toplananları hakimiyyətin əlaltısı hesab edir. Azərbaycan cəmiyyətində heç bir siyasi çəkisi, siyasi səhnədə mövqeyi olmayanlar 2005-ci ilin ildə Müsavat Partiyasından parlamentə seçiləndə biz Müsavat Partiyasının hakimiyyətin əlaltısı olduğunu demədiyimiz halda, Arif Hacılı Azərbaycan Demokrat Partiyası və digər siyasi qüvvələri hakimiyyətin əlaltısı adlandırır. Bu tamamilə cəfəngiyyatdır, gülünc bir şeydir. Sadəcə Müsavat Partiyası və onun Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mənəm-mənəmlik prinsipindən çıxış edərək başqa partiyalara qarşı ittihamlar irəli sürür. Gələcək göstərəcək ki, hakimiyyətin əlaltısı məhz Arif Hacılının təmsil etdiyi partiyadır.
-Arif Hacılı hesab edir ki, bu kimi müzakirələrin məhz İctimai Palata daxilində keçirilməsi daha məqsəduyğun olar.
-Axı İctimai Palata fəaliyyət göstərdiyi müddət ərzində nəyə nail olub, siyasi partiyaların bir araya gətirilməsi istiqamətind hansı önəmli addımı atıb? Əksinə İctimai Palatanın indiyə qədərki fəaliyyəti yalnız və yalnız digər siyasi qüvvələri özündən kənarlaşdırmaq olub. Onlar bir çox siyasi partiyalara damğa vurmaqla məşğuldurlar. Əgər proseslər belə davam edəcəksə bu ilin sonuna qədər İctimai Palata dağılacaq. Bununla da Müsavat Partiyasının başqanı İsa Qəmbər və onun yaxın ətrafı istəyinə nail olacaq. Nəticə etibarilə İsa Qəmbər müxalifət düşərgəsindən ayrı şəkildə seçkilərə gedəcək. Bu isə ümumilikdə Azərbaycan müxalifətinin fiaskosuna gətirib çıxaracaq.
Süleyman İsmayılbəyli