Buzovnada tarixi tikililəri niyə sökürlər? - Nəsir Ağayev

“Bu, ayrı-ayrı məmurların marağına xidmət edir”

Bakıya yad olan adamın paytaxta fəzadan baxanda "Bakı gözəl şəhərdir" fikrində cəm olması adi haldır. Amma məsələdə yad adam söz birləşməsinin altı cızılmalıdır. Çünki, Bakının problemləri görüntüsü qədərdir. Mətbuatda bir problemin üstündən səthi keçib digər, əhəmiyyəti o qədər də önəm kəsb etməyən problemə yanaşmaq adətə çevrilib. Bu gün hər hansı mətbuat yazarı "Bakı və problemləri" silsiləsinə aid məqalə yazsa və bunu ssenari halına salıb ekranlaşdırsa o "Santa Barbara" serialı yanında nöqtə kimi qalacaq. Paytaxtın qəsəbə və kəndləri də "Bakı və problemləri" zəncirinin böyük həlqəsidir. Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri Nəsir Ağayev Bakının Buzovna qəsəbəsinin mövcud vəziyyəti barədə "OLAYLAR"a danışdı:

"Əlavə qazanc üçün qəsəbənin yeganə Mədəniyyət Sarayını sökdülər"

- Buzovnada Mədəniyyət Sarayının sökülməsi qəsəbənin ictimai həyatına vurulan ən böyük zərbədir. Ondan başqa Buzovnada Mədəniyyət Sarayı yox idi. 40 mindən çox sakini olan Buzovna qəsəbəsi 100 nəfərlik tutumu olan M.F. Axundov adına Mədəniyyət Evinə möhtac qalıb. Sökülmüş binanın yerində inşa edilən tikililərlə insanların fikirlərini yayındırırlar. Gah deyirlər ki, burada mehmanxana, gah deyirlər ki, əyləncə mərkəzi, gah da deyirlər ki, yüksək vəzifəli məmurlar üçün istirahət bölgəsi inşa edəcəklər. Binanın sökülməsi ayrı-ayrı məmurların maddi maraqlarına xidmət edir.  

"Buzovnada paradoksal vəziyyət davam edir"

- Buzovnada "Vərəm dispanseri" deyilən bir yer var idi. Həmin dispanser neft oliqarxı Musa bəyin şəxsi mülkü sayılırdı. 1930-cu illərdə "Buzovnaneft"də işləyən bir erməni Musa bəyin oğlu İsa bəyə deyir ki: "Bu yerləri mənə sat!". İsa bəy ona cavab verir ki: "Mən buranı sənə satmayacam". Onda erməni İsa bəyə deyir ki: "Onsuz da bu yerləri sizin əlinizdən alıb, sizi də sürgün edəcəklər!". Həqiqətən də 1937-ci ildə Musa və İsa bəyi Sibirə sürgün etdilər. Sürgün həyatından sonra İsanın Musa adlı oğlu dünyaya gəlir və o, 90-cı ilin 20 Yanvar hadisəsində şəhid olur. İndiki vəziyyətə baxanda ortada paradoksal situasiya yaranır. "Xalq düşməni" kimi "kulak" elan edilən bir adamın nəvəsi 20 Yanvar şəhidinə çevrilir. Onların bütün mülkləri əllərindən alındı və oranı yenidən Vərəm dispanseri elədilər. Həmin yer həmçinin 1947-ci ildə Azərbaycan Demokratik Firqəsinin lideri Seyid Cəfər Pişəvərinin qərargahı da olub. Pişəvəri öldürüləndən sonra cəsədi orada dəfn olunub. 1963-cü ildə Pişəvərinin nəşi oradan çıxarılaraq Fəxri Xiyabanda basdırıldı. Amma, bu gün adı çəkilən bağda - "Vərəm dispanseri" adlanan yerə nə Pəşəvərinin, nə də ki, Güney fədailərinin xatirəsini əks etdirən bir lövhə belə vurulmayıb. Həmin bu yeri də ayrı-ayrı şəxslərə dəyər-dəyməzinə satıblar. Müxtəlif dövlət məmurlarının maddi maraqlarına xidmət edən bu cür hərəkətlər Buzovnanın altını üstünə çevirir.

"Rus Yeseninə verilən qiymət Müşviqə verilmədi"

- Sahil bağlarında şair Mikayıl Müşviqə məxsus olan bağ da dağıdılıb, viran edilib. Həmin bağın dağıdılmasına ərazidə magistral yolun çəkilməsini bəhanə gətirirlər. Həmin bağdan bu gün nişanə qalan yeganə şey bir əl quyusudur. Halbuki, bağ dağıdılmamışdan qabaq orada 1937-ci ildə tikilmiş üçotaqlı, birmərtəbəli ev, çarhovuz, daşdan düzəldilmiş su qabları və həmin həyətdə iri bir tut ağacı olub. 37-ci ildən bu yana Mikayıl Müşviqin adına olan bağ hissə-hissə məhv edilib. Bütün bunlara baxmayaraq heç kəs bağın məhv edilməsinə görə aidiyyatı orqanlara şikayət etmədi. Əslində bu işlə məşğul olan aidiyyətı qurumlar da məsələnin üstünün örtülməsində məsuliyyət daşıyırlar. Halbuki, həmin orqanlar oranın Mikayıl Müşviqin adına olduğunu bilirdilər və bilə-bilə məsələyə heç bir hüquqi qiymət vermədilər. "Vərəm Dispanseri"nə qoyulan qiymət bu bağa da verildi. Ən azından bağda Müşviqin xatirəsini əbədiləşdirmək üçün kiçik abidə qoyulmalı idi. Bu ona görə edilmədi ki, bu heç kimin  maraqlarına uyğun gəlmirdi. Lakin, Murtuza Muxtarovun Mərdəkandakı mülkünə rus şairi Sergey Yeseninin portreti vurulub. Rusa verilən qiymət şəhid şairimizə verilmədi. Müvafiq dairələr mütləq şəkildə bu işlə məşğul olmalıdırlar.

"146 nömrəli sərnişin avtobusu Nəqliyyat Departamenti tərəfindən ləğv edilib"

- Buzovna qəsəbəsinin problemləri o qədərdir ki, saymaqla qirtaran deyil. Çox maraqlıdır ki, 40 min sakini olan Buzovna daxilində hərəkət edən nəqliyyat yoxdur. Sərnişin avtobusunu sıradan çıxarmaqla aidiyyatı orqanlar maddi maraq güdürlər. 146 nömrəli sərnişin avtobusu Nəqliyyat Departamenti tərəfindən ləğv edilib. Məndə olan məlumata görə həmin sərnişin avtobusu məktəblilər və qocalar üçün pulsuz xidmət göstərirdi. Çünki, bu avtobus yalnız qəsəbə daxilində hərəkət edirdi. İndiki vəziyyətdə qəsəbə sakinləri bir yerdən başqa yerə hərəkət etmək üçün mütləq taksiyə müraciət etmək məcburiyyətində qalırlar. Bu isə böyük maddi imkan tələb edir. Qəsəbə daxilində nə dəmiryolu, nə də trolleybus xətti var. Məsələ mütləq şəkildə nəqliyyat naziri Ziya Məmmədova bildirilməlidir. Problemlə əlaqədar dəfələrlə Nəqliyyat Nazirliyinə müraciət olunub. Lakin, edilən telefon zənglərinin heç birinə cavab verilməyib. Hal-hazırda bir neçə qruplaşma var ki, sərnişin avtobusunu ələ keçirmək üçün mübarizə aparırlar.

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31