“Vahid namizəd məsələsi inteqrasiya prosesində məhsuldarlığı azaldır” - MÜSAHİBƏ
Əli Əliyev: “Həm təşkilatlanma, həm də seçkilərə hazırlıq baxımından bu ili itirdik”
12 Dekabr 2012 15:26 Müsahibə"Bizi uğursuz siyasi mübarizə üsulu qane etmir"
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin "OLAYLAR"-a müsahibəsi
-Əli bəy, Ədalət və Yaşıllar Partiyası ilə yaratmağı nəzərdə tutduğunuz yeni birliyin əsas fəaliyyət istiqamətləri və siyasi platforması nədən ibarət olacaq?
-Digər müxalifət partiya və birliklərinin fəaliyyət istiqamətləri hansılardırsa, bizdə də həmin istiqamətlər olacaq. Qeyri-adi bir məsələ icad etmək istəmirik. Ancaq təbii ki, siyasi platformamız digərlərindən bir qədər fərqlənəcək. Çünki bizim qarşımıza qoyduğumuz məqsədlər və mübarizə vasitələrimiz, siyasi prioritetlərimiz fərqlidir. Blokun təsisatı ilə bağlı xeyli müzakirə aparmışıq. Təxminən bu ilin aprel ayından başlayaraq məsləhətləşmələr aparırıq. Ötən 8 ay ərzində xeyli məsələ ətrafında müzakirə aparıb fikir mövqeyi öyrənmişik, mövcud vəziyyəti analiz etmişik. Belə qənaətə gəlmişik ki, blokumuzu gələn ilin birinci ayında təsis edək və fəaliyyətə başlayaq.
-Yaradacağınız birlik ilkin mərhələdə siyasi sahədə hansı addımlar atmağı qarşısına məqsəd qoyub?
-Blokun təqdimat mərasimində onun hədəfləri, siyasi prioritetlərini elan edəcəyik. Bu zaman bizim mübarizə metodikamız da açıqlanacaq. Təbii ki, ilk növbədə hakimiyyəti intellektual müstəvidə mübarizəyə cəlb etməyə çalışacağıq. Çünki hazırda hakimiyyət özü üçün daha uğurlu şəraitdədir. Həmçinin Azərbaycanın dövlət olaraq qlobal siyasi müstəvidə tutduğu yer və dövlətçilik nöqteyi nəzərdən inkişafına mane olan beynəlxalq amillər, ölkədəki dini kəsimin siyasiləşməsi və onların siyasətdə yer alması kimi problem mövcuddur ki, bu məsələləri gündəmə gətirməyi nəzərdə tuturuq. Eyni zamanda kütləvi tədbirlərin keçirilməsinə çalışacağıq. Ölkədə sərbəst toplaşmaq azadlığına qoyulan qadağanın aradan qaldırılmasına səy göstərəcəyik. Cari fəaliyyətimiz sırasında isə hakimiyyətin addımlarını təqib etmıəyə və onlara öz münasibətimizi bildirməyə çalışacağıq. Xüsusilə, ən ümdə məsələlərdən biri Dağlıq Qarabağ problemi olacaq. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyəti və Dağlıq Qarabağın Azərbaycanın bir nömrəli problemi kimi siyasi gündəmdə yer almasına da çalışacağıq.
-Müxalifətin digər birlik və blokları ilə də əməkdaşlıq mümkün olacaq?
-Biz izolyasiya olunmuş formada fəaliyyət göstərmək niyyətində deyilik. Mümkün olan məsələlər ətrafında fəaliyyətimizi koordinasiya etmək istiqamətində cəhdlər göstərəcəyik. Bizi bu cür uğursuz siyasi mübarizə üsulu qane etmir. Çalışacağıq ki, müxalifətin potensialı toparlana bilsin.
-İndiki mərhələdə Azərbaycan müxalifətinin seçki hazırlıqları prosesini necə qiymətləndirirsiniz?
-Hesab edirəm ki, həm təşkilatlanma, həm də seçkilərə hazırlıq baxımından bu ili itirdik. Cari ilin qalan günləri bizim bu ildə əsaslı uğur əldə etməyimiz üçün kifayət deyil. İnanmıram ki, qalan vaxt ərzində də nəsə etmək mümkün olsun. Ancaq bu istiqamətdə fəaliyyət var və işlər görülür. Heç olmasa gələn ilin ilk aylarında hansısa uğur əldə etmək olar.
-Bir sıra siyasi dairələr indiki mərhələdə müxalifətin vahid namizədi məsələsinin gündəmə gətirilməsini ümumi birliyə mane olan amil kimi dəyərləndirirlər. Vətəndaş və İnkişaf Partiyasının bu məsələ ilə bağlı mövqeyi nədən ibarətdir?
-İndiki mərhələdə vahid namizədin birinci və ya sonrakı mərhələdə tapılması sualına cavabın axtarılması inteqrasiya prosesində məhsuldarlığı azaldır. Bu mənim tərəfimdən əsas həlledici vəsilə kimi başa düşülmür. Vahid namizəd məsələsi sonrakı mərhələdə də həllini tapa bilən məsələdir. Mənim yanaşmama görə indiki mərhələdə müxalifət uğurlu bir format tapıb masa ətrafında toparlanmağı bacarmalıdır. Ancaq müxalifət buna nə dərəcədə nail ola biləcək, söyləmək çətindir. Bu dəqiqə vahid namizəd məsələsini önə çəkib onun ətrafında razılığa gəlməməklə bütün işləri alt-üst etmək səhfdir. Həm rəsmi müzakirələr, həm də kluarlarda bununla bağlı müxtəlif yanaşmalar var. Kimlərsə bu məsələnin əvvəldən həllinin tərəfdarıdır, bir çoxları isə məsələnin sonda həll edilməsini məqbul sayır. Mənim üçünsə bu prinsipial mahiyyət kəsb etmir. Prinsipial mahiyyət kəsb edən narazı elektoratı siyasi qüvvələrin ətrafına toparlaya biləcək formatın əldə edilməsidir. Hesab edirəm ki, bu daha önəmlidir.
-Sizcə, prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı beynəlxalq təzyiqlər bir qədər də arta bilərmi?
-Artıq demək olar ki, bu təzyiqlər başlayıb və açıq şəkildə ifadə olunur. Hələ bir müddət əvvəl Yeni Azərbaycan Partiyasının təşkil etdiyi tədbirdə Rusiyanın hakim çevrələrini təmsil edən Klimov, eləcə də müxalifəti təmsil edən Züqanov açıq surətdə Azərbaycanın Avrasiya məkanına daxil olmasını önə çəkdilər. Bu Rusiya dövlətinin mövqeyi kimi başa düşülə bilər. Bir qədər ondan əvvəl isə bir sıra hadisələr baş verdi ki, bu da şimal qonşumuzun Azərbaycanın daxili ilə atdığı addımlardan xəbər verirdi. Paralel olaraq İran da bu istiqamətdə bir sıra təşəbbüslər göstərir. Eyni zamanda Avropa Birliyi və Qərb də Azərbaycanın həssas zamanından istifadə etməyə çalışacaq. Görünən odur ki, Azərbaycanın siyasətinə təsir edə biləcək bütün tərəflər prezident seçkiləri ərəfəsində üstünlüklər əldə etməyə, yaxud Azərbaycandan güzəştlər qoparmağa çalışacaqlar. Bu onların dövlət maraqlarıdır. Bütün bunlar planlaşdırılan hadisədir.
Süleyman İsmayılbəyli