Azərbaycana təzyiqlər artır - MÜSAHİBƏ

Qafar Əliyev: “Çalışırlar ki, Azərbaycanda həyata keçirilən uğurlu siyasətə kölgə salaraq prezident seçkiləri ərəfəsində ölkəmizdə gərginlik, qarışıqlıq yaratsınlar"

"Azərbaycan xalqı öz demokratik hüquqi dövlət quruculuğu prosesini davam etdirəcək"

Son vaxtlar Azərbaycana qarşı müxtəlif istiqamətlərdən beynəlxalq təzyiqlər göstərilməkdədir. Xüsusilə, prezident seçkiləri yaxınlaşdıqca bu təzyiqlər özünü daha geniş spektrdə göstərməyə başlayır. Ənənəvi olaraq Azərbaycanda yaşayan etniklərdən bir vasitə kimi istifadə etməyə çalışan həmin qüvvələr onların hüquqlarının müdafiəsi adı altında Azərbaycanda müəyyən problemlər, qarşıdurma yaratmağa cəhd göstərirlər. Təəssüflər olsun ki, Azərbaycana qarşı yönələn təzyiqlərdə daxildə fəaliyyət göstərən müəyyən siyasi təşkilatlar da aktiv rol oynayırlar. Bir müddət əvvəl Rusiya Federasiyasının paytaxtı Moskvada "Rusiya və Azərbaycanda yaşayan avarların və ləzğilərin problemlərinin həlli" mövzusunda konfransın keçirilməsini bəzi yerli dairələrin müsbət qarşılaması, eləcə də cəmiyyətdə heç bir siyasi və ictimai nüfuzu olmayan bir qrup tərəfindən Azərbaycanın Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradılması deyilənləri təsdiqləyir. Bu günlərdə isə Qəbələdə yerləşən Radiolakasiya Sisteminin gələcək taleyi ilə bağlı Rusiyanın Azərbaycana qarşı nümayiş etdirdiyi sərt mövqe və Moskvanın Bakıya nota verməsi də prezident seçkiləri ərəfəsində Azərbaycana qarşı yönələn təzyiqlərin bir hissəsi kimi dəyərləndirilə bilər. Bəs görəsən Azərbaycana qarşı yönələn bu təzyiqlər ölkəmizə nə dərəcədə təsir göstərəcək və rəsmi Bakı bu sınaqdan necə çıxacaq?

***

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev də deyir ki, Azərbaycanda prezident seçkilərinin yaxınlaşması ilə əlaqədar olaraq ölkəmizə beynəlxalq aləm, eləcə də bəzi yerli qüvvələr tətəfindən maraq artıb. Paralel olaraq Azərbaycana müxtəlif maraqlı dairələr tərəfindən təzyiqlərin artdığını da deyən Qafar Əliyev xüsusilə erməni diasporu və lobbisinin bəzi qüvvələrin əli ilə Azərbaycanda müəyyən gərginlik yaratmağa çalışdığını söyləyib: "Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq istəyən erməni diasporu dünyanın müxtəlif dövlətlərində beynəlxalq kütləvi informasiya vasitələrinin yolu ilə çalışır ki, Azərbaycanın demokratik imicinə xələl gətirsin. Həmçinin erməni diasporu istəyir ki, bununla da Ermənistan-Azəbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin Ermənistan tərəfindən işğalı məsələsini gündəmdən çıxarsınlar". Qafar Əliyev hesab edir ki, xarici dairələrin əsas niyyətləri prezident seçkiləri zamanı ölkədə qarışıqlıq yaradıb seçki prosesinə mane olmaqdır ki, bu plan da baş tutmayacaq: "Çünki biz hüquqi demokratik bir dövlətik. Ölkədə prezident seçkiləri vaxtında keçirilməlidir və keçiriləcək də. Azərbaycan xalqının iradəsi ilə ölkənin növbəti prezidenti seçiləcək. Azərbaycan xalqı öz demokratik hüquqi dövlət quruculuğu prosesini davam etdirəcək. Eyni zamanda Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyünün qorunması şərti ilə Dağlıq Qarabağ problemini dünya dövlətlərinin dəstəyi ilə həll edəcək".Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, bunun üçün ilk növbədə milli birlik və ölkədəki mövcud siyasi sabitliyin qorunub saxlanması, vətəndaş həmrəyliyi lazımdır: "Hazırda Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursla inkişaf edir. Bu siyasi kursu Yeni Azərbaycan Partiyasının sədri, cənab prezident İlham Əliyev davam etdirir. Bu gün bizim partiyanın mövqeyi bütün istiqamətlərdə olduğu kimi dövlət hakimiyyətinin idarə olunmasında da varisliyin qorunub saxlanmasından ibarətdir". Qafar Əliyev hesab edir ki, hər hansı bir ölkədə tez-tez hakimiyyət dəyişiklikəri baş verərsə həmin ölkədə sabitlik pozular, heç bir inkişafdan söhbət gedə bilməz: "Biz demokratiya dedikdə dövlətçiliyi, qanunçuluğu möhkəmləndirməklə demokratik prosesi inkişaf etdirməyin tərəfdarıyıq. Gürcüstanda, Yaxın Şərq ölkələrində baş verənlərə nəzər saldıqda bizim doğru-düzgün yolda olduğumuzu demək mümkündür. Dünən demokratiya adı altında hakimiyyətə gələn Misir prezidenti Mursi çox keçmədən ölkədə demokratiyanı məhdudlaşdıran konistitusiya layihəsi irəli sürdü və beləliklə Misir yenidən qarşıdı. Çünki onlar demokratik islahatları, xalqına verdikləri vədləri hakimiyyətə gəldikdən sonra həyata keçirə bilmirlər. Ona görə də həmin ölkələrdə daxili qarşıdurmalar səngimir".  Qafar Əliyev deyir ki, bir sıra müxalifət mətbuatı iqtidarı qeyri-demokratiklikdə günahlandırsa da, bu tamamilə absurddur: "İddia edirlər ki, Yeni Azərbaycan Partiyasında demokratiya yoxdur, Azərbaycanda demokratiya inkişaf etmir. Bu kökündən yalnışdır. 2003 və 2008-ci illərdə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev məhz demokratik qaydada, xalqın mütləq əksəriyyətinin rəyi ilə prezident seçilib". Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Azərbaycanda hakimiyyətlə xalq arasında vəhdət, qarşılıqlı etimad mühiti olduğu üçün hansısa xarici təzyiqlər və planların ölkəmizdə reallaşdırılması mümkün olmayacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31