“Qadının İrəvana getməyi bir o qədər də arzuedilən deyil” - Jalə Əliyeva
“Buna baxmayaraq, mən ora getmək üçün can atmışam”
21 May 2012 15:10 MüsahibəMilli Məclisin üç deputatı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvan şəhərinə gedib. İrəvana Azərbaycan assambleyadakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Musa Quliyev və Jalə Əliyeva səfər ediblər. Orada keçiriləcək iclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilib. Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcək. Səfərlə bağlı suallarımızı millət vəkili Jalə Əliyeva cavablandırır.
- Jalə xanım, məlumdur ki, Azərbaycan 20 ildən artıqdır ki, işğalçı Ermənistanla bütün sahələrdə əməkdaşlığa son qoyub. Belə bir şəraitdə azərbaycanlı millət vəkillərinin bu ölkəyə səfərini necə qiymətləndirisiniz?
- Azərbaycan bu beynəlxalq təşkilatda öz nümayəndə heyəti ilə Ermənistanda olan toplantıda iştirak edəcək. Düşünürəm ki, bu səfər mənim üçün, Azərbaycanın mövqeyini dolayısı yolla, beynəlxalq təşkilatların vasitəsilə deyil, birbaşa qarşı tərəfə üzbəüz çatdırmaq baxımından çox əhəmiyyətlidir. 20 ildən artıq Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək istiqamətində apardığı haqlı mübarizə təbii ki, göz önündədir. Azərbaycan Prezidenti keçirdiyi bütün görüşlərdə Azərbaycanın mövqeyini ortaya qoyub. O da məlumdur ki, Ermənistan bu günə qədər BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsinə məhəl qoymayıb. Bu günə qədər Azərbaycanın bu məsələni sülh vasitəsilə yoluna qoyması ilə bağlı addımlarına Ermənistan tərəfindən heç bir zaman adekvat cavab verilməyib.
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının tədbirlərində siyasi, dövlətlərarası məsələlərin müzakirəsinə yer verilmir. Belə halda siz Azərbaycanla bağlı hansı mövqeyini ortaya qoyacaqsınız?
- Bu beynəlxalq təşkilatın nizamnaməsinə əsasən görüşlərdə siyasi məsələlərə toxunmaq qadağan olunsa da, Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa çalışacaq. Bu təşkilatın nizamnaməsində siyasi məsələlərə yer verilmir və siyasi məsələlərə toxunmaq qadağandır, ancaq buna baxmayaraq, Azərbaycan indiyə qədər hər bir iclasda fürsətdən istifadə edərək, haqsız yerə düçar olduğu müharibə və müharibənin acı nəticələri haqqında üzv olan 12 ölkəyə, bu təşkilatda qonaq, dinləyici qismində iştirak edən digər beynəlxalq təşkilatlara da öz problemlərini, mövqeyini qırmızı hərflərlə altından xətt çəkərək bildirib. Əgər bu təşkilatda qoyulan məsələlərdən biri ətraf mühitin çirklənməsi, ətraf mühitin mühafizəsi ilə bağlıdırsa, biz burada Azərbaycanın müharibə nəticəsində işğalı altında qalan torpaqlarındakı meşələrin məhv edilməsi, çayların zərərli maddələrlə çirkləndirilməsi kimi məsələləri qaldırmışıq. Əgər söhbət qadınların zorakılığa məruz qalmasından gedirsə, birinci növbədə, müharibənin qadınlara vurduğu ziyandan danışmaq lazımdır. 20 ildən artıq müharibə şəraitində, çadırlarda yaşayan, girovluqda qalan qadınların vəziyyətini diqqətə çatdırmışıq.
- Nəzərə almaq lazəmdır ki, ciz həm də xanım millət vəkilisiniz. İşğalçı ölkəyə səfərdən narahatçılıq keçirmirsiniz?
- Ermənistana səfər azərbaycanlı xanım üçün çox məsuliyyətli olsa da, mən bu səfərə özümü tam hazır hiss edirəm. Düşünürəm ki, heç bir xalq müharibə istəmir. Bu səfər mənim üçün məsuliyyətli, cavabdehlik daşıyan bir səfərdir. Mən heç bir qorxu, təhlükə, həyəcan haqqında düşünmürəm. Əgər bir qadın, ziyalı, ana kimi, ölkəmizin mövqeyini çatdırmaq imkanına nail olmuşamsa, bu şərəfə layiq görülmüşəmsə, çox şadam. Düşünmürəm ki, beynəlxalq təşkilata üzv ölkə digər bir ölkədən gələn millət vəkillərinə qarşı hər hansı bir problem yarada bilməz. Qısaca olaraq deyim ki, əgər gedib orada içimdən gələn sözü deyə biləcəyəmsə, bu, elə mənə kifayət edir. Bir tərəziyə qoysaq, qorxu, həyəcan, bunlar hamısı daha aşağıda qalır. Qadının ora getməyi bir o qədər də arzuedilən deyil, amma buna baxmayaraq, mən ora getmək üçün can atmışam. Təbii ki, rəhbərlik tərəfdən də razılıq verilib. Bu razılıq verildiyinə görə, mən xoşbəxtəm.
Alim